Məhkəmə qərarları › İş №1(003)-79/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-79/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-79/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri ünvan 2də yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 1(003)- 79/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 08 fevral 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan metadonu əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi və abşeron rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini 20 manat, 2 ədəd metadon həbini isə 10 manat müqabilində alaraq üzərində saxlayaraq daşımış və 21 oktyabr 2021-ci il tarixdə saat 10:10 dəqiqədə Əlahiddə ÇPA-nın 11-ci bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şimal DRES” zavodunun yaxınlığında idarə etdiyi “VAZ-2103” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturan zaman şübhəli bilindiyi üçün saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyindəki qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda 1 ədəd üzərində “methadone 40” göstəriciləri olan dərman konvalyutu kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili təsir maddəsinin ümumi miqdarı 0,080 qram metadon və həmin şalvarının sag yan cibindən isə 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,157 qram ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazirlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2 ildir ki, psixotrop maddələr qəbul edir. Bu səbəbdən də həmin maddələrə olan tələbatını ödəmək üçün 20 oktyabr 2021-ci il tarixində Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata psixotrop maddə olan “şüşə” adlandırılan metmfetamin alaraq üzərində saxlayıb gəzdirmişdir. 2-3 ay əvvəl isə Xırdalan şəhərində “Fuad” adlı şəxsdən “Methadone” həblərinin bir qutusunu 10 manata alaraq tədricən istifadə edib üzərində gəzdirirmiş. 21 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Şüvəlan qəsəbəsi “Şimal DRES” zavodunun yanında idarəsində olan “VAZ-2103” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq “şüşə”, yəni metamfetamin qəbul etmək istəyən zaman Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyünün əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə getməsini təklif etmiş, o da etiraz etməyib onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. Oradakı xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək üzərində dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış əşyaların olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. O da əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş “şüşə” kimi adını bildiyi psixotrop maddə olan metamfetamini, şalvarının gizli cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 5 ədəd bitki toxumunu, şalvarının sol yan cibində olan 02 ədəd “Methadone” həblərini polis əməkdaşlarına təqdim etmişdir. İdarə etdiyi “VAZ- 2103” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən, avtomaşının salonundakı saxlanc yerindən 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Daha sonra həmin bükülülər zərfə qablaşdırılaraq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. İlk dəfə törətdiyi bu əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyündə polis nəfəri Şahid1 göstərdi ki, 21 oktyabr 2021-ci il tarixdə iş yoldaşları polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə 9677 çağırışlı avtopatrulla Xəzər rayonu Şüvəlan qəsəbəsində xidmət apardıqları zaman, saat 10:10 radələrində həmin ərazidə yerləşən “Şimal DRES” zavodunun yaxınlığında “VAZ-2103” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşını görüb, sürücüyə yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra sürücüyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib ona onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini təklif etmişlər. Sürücü etiraz etməyərək onlarla birlikdə 1-ci PŞ-nə gəlmiş və orada onun 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs raportla növbətçi hissəyə təhvil verdikdən sonra 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən bir sıra prosessual hərəkətlər icra olunmuş, PŞ-nə vəkil dəvət edilmiş və xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib onun üzərində vəkilin və onların iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların olub-olmaması soruşularaq əyər varsa onları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli cins şalvarının sag yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütləni çıxardıb masanın üzərinə qoyaraq həmin maddənin psixotrop maddə metamfetamin oluğunu, onu 20 oktyabr 2021-ci il tarixdə Suraxanı qəsəbəsində adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki həmin şalvarının gizli cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 5 ədəd bitki toxumunu təqdim edib onların “nəşə” toxumları olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibində olan üzərində “Methadone 40” sözləri həkk olunmuş 02 ədəd həbi təqdim edərək həblərin bir qutusunu 10 manata Xırdalan şəhərində “Fuad” adlı şəxsdən 2-3 ay əvvəl aldığını və ondan istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir digər əşya və ya maddə aşkar edilməmişdir. Həmin bükülülər zərfə qablaşdırılaraq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 2103” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilən baxış zamanı avtomaşının salonundakı saxlanc yerindən 1 ədəd 14.5 sm uzunluğunda, başlığı kürə formalı, dəstəyi qələm şəkilli olan şüşə qab, 1 ədəd gövdəsi sarı metaldan, başlığı qırmızı rəngli plastikdən olan, üzərində “28” və “FİOCCHİ” sözləri həkk edilmiş ov silahı gülləsi, 1 ədəd sarı materialdan olan üzərində “9 mm”, “LUGER” və “G.F.L” sözləri həkk edilmiş tapança gülləsi aşkar edilərək götürülmüş və bu barədə tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyündə polis nəfərləri Şahid2 və Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 6/4686 saylı rəyindən görünür ki, “..Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,157 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddə metadondur və həmin həbslərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Qeyd: Metadon həblərinin ümumi sayı – 2 ədəd həb, tədqiqata sərf edildi – 1 həb, qalıq – 1 həb; Metamfetaminin təmiz çəkisi – 0,157, tədqiqata sərf edildi – 0,050, qalıq – 0,107 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısina (Siyahıİ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısina (Siyahı İİ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 4269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan – 0,107 qram psixotrop maddə metamfetamin və ekspertizadan sonra, qalıq qalan 1 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili həb saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1, 234.2 və 237-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan metadonu əldə edib üzərində saxlayaraq daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 1(003)-79/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 08 fevral 2022-ci il tarixli 056-1879-1222 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs oğlu 08 fevral 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Şüvəlan qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 08 fevral 2022-ci il tarixdən 02 mart 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddət, cəmi 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertizadan sonra qalıq qalan – 0,107 qram psixotrop maddə metamfetamin və ekspertizadan sonra, qalıq qalan 1 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 08 fevral 2022-ci il tarixdən 02 mart 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün müddət, cəmi 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertizadan sonra qalıq qalan – 0,107 qram psixotrop maddə metamfetamin və ekspertizadan sonra, qalıq qalan 1 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar