Məhkəmə qərarları › İş №1(003)-72/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-72/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-72/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 09 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, dalan 6, nömrəsiz evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə edib əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,660 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində daşıyaraq üzərində saxlamışdır. 07 avqust 2022-ci il tarixdə, saat 20:40 radələrində Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində saxlanılaraq 1-ci Polis şöbəsinə gətirilmişdir. Orada onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş təmiz çəkisi 0,660 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil edilmiş heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üç il olar ki, narkotik vasitə heroindən istifadə edir. 06 avqust 2022-ci il tarixdə axşam saatlarında Türkan qəsəbəsində yeni sahədə olan zaman yerdə gümüşü rəngli kağıza bükülmüş bükülünü götürüb içinə baxdıqda narkotik vasitə heroin olduğunu görüb özü istifadə etmək üçün cibinə qoymuşdur. 07 avqust 2022-ci il tarixdə Türkan qəsəbəsi, Xanlar küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş ilə üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da üzərində olan bir büküm heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşmançılığın və himayəsində olan xəstə valideynlərinə yalnız özünün baxdığını bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələr əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid2 ilə birlikdə onu 07 avqust 2022-ci il tarixdə, saat 20:40 radələrində ünvan 1 ünvanında yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və Türkan qəsəbəsində yeni sahədən yerdən taparaq öz istifadəsi üçün saxladığını demişdir. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 30 yanvar 2023-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hal-hazırda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2022-ci il tarixli, 6/4234 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Arayışlar üçün № 157” möhür əksi “. Dörd imza:, Tərtib etdi. E.Hacıyev-imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,660 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,610 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X1 01 sentyabr 2022-ci il tarixli, 4875 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması barədə 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 07 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin inzibati binasında təhqiqatçı X2 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3, 1-ci PŞnin baş əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid1 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Elvin Cəfərov həmin bükülünün içərisində narkotik maddə «kakos» kimi tanınan heroin olduğunu və həmin maddəni 06 avqust 2022ci il tarixdə axşam saatlarında Türkan qəsəbəsində yeni sahədən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 157 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 03 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 09 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 07 avqust 2022-ci il tarixədək Təqsirləndirilən şəxs cəzasının 6 ay 11 gün hissəsini çəkmiş, 1 il 11 ay 15 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 11 (on bir) ay 15 (on beş) gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 07 avqust 2022-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbdə olduğu 2 (iki) ay 28 (iyirmi səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 yanvar 2023-cü il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 23 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,610 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,610 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 15 (on beş) günü azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 28 (iyirmi səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 3 (üç) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,610 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar