Məhkəmə qərarları › İş №1(003)-780/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-780/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-780/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 13 oktyabr 2023-cü il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmək məqsədi ilə 07 avqust 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivi ərazisində yerləşən 107 saylı sərnişin avtobus qarajının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus Mercedes E 240 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə açıq olan qapıdan daxil olaraq avtomobilin salonunda olan açarı ilə işə salıb sürüb getməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində yerləşən avtobus qarajında sürücü işləyən Salman Hüseynovun idarə etdiyi 107 nömrəli marşrutda bələdçi işləyir. Salman Hüseynov hər dəfə ona düşəsi zəhmət haqqını tam şəkildə vermədiyi üçün belə qərara gəlmişdir ki, ona məxsus Mercedes markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırsın. O bilirmiş ki, avtomobilin qapıları nasaz olduğu üçün bağlanmır və açarı avtomobilin içərisinə qoyur. Ona görə də xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində qarajın qarşısında saxladığı həmin avtomobilin içində olan avtomobilə aid açarla avtomobili işə salaraq sürüb qaçırtmışdır. Qaçırdığı maşınla taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2023-cü il tarixdə təxminən saat 01:30 radələrində qaçırdığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Dərnəgül adlanan yolda bir nəfər şəxsin yol kənarında dayandığını görüb avtomobili onun qarşısında saxlamış və həmin şəxsdən hansı səbəbdən yol kənarında durduğunu və hansı istiqamətə getmək istədiyini soruşduqda, həmin şəxs Qara Qarayevə gedəcəyini manatlıq taksi gözlədiyini bildirdikdə onu manatlıq taksi olaraq Qara Qarayev metrosu yaxınlığına aparmışdır. Qara Qarayev metrosu yaxınlığında polis əməkdaşları onu saxlayaraq avtomobilin qaçırıldığını demişlər. O həmin polis əməkdaşlarına səmimi peşimanlıq keçirdiyini bildirərək avtomobili qaçırdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivi ərazisində yerləşən sərnişin avtobuslar qarajında 107 saylı marşrut avtobusunda sürücü işləyir. Özünə məxsus olan etibarnamə əsasında idarə etdiyi Mercedes markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 06:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivi ərazisində yerləşən 107 saylı sərnişin avtobus qarajının qarşısında saxlayaraq qaraja işə gedib xx.xx.2023-cü il tarixdə təxminən saat 00:05 radələrində işdən qayıdanda görmüşdür ki, avtomobili naməlum şəxs tərəfindən qaçırılmışdır. O polisə ərizə ilə müraciət etmiş. Səhəri gün aydın olmuşdur ki, onunla hərdən bələdçi işləyən Əkbər maşını qaçırmışdır. Sonradan avtomobili ona qaytarılmış və avtomobilində heç bir nasazlıq və zədə yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində dərnəgül adlanan ərazidə yol kənarında manatlıq taksi gözləyirmiş. Bu zaman Mercedes markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış və sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs hara getmək istədiyini soruşmuşdur. O da manatlıq taksi gözlədiyini bildirəndə həmin Əkbər adlı şəxs demişdir ki, manatlıq taksi kimi fəaliyyət göstərir. O da idarə etdiyi həmin maşına əyləşib onunla birgə Qara Qarayev metrostansiyasına getmişdir. Orada yol polisi avtomobili saxlayıb qaçırıldığını bildirmişdir. O isə izahat verərək avtomobildə sərnişin olduğunu demişdir. Bildirir ki, əvvəllər Əkbər adlı şəxsi tanımamışdır. İş materiallarına əlavə edilmiş 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 185.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Azər tərəfindən ona dəymiş ziyanın ödənildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar