Məhkəmə qərarları › İş №1(003)-754/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-754/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-754/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi-0,353 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 05 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən "Bağ" restoranının yaxınlığına kimi daşımış, həmin gün orada saat 17:35-də Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, saat 19:00-da Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketə bükülmüş təmiz çəkisi-0,353 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi-0,360 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 12 iyun 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanının yaxınlığına kimi daşımış, həmin gün orada saat 11:30-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 12:00-da Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi-0,360 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış həmin xeyli miqdarda metamfetamin 1(bir) ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, onu bir həftə ərzində iki dəfə tutublar. İlk dəfə 05 iyun 2024-cü il tarixdə “Bağ” restoranının yaxınlığında olarkən polis işçiləri ona yaxınlaşıb şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan təfərüfatlar yadında qalmayıb. Polis şöbəsində olan zaman ona təzyiq edərək vurmuşlar, lakin xəsarət qalmamışdır. Yalnız video çəkiliş zamanı müdafiəçi iştirak etmişdir. Onu tutan polis əməkdaşlarından biri sahə rəisi kimi tanıdığı Heydər müəllim olmuşdur. Lakin həmin zaman onun üzərində psixotrop maddə olmamışdır. Çəkindiyindən ona edilmiş təzyiqlə bağlı heç bir yerə şikayət etməmişdir. Təxminən bir neçə gün sonra, yəni iyun ayının ortalarında yenidən polis əməkdaşları tərəfindən elə evindən tutularaq Polis Şöbəsinə aparılmışdır. Həmin vaxtıda üzərində psixotrop maddə olmamış, lakin buna baxmayaraq ona fiziki təsir göstərmişlər. Beləliklə, edilən təzyiqlərə görə verdiyini izahatda özünü təqsirli bilmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 qeyd etdi ki, 12 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsində xidmət aparan zaman Binə qəsəbəsində baş verən oğurluq hadisələri ilə əlaqədar bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu zamanı o, heç vaxt heç bir yerdən oğurluq etmədiyini bildirmiş, lakin üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Bununla əlaqədar onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq baş təhqiqatçı Namiq Binnətov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 05 iyun 2024-cü il tarixdə saat 17:35 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi “Bağ” restoranının yaxınlığında xidmət aparan zaman Binə qəsəbəsində baş verən oğurluq hadisələri ilə əlaqədar özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu zamanı o, heç vaxt heç bir yerdən oğurluq etmədiyini bildirmiş, lakin üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Bununla əlaqədar onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Suraxanı rayonu Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı E.hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:00-19:10 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Protokol Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı E.Hacıyev tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi F.Cəfərov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş, heç bir şikayət, qeyd və ya təklif olmamışdır; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, baxış, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində psixotrop maddə olan metamfetamini 01 ədəd bükümdə şəxsi istifadəsi üçün 10 manat pula aldığını və üzərində saxlamaqla daşıdığını etiraf etmiş, eyni zamanda ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmiş və “əlavəm yoxdur, düzgün yazılıb” qeyd edərək imzalamışdır; - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı N.Binnətov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:00-12:10 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Protokol Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı N.Binnətov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi S.Məmmədov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş, heç bir şikayət, qeyd və ya təklif olmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi R.İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün 10 manat pula aldığını və üzərində saxlamaqla daşıdığını etiraf etmiş, eyni zamanda ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmiş və “əlavəm yoxdur, düzgün yazılıb” qeyd edərək imzalamışdır; - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3141 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “... (imza) Təqsirləndirilən şəxs.” yazıları, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,353 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmeta mfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3243 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; İştirakçılar: 1) /imza/ Şahid2; 2) /imza/ Şahid1; Saxlanılan şəxs: 3) /imza/ Təqsirləndirilən şəxs; müdafiəçi: 4) /imza/ S.Məmmədov; Tərtib etdi: /imza/ N.Binnətov” yazılar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,360 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5547 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində CMnin 234.1-ci maddəsi ilə Xəzər RPİ-də istintaqları aparılan ********* saylı cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cm-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır; - Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən məlum olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzası xx.xx.2024-cü ildə başa çatan məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlilərn törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0,353 qram və 0,360 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunurlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2024cü il tarixində cəzasının çəkilməmiş 01 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının sonu xx.xx.2024-cü il tarixi idi. Lakin, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ilk cinayət əməlini sınaq müddəti ərzində, yəni xx.xx.2024-cü il tarixində törətmişdir. Onun sınaq müddəti ərzində az ağır cinayət törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 71.5-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv edilməli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 07 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasının xx.xx.2024-cü il tarixədək çəkilməmiş qalan 01 ay 12 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qsimində tutulduğu müddət cəzasına hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,303 qram, 0,310 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 140 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 (bir) ay 12 (on iki) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasının xx.xx.2024-cü il tarixədək çəkilməmiş qalan 01 (bir) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 05 (beş) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,303 qram və 0,310 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 140 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar