Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-785/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Şəfəq qəsəbə ərazi dairəsi, Şəfəq qəsəbəsin ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyun 2023-cü il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qoşa Qışlaq yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə açıq qapıdan qanunsuz daxil olub oradan hər birinin dəyəri 130 manat təşkil edən 390 manat dəyərində 03 ədəd istilik radiatorunu, dəyəri 100 manat təşkil edən 01 ədəd əldə düzəlmə su qızdırıcısını, eləcə də dəyəri 110 manat təşkil edən 01 ədəd tikiş maşınını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Son zamanlar maddi imkanı olmadığından pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 20 iyun 2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qoşa Qışlaq sahəsində yerləşən evlərin arası ilə piyada gəzib oğurluq etmək üçün münasib ev axtaran zaman kənd sakini kimi tanıdığı və onunla qonşuluqda yaşayan Gülbala adlı şəxsin yaşayış olmayan evi diqqətini cəlb etmişdir. Həmin evin həyətinə 2-3 mişar daşı hündürlüyündə olan hasarını keçərək daxil olub həyətdə olan evə yaxınlaşmış və evin açıq vəziyyətdə olan taxta qapısını açmaqla evə daxil olmuşdur. Evdən quraşdırılmış vəziyyətdə olan evin otaqlarından 03 ədəd istilik radiatorunu, 01 ədəd əldə düzəlmə su qızdırıcısını və 01 ədəd tikiş maşınını götürüb daşıyaraq oradan uzaqlaşıb yaxınlıqda olan avtomobilinə aparıb yığmışdır. Səhərisi gün həmin əşyaların Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərciyin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə metal kimi təhvil verib ümumilikdə 51 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin əşyaları satarkən özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, həmçinin himayəsində azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, «Qoşa Qışlaq» yaşayış sahəsində yerləşən yaşayış olmayan evindən 20 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixə keçən gecə qıfılı olmayan taxta qapısını açmaqla daxil olan qəsəbə sakini, əvvllər tanıdığı Nurlan adlı şəxs evdən quraşdırılmış vəziyyətdə olan evin otaqlarından hər birinin dəyəri 130 manat təşkil edən 390 manat dəyərində 03 ədəd istilik radiatorunu, dəyəri 100 manat təşkil edən 01 ədəd əldə düzəlmə su qızdırıcısını, eləcə də dəyəri 110 manat təşkil edən 01 ədəd tikiş maşınını oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Nurlan mütəmadi olaraq metal tullantılar və metal əşyalar gətirib ona pul qarşılığında təhvil vermişdir. Sonuncu dəfə 21 iyun 2023-cü il tarixdə Nurlan metal qəbulu məntəqəsinə gəlmişdir. Nurlan yararsız olduğunu bildirdiyi 03 ədəd radiator, 01 ədəd tikiş maşını və 01 ədəd su qızdırıcısı gətirib təhvil vermiş və ondan həmin əşyaların qarşılığında 51 manat pul almışdır. O, Nurlandan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda Nurlan həmin əşyaları zibillikdən tapdığını bildirmişdir. O da əşyaların yararsız olduğunu gördüyü üçün Nurlanın dediyinə inanmışdır. Bundan sonra o, Nurlandan şəxsiyyət vəsiqəsini istəmiş, lakin Nurlan şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və sonradan şəxsiyyət vəsiqəsinin surətinin gətirib verəcəyini bildirmişdir. O metal qəbulu məntəqəsində müşahidə kameralarının olmasını bildirib Nurlandan əşyaları kameranın altında təhvil verməsini tələb etmiş, Nurlan da onunla razılaşmışdır. Bundan bir az sonra Zirə qəsəbə sakini kimi tanıdığı Gülbala adlı şəxs məntəqəyə yaxınlaşmış və evindən oğurluq olmasını bildirmişdir. Gülbala evindən oğurlanan əşyaların 03 ədəd radiator, 01 ədəd tikiş maşını və 01 ədəd su qızdırıcısı olmasını bildirdikdən sonra o, Gülbalaya Nurlanın ona təhvil verdiyi əşyaları göstərmiş və Gülbala qeyd olunan əşyaların onun evindən oğurlanmış əşyalar olduğunu bildirmişdir. Gülbalaya həmin əşyaları onun da tanıdığı Nurlan adlı şəxsin gətirdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğurluq olması barədə polisə məlumat vermişdir. Daha sonra məntəqəyə gələn polis əməkdaşlarına həmin əşyaları könüllü olaraq təhvil vermişdir. Həmçinin Nurlanın həmin əşyaları təhvil verməsinin video görüntülərini də təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar masivində yerləşən Şahid işlətdiyi metal qəbul məntəqəsindən Təqsirləndirilən şəxs həmin məntəqəyə satdığı Zərərçəkmiş şəxs məxsus 03 ədəd istilik radiatoru, 01 ədəd su qızdırıcısı və 01 ədəd tikiş maşını götürülmüşdür. İŞ materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes 190» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürdüyü əşyaları metal qəbul edən Şahid metal qəbulu məntəqəsində təhvil verir və sonuncu həmin metalları tərəzidə çəkərək qəbul edir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 3100 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə olunmuş 20 iyul 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 22 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham edlan edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşağı vardır. “Təqsirləndirlən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması” barədə Xəzər rayon prokuroru baş ədliyyə müşaviri Fəxri Ələsgərovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin təmin edilməməsi, sonuncu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs saxlandığı müvəqqəti saxlama yerindən azadlığa buraxılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Həmin qərarda həmçinin göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya,anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qeyd olunan qərarda əlavə olaraq göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 42 (qırx iki) manat pul vəsaiti məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-785/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-785/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver