Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-755/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Rusiya Federasiyası, Saxalin vilayətində doğulmuş, Rusiya Federasiyası və İsrail Dövlətinin vətəndaşı, evli, əvvəllər məhkum olmayan, Rusiya Federasiyası, Voronej vilayəti, Talov rayonu, 26-cı sahə qəsəbəsi, Molodyojnaya küçəsi, ev 1 -də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixədək olan müddət ərzində İsrail Dövlətində istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 20,28 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, eləcə də tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin miqdarı ümumilikdə 0,8 qram təşkil edən 1 konvolyutda 5 həb "Tramal retard 100 mg" və 1 konvolyutda 3 həb "Tramadex OD 100 mg" göstəricili və tərkibindəki zoplidem psixotrop maddəsinin miqdarı 0,24 qram təşkil edən 2 konvolyutda 24 həb "Stilnox 10 mg" göstəricili dərman preparatlarını əldə etmiş, qurudulmuş marixuana narkotik vasitəsini 1 ədəd sellofan bükümdə qablaşdırıb əynindəki yaşıl rəngli şalvarın ön sağ cibinə, tərkibində güclü təsir edən və psixotrop maddələr olan həbləri isə özünə məxsus üzərində "Maishiwei" və "Fashion 45L" yazıları olan sarı-boz rəngli bel çantasının içərisində olan 1 ədəd üzərində "Sunribe Travel" yazıları olan mavi rəngli parçadan hazırlanmış əl çantasına yerləşdirərək saxlamış və 15 iyul 2024-cü il tarixdə Tel-Aviv-Bakı-Moskva aviareysi ilə İsrail dövlətindən Rusiya Federasiyasına uçuşu həyata keçirərkən saat 16 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçən zaman qurudulmuş marixuana narkotik vasitəsini Azərbaycan Respublikasına daşımış, həmin vaxt Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən “Heydər Əliyev” Beynəlxalq Aeroportunun T1 Terminalının tranzit zonasında qeyd edilən narkotik vasitəni və tərkibində güclü təsir edən və psixotrop maddə olan həbləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, özünü şübhəli apardığı üçün üzərində aparılmış şəxsi yoxlama və əl yüklərində aparılmış gömrük yoxlaması zamanı qeyd edilən predmetlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həm Rusiya Federasiyası, həm də İsrail Dövləti vətəndaşıdır. Rusiya Federasiyasında anadan olmuş və orada böyümüşdür. Təxminən 18 ildir ki, İsrail Dövlətində yaşayır. Anası X11 Federasiyasında yaşadığı üçün arada bir anasını ziyarət etmək üçün və ya öz işləri səbəbindən ildə bir və ya iki dəfə Rusiya Federasiyasına gedir. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Mikhaylova Viktoriya ilə birlikdə hava yolu ilə İsrail Dövlətinin paytaxtı Tel-Aviv şəhərindən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə getmək üçün yola düşmüşdür. Tel-Aviv şəhərindən birbaşa Moskva şəhərinə uçan təyyarə reysinin uçuş haqqı yüksək olduğu üçün, Tel-Aviv şəhərindən Bakı şəhərinə gəlib, almışdır. Belə ki, Azərbaycan buradan Moskva şəhərinə getmək üçün bilet almışdır. xx.xx.2024-cü il tarixdə 16 radələrində Bakı şəhərində yerləşən “Heydər Əliyev” Beynəlxalq Aeroportuna enmişdirlər. Tranzit zonadan keçən zaman burada gömrük nəzarətindən keçmişlər. Bu zaman o, metal detektor qapıdan keçmiş və keçməzdən əvvəl ciblərindəki əşyaları metal detektor qapının yanındakı stolun üzərinə qoymuşdur. Bu zaman detektor siqnal vermiş və gömrük əməkdaşı ona geri qayıtmağını və üzərindəki əşyaların hamısını təqdim etməyi təklif etmişdir. O, geri qayıtmış və əynindəki yaşıl rəngli şalvarın sağ cibindəki içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sellofan paketdən başqa üzərində olan hər şeyi təqdim etmiş, lakin marixuana barədə heç bir söz deməmiş, həmçinin təqdim etməmişdir. Yenidən detektor qapıdan keçmişdir. Detektor qapı yenə siqnal vermiş, bundan sonra gömrük əməkdaşı ona bildirmişdir ki, üzərində şəxsi yoxlama həyata keçiriləcək. Şəxsi yoxlama zamanı, əynindəki yaşıl rəngli şalvarın sağ cibində olan 1 ədəd sellofan paketdəki qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra, gömrük əməkdaşı üzərindən aşkar edilən qurudulmuş marixuananı elektron tərəzidə çəkmiş və qablaşması ilə birlikdə çəkisinin 22 qram olduğu müəyyən edilmişdir. Daha sonra gömrük əməkdaşları tərəfindən onun əl yüklərinə də yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı, əl yüklərimin içərisindən müxtəlif adlarda və saylarda dərman preparatları aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən müəyyən sənədlər tərtib edilərək üzərindən aşkar edilmiş qurudulmuş marixuana və əl yüklərindən aşkar edilmiş dərman preparatları götürülmüşdür. Narkotik vasitəsini və çiyin çantasından aşkar edilmiş dərman preparatlarını öz şəxsi istifadəsi üçün saxlamışdır. Dərman preparatlarını səhhətində olan müəyyən problemlərlə bağlı istifadə etmişdir. Səhhətində olan problemlərlə bağlı reseptləri, xəstəlik tarixçələri vardır. Həmin dərmanlar onun vətəndaşı olduğu ölkədə qanunla qadağa edilmədiyindən Azərbaycan Respublikasından tranzit qaydada keçən zaman bəyan etməyə ehtiyyac olmadığını düşünmüşdür. Əlavə olaraq aşkar edilmiş paketin içərisində marixuananı içərisinə doldurub çəkmək üçün istifadə olunan kağızlar və filterlər olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 2020-ci ildən bəri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuşdur. Hal-hazırda həmin Baş İdarənin “Heydər Əliyev” adına X13 1-ci Terminalında yerləşən Sərnişin şöbəsində xidmətə çıxır. Xidmətdə olduğu zaman ölkə ərazisinə gətirilən və ya aparılan müşayiət olunan və olunmayan baqajlara və əl yüklərinə gömrük yoxlamasını həyata keçirir. xx.xx.2024-cü il tarixdə saat 09:00-dan saat 20:00-dək növbədə olmuşdur. Həmin gün saat 16 radələrində Tel-Əviv-Bakı-Moskva aviareysi ilə hərəkət edən X6 gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin böyük inspektoru Şahid2 və hal şahidlərinin iştirakı ilə Mikhaylov Kirillin üzərində şəxsi yoxlama və əl yüklərinə isə gömrük yoxlaması həyata keçirtmişdir. Belə ki, gömrük nəzarəti vaxtı Mikhaylov Kirille çiyninə asdığı çantanı, skan olunması üçün X-RAY aparatına qoymasını, özünün isə detektor qapıdan keçməsini bildirmiş, sonuncu da çiynində asılmış çantanı X- RAY aparatına qoymuş, bundan sonra detektor qapıya yaxınlaşmışdır. Detektor qapıdan keçməzdən əvvəl Kirill Mikhaylova üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Sonuncu da üzərində olan pul, mobil telefon və s. çıxarıb təqdim etmiş, bundan sonra detektor qapıdan keçmiş və keçərkən detektor siqnal vermişdir. O, Kirill Mikhaylova geri qayıdaraq üzərində hər hansı bir əşya qalıbsa, onu da çıxarıb təqdim etməsini və detektor qapıdan yenidən keçməsini təklif etmiş, Kirill Mikhaylov geri qayıtmış və yenə də ciblərindəki şəxsi əşyalarını çıxarıb təqdim etmiş və yenidən detektor qapıdan keçmişdir. Bu zaman detektor yenə də siqnal vermiş, bundan sonra o, Kirill Mikhaylov ilə şifahi qaydada üzərində olan əşyalarla bağlı sorğu-sual aparmış və Kirill Mikhaylov da həmin suallara qeyri-səlis cavablar vermiş, həmin vaxt üz rəngi solğun olmuş, bir qədər də həyəcanlı olmuşdur. Bu da şübhəli gəlmiş və buna görə də Kirill Mikhaylovun üzərində şəxsi yoxlama keçirtmək qərarına gəlmişdir. Bu barədə rəhbərliyə məruzə etmiş, rəhbərlik tərəfindən müəyyən sənədlər tərtib edilib, şəxsi yoxlama üçün icazə verildikdən sonra 2 nəfər hal şahidi dəvət etmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin yerləşdiyi “Heydər Əliyev” adına X13 1-ci Terminalında yerləşən şəxsi yoxlama otağında gömrük əməkdaşı Şahid2 və 2 nəfər hal şahidinin iştirakı ilə X3 üzərində şəxsi yoxlama keçirtmişdir. Şəxsi yoxlama zamanı Kirill Mikhaylovun əynindəki yaşıl rəngli şalvarın ön sağ cibindən içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş ot olan 1 ədəd şəffaf rəngli sellofan paket aşkar etmişdir. Kirillin üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər qurudulmuş otun olduğu şəffaf rəngli 1 ədəd sellofan paketi elektron tərəzidə çəkmiş və nəticədə qablaşması ilə birlikdə təxmini çəkisinin 22 qram olduğunu müəyyən etmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə gömrük nəzarəti zamanı Kirill Mikhaylovun çiynindən asılmış çantaya gömrük yoxlaması həyata keçirtmişdir. Yoxlama zamanı, həmin çantanın içərisindən mavi rəngli parçadan hazırlanmış əl çantası və 1 ədəd də üzərində ivrit hərfləri ilə yazılar və marixuana bitkisinə bənzər şəkillər olan ağ rəngli sellofan paket çıxmışdır. 1 ədəd də üzərində ivrit hərfləri ilə yazılar və marixuana bitkisinə bənzər şəkillər olan ağ rəngli sellofan paketin içərisində 2 qutu üzərində "Richer" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 1 qutu üzərində "OCB Black medium+filters" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 1 qutu üzərində "OCB Black small filters" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 2 qutu üzərində "OCB Premium + filters" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 4 ədəd üzərində "REALLEAF" yazıları olan filter aşkar etmişdir. Üzərində "Sunribe Travel" yazıları olan mavi rəngli parçadan hazırlanmış əl çantasının içərisindən isə 5 ədəd üzərində "Golden Virginia 50 G e" yazıları olan tütün, 2 qutu üzərində "Richer" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, üzərində "Stilnox 10 mg tablets" yazısı olan 1 qutu həmin qutunun İçərisində 1 konvolyut, həmin konvolyutda 10 ədəd həb, üzərində "Stilnox 10 mg tablets" yazısı olan 1 qutu həmin qutunun içərisində 1 konvolyut, həmin konvolyutda 14 ədəd həb, 1 ədəd üzərində "Tramal retard 100 mg" yazısı olan konvolyutda 5 ədəd həb, 1 ədəd üzərində "Tramadex OD 100" yazıları olan kəsilmiş konvolyutda 3 həb, 1 ədəd üzərində "Cialis 20 mg" yazıları olan konvolyutda 1 bütöv həb və 1 yarıya bölünmüş həb aşkar etmişdir. Bundan sonra şəxsi yoxlama və yoxlama haqqında protokollar tərtib edərək şəxsi yoxlama və yoxlama zamanı aşkar edilən predmetləri götürmüş və protokolların müvafiq yerlərində iştirakçılara imzalar etdirmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində ifadəsi alınmış gömrük xidməti əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, “Heydər Əliyev” Beynəlxalq Aeroportunda yerləşən "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə “Heydər Əliyev” adına X9 işdə olan zaman gömrük orqanı əməkdaşı ona və onun iş yoldaşı Şahid4 yaxınlaşaraq onlardan 1-ci Terminalın gömrük nəzarəti xəttində saxlanılmış bir nəfər sərnişinin üzərində keçiriləcək şəxsi yoxlamada və həmin sərnişinə aid olan əl yüklərinə keçiriləcək yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da gömrük əməkdaşına etiraz etməmiş və həmin əməkdaşla birlikdə yoxlama keçiriləcək yerə getmişlər. Yoxlama “Heydər Əliyev” adına X10 1-ci Terminalında keçirilmişdir. Oraya çatdıqdan sonra şəxsiyyəti onlara sonradan məlum olan Rusiya Federasiyası və İsrail Dövləti vətəndaşı X3 üzərinə şəxsi yoxlama keçiriləcəyi bildirilmişdir. Bundan sonra 1-ci Terminalın şəxsi yoxlama otağında onların iştirakı ilə gömrük əməkdaşı tərəfindən X3 üzərində şəxsi yoxlama həyata keçirilmişdir. Daha sonra gömrük əməkdaşı şəxsi yoxlamaya başlamış və şəxsi yoxlama zamanı, X3 əynindəki yaşıl rəngli şalvarın ön sağ cibindən içərisində qurudulmuş ot olan 1 ədəd şəffaf rəngli sellofan paket aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı həmin paketi açaraq içərisinə baxış keçirtmiş, paketin içərisindəki qurudulmuş ot yaşıl rəngli, spesifik iyə malik olmuşdur. Gömrük əməkdaşı həmin otun qurudulmuş marixuana narkotik vasitəsinə bənzədiyini bildirmişdir. Daha sonra aşkar edilmiş içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər ot olan paket elektron tərəzidə çəkilmiş və qablaşması ilə birlikdə təqribi çəkisinin 22 qram olduğu müəyyən edilmişdir. Daha sonra gömrük əməkdaşı onların iştirakı ilə Kirill Mikhaylova məxsus olan sarı-boz rəngli çantaya gömrük yoxlaması həyata keçirtmiş, yoxlama zamanı, həmin çantanın içərisindən 1 ədəd mavi rəngli parçadan hazırlanmış əl çantası və 1 ədəd də üzərində ivrit hərfləri ilə yazılar və marixuana bitkisinə bənzər şəkillər olan ağ rəngli sellofan paket çıxmışdır. 1 ədəd də üzərində ivrit hərfləri ilə yazılar və marixuana bitkisinə bənzər şəkillər olan ağ rəngli sellofan paketin içərisindən bir neçə sayda tütün bükmək üçün istifadə edilən kağızlar və filterlər aşkar edilmişdir. Mavi rəngli parçadan hazırlanmış əl çantasının içərisindən isə müxtəlif adlarda və saylarda tütün paketləri, tütün bükmək üçün istifadə edilən kağızlar və qutularda-konvolyutlarda dərman preparatları aşkar edildiyinin şahidi olmuşdurlar. İbtidai araşdırma zamanı şahid qismində ifadə verdiyi Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 iyul 2024-cü il tarixli "Şəxsi yoxlama və götürmə haqqında" protokoldan görünür ki, şəxsi yoxlama zamanı, X4 əynində olan yaşıl rəngli şalvarın sağ ön cibindən 1 ədəd sellofan paketin içərisində yaşıl rəngli, bitkiyə bənzər naməlum predmet aşkar olunmuş, aşkar olunan predmet elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 22 qram təşkil etdiyi müəyyən edilmişdir; - 15 iyul 2024-cü il tarixli "Baxış və əşyaların götürülməsi haqqında" protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı X7 məxsus olan, ǝl yükü qismində gətirdiyi və üzərində "Maishiwei" və "Fashion 45L" yazıları olan sarı-boz rəngli bel çantasına baxış keçirilmiş, baxış zamanı, sözügedən bel çantasının içərisində 1 ədəd üzərində "Sunribe Travel" yazıları olan mavi rəngli parçadan hazırlanmış əl çantası və 1 ədəd üzərində ivrit hərfləri ilə yazılar və marixuana bitkisinə bənzər şəkillər olan ağ rəngli qablaşdırma olduğu müəyyən edilmişdir. Əl çantası açılmış və çantanın içərisindən üzərində "Golden Virginia 50 Ge" yazıları olan 5 qutu tütün, 2 qutu üzərində "Richer" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 1 qutusunun içərisindəki 1 ədəd konvolyutda 10 həb, 1 qutusunun içərisindəki 1 ədəd konvolyutda 14 həb olan "Stilnox 10 mg tablets" markalı, üzərində "Tramal retard 100 mg" yazısı olan 1 ədəd konvolyutda 5 həb, üzərində "Tramadex OD 100 mg" yazısı olan 1 ədəd kəsilmiş konvolyutda 3 həb və üzərində "Cialis 20 mg" yazısı olan 1 ədəd kəsilmiş konvolyutda 1 ədəd sarı rəngli tam həb və 1 ədəd sarı rəngli yarı bölünmüş həb" aşkar olunmuşdur. Baxış davam etdirilmiş və üzərində ivrit hərfləri ilə yazılar və marixuana bitkisinə bənzər şəkillər olan ağ rəngli 1 ağ rəngli 1 ədəd qablaşdırma açılmışdır. Həmin qablaşdırmanın içərisindən 2 qutu üzərində "Richer" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 1 qutu üzərində "OCB Black medium + filters" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 1 qutu üzərində "OCB Black small + filters" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 2 qutu üzərində "OCB Premium + filters" yazısı olan tütün bükmək üçün istifadə edilən kağız, 4 ədəd üzərində "REALLEAF" yazıları olan filter aşkar edilərək götürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1158 saylı rəyindən aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində "1.миxайлов K.B......." yazılar və imza olan qəhvəyi rəngdə kağız paketdəki ağız hissəsi bağlanan polietilen paketdə təmiz çəkisi 20,28 qr bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji və məhkəmə iqtisadi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/3696 saylı rəyindən aydın olur ki, fiziki-kimyəvi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 00800- 00542/24 No-li maddi sübut X6 ...." yazısı və imzalar olan paketdəki 1) üzərində "STİLNOX (zolpidem 10 mg)" markalanma göstəriciləri olan 2 ədəd qutudakı Ümumilikdə 24 ədəd həblər zolpidem tərkibli həblərdir və 24 ədəd həbdən ibarət zolpidem təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir (bir həbdə 0,01 qram zolpidem olmaqla). 2) üzərində "TRAMAL retard 100 mg" markalanma göstəricisi olan 5 ədəd həb və üzərində "TRAMADEX OD 100mg" markalanma göstəricisi olan 3 ədəd həb tramadol hidroxlorid tərkibli həblərdir və ümumilikdə 8 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir (bir həbdə 0,1 qram tramadol hidroxlorid olmaqla). 3) üzərində "CİALİS 20 mg (tebalafil)" markalanma göstəriciləri olan preparatın tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan ərazisindən edilmiş, dövriyyəsi qadağan məhdudlaşdırılmış və nəzarəti edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları-"na, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na və "Zəhərli maddələrin siyahısı"na daxil olan maddələr yoxdur. Bioloji ekspertiza tədqiqatına təqdim edilmiş üzərində "X14" yazıları olan 5 qutu tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. İqtisad ekspertiza tədqiqatına təqdim edilmiş mallardan yalnız üzərində "X14" yazıları olan 5 qutu tütün məmulatları qiymətləndirilərək ümumilikdə orta bazar qiymətləri 80,00 manat müəyyən edilmişdir. Qalan predmetlər barəsində qiymətləndirmənin aparılması mümkün olmamışdır. "Zolpidem" maddəsi Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına, "tramadol hidroxlorid" maddəsi güclü təsir edən maddələrin siyahısına daxildir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4922 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabınoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 20,28 qram olan narkotik vasitə– marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Dövlət Gömrük Komitəsində maddi sübut kimi saxlanılan qalıq 20,23 qram narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd “Tramal retard 100 mg” həbi, 02 ədəd “ Tramadex OD 100 mg” həbi, 22 ədəd zolpidem psixotrop maddə tərkibli “Stilnox 10 mg” həbi, 4 qutu “Richer” yazısı olan kağız, 01 qutu “OCB Black medium+ filters” yazısı olan kağız, 01 qutu “OCB Black small+ filters” yazısı olan kağız, 02 qutu “OCB Black premium+ filters” yazısı olan kağız, 04 ədəd “Realleaf” yazısı olan filter hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 322 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən əsas cəzasını çəkib bitirdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 322 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış qalıq 20,23 qram narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd “Tramal retard 100 mg” həbi, 02 ədəd “ Tramadex OD 100 mg” həbi, 22 ədəd zolpidem psixotrop maddə tərkibli “Stilnox 10 mg” həbi, 4 qutu “Richer” yazısı olan kağız, 01 qutu “OCB Black medium+ filters” yazısı olan kağız, 01 qutu “OCB Black small+ filters” yazısı olan kağız, 02 qutu “OCB Black premium+ filters” yazısı olan kağız, 04 ədəd “Realleaf” yazısı olan filter hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-755/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-755/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver