Məhkəmə qərarları › İş №1(003)-71/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-71/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-71/2023 27.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 7/15-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qəsdən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edib özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyun 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs Xızı rayonu Giləzi qəsəbəsində yerləşən evində kirayə yaşayan tanışı X3 yanına gələrək həmin evdə qalmış, 18 iyun 2022-ci il tarixdə saat 11 radələrində evdən gedərkən otaqda pəncərənin önündə pul qabının içərisindəki Zərərçəkmiş şəxs məxsus balansında 300 manat pul olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 4127 2044 4811 5392 nömrəli “Tam kart” adlı bank kartını gizli olaraq özü ilə götürmüş, 2022-ci ilin iyun ayının 18-də və 19-da ayrıayrı saatlarda Bakı şəhərində yerləşən mağazalarda və yanacaq doldurma məntəqəsində müxtəlif ərzaq, neft, geyim və digər məhsullar alaraq kartın balansından hissə-hissə olmaqla vahid niyyətlə cəmi 221 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Mərdəkan qəsəbəsində yaşayan X2 yaşlarından tanıyır. Elnur onun uzaq qohumudur, əvvəllər mühafizə polisində polis nəfəri vəzifəsində işləmiş, təxminən 5-6 aydır ki, işdən çıxmışdır və tanımadığı şəxsə məxsus “Shacman” markalı yük avtomobilini idarə edir. Elnur həmin avtomobillə sifariş əsasında yük daşımaqla məşğul olur və pul qazanaraq ailəsini dolandırır, təxminən bir aydır ki, Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində işləyir və idarə etdiyi yük avtomobili ilə həmin yola yük daşımaqla məşğul olur. Təxminən hadisədən bir həftə əvvəl o, mobil telefon vasitəsi ilə Elnurla danışarkən Elnur ona Bakı-Quba yolunda işlədiyini demiş, o, ona işləmək istədiyini, onun üçün iş tapmasını demişdir. Elnur Xızı rayonu Giləzi qəsəbəsində bir evdə sürücü iş yoldaşları ilə birlikdə kirayə yaşadığını deyərək ona onun yanına gəlməyini demişdir. 16 iyun 2022-ci il tarixdə saat 19 radələrində o, yol avtomobili ilə Giləzi qəsəbəsinə gələrək Elnurla görüşmüş və o, onu kirayə yaşadığı evə aparmışdır. Həmin evdə Elnurdan başqa bir neçə nəfər şəxs də kirayə qalırmış. Səhər açıldıqdan sonra o, tikintisi aparılan Bakı-Quba yoluna gedib, orada işləyən şəxslərdən iş olub-olmadığını soruşmuş, onlar ona yol tikintisində işləyən “Kristal” adlı şirkətin olduğunu, həmin şirkətdə sürücü-mexanik işinin olduğunu deyərək həmin şirkətin işçilərindən birinin mobil telefon nömrəsini demişlər. O, istifadə etdiyi mobil telefonla xatırlamadığı telefon nömrəsinə zəng edərək bir nəfər şəxslə danışıb işləmək istədiyini demiş, həmin şəxsin suallarına cavab verdikdən sonra həmin şəxs, onunla əlaqə saxlayacağını demişdir. Həmin gün saat 20:30 radələrində o, Elnurun kirayə yaşadığı evə getmiş, Elnur və digər şəxslər evdə olmuşlar. O, gecə evdə qalmış, səhəri gün, yəni 18 iyun 2022-ci il tarixdə saat 11 radələrində evdə olarkən birinci otaqda qapıdan girişdə sol tərəfdə, pəncərənin aşağı hissəsində yerdə bir ədəd bank kartının olduğunu görmüşdür. Bank kartını götürüb otaqda olan güzgülü termonun üstünə qoymuşdur. Həmin otaqda həmçinin, bir ədəd soyuducu, bir ədəd divan və bir ədəd masa olmuşdur. O, Giləzi qəsəbəsində Elnurun yanına getmiş, Elnur idarə etdiyi yük avtomobilinin təkərini təmir etdirirmiş. Elnur avtomobilini düzəltdikdən sonra reys əçıxacağını demiş, o, ona axşam saatlarında Bakı şəhərinə qayıdacağını demişdir. Həmin vaxt o, Elnurun kirayə yaşadığı evə qayıdıb bank kartını oğurlamağı qərara almış və piyada olaraq həmin evə getmişdir. Evin arxadakı otaqlarında bir nəfər sürücü yatağında uzanıbmış. O, açıq qapıdan evə daxil olub termonun üstünə qoyduğu bir ədəd bank kartını götürərək əynində olan şalvarının cibinə qoymuş, evdən çıxaraq piyada olaraq Bakı-Quba yolunun kənarına getmişdir. Yol avtomobili ilə Mərdəkan qəsəbəsinə getmiş, saat 19 radələrində Mərdəkan qəsəbəsində yerləşən ərzaq mağazasından 3 manat dəyərində bir qutu siqaret alaraq həmin pulu oğurladığı bank kartı ilə kassaya ödəmişdir. Gün ərzində bir neçə dəfə mağazalardan alış-veriş edərək özünə müxtəlif ərzaq, siqaret, su almış, ödənişləri isə həmin bank kartı ilə etmişdir. 19 iyun 2022-ci il tarixdə də o, Mərdəkan qəsəbəsində yerləşən müxtəlif mağazalardan ərzaq alıb və ödənişini oğurladığı bank kartı ilə etmiş, həmin gün 8-ci kilometr mağazasından 48 manata özünə bir ədəd qısaqol köynək də almışdır. X1 idarə etdiyi “VAZ-21011” markalı avtomobillə şəhərdə gəzərkən Bakıxanov qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsindən həmin avtomobilə 10 manat məbləğində benzin tökdürmüş, pulunu bank kartı ilə etmişdir. Sonuncu dəfə o, oğurladığı bank kartı ilə Muradın avtomobilinə Mərdəkan qəsəbəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsindən 20 manatlıq benzin tökmüşdür. Bununla da, o oğurladığı kartın balansından təxminən 200 manat pul istifadə etmişdir. 20 iyun 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdə olarkən Elnur ona zəng edərək sürücü iş yoldaşı Turalın Xızı rayonu Sitalçay kəndində məntəqədə özünü asıb öldürdüyünü, birlikdə həmin ünvana gəlməklərini deyib idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yaşadığı ünvana gələrək onu götürmüşdür. Elnur sərxoş vəziyyətdə olduğu üçün avtomobili o idarə etmiş və hadisə yerinə gəlmişdir. Hadisə yerində polis əməkdaşları olmuşlar. Elnur sərxoş vəziyyətdə polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları Elnuru və onu Xızı rayon polis şöbəsinə gətirmişlər. 20 iyun 2022-ci il tarixdə o, polis şöbəsində olarkən polis əməkdaşları Giləzi qəsəbəsində yaşayan bir qadının kartının oğurlanması ilə bağlı şikayət etdiyini deyərək ondan kart oğurlayıb-oğurlamadığını soruşmuşlar. O kartı oğurlamadığını, kartla təxminən 200 manat məbləğində alış-veriş etdiyini demişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı könüllü şəkildə tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ittiham altında göstərilən ünvanına çağırış vərəqəsi, mobil telefonuna isə “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş, 17 mart 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq rayonda yaşadığına görə məhkəməyə gələ bilmədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, barışdıqlarını, təqsirləndirilən şəxsə cəza verilməsini istəmədiyini bildirmiş, bunların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2014-cü il tarixdən o yaşadığı qəsəbədə yerləşən Giləzi dəmiryol stansiyasında xadimə işləyir. 2022-ci ilin fevral ayında Sumqayıt şəhərində yerləşən Azərbaycan Beynəlxalq bankından 1500 manat kredit formasında pul götürmüşdür. Bankdan kredit formasında pul götürdüyü üçün ona bir ədəd “Tam kart” adlı bank kartı verilmiş və bank tərəfindən kartın balansına 300 manat pul yüklənmişdir. Bankın işçisi ona karta yüklənmiş 300 manat pulu istədiyi halda həm nağd şəkildə çıxara biləcəyini və ya həmin pulla alış-veriş edə biləcəyini demişdir. O, kartı özündə saxlamış, lakin, kartın balansında olan puldan istifadə etməmişdir. Çünki, kartın balansında olan puldan istifadə edəcəyi halda həmin pulu yerinə qoymaq üçün onun maddi imkanı olmamışdır. 2022-ci ilin aprel ayında pula ehtiyacı olduğu üçün, o, Giləzi qəsəbəsində yerləşən evini kirayə vermişdir. Özü isə həmin qəsəbədə yerləşən vəfat etmiş anasına məxsus evdə yaşamışdır. Ona məxsus evdə Bakı-Quba yolunun təmir-tikintisində işləyən Gədəbəy rayon sakinləri Natiq, Elnur, Səbuhi, Mirzağa və Sərxan adlı şəxslər kirayə yaşamışlar. O, həmin şəxslərlə kirayə müqaviləsi bağlamamışdır, onlar hər ay ona cəmi 200 manat pul vermişlər. Təxminən 10 gün əvvəl o, kirayə verdiyi evə gələn zaman özünə məxsus “Tam kart” adlı bank kartını unutduğu üçün həmin evin girişdən birinci otağının pəncərəsinin önündə uzun ölçüdə olan pul qabının içərisində qalmışdır. Sonrakı günlər ərzində “Tam kart”ını götürmək onun yadına düşməmişdir. 2022-ci ilin iyun ayının 18-də və 19-da istifadə etdiyi “Nokia” markalı ***-***-**-** saylı mobil telefon nömrəsinə bir neçə dəfə “sms” gəlmişdir. Mobil telefonunun ekranı kiçik ölçüdə olduğu üçün o “sms”lərin məzmununu oxuya bilməmişdir. Bu səbəbdən o, telefonuna gəlmiş “sms”lərin nə barədə olduğunu bilməmişdir. 19 iyun 2022-ci il tarixdə gecə saatlarında o, Giləzi qəsəbəsində mərhum anasına məxsus evdə olarkən nəvəsi Sahil Əliyev onun yanına gəlmişdir. O, Sahilə telefonuna gəlmiş “sms”ləri oxumasını demiş, Sahil həmin “sms”ləri oxuyub ona “Tam kart”la alış-veriş edildiyini, kartından son iki gün ərzində müxtəlif məbləğlərdə pulun sərf edildiyini demişdir. Sahil kartının balansında 79 manat pulun qaldığını demiş, kartından 221 manat pulunun sərf edildiyini bildirmişdir. Onun “Tam kart”ının kirayə yaşadığı evdə qaldığı yadına düşmüşdür. “Tam kart”ını götürmək üçün o, saat 23 radələrində Sahillə birlikdə evinə getmiş, evdə kirayə yaşayan şəxslərin evdə olmadığını görmüşdür. Evin birinci otağının pəncərəsinin önündəki pul qabına baxmış, pul qabında “Covid” pasportunun yerində olsa da, “Tam kart”ın olmadığını görmüşdür. Evini axtarmış, lakin, “Tam kart”ını tapa bilməmişdir. Kartının harada olmasını, səhəri gün, yəni 20 iyun 2022-ci il tarixdə kirayə yaşayan şəxslərdən soruşmaq qərarına gəlmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. 20 iyun 2022-ci il tarixdə səhər saatlarında o, Sahillə birlikdə yenidən evinə gəlmiş, evdə olan Səbuhi və Mirzağadan kartını soruşmuş, onlar kartını görmədiklərini demişlər. O, evdə olmayan Natiqə zəng edib pəncərənin önündə olan pul kartından “Tam kart”ının götürüldüyünü demiş, Natiq ona kartını götürmədiyini, polisə müraciət etməyini demişdir. Nəvəsi Sahilin istifadə etdiyi ***-***-**-** nömrəli telefonla 102-yə zəng edərək “Tam kart” adlı bank kartından 221 manat pulunun oğurlanması barədə ərizə yazmış, Xızı rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlmişlər. O, kartından 221 manat pulunun oğurlanması barədə ərizə yazmış, müstəntiq onun izahatını almışdır. Sonra müstəntiq onun iştirakı ilə evinə baxış keçirmiş, fotoşəkillər çəkmişdir. İstifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş “sms”lərdə onun bank kartından 2022-ci ilin iyun ayının 18-də saat 19:03 dəqiqə ərzaq mağazasında 3 manat, saat 20:24 dəqiqədə “Araz” marketdə 1,20 manat, saat 20:40 dəqiqədə “Araz” marketdə 25,78 manat, saat 20:44 dəqiqədə “Bravo” Şüvəlanda 30,02 manat, saat 21:06 dəqiqədə “Zənbil”də 1,40 manat, saat 21:31 dəqiqədə ərzaq mağazası 24-də 0,80 manat və 2,50 manat, 2022-ci ilin iyun ayının 19-da saat 07:34 dəqiqədə “X8 120”-də 3,30 manat, saat 09:16 dəqiqədə “Bravo” supermarketdə 4,88 manat, saat 10611 dəqiqədə “Araz” Sabunçu STQ-də 17,86 manat, saat 11:19 dəqiqədə ərzaq mağazası market 24-də 0,08 manat, saat 12:30 dəqiqədə “Elit” marketdə 5,40 manat, saat 16:07 dəqiqədə “Socar petrol”da 10 manat, saat 16:52 dəqiqədə “Paşa Pos M2M Rahat” Neftçilərdə 1,20 manat, saat 17:49 dəqiqədə “RT21101345AM” kişi geyimlərində 48 manat, saat 19:19 dəqiqədə 101 “GM” Xalqlarda 2,70 manat, saat 20:28 dəqiqədə “Azpetrol” Bakıxanovda 10 manat, saat 22:21 dəqiqədə “Ərzaq mağazası” market 24-də 9,40 manat, saat 23:41 dəqiqədə ərzaq mağazası market 24-də 3,80 manat, saat 23:53 dəqiqədə “Azpetrol” Mərdəkanda 20 manat pulun, cəmi 201,32 manat pulun sərf edildiyi göstərilmişdir. Ancaq kartının balansında olan 300 manatdan yalnız 79 manat pul balansda qalmışdır. İş materialların olan əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs məxsus “Tam kart” kartı ona tanınmaya təqdim edilmiş və o, özünə məxsus kartı tanımışdır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, 1 ədəd “Tam kart” və 15 ədəd qəbz maddi sübut kimi qəbul edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və 17 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan ğörünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin yoxdur, ona dəymiş ziyanın tamamilə ödənilmişdir, onunla barışmışdır, ona cəza verilməsini istəmir. İş materiallarında olan Xəzər RİHB-nin Mərdəkan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən 09 avqust 2022-ci il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaçayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluği olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayəti etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutlmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 7/15-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut – 1 ədəd “Tam kart” hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Maddi sübut – 15 ədəd qəbz hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 26 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 11 saat) cəmi 156,00 (bir yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 7/15 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – 1 ədəd “Tam kart” hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Maddi sübut – 15 ədəd qəbz hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 156,00 (bir yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar