Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-727/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 7,45 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla 17 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 17:10-da piyada hərəkətdə olarkən Xəzər RPİ- nin NMB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq həmin RPİ-nin inzibati binasında aparılmış, həmin gün saat 18:10-da Xəzər RPİ-nin NMB-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində ayrı-ayrılıqda təmiz çəkiləri 1,18 qram, 1,19 qram, 1,61 qram, 1,47 qram və 2,00 qram olan beş ədəd kağıza bükülmüş, ümumi təmiz çəkisi 7,45 qram olan kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 05 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbayçan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən özü istifadə etməsi üçün almışdır. Hazırda isə dəqiq olaraq nə vaxt, saat neçədə saxlanılmasını xatırlamır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulan vaxta qədər ara-bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Aldığı narkotik vasitəyə görə isə 50 manat pul vermişdir. Yəni bir bükümünə görə 10 manat pul vermişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Orada həmin narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq və ya təsir olmamışdır. Narkotik vasitəni isə dediyi kimi satış məqsədi ilə deyil məhz öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs son sözündə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirib barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin NMB əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 aprel 2024-cü il tarixdə, axşam saat 17-18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Türkan” marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanıldığını bildirib Nurlanı Xəzər RPİ-yə dəvət etmişlər. Orada dəvət olunuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən ümumilikdə 50 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Şahid1 verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitələri şəxsi istifadə etməsi ilə bağlı olmuşdur. Nurlanın narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi ilə bağlı ona hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin NMB əməkdaşı Şahid2 ondan öncə dindirilmiş şahid X7 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/590 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs..» yazısı və imzalar olan kağız paketdə 05 (beş) ədəd kağız bükülüdə ayrı-ayrılıqda, təmiz çəkiləri 1,18 qram, 1.19 qram, 1.61 qram, 1.47 qram, 2.00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7.45 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Narkoloji X12 şəxsi tərəfindən verilmiş X6 Tibbi Yoxlama eskpertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 3193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: -şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 17 aprel 2024-cü il tarixdə, saat 17:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli şəxsi, axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, X5 üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində olan 5 ədəd kağıza bükülmüş, spesifik iyə məxsus, yaşıl rəngli, quru ot şəkilli narkotik vasitəyə oxşar kütləni təqdim etmişdir. Bundan sonra onun üzərinə, əynində olan paltarlarına şəxsi axtarış keçirilmiş, keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd “Samsung Galaxy A-51” markalı mobil telefon, lakin qanunla dövriyyəsi qadağan olunmuş digər predmet, əşya və narkotik vasitə əşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi əynindəki göy rəngli şalvarın sağ yan cibində olan 5 ədəd kağıza bükülmüş spesifik iyə məxsus yaşıl rəngli quru ot şəkilli narkotik vasitə olan “nəşə”dir, həmin narkotik vasitəni bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində, tanımadığı şəxsdən öz istifadəsi üçün almış, üzərində saxlamış və gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin gün, saat 11:00-da həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə olunmasa da Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi ərazisində sakinlər arasında kəşfiyyat xarakterli söhbətlər aparan zaman Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 24545 nömrəli sorğu məktubuna cavabda göstərilmişdir ki, təqdim etdiyiniz məhkəmə qərarında göstərilən "xxxx" MMC-yə aid olan ********* mobil nömrənin xx.xx.2024-xx.xx.2024-cü il müddətdə SMS mətnləri aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL- 9868/24 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir SMS məlumatı aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməli araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib saxlamaqla daşımasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. İbtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımasına dair hər hansı bir sübut əldə edilməmişdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuana (kannabis) qurudulmuş halda təmiz çəkisi 5 qram və ondan artıq miqdarı xeyli miqdar, 500 qram və ondan artıq miqdarı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən beş ədəd kağız bükümdə ümumi təmiz çəkisi 7,45 qram olan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, kimdən, hansı şəraitdə və nə vaxt xeyli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə olunmasa da Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi ərazisində sakinlər arasında kəşfiyyat xarakterli söhbətlər aparan zaman Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumat daxil olmuşdur. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa konkret şəxsə narkotik vasitə satması müəyyən edilmir. Məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş cavab formal xarakter daşıyır. Belə ki, həmin cavabda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib-etmədiyi barədə dəqiq məlumatı təsdiq edə biləcək heç bir müddəa yoxdur. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də görünür ki, təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması, ümumiyyətlə onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamış və bu barədə konkret fakt müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması, satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən xeyli miqdarda, beş bükümdə çox az bir miqdarda (7,45 qram) narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması, həmçinin onun satış məqsədilə hər hansı şəxslə cinayət əlaqəsinə girərək bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitə ilə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərindən beş bükümdə xeyli miqdarda 7,45 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitənin beş ədəd xırda bükümlərdə olması və sakinlər arasında kəşfiyyat xarakterli söhbətlər aparılması barədə əməliyyat tapşırığına verilmiş cavab məktubu olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan marixuananı əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Məhkəmə qeyd edir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək səmimi ifadə verməsini və peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 7,20 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 7,20 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Moylu oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 120 manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-727/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-727/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver