Məhkəmə qərarları › İş №1(003)-78/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-78/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-78/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs7, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 216/2023 saylı 27aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş və satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evdən 500 manat və 200 dollar, yəni Azərbaycan Respublikasının valyuta məzənnəsi ilə 340 manat təşkil edən nağd pul, dəyəri 1.200 manat olan 01 ədəd “Samsung” markalı televizoru gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2040 (iki min qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2022-ci il tarixdə saat 01 radələrində X4 məxsus Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evin yataq otağındakı dolabdan (kamotdan) bir ədədinin dəyəri 250 manat olan iki ədəd qızıl üzük, dəyəri 1.700 manat olan bir ədəd qızıl dəsti və çarpayının döşəyinin altından 320 manat nağd pulu gizli talayaraq X4 ümumilikdə 2520 (iki min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə saat 22:40 radələrində Zərərçəkmiş şəxs3 məxsus Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivi Nəriman Əliyev küçəsində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsinin şüşəsini sındırma yolu ilə evə daxil olmuş və yataq otağındakı taxtın döşəyinin altında 600 manat nağd pulu, paltar dolabında olan dəyəri 1.500 manat olan bir ədəd qızıl saat və dəyəri 1.000 manat olan bir ədəd qızıl üzüyü gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 3100 (üç min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi 18 mart 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs4 Habil qızına məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi Nizami küçəsində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evdən dəyəri 1700 manat olan “Samsung” markalı bir ədəd televizor, ümumi dəyəri 280 manat olan yorğan üzü dəstləri, dəyəri 110 manat olan çaynik dəsti, ümumi dəyəri 220 manat olan iki ədəd meyvə qabı, dəyəri 300 manat olan taxt üstü dəsti, dəyəri 350 manat olan adyal dəsti, ümumi dəyəri 1240 manat olan çay və yemək servisi gizli talayaraq Zərərçəkmiş şəxs4 Habil qızına ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 mart 2023-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanının həyətinə qanunsuz daxil olaraq evinin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və evin yataq otağındakı dolabdan 400 manat və 100 dollar, yəni Azərbaycan Respublikasının valyuta məzənnəsi ilə 170 manat təşkil edən nağd pul, dəyəri 1200 manat olan qızıl dəst, dəyəri 700 manat olan bir ədəd qızıl üzük, dəyəri 1.000 manat olan bir cüt qızıl sırğa və üzük dəsti, dəyəri 1.000 manat olan qızıl üzük və dəyəri 1.100 manat olan qızıl üzüyü gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 5570 (beş min beş yüz yetmiş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 aprel 2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu Albalılıq yeni yaşayaış massivi nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan mətbəx, eləcə də saxlanc yeri kimi istifadə olunan yerin qapısını açma yolu ilə daxil olmuş və oradan dəyəri 280 manat olan 01 ədəd samovar, bir ədədinin dəyəri 200 manat olan 04 ədəd qazanı gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1080 (min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 aprel 2023-cü il tarixədə saat 13 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsini açma yolu ilə evə daxil olmuş və yataq otağındakı dolabdan dəyəri 1.300 manat olan qızıl dəst, dəyəri 850 manat olan qızıl klonla birlikdə qızıl boyunbağı, dəyəri 380 manat olan qızıl sırğalarla birlikdə qızıl üzük, dəyəri 500 manat olan bir ədəd qızıl üzük, dəyəri 750 manat olan bir ədəd qızıl üzük, ümumi dəyəri 600 manat olan iki ədəd qızıl qolbaq, dəyəri 250 manat olan qızıl boyunbağı, dəyəri 220 manat olan qızıl boyunbağı, dəyəri 100 manat olan uşaq üçün qızıl sırğa, dəyəri 54 manat olan kişi qol saatı və ümumilikdə 145 manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 5149 (beş min yüz qırx doqquz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini daşıyaraq üzərində saxlayarkən 26 aprel 2023-cü il tarixdə saat 00:30-də Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları xidmətdə olduqları zaman Xəzər ratonu Buzovna qəsəbəsində yerləşən “Laçın Qaya” adlı restoranın yaxınlığında saxlanılaraq PŞ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,283 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü tam təqsirli bilərək göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir, narkotik vasitə istifadəçisidir, əvvəllər məhkum olunmuşdur. İşləmədiyinə görə son vaxtlar maddi vəziyyəti pis olmuşdur. 2022-ci ilin oktyabr ayının 12-də saat 10 radələrində Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində küçədə evlərdən oğurluq niyyəti ilə gəzərkən bir evin sakinlərinin həyətin giriş qapısını açarla bağlayıb çıxdıqlarını görüb düşünmüşdür ki, evdə heç kim qalmamışdır. Saat 11 radələrində həmin həyətə yaxınlaşıb hasardan həyətə baxıb əmin olmuşdur ki, həyətdə və evdə heç kim yoxdur. Hasardan həyətə daxil olmüş və özü ilə əvvəlcədən götürdüyü vintaçanla evin plastik pəncərəsini açıb evə daxil olmuşdur. Evdən pul və qızıl axtarmış, lakin qızıl tapa bilməmiş, evin hər yerini axtardıqdan sonra yataq otağındakı dolabdan 200 dollar və 500 manat pul tapmış, pulu və evdən bir ədəd televizoru da götürüb evdən çıxmışdır. Yoldan keçən tanımadığı taksiyə minib Sabunçu bazarına gedib orada həmin televizoru tanımadığı şəxsə satmış, əldə etdiyi pulu öz tələbatına xərcləmişdir. 2022-ci ilin dekabr ayının 19-dan 20-nə keçən gecə saat 01 radələrində Buzovna qəsəbəsində bir evin yanından keçəndə hiss etmişdir ki, həmin evdə adam yoxdur. Hasardan həyətə daxil olmuş və əmin olmuşdur ki, evdə heç kim yoxdur və sakitcə hasardan həyətə daxil olmuşdur. Həyətdə bir taxta nərdivan olmuşdur, həmin nərdivanı pəncərənin qarşısına söykəyib özündə olan vintaçanla plastik pəncərəni açmışdır. Evə daxil olan kimi otaqların hər birini axtarmağa başlamışdır. Yataq otağını axtaranda dolabdan qızılları tapmış, onları oğurladıqdan sonra taxtın döşəyini qaldırmış və orada pul olmuşdur, onu da oğurlayıb tez evdən çıxıb uzaqlaşmışdır. Oğurladığı qızılları “Əcəmi” metro stansiyasının yaxınlığında tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu öz tələbatına xərcləmişdir. 2022-ci ilin dekabr ayının 29-da axşam saat 22:40 radələrində oğurluq məqsədi ilə Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivinə getmiş və küçədə gedərkən bir nəfərin həyətin giriş qapısını bağladığını görmüşdür. Həmin şəxs bir nəfər qadınla çıxıb getmişdir. Sakitcə hasardan həyətə boylanıb baxmış və evdə heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra hasardan həyətə daxil olmuş, evə yaxınlaşıb özündə olan vintaçanla evin plastik pəncərəsini aça bilmədiyinə görə təpiklə vurub şüşəsini sındırmış və oradan evə daxil olmuşdur. Evə daxil olan kimi evin hər yerini cəld olaraq axtarmış, yataq otağını axtaranda taxtın döşəyinin altında pul tapmış, onları oğurlayıb götürmüş və elə həmin otaqda dolabı axtaranda qızıl tapmış və onları da oğurlayıb tez evdən çıxıb uzaqlaşmışdır. Səhəri gün oğurladığı qızılları “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu öz tələbatına xərcləmişdir. 18 mart 2023-cü il tarixdə saat 22 radələrində Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində işıqları yanmayan bir evin həyətinə hasardan aşıb daxil olmuş və özündə olan vintaçanla plastik pəncərəni açmışdır. Evə daxil olub hər bir yeri axtarmağa başlamış, qızıl və pul tapa bilməmiş, lakin evdən bir ədəd televizor və qutuda qab-qacaqları oğurlayıb həyətə yığmış, sonra da taksi ilə həmin əşyaları aparıb həyətində heç kimin görə bilmədiyi yerdə gizlətmişdir. Səhər açılana yaxın həmin əşyaları taksi ilə Sabunçu bazarına aparıb orada tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu öz tələbatına xərcləmişdir. 31 mart 2023-cü il tarixdə axşam saatlarında Buzovna qəsəbəsində Dənizkənarı küçəsində gəzərkən bir nəfər oğlanın həyətin giriş qapısını bağlayıb çıxıb getdiyini görmüş, təxminən saat yarım oralarda gözləmiş və saat 22:30 radələrində hasardan həyətə daxil olmuş və evə yaxınlaşıb özündə olan vintaçanla evin plastik pəncərəsini açmış və evə daxil olmuşdur. Evə daxil olan kimi tez hər tərəfi axtarmış, bu dəfə də qızıl və pul axtarmış və yataq otağındakı dolabın içərisində axtarış apardığı zaman pul və qızıl tapmışdır. Qızılları oğurlayıb evdən tapdığı bir göy rəngli yaylığa büküb gödəkçəsinin içərisində gizlətmış, pulu da cibinə qoyub cəld evdən çıxıb uzaqlaşmışdır. Oğurladığı qızılların bir hissəsini bu dəfə də “Əcəmi” metro stansiyasının yaxınlığında, qalan hissəsini isə “Neftçilər” metro stansiyasının yaxınlığında tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu öz tələbatına xərcləmişdir. Həmin yaylığı 2-ci PŞ-də araşdırma zamanı polis əməkdaşlarına təqdim etmişdir. 13 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində küçədə gəzərkən bir evin qarşısında dayanmış və həyətin giriş qapısını yoxlayıb görmüşdür ki, qapı bağlıdır. Hasardan həyətə baxıb əmin olmuşdur ki, həyətdə və evdə heç kim yoxdur. Hasardan həyətə daxil olmuş və həyətə daxil olduqdan sonra görmüşdür ki, həyətdə bir balaca ev kimi bir yer var, pəncərədən içəri baxıb görmüşdür ki, içəridə samovar, çoxlu qab-qacaqlar, qazanlar var. Qapını həyətdən tapdığı dəmir parçası ilə açıb içəri daxil olmuşdur. Oradan bir ədəd samovar və dörd ədəd qazanı çıxardıb oğurlamışdır. Oğurladığı əşyaları aparmaq üçün taksi saxlamaq üçün küçəyə çıxmış və təsadüfən Buzovna qəsəbəsindən taksi sürücüsü kimi tanıdığı Ədalət adlı şəxslə rastlaşmış və ona bildirmişdir ki, bir az yükü var, onları Maştağa qəsəbəsinə aparmaq lazımdır, o da onunla razılaşmışdır. Həmin əşyaları aparıb Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsində Mehman adlı şəxsə samovarı satmış, həmin qəsəbədə digər bir yerdə fəaliyyət göstərən metal qəbulu məntəqəsində işləyən Azər adlı şəxsə isə qazanları satmış, əldə etdiyi pulu öz təlabatına xərcləmişdir. Ədalət onun oğurluq etməyini bilməmişdir, ona demişdir ki, öz evidir və pulu olmadığına görə həmin əşyaları satmağa aparır. Tutulduğu gecə xəbər tutmuşdur ki, təsadüfən Ədaləti də 2-ci PŞ-nə gətirmişlər. 21 aprel 2023-cü il tarixdə günorta saatlarında Buzovna qəsəbəsində Təmənis yeni yaşayış massivində küçə ilə gezərkən bir evin giriş qapısını bir nəfərin bağlayıb ailə-uşaqla birlikdə getdiyini görüb evdə heç kimin qalmadığını başa düşmüş, oralarda bir qədər gözləmiş və saat 13 radələrində həyətə yaxınlaşıb hasardan həyətə daxil olmuş və evə yaxınlaşıb özündə olan vintaçanla evin plastik pəncərəsini açıb evə daxil olmuşdur. Evə daxil olan kimi hər yeri axtarmış və yataq otağındakı dolabı axtaranda orada çoxlu qızıl görüb onları oğurlayıb tez evdən çıxıb getmişdir. Həmin qızılları bu dəfə “Laçın” Ticarət mərkəzinin qarşısında tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu öz tələbatına xərcləmişdir. Qeyd etdiyi kimi, narkotik vasitə istifadəçidir və 26 aprel 2023-cü il tarixdə oğurluqda şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. 25 aprel 2023-cü il tarixdə axşam saatlarında Maştağa qəsəbəsində üzdən şifahi tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata “kakos” kimi tanıdığı narkotik vasitəni alaraq üzərində saxlamışdır. 26 aprel 2023-cü il tarixdə gecə saatlarında evə gedərkən yolda qardaşı Elşadla rastlaşmış, birlikdə getdikləri zaman saat 00:30 radələrində yaşadıqları evin yaxınlığında hərəkətdə olarkən iki nəfər mülki geyimdə şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra onlarla söhbət etmişlər və ərazidə oğurluq hadisəsi ilə bağlı onlardan şübhələndiklərini bildirmişlər. Araşdırma aparılması üçün onları 2-ci PŞ-nə dəvət etmişlər, onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 2-ci PŞ-nə getmişlər. Orada etiraf etmişdir ki, üzərində narkotik vasitə var, qardaşı da bildirmişdir ki, onun da üzərində narkotik vasitə var. Bundan sonra ona xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. O da bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibində içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış və götürmə keçirmişlər, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə olan heroin qablaşdırılmış və möhürlənərək götürülmüş, bu barədə tərtib edilmiş protokol və narkotik vasitənin qablaşdırıldığı zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Oğurluq hadisələrini tək törətmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir göstərilməmişdir. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin oğurluq cinayətlərinin heç birini törətməmişdir və özünü təqsirli bilmir. Polis şöbəsinə gətirilərkən isə üzərində narkotik vasitə olmuşdur. Polis şöbəsində ona təzyiq göstərərk onu özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur etmişlər, o da etiraz etməyərək bütün sənədləri imzalamışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə peşman olmuşdur, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətlərə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 göstərdi ki, hazırda Buzovna qəsəbəsi Təmənis yeni yaşayış massivi nömrəsiz fərdi ev ailəsi ilə birlikdə yaşayır. 21 aprel 2023-cü il tarixdə saat 12 radələrində ailəsi ilə birlikdə yaxınlıqda yaşayan qardaşının evinə getmiş, saat 15 radələrində evə qayıtmışlar və evə daxil olandan sonra görmüşlər ki, yataq otağının pəncərəsi açıq vəziyyətdədir. Şübhələnmişlər ki, evə kimsə daxil olub, buna baxmayaraq, evdə hər bir əşya yerində olmuşdur. Tez pul və qızıllar olan yerə baxmış və aşkar etmişdir ki, yataq otağında olan paltar dolabının içərisindəki qutunun içərisində dəyəri 1.300 manat olan qızıl dəst, dəyəri 850 manat olan qızıl klonla birlikdə qızıl boyunbağı, dəyəri 380 manat olan qızıl sırğalarla birlikdə qızıl üzük, dəyəri 500 manat olan bir ədəd qızıl üzük, dəyəri 750 manat olan bir ədəd qızıl üzük, ümumi dəyəri 600 manat olan iki ədəd qızıl qolbaq, dəyəri 250 manat olan qızıl boyunbağı, dəyəri 220 manat olan qızıl boyunbağı, dəyəri 100 manat olan uşaq üçün qızıl sırğa, dəyəri 54 manat olan kişi qol saatı və ümumilikdə 145 manat nağd pul oğurlanmışdır. Bundan sonra evin hər bir yerinə nəzər yetirmiş, qeyd etdiklərindən başqa əşyalarının oğulanmadığını müəyyən etmişdir. Hesabladıqdan sonra məlum olmuşdur ki, oğurluq nəticəsində ona ümumlikdə 5149 (beş min yüz qırx doqquz) manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı istintaq eksperimenti keçirilməmişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 12 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində evin qapısını bağlayıb ailə üzvləri ilə birlikdə evdən çıxıb getmişlər. Həmin gün saat 16:30 radələrində evə gəlib qapını açarkən evin birinci mərtəbəsində olan plastik pəncərənin açıq olduğunu görüb narahat olmuşdur ki, evə kimsə daxil olub. Tez qapını açaraq evə daxil olduqda müəyyən etmişdir ki, evə pəncərədən kimsə girmiş və evdən oğurluq etmişlər. Belə ki, evdən 200 ABŞ dolları (340 manat) və 500 manat pulu, eləcədə 1200 manata aldığı “Samsung” markalı televizoru oğurlanmışdırlar. Beləliklə də, oğurluq nəticəsində ümumilikdə ona 2040 (iki min qırx) manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna baxmayaraq, o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, hazırda Buzovna qəsəbəsi Dənizkənarı küçəsi ev 1-də ailəsi ilə birlikdə yaşayır. 28 mart 2023-cü il tarixdə saat təxminən 15 radələrində anası və qardaşı Maştağa qəsəbəsində yaşayan qohumlarının evinə qonaq getmişlər. Həmin müddətdə özü evdə tək qalmışdır. 31 mart 2023-cü il tarixdə saat 20:40 radələrində evin və həyətin qapısını bağlayıb yaxınlıqda yerləşən kafeyə getmiş, saat 23:40 radələrində evə gələrək həyətin qapısını açıb həyətə daxil olanda görmüşdür ki, evin giriş qapısı açıq vəziyyətdədir. Evə daxil olmuş və aşkar etmişdir ki, evin bütün əşyaları dağınıq vəziyyətdədir, eyni zamanda qonaq otağının plastik pəncərəsi də açıq olmuşdur. Başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Tez yataq otağındakı paltar dolabında saxladığı pul və qızılların yerinə baxmış və aşkar etmişdir ki, 400 manat və 100 dollar pul, bundan başqa, anasının ona nişanı üçün aldığı dəyəri 1.200 manat olan qızıl dəst, dəyəri 700 manat olan bir ədəd qızıl üzük, dəyəri 1.000 manat olan bir cüt qızıl sırğa və üzük dəsti, dəyəri 1.000 manat olan qızıl üzük və dəyəri 1.100 manat olan qızıl üzük oğurlanmışdır. Evin əşyaları dağınıq vəziyyətə salınsa da, qeyd etdiyi əşyalarından və pulundan başqa heç bir əşyası oğurlanmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 5400 (beş min qırx) manat və 100 (yüz) dollar məbləğində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, hazırda Xəzər rayonu Albalılıq yeni yaşayaış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 13 aprel 2023-cü il tarixdə saat 09 radələrində ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvana getmiş, evdə heç kim qalmamışdır. Gecə, yəni 14 aprel 2023-cü il tarixdə saat təxminən 01 radələrində yaşadığı evə qayıtmışdır. Həyətində yay mövsümündə istifadə etmək üçün mətbəxi var, ora həm də saxlanc yeri kimi istifadə olunur. Həyətə daxil olan kimi görmüşdür ki, həmin mətbəxin giriş qapısı açıq vəziyyətdədir. İçəri daxil olanda görmüşdür ki, orada olan qablar dağınıq vəziyyətdədir və bəzi qabların, qazanların qapaqları yerdədir. Bunu görən kimi başa düşmüşdür ki, oradan oğurluq edilmişdir. Ona görə də dərhal DİN-in “102” zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. Ondan sonra hər tərəfə nəzər yetirib aşkar etmişdir ki, həmin mətbəxdən dəyəri 280 manat olan 01 ədəd samovar, dəyəri 200 manat olan 04 ədəd qazan oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumlikdə 1080 (mçin səksən) manat maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar istintaq eksperimenti aparılmamış, evə baxmağa heç kim gəlməmiş, oraya heç kimi gətirməmişlər. Ona dəymiş ziyan indiyə qədər ödənilməmiş, oğurlanmış əşyalar qaytarılmamışdır. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2-ci Qarabaq Müharibəsi veteranıdır. 2020-ci ildə müharibədən qayıdandan sonra özünə Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivi N.Əliyev küçəsində fərdi yaşayış evi tikmişdir. 19 dekabr 2022-ci il tarixdə saat 15 radələrindən 20 dekabr 2022-ci il tarixdə saat 21 radələrinədək olan müddət ərzində ailəsi ilə birlikdə Lerik rayonuna getmişdir. Səhəri gün qayıtmış və həyətə daxil olanda görmüşdür ki, evin qonaq otağının pəncərəsinə nərdivan qoyulmuşdur. Evə daxil olmuş, hər tərəfə nəzər yetirmiş və müəyyən etmişdir ki, evdə olmadığı müddətdə ona məxsus evin qonaq otağının pəncərəsindən evə daxil olma yolu ilə yataq otağında olan kamotdan bir ədədinin dəyəri 250 manat olan iki ədəd qızıl üzük, dəyəri 1700 manat olan bir ədəd qızıl dəsti və yataq otağındakı çarpayının döşəyinin altından 320 manat nağd pul oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 2520 (iki min beş yüz iyirmi) manat maddi ziyan dəymişdir. Ondan sonra polisə bu barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Zərərçəkmiş şəxs3 Sərfəli oğluna məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs3 Sərfəli oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivi N.Əliyev küçəsi nömrəsiz fərdi ev ailəsi ilə birlikdə yaşayır. 29 dekabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində həyat yoldaşı ilə birlikdə qonşuluqda yaşayan qızının evinə qonaq getmiş, axşam saat 23:05-də evə qayıtmışdır. Evə daxil olanda görmüşdür ki, evin əşyaları dağınıq vəziyyətdə, eyni zamanda qonaq otağının plastik pəncərəsi də açıq vəziyyətdədir. Bu zaman başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Tez yataq otağındakı taxtın döşəyinin altında pul qoyduğu yerə baxmış və aşkar etmişdir ki, orada qoyduğu 600 manat pulu oğurlanmışdır. Bundan sonra həmin otaqdakı paltar dolabında saxladığı həyat yoldaşına məxsus dəyəri 1.500 manat olan bir ədəd qızıl saat və dəyəri 1.000 manat olan 01 ədəd qızıl üzük oğurlanmışdır. Dərhal DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumlikdə 3100 (üç min yüz) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Xətai rayonu Natiq Əliyev küçəsi ev 10 mənzil 44-də ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi Nizami küçəsində yerləşən nömrəsiz fərdi evi var. Arada ailəsi ilə birlikdə həmin evə istirahətə gedir. 14 mart 2023-cü il tarixdə saat 15 radələrində evdən çıxıb Xətai rayonundakı evinə getmişdir. 01 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində evə gəlmiş və həyətə daxil olanda görmüşdür ki, evin qonaq otağının plastik pəncərəsi açıq vəziyyətdədir. Evin giriş qapısını açıb evə daxil olmuş və aşkar etmişdir ki, evin əşyaları dağınıq vəziyyətdədir. Başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Evin hər yerinə nəzər yetirmiş və müəyyən etmişdir ki, dəyəri 1.700 manat olan “Samsung” markalı 01 ədəd televizor, ümumi dəyəri 280 manat olan yorğan üzü dəstləri, dəyəri 110 manat olan çaynik dəsti, ümumi dəyəri 220 manat olan iki ədəd meyvə qabı, dəyəri 300 manat olan taxt üstü dəsti, dəyəri 350 manat olan adyal dəsti, ümumi dəyəri 1240 manat olan çay və yemək servisi oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumlikdə 4200 (dörd min iki yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Maştağa qəsəbəsində yerləşən “Kanal market” kimi tanınan marketin yaxınlığında metal qəbulu məntəqəsində işləyir. 2023-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs taksi ilə işlədiyi metal qəbulu məntəqəsinə gələrək bir ədəd samovar gətirib bildirmişdir ki, özünə məxsusdur və satmaq istəyir. O da Elnura inanmış və həmin samovarı 75 manata almışdır. Ondan bir neçə gün sonra həmin samovarı başqa bir şəxsə satmışdır. Hal-hazırda həmin samovar onda deyil. Təqsirləndirilən şəxs samovarı alarkən onun oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir, Elnur samovarı ona satanda bildirmişdir ki, özünə məxsusdur. O da inanıb samovarı alanda Elnurdan şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli məktəbin yaxınlığında metal qəbulu məntəqəsində işləyir. 2023-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs taksi ilə işlədiyi metal qəbulu məntəqəsinə gələrək bir ədəd mis qazan gətirib bildirmişdir ki, özünə məxsusdur və satmaq istəyir. O da inanmış və həmin mis qazanı 35 manata almış, bir neçə gün sonra həmin mis qazanı o da başqa bir şəxsə satmışdır. Hazırda həmin mis qazan onda deyil. Təqsirləndirilən şəxs həmin qazanı alarkən onun oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir, Elnur qazanı ona satanda bildirmişdir ki, özünə məxsusdur, o da inanıb almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid1 göstərdi ki, 26 aprel 2023-cü il tarixdə Buzovna qəsəbəsində X1 evindən oğurluq hadisəsi ilə əlaqədar təxminən saat 00:30 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə, yəni Buzovna qəsəbəsində “Laçın Qaya” restoranının yaxınlığında xidmətdə olduqları zaman iki nəfər şəxs özlərini şübhəli apardığına görə diqqətlərini cəlb etmişdir. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra onlarla söhbət etmişlər və ərazidə oğurluq hadisəsi ilə bağlı onlardan şübhələndiklərini bildirmişlər. Araşdırma aparılması üçün həmin şəxsləri 2-ci PŞ-nə dəvət etmişlər, həmin şəxslər də etiraz etməyib onlarla birlikdə 2-ci PŞ-nə getmişlər. Orada şəxsiyyəti müəyənləşdirilmiş Təqsirləndirilən şəxs etiraf etmişdir ki, üzərində narkotik vasitə var, sonra qardaşı da bildirmişdir ki, onun da üzərində narkotik vasitə var. Təqsirləndirilən şəxs xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibində içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə keçirmişlər, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroin qablaşdırılmış və möhürlənərək götürülmüş, bu barədə tərtib edilmiş protokol və narkotik vasitənin qablaşdırıldığı zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid1 oğunun ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X2 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, 26 aprel 2023-cü il tarixdə səhər gəlini uşağın dalınca məktəbə getmiş, 3 nəfər gələrək Elnuru evdən zorla çıxarıb aparmışlar. Elnurun narkotik vasitələrdən istifadə edib-etmədiyini bilmir. Həmin vaxt o, evdə olmuş, ailə üzvləri isə evdə olmamışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 göstərdi ki, şahidin şəxsiyyət vəsiqəsi ona verilməyib, ola bilər ki, Polis şöbəsində olub, alınıb. Ona verilsəydi, işin içində olardı. Onlar şahidi dindirərkən həmişə soruşurlar, hansısa sənəd veriləndə alıb iş materiallarına əlavə edirlər. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 6/2416 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 193” dairəvi möhür əksi və “... Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs – imza, İştirakçılar – üç imza, Təhqiqatçı: F.Məmmədov – imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,283 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,283 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,233 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli, 4007 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli parça şalvarın sağ cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümündə 0,283 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,283 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,233 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 2-ci PŞdə baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonralar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 fevral 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 (beş) ilə artırılmış, 05 mart 2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-nə dəyişikliklər haqqında Qanun tətbiq olunaraq cəzası 2 (iki) il azaldılıb və üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 14 avqust 2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 5 (beş) ay 26 (iyirmi altı) gün vaxtından əvvəl şərti azad olunmuş, Sabunçu RPİ və PŞ-nin 08 fevral 2019-cu il tarixli 255-71 saylı arayışına əsasən şərti cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə əlaqədar qeyd edir ki, onlar hadisənin necə baş verməsini şəxsən görmədikləri və məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqdi ilə verdiyi ifadələrini dinlədikdən sonra onlarda belə təəssürat yaranmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin əməlləri cinayət işinin materialları və onun özünün ilkin ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 26 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,233 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində Xəzər RPİ-nin 2-ci PŞ-də şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92,00 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 19 iş saatına görə 114,00 (yüz on dörd) manat olmaqla ümumilikdə 294,00 (iki yüz doxsan dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,233 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92,00 (doxsan iki) manat ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 114,00 (yüz on dörd) manat olmaqla ümumilikdə 294,00 (iki yüz doxsan dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar