Məhkəmə qərarları › İş №1(003)-72/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-72/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-72/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, evli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 1-ci Şahvesən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində yerləşən “Yağmur” marketin qarşısında, küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlləri və ayaqları ilə qəsdən keçmiş arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona sol göz almasının ağlı qişasının və üst çənədə sağ ön kəsici diş ətinin yumşaq toxumalarının qansızmaları, üst çənədə sağ ön kəsici dişin hissəvi qırılması, sol gözün iç bucağının əzilmiş yarası, sol gözətrafı nahiyənin, üst və alt dodağın, alt çənənin, sol dirsəyin qançırları, hər iki dizin sıyrıqları, burun sümüklərinin yerdəyişən, çoxqəlpəli sınıqları, sol mil sümüklərinin yerdəyişən sınıqları ilə nəticələnməklə yetirildiyi anda sonuncunun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2017-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və xx.xx.2018-ci il tarixdə bir oğlan övladları dünyaya gəlmişdir. İlk əvvəllər Ayşən ilə mehriban olsalar da sonradan ailədaxili söz-söhbətə görə münaqişələri olmuşdur. Elə buna görədə 2020-ci ilin aprel ayında Ayşən ilə ayrılmış və Ayşən uşağı evdə qoyub çıxıb getmişdir. 2020-ci ilin iyun ayında uşağlarının Ayşəndə qalması ilə bağlı Beyləqan rayonunda gedən məhkəmə prossesində o, Ayşənin məhkəməyə gələrkən geyiminin xoş olmadığını görüb ona irad bildirmiş və Ayşən ona kobud cavab verdiyindən məhkəmənin qarşısında Ayşəni əli ilə vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda Beyləqan Rayon Məhkəməsində həmin cinayət işinə baxılır. Həmin cinayət işinin istintaqı zamanı Ayşən onu bağışlayacağını bildirib uşağını ondan almışdır. Lakin, sonradan Ayşən uşağı ona göstərməyib Bakı şəhərinə gəlmişdir. Hətta Ayşən olduğu yeri belə ondan gizlətmişdir. O, bir neçə dəfə Ayşən ilə əlaqə saxlayıb uşağı ona verməsini, özünün isə necə istəyir elə həyat sürməsini bildirmişdir. Lakin, Ayşən ona məhəl qoymayıb uşağı ona göstərməmişdir. Sonuncu dəfə o, Ayşənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində olduğunu bilib həmin ünvana gəlmiş və bir neçə gün onu axtardıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində yerləşən “Yağmur” marketin qarşısında Ayşəni tanımadığı bir qadınla görüb onlara yaxınlaşmışdır. Ayşənə bildirmişdir ki: “oğlum Ayxanı ver aparım, sən isə necə istəyirsən elədə yaşa”. Lakin, Ayşən uşağı ona vermək əvəzinə onu və ailə üzvlərini söyüb təhqir etdiyindən o, özünü saxlaya bilməyib əli və ayağı ilə Ayşənin bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada olan həmin qadın və digər şəxslər ona müdaxilə etməmişdilər deyə, həmin şəxslərlə işi olmamışdır. Ayşəni döydükdən sonra oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahları olmasa da ər-arvad kimi bir yerdə yaşamışlar və 1 azyaşlı övladlarıda olmuşdur. Sonralar Orxan onu tez-tez döyərək incitdiyindən o, 2020-ci ilin aprel ayında Orxandan ayrılmışdır. Buna baxmayaraq Orxan onu yenidən 2020-ci ilin iyun ayında Beyləqan rayonunda döyərək xəsarət yetirdiyindən o, Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və faktla bağlı Azərbaycan Respublikası CM-nin 127.2.3. və 221.1 maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işinin istintaqı tamamlanaraq baxılmasından ötrü Beyləqan rayon məhkəməsinə göndərilmiş və hazırda məhkəmə istintaqı davam edir. Lakin, Orxan azadlıqda olduğundan o, Orxanın onu döyəcəyindən qorxaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində kirayə ev tutaraq orada qalırmış ki, Orxan onun yerini bilməsin. Buna baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30-da o, qonşusu Qaratel adlı qadınla kirayə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən “Yağmur” marketin qarşısında taksidən düşüb piyada gedərkən qəflətən Orxan ona yaxınlaşmış və orada olan insanlara əhəmiyyət verməyib onu yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrindən əl və ayaq zərbələri ilə vuraraq, onun dişinin, burnunun və qolunun sınması ilə nəticələnən çoxsaylı bədən xəsarətləri yetirmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları çağırıldığından, Orxan polisləri görüb onu döyməsini dayandırmışdır. O, xəsarət ilə bağlı 3 saylı BŞX-na müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Xəzər RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:10 radələrində digər polis nəfəri Şahid2 ilə birlikdə «6355» çağırışlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində yerləşən «Yağmur» marketin yaxınlığından keçərkən orada dava-dalaş, yəni bir nəfər şəxsin bir qadını döyməsini görüb onlara yaxınlaşmışlar və orada məlum olmuşdur ki, həmin şəxs keçmiş həyət yoldaşını döyərək ona xəsarət yetirib. Qadının üz-gözü qan içində olmuş, eləcə də bədəninin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər almışdır. Onlar qadının vəziyyətinin ağır olduğunu görüb hadisə yerinə təcili tibbi yardım çağıraraq xəsarət almış qadını 3 saylı BŞX-na yola salmışlar, qadını döyən adını sonradan bildikləri Orxan adlı şəxsi isə Xəzər RPİ-nin 2ci PŞ-nə aparmışlar. Orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və o, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Xəzər RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:10 radələrində digər polis nəfəri Şahid2 ilə birlikdə «6355» çağırışlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində yerləşən «Yağmur» marketin yaxınlığından keçərkən orada dava-dalaş, yəni bir nəfər şəxsin bir qadını döyməsini görüb onlara yaxınlaşmışlar və orada məlum olmuşdur ki, həmin şəxs keçmiş həyət yoldaşını döyərək ona xəsarət yetirib. Qadının üz-gözü qan içində olmuş, eləcə də bədəninin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər almışdır. Onlar qadının vəziyyətinin ağır olduğunu görüb hadisə yerinə təcili tibbi yardım çağıraraq xəsarət almış qadını 3 saylı BŞX-na yola salmışlar, qadını döyən adını sonradan bildikləri Orxan adlı şəxsi isə Xəzər RPİ-nin 2ci PŞ-nə aparmışlar. Orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və o, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Ramiz qızını təxminən 2020-ci ilin yay aylarından tanıyır. Beləki Ayşən də uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində onlarla qonşuluqda yaşayırmış. Ayşən ona ailə həyatı ilə bağlı bildirmişdir ki, onun keçmiş əri Orxan onu dəfələrlə döyərək xəsərət yetirmişdir. Eyni zamanda Orxanın Ayşəni döyməsi ilə bağlı hal-hazırda Beyləqan rayon məhkəməsində cinayət işlərinin olduğunu da demişdir. Ayşən ərinin qorxusundan qaçıb gizli yaşayırmış. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində o, Ayşən ilə birlikdə Binə qəsəbəsində yerləşən marketdən evə, yəni Atçılıq yaşayış massivinə taksi ilə gəlib, «Yağmur» marketin qarşısında taksidən düşərkən, bu zaman Ayşənin keçmiş əri Orxan qəflətən onlara yaxınlaşaraq küçədə insanların gözü qarşısında vəhşicəsinə Ayşəni yerə yıxaraq əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrindən vuraraq Ayşənə xəsarətlər yetirmişdir. Ayşən qışqıraraq köməyə orada olanlardan çağırsada lakin heç kim Ayşənə kömək etməmişdir. O da tək olduğundan Orxana gücü çatmamışdır ki, onu Ayşəndən aralaşdırsın. Həmin vaxt Orxan Ayşəni döyərək onun qolunu və dişlərini sındırmışdır. Eyni zamanda üz və baş nahiyyələrinə də xəsarət yetirmişdir. Sonra o, məcbur olub DİN-nin 102 xidmətinə hədisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 928 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ramiz qızının bədənində aşkar olunmuş xəsarətlər- sol göz almasının ağlı qişasının və üst çənədə sağ ön kəsici diş ətinin yumşaq toxumalarının qansızmaları, üst çənədə sağ ön kəsici dişin hissəvi qırılması, sol gözün iç bucağının əzilmiş yarası, sol gözətrafı nahiyənin, üst və alt dodağın, alt çənənin, sol dirsəyin qançırları, hər iki dizin sıyrıqları, burun sümüklərinin yerdəyişən, çoxqəlpəli sınıqları, sol mil sümüklərinin yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Beyləqan rayonunda doğulmuş Bəyzadlı X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə islah işləri cəzası təyin olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 1(020)-04/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CMnin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 ay müddətə azadlıqan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 01 il 10 ay müddətə qəti azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CMnin 221.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 01 il müddətə islah işləri cəzasının hər dörd günü CM-nin 68.1.3-cü maddəsinə əsasən, bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Beyləqan Rayon İHB-in Birinci Şahsevən kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Birinci Şahsevn kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayətlər daxil olmamışdır. İş materiallarında olan Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs olan X7 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, atası Təqsirləndirilən şəxs, anası X2 olan X8 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, atası Təqsirləndirilən şəxs, anası X2 olan X4 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, atası Təqsirləndirilən şəxs, anası X2 olan X9 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Beyləqan Rayon İHB-in Birinci Şahsevən kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1988-ci il təvəllüdlü X10, uşaqları 2013-cü il təvəllüdlü X9, 2014cü il təvəllüdlü X8, 2016-cı il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X7 ilə birlikdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məlumatın surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 “Anadangəlmə hidrosefaliya, Arnold-Kiari sindromu, Doğuş asfiksiyası” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məlumatın surətindən görünür ki, xx.xx.2014-cı il təvəllüdlü X8 “Afakiya, Ambiopiya” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını və törətmiş olduğu əməli səmimi etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar