Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-73/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində sağlamlıq imkanları məhdud bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Sərxanbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 346/2022 saylı 06 avqust 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 05 avqust 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 avqust 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ay İşığı” çimərliyinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus, “Mersedes GL-450” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaqla Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən Bakı Nəqliyyat Agentliyinin qarşısında dairəvi yolda hərəkətdə olarkən Zərərçəkmiş şəxs3 məxsus olan “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sol qabaq tərəfindən vurmuş, daha sonra hərəkətini davam etdirib Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisinə qayıdarkən Mərdəkan-Buzovna yolunda Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edib yolun Sergey Yesenin küçəsində yerləşən üzü şəhər istiqamətində olan hissəsinə çıxmaq istəyərkən yolun kənarındakı yol hərəkətini tənzimləmək məqsədi ilə quraşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Başİdarəsinə məxsus işıqfor dirəyinə çırpılaraq dirəyi aşırdıb işıqforu yararsız hala salmış, daha sonra həmin yola çıxıb hərəkət edərkən önündə hərəkət edən Zərərçəkmiş şəxs2na məxsus “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 14.770 (on dörd min yeddi yüz yetmiş) manat, Zərərçəkmiş şəxs3 ümumilikdə 300 (üç yüz) manat, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Başİdarəsinə ümumilikdə 11169,50 (on bir min yüz altmış doqquz, əlli) manat, Zərərçəkmiş şəxs2na isə ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2014-cü ildən etibarən ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində kirayə yaşayır. 04 avqust 2022-ci il tarixdə saat 14 radələrində dostu İmamverdiyə zəng edərək dənizə getmək istədiyini demiş və İmamverdinin də onunla birlikdə getməsini təklif etmişdir. İmamverdi də onun təklifini qəbul edib onunla birlikdə dənizə getmişdir. Onlar piyada şəkildə Buzovnadan Mərdəkana “Ay işığı” çimərliyinə gəlmişlər. Çimərlikdə özlərinə yer tutub oturmuşlar. Onların oturduğu stoldan təxminən 2-3 stol arxada 2 nəfər şəxs oturmuşdur. O, siqaret çəkmək istəmiş, lakin alışqanı olmadığından, həmin iki nəfər şəxsə yaxınlaşıb alışqan istəmişdir. Onlardan biri ona alışqan vermiş və o, siqaretini yandırıb oradan uzaqlaşmışdır. Bir az oturmuşlar ki, İmamverdinin işi çıxdığı üçün getmək istədiyini demiş və getməyə hazırlaşmışdır. O da dənizə girib çimmişdir. Dənizdən çıxıb stoluna yaxınlaşan zaman İmamverdinin artıq getdiyini və stolunun üzərində kəsilmiş formada para qarpız, siqaret və “Mersedes” markalı avtomobilə məxsus maşın açarı görmüşdür. O, həmin əşyaların kimə məxsus olduğunu bilməmişdir. Düşünmüşdür ki, həmin əşyalar İmamverdinin əşyalarıdır. Çünki İmamverdinin maşını olan qohumları olmuşdur. Daha sonra o, siqaret və maşın açarını götürüb çimərlikdən çıxmaq qərarına gəlmişdir. Çimərlikdən çıxarkən üç nəfər tanımadığı şəxs ona yaxınlaşaraq əlində maşın açarı görüb maşın sürmək istəyib-istəmədiyini soruşmuşlar. O da onlara demişdir ki, maşın sürə bilmir. Onlardan bir nəfər maşının açarını ondan alıb “Mersesedes GL” markalı avtomobili işə salıb döndərib saxlamış və maşından düşüb ona demişdir ki, otur sür. O isə əvvəl tərəddüd etsə də, daha sonra maşına əyləşmişdir. İdarəetmə qaydalarını həmin şəxs ona izah etdikdən sonra o, avtomobili sürüb Buzovna-Mərdəkan yolu istiqamətində hərəkət etmişdir. Daha sonra Hava limanı istiqamətində avtomobili üzü şəhərə tərəf sürmüşdür. “Koroğlu” metrosuna çatan zaman körpünün üstündən fırlanıb geri qayıtmaq və maşını yerinə qoymaq istəmişdir. Lakin geri qayıdarkən Buzovna-Mərdəkan yolu istiqamətində hərəkət edərkən “Arzu” restoranını keçdikdən sonra polislərin yolu bağladığını görmüşdür. Onlar ona əlləri ilə işarə edib maşını saxlamağını bildirsələr də, o, qorxduğu üçün saxlamamış və hərəkətinə davam etmişdir. Polis akademiyasının arxasına çatan zaman arxasında polis maşının olduğunu görmüş və yoluna davam edərək işıqfor dirəyinə çırpılmışdır. Dirəyi aşırdıqdan sonra yola çıxıb hərəkətini davam etdirərək ağ rəngli “Lexus” markalı avtomobilin arxasına dəyib toqquşmuşdur. Həmin zaman çənəsi avtomobilin sükanına dəymiş və çənəsi qanamağa başlamışdır. Daha sonra o, qorxduğu üçün avtomobildən düşüb qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu saxlayıb Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə olarkən həmin alışqan istədiyi uşaqların orada olduğunu görmüş və qaçırdığı avtomobilin onlardan birinə məxsus olduğunu öyrənmişdir. İlk dəfə törətdiyi bu əməldən çox peşman olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilmiş vaxtdan indiyə qədər həbsdə olduğundan, həmçinin zərərçəkmiş şəxsə ödəniləcək məbləğ mübahisəli olduğundan ödənilməmişdir. Ekspertiza rəyində göstərilmiş məbləğ kifayət qədər şişirdilmiş və absurd olmasına baxmayaraq, həmin məbləği hissəhissə ödəməkdən imtina etmir. Digər zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və onların ondan heç bir iddia və ya digər tələbləri yoxdur. Himayəsində sağlamlıq imkanları məhdud bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 04 avqust 2022-ci il tarixdə saat 16 radələrində dostu Nicatla ona məxsus “Mersedes GL 450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan qəsəbəsində yerləşən “Ay işığı” çimərliyinə getmişlər. Orada sonradan adını bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşıb siqaretini yandırmaq üçün alışqan istəmiş, o da ona alışqan vermişdir. Həmin vaxt avtomobilin açarı stolun üzərində olmuşdur. Daha sonra Nicatla dənizə girib çimmişlər. Dənizdən çıxıb yerlərinə qayıdanda avtomobilin açarının stolun üzərində olmadığını görmüşlər. Nicatla açarı nə qədər axtarsalar da, tapa bilməmişlər. Evə qayıdarkən avtomobilin saxladıqları yerdə olmadığını görmüşlər. O, qışqıraraq avtomobilinin oğurlandığını bildirmişdir. Daha sonra çimərliyin sahibi gəlib nəzarət-müşahidə kameralarını açmışdır. Kameralardan görünmüşdür ki, iki nəfər şəxs onun avtomobilinə əyləşib maşını sürüb gedirlər. Bundan sonra o, DİN “102” xidmətinə məlumat verərək maşınının qaçırıldığını bildirmişdir. Bir neçə saatdan sonra maşını çox pis vəziyyətdə tapılmışdır. Hadisə nəticəsində ona ümumilikdə 14.770 (on dörd min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan dəymiş, lakin həmin ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 04 avqust 2022-ci il tarixdə işdən çıxarkən özünə məxsus olan “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib evə getmək istəmişdir. “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən Bakı Nəqliyyat Agentliyinin qarşısında dairəvi yolda hərəkətdə olarkən “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun avtomobilinin sol qabaq tərəfindən vurmuşdur. Nəticədə avtomobilinin sol qanad tərəfi və qabaq buferi zədə almışdır. Daha sonra həmin avtomobil heç nə olmamış kimi hərəkətinə davam etmək istəyərkən, o, həmin avtomobilin arxasınca sürüb saxlatdırmışdır. Həmin “Mersedes” markalı avtomobildən 2 nəfər şəxs düşmüşdür. O da avtomobildən düşüb onlara tərəf getmişdir. Avtomobili sürən şəxs ona yaxınlaşıb üzrxahlıq etmişdir. Belə ki, həmin şəxs xəstəsi olduğu üçün tələsdiyini, polisə məlumat verməməyini və məsələni öz aralarında həll etməyi ondan xahiş etmişdir. Həmçinin sürdüyü həmin avtomobilin qeydiyyat şəhadətnaməsini ona verib telefon nömrəsini götürmüş, sabah zəng edəcəyini və avtomobilinə dəymiş ziyanı aradan qaldıracağını demişdir. Qeydiyyat şəhadətnaməsi Zərərçəkmiş şəxs1 adına olmuşdur. Sürücü ona ***-***-**-** saylı mobil nömrə verib onunla bu nömrə vasitəsilə əlaqə saxlaya biləcəyini demişdir. Həmin şəxsin bu davranışları ona inandırıcı gəlmişdir. Buna görə də o, həmin şəxsin üzərinə çox getməmiş və onunla razılaşıb sabah telefonla əlaqə saxlayıb saat 09:00-da görüşəcəyini demişdir. Həmin şəxs də onunla razılaşmışdır. Daha sonra həmin iki nəfər şəxs avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. O da avtomobilinə əyləşib evə getmişdir. Səhəri gün danışdıqları kimi 09:00-da o, həmin sürücünün ona verdiyi mobil nömrə ilə əlaqə saxlamaq istəsə də həmin nömrəyə zəng çatmamışdır. O da dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, həmin gün Nərimanov rayon polis idarəsinin dövlət yol polis şöbəsində izahat vermişdir. Orada ona məlum olmuşdur ki, dünən danışdığı şəxs sən demə, həmin “Mersesdes” markalı avtomobili qaçırmış və ondan savayı Mərdəkan qəsəbəsi ərazisində də qəza törətmişdir. Hadisə nəticəsində ona ümumilikdə ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymiş, lakin həmin ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxs X7 15 may 2023-cü il tarixdə məhkəməyə elektron müraciət ünvanlayaraq 15 may 2023-cü il tarixdə ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini, eyni zamanda Azərbaycan Respublikasına qayıdacağı vaxtın məlum olmadığına görə bunun üzrlü hal hesab edilməsini, həmçinin, məhkəməyə ünvanladığı 01 fevral 2023-cü il tarixli ərizəsinin nəzərə alınmasını xahiş etmiş, eyni zamanda ona məxsus “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı dəymiş 20000 (iyirmi min) manat ziyanın "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və ya digər tələbinin olmamasını, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası DİN Maddi-Texniki Təminat Baş İdrəsinin nümayəndəsi Şahid1 15 may 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işlərinin çoxluğu ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsinə etmədiyini bildirmiş, Azərbaycan Respublikası DİN Maddi-Texniki Təminat Baş İdrəsinə dəymiş 11169,50 (on bir min yüz altmış doqquz, əlli) manat maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən 15 ildir ki, “Landmark” şirkətinin icraçı direktoru X4 sürücüsü işləyir. **-XM-*** dövlət qeydiyyat nişanlı “Lexus” markalı ağ rəngli avtomobil həmin şəxsə məxsusdur. Eran Efruz ona avtomobili idarə etmək üçün müvəqqəti etibarnamə vermişdir. O Eranı və ailəsini həmin maşınla müxtəlif ünvanlara aparır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, müdürün ailəsini Şüvəlan qəsəbəsində yerləşən bağ evinə gətirmişdir. Onları bağ evinə qoyduqdan sonra o şəhərə qayıtmaq istəmişdir. Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində hərəkətdə olarkən “Bravo” marketlə üzbəüz yerəşən dairəni dönüb üzü şəhərə qayıdarkən Polis akademiyasının arxa hissəsində yerləşən Buzovna-Mərdəkan yolunda polis əməkdaşlarının yolu bağladığını görmüşdür. O, dairəni fırlanıb üzü şəhərə tərəf hərəkətdə olarkən saat 20 radələrində maşınının arxa sol tərəfindən onu avtomobil vurmuşdur. Zərbənin təsirindən maşının arxası yuxarı qalxmış və aşmaq istəmişdir, lakin o, sükanla birtəhər idarəetməni itirməyib maşının aşmasına mane olmuşdur. Avtomobildən düşüb arxaya baxan zaman onu vuran avtomobilin qara rəngli “Mersedes” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. Həmin avtomobili idarə edən şəxs avtomobildən düşüb heç nə deməyərək qaçmağa başlamışdır. Polis əməkdaşları isə həmin şəxsə qaçmağa icazə verməyib yaxalamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə onun da Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verməsi müəyyən edildi. İş materiallarında olan 05 avqust 2023-cü il tarixli 1/1691 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs orta sərxoşluq vəziyyətdə olmuşdur. İş materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobil qara rəngli və offroader tiplidir. Avtomobilin qabaq sağ buferinin bir hissəsi və qabaq sağ farası sınmış, kapot hissəsi və qabaq sağ təkərin üst hissəsində yerləşən metal qoltuq hissəsi deformasiyaya uğramışdır. Həmçinin avtomobilin arxa sol bufer hissəsi və arxa sol stop farası sınmış və arxa sol təkərin üst hissəsində yerləşən metal qoltuq hissəsi deformasiyaya uğramışdır. Avtomobil sürülmə üçün tam yararsız vəziyyətdədir. Bundan başqa baxış zamanı avtomobildə heç bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobil ağ rəngli və offroader tiplidir. Avtomobilin arxa sol bufer hissəsi və arxa sol stop farasının bir hissəsi sınmış və arxa sol təkərin üst hissəsində yerləşən metal qoltuq hissəsi deformasiyaya uğramışdır. Avtomobil sürülmə üçün tam yararsız vəziyyətdədir. Bundan başqa baxış zamanı avtomobildə heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan diskə baxış protokolundan görtünür ki, diskin içərisində 04 ədəd “VİD-20221017-WA010”, “VİD-20221017-WA011” “VİD-20221017-WA012” və “VİD- 20221017-WA013” adlı videogörüntülər mövcuddur. Həmin protokolda sonra göstərilir ki, “VİD-20221017-WA010” saylı videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 06 saniyədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri səki formalı sədlə ayrılmışdır. “VİD-20221017-WA011” saylı videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 16 saniyədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri səki formalı sədlə ayrılmışdır. Hər bir hərəkət hissəsi 4 zolaqdan ibarətdir. Videogörüntünün 07-ci saniyəsindən etibarən arxasında sayrışan işıqları ilə avtopatrul avtomobilinin hərəkət etdiyi “Mersedes GL-450” markalı **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi müşahidə olunur. “VİD-20221017-WA012” saylı videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 20 saniyədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri səki formalı sədlə ayrılmışdır. Hər bir hərəkət hissəsi 4 zolaqdan ibarətdir. Videogörüntünün 01-ci saniyəsindən etibarən arxasında sayrışan işıqları ilə avtopatrul avtomobilinin hərəkət etdiyi “Mersedes GL-450” markalı **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi müşahidə olunur. Polis əməkdaşlarının “saxla” tələbinə baxmayaraq onlara məhəl qoymadan həmin “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili videogörüntünün 11-ci saniyəsindən etibarən yolun kənarında yerləşən işıqfor dirəyinə çırpılaraq sağa dönüb küçəyə çıxır və hərəkətini davam etdirir. “VİD-20221017-WA013” saylı videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, videogörüntü 01 dəqiqə 35 saniyədən ibarətdir. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri səki formalı dəmir sədlə ayrılmışdır. Hər bir hərəkət hissəsi 4 zolaqdan ibarətdir. Videogörüntünün 08-ci saniyəsindən etibarən “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılaraq dayanır. Videogörüntünün 22-ci saniyəsindən etibarən “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs avtomobildən düşərək küçə ilə qaçmağa və hadisə yerindən uzaqlaşmağa çalışır. Videogörüntünün 54-cü saniyəsindən etibarən hadisə yerindən qaçıb uzaqlaşmağa çalışan şəxs polis əməkdaşları tərəfindən saxlanılır. İş materiallarında olan şəxsiyyətin fotoşəkil ilə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs3 tanımaq üçün ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirərək bildirmişdir ki, ona tanınma üçün təqdim edilmiş fotoşəkillər arasında 2-ci sıradakı fotoşəkildə olan şəxsi, yəni Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, həmin şəxs 04 avqust 2022-ci il tarixdə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən Bakı Nəqliyyat Agentliyinin qarşısında dairəvi yolda hərəkətdə olarkən ona məxsus olan “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qabaq tərəfindən vuran “Mersedes GL-450” markalı **- NX-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobili idarə edən şəxsdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər iki şəxs istintaqa verdiyi ifadələrini əyani olaraq bir birinin üzünə qarşı təsdiq etmişlər. İş materiallarından görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və hər iki şəxs istintaqa verdiyi ifadələrini əyani olaraq bir birinin üzünə qarşı təsdiq etmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi arayışdan görünür ki, “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi maddi ziyanın məbləği 14.770 (on dörd min yeddi yüz yetmiş) manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi ödəniş qəbzindən görünür ki, “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi maddi ziyanın məbləği 20.000 (iyirmi min) manat təşkil edir. İş materiallarında olan şahid Zərərçəkmiş şəxs3 təqdim etdiyi qüsur aktından görünür ki,“Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişümumi maddi ziyanın məbləği 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Başİdarəsinin nümayəndəsi Şahid1 təqdim etdiyi qüsur aktından görünür ki, işıqfor dirəyinin aşması nəticəsində dəymiş ümumi maddi ziyanın məbləği 11.169,50 (on bir min yüz altmış doqquz, əlli) manat təşkil edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2023cü il tarixli 9/6024 saylı rəyindən görünür ki, Daxili İşlər Nazirliyinin MTTBİ-nin Texniki vasitələrlə Təminat şöbəsi tərəfindən tərtib edilmiş 04 avqust 2022-ci il tarixli Qüsur aktına əsasən ekspertiza təyini haqqında qərarda göstərilən işıqfora dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin avqust ayına nəzəri qaydada təxminən 11169,50 (on bir min yüz altmış doqquz) manat müəyyən olunur. Aparılmış eksperiza tədqiqatının dəyəri 60,00 (altmış) manatdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs2na məxsus “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs3 məxsus “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq məhkəmənin hökmü qanuni qüvvəyə minənədək özlərində saxlanması üçün qeyd edilən zərərçəkmiş şəxslərə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs himayəsində sağlamlıq imkanları məhdud 01 sentyabr 202-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurması tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 185.2.1 və 185.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxs X7 ilə də barışıq əldə etməsini və onun ondan heç bir şikayət və ya tələbinin olmamasını, himayəsində sağlamlıq imkanları məhdud bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 05 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, maddi sübutlar - Zərərçəkmiş şəxs1 məxsus “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2na məxsus “Lexus” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs3 məxsus “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd edilən zərərçəkmiş şəxslərə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 60,00 (altmış) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 25 iş saatına görə cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - Zərərçəkmiş şəxs1 məxsus “Mersedes GL-450” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2na məxsus “Lexus” markalı **-XM- *** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs3 məxsus “Toyota Camry” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd edilən zərərçəkmiş şəxslərə geri qaytarılması nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri – 60,00 (altmış) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-73/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-73/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver