Məhkəmə qərarları › İş №1(003)-751/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-751/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-751/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1, Təqsirləndirilən şəxs iştirakı ilə, 26 iyun 1994-cü ildə Türkiyə Respublikası Mersin şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikasının Mersin şəhərində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçmiş, təkrarən bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına qanunsuz olaraq keçəməyə cəh edərkən “Heydər Əliyev” X6 sərhəd nəzarət şöbəsində saxlanılmışdır. Belə ki, o, Türkiyə Respublikasında məhkum olunduğu azadlıqdan məhrumetmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə qanunsuz yolla Gürcüstan Respublikasına etmək istəmiş, şəxsiyyət vəsiqəsi cəza çəkdiyi çəzaçəkmə müəssisəsində saxlanıldığı, həmçinin məhkum olması ilə bağlı Türkiyə Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilmədiyi üçün müəyyən edilmiş sənədləri olmadığına görə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən cəzasını çəkdiyi müddətdə əmək müddətdə əmək məzuniyyətində olduğu zaman özünün saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə, istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, Türkiyə Respublikasına məxsus U28626135 nömrəli pasportu və A29043416 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini əldə edib, 21 iyul 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 23:57-də U28626135 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətinə keçmiş, daha sonra 22 iyul 2024-cü il tarixdə təkrarən, qəsdən U28626135 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək aldığı bileti Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisində yerləşən X8 Limanında təqdim edib, “Naxçıvan-Bakı” aviareysi ilə Bakı şəhərinə gəlmiş, daha sonra təkrarən, qəsdən U28626135 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək, “Bakı- Batum” aviareysinə bilet alaraq 22 iyul 2024-cü il tarixdə, saat 13:15-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz yolla təkrarən, qəsdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Bakı şəhərinin Xəzər rayonunda yerləşən “Heydər Əliyev” X6 sərhəd nəzarəti şöbəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2018-ci ildə Türkiyə Respublikasının Mersin şəhərində milliyyətcə suriyalı şəxsi bıçaqladığı üçün Mersin şəhər Məhkəməsinin hökmü ilə 22 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təxminən 06 il cəzaçəkmə müəssisəsində saxlanıldıqdan sonra 2024-cü ilin iyun ayının ortalarında 11 gün müddətinə məzuniyyətə buraxılmışdır. Məzuniyyətə buraxıldıqdan sonra Türkiyə Respublikasında məhkum olunduğu azadlıqdan məhrum etmə cəzası ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq, həmçinin məhkum olunması ilə bağlı Türkiyə Respublikasının dövlət sərhədlərini rəsmi qaydada keçə bilməməsi səbəbindən özünə saxta sənəd hazırlayaraq işləmək və yaşamaq üçün Gürcüstana getmək qərarına gəlmiş, bu məqsədlə tanışları vasitəsilə saxta sənəd hazırlamaqda ona kömək edə biləcək şəxslərin mobil nömrəsini alıb, onlarla telefon əlaqəsi saxlamışdır. Həmin şəxs ona 27000 (iyirmi yeddi min) ABŞ dollari müqabilində saxta sənəd müqabilində saxta sənəd düzəldə biləcəyini bildirmişdir. O, həmin şəxslərlə razılaşdıqdan sonra 15000 ABŞ dolları vermiş, təxminən 10-15 gün sonra həmin şəxs ona U seriyalı 28626135 nömrəli Türkiyə Respublikasının pasportunu və A seriyalı 29043416 nömrəli Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini vermişdir. Bundan sonra o, sənədlərin hazırlandığı üçün həmin şəxsə qalan 12000 ABŞ dolları vermişdir. Pasportu aldıqdan sonra 21 iyul 2024-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə Respublikasının dövlət sərhədini keçmiş, daha sonra isə yük maşını Azərbaycan Respublikasına dövlət sərhədini keçmədən Türkiyə Respublikasına geri qayıtmışdır. O, daha sonra piyada hərəkət etməklə Sədərək sərhəd nəzarəti şöbəsinə gəlmiş və Sədərək sərhəd nəzarəti şöbəsində U seriyalı 28626135 nömrəli pasportu sərhəd naryadına təqdim edərək dövlət sərhədindən buraxılmışdır. Daha sonra o, Naxçıvan-Bakı aviareysinə bilt alaraq 22 iyul 2024-cü il tarixdə saat 13 radələrində dövlət sərhədini keçmək məqsədilə sərhədçilərə yaxınlaşmış və X9 Hava Limanı sərhəd nəzarəti şöbəsində U seriyalı 28626135 nömrəli pasportunu dövlət sərhədindən keçməyi məqsədilə rəsmiləşdirilməsi üçün sərhəd naryadına təqdim etdikdən sonra U seriyalı 28626135 pasport saxtalıqda şübhəli bilindiyi üçün 22 iyul tarixində saat 13 radələrində sərhəd naryadı tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət əməli törətdiyini, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 22 iyul 2024-cü il tarixdə, saat 09:00-dan 20:00-dək “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsinin Terminal 2 uçub getmə zalında “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində R-8227 saylı “Bakı-Batumi” aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən Türkiyə Respublikası vətəndaşı 26 iyul 1990-cı təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi U seriyalı 28626135 nömrəli Türkiyə Respublikasına məxsus pasportu rəsmiləşdirən zaman saxta olmağından şübhələnmiş və “növbə rəisi” sərhəd naryadı xidmətində olan mayor Şahid1 məruzə etmişdir. Mayor Şahid1 yanına gələrək Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi U 28626135 saylı Türkiyə Respublikasına məxsus pasportu böyüdücü lupa və Regula 4203 markalı cihazla yoxlamış və saxtalaşdırma əlamətlərinin olmasını, yəni müdafiə elementlərinin olmamasını, mikroçapların və ofsetin nümunəyə uyğun olmamasını müəyyən etmişdir. Bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 22 iyul 2024-cü il tarixdə, saat 09:00-dan 20:00-dək “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsinin Terminal 2 uçub getmə zalında “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuş Şahid2 xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə, saat 13:15 radələrində R-8227 saylı “Bakı-Batumi” aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən Türkiyə Respublikası vətəndaşı 26 iyul 1990-cı təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi U seriyalı 28626135 nömrəli Türkiyə Respublikasına məxsus pasportu rəsmiləşdirən zaman saxta olmağından şübhələnmiş və bununla əlaqədar olaraq ona məruzə etmişdir. O da Şahid2 yanına gələrək Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi U 28626135 saylı Türkiyə Respublikasına məxsus pasportu böyüdücü lupa və Regula 4203 markalı cihazla yoxlamış və saxtalaşdırma əlamətlərinin olmasını, yəni müdafiə elementlərinin olmamasını, mikroçapların və ofsetin nümunəyə uyğun olmamasını müəyyən etmişdir. Bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/869 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan U seriyalı 28626135 nömrəli Türkiyə Respublikasına məxsus pasportun 2-3-cü səhifələri və A seriyalı 29043416 nömrəli Türkiyə Respublikasının kimlik kartı xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş sənədlərin, o cümlədən pasportların və eyniləşdirici kartların hazırlanmasında istifadə olunmur. Həmin pasportun digər vərəqləri (2-3-cü səhifələr istisna olmaqla) mətbəə üsulla çap olunub, poliqrafik, texnoloji və fiziki-kimyəvi mühafizə vasitələrlə təchiz edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxta pasport təqdim etməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 15 pro max” markalı mobil telefona baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, 26 iyun 1994-cü ildə Türkiyə Respublikası, Mersin şəhərində anadan olmuş doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun 03 avqust 2024-cü il tarixli, 3-13-25/2-9419/24 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs axtarışda olması barədə İnterpolun “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Türkiyə Respublikasının U seriyalı 28626135 nömrəli pasportu və Türkiyə Respublikasının A seriyalı ********* nömrəli pasportu maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, U 28626135 saylı Türkiyə Respublikasına məxsus pasport 38 səhifədən ibarət olub tünd zoğalı rəngli üzlüklə cildlənərək, üzərində “TÜRKİYE CUMHURİYETİ”, “REPUBLİC OF TURKEY”, “PASAPORT”, “PASSPORT” məzmunlu mətn, aypara və beş güşəli ulduz təsviri vardır. Pasportun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun 2-ci səhifəsində pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “KAZAN”, ad qrafasında “ANİL” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında “26 HAZ/JUN 1990”, “pasportun verilmə tarixi” qrafasında “26 HAZ/JUN 2022”, etibarlılıq qrafasında “26 HAZ/JUN 2032” göstərilmiş, doğulduğu yer qrafasında “MERSİN” yazılmışdır. Pasportun MRZ xəttində baxış zamanı U286261359TUR9106260M**********75942872«««82 yazılmışdır. Baxış zamanı görünür ki, MRZ xəttində yazılan 910626 ilə pasportun doğum tarixi hissəsində yazılmış “26 HAZ/JUN 1990” arasında ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, təqsirləndirilən şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan Türkiyə Respublikasının U seriyalı 28626135 nömrəli pasportu, Türkiyə Respublikasının A seriyalı ********* nömrəli pasport və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1, 318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və CM-nin 318,1, 29,318.1-ci maddələri ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut olan möhürlənmiş zərfdə olan Türkiyə Respublikasına məxsus bir ədəd U 28626135 nömrəli ümumvətəndaş pasportu və A 29043416 nömrəli şəxsiyyət vəsiqəsi iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar