Məhkəmə qərarları › İş №1(003)-790/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-790/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-790/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Göyçay rayonunun Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən sifariş edərək əldə etdiyi, tərkibindəki metandrostenolon güclü təsir edən maddənin ümumi miqdarı 1 qram təşkil edən 100 həb “Dianabol 10 methandrostenolone 10 mg” dərman preparatını üzərində “kosmetik vasitə” yazılmış 1 ədəd poçt bağlamasında yerləşdirilib KFX5519132 izləmə koduyla öz adına göndərilməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına **********2 saylı aviaqaimə əsasında “Karqo Flex“ MMC sürətli poçt daşıma şirkəti vasitəsilə daşınmasına nail olmuş, həmin bağlamanı gömrük orqanına „qida əlavəsi“ kimi bəyan etməklə 24 may 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X7 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin „Bakı Karqo Terminalı“ gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 13 radələrində aparılmış gömrük yoxlaması zamanı qeyd olunan dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ildə X2 Məşqçilik fakültəsinin Ağırlıqqaldırma ixtisasına daxil olmuş, hal-hazırda həmin akademiyanın 2-ci kursunda təhsil alır. 17 yaşından “bodybildinq” idman növü ilə məşğul olur. Bakı şəhərinin müxtəlif idman zallarında məşq edir. İdman yarışlarına hazırlaşan zaman əzələ kütləsini artırmaq, əzələləri böyütmək və əzələlərin gücünü artırmaq üçün anabolic steroidlərdən istifadə etmişdir. Onların bəziləri həb, bəziləri ampula şəklində olmuş, “Turinabol”, “winstrol” adlı həblərdən, “testesterone enanthate”, “testesterone propionate”, “trenbolone acetate” adlı ampulalardan istifadə etmişdir. İdman yarışlarına hazırlaşarkən həblərdən bir gündə 3 ədəd içmiş, ampulalardan həftəyə 250 ml yan əzələsinə vurulmaqla qəbul etmişdir. 2023-cü ilin aprel ayında “bodybildinq” idman növündə yarışda Respublika birinciliyində iştirak etmiş, çempionatda 6-cı yeri tutmuşdur. Bu onu qane etməmiş, ona görə növbəti yarışa hazırlaşmaq üçün anabolic steroidlərdən istifadə etməyi qərara almışdır. Əvvəllər saytlardan Türkiyədə satılan anabolic steroidlərin qiymətləri ilə maraqlanmış, qiyməti ucuz olduğundan Türkiyədən gətizdirməyə qərar vermişdir. Bir-bir karqo şirkətlərinə zəng vurmuş, dərman gətirib-gətirmədikləri ilə maraqlanmışdır. Bütün şirkətlər xaricdən dərman gətirmədiklərini bildirmişdir. 05 aprel 2023-cü il tarixdə “İnstaqram” internet səhifəsindən “Kargo Flex” şirkətindən nömrəsini tapmış, şirkətin operatoru ilə əlaqə saxlamış, onlar Türkiyədən dərman gətirə biləcəklərini demişdir. Bundan sonra operetor 077- ***-**-** mobil nömrəsini verib “Kargo Flex” şirkətinin əməkdaşı olduğunu, həmin nömrənin sahibi ilə əlaqə saxlamağı bildirmişdir. Həmin gün şirkətin həmin xanım əməkdaşına zəng vurmuş, Türkiyədən həb və ampula şəklində dərmanlar gətizdirmək istədiyini bildirmişdir. Xanım əməkdaş heç bir problemin olmadığını, karqo pulundan əlavə hər dərman qutusuna görə 10 ABŞ dolları pul ödəməli olduğunu demiş, onunla razılaşmışdır. Növbəti gün “Whatsapp” proqramı vasitəsilə şirkətin əməkdaşı olan Aynurə adlı şəxslə danışmağa başlamış, ona "turinabol” həbinin və “testesterone enanthate” ampulunun şəkillərini atmışdır. “Kargo Flex” şirkətinin xanım əməkdaşına bunların nə olduğunu, nə üçün istifadə edildiyini başa salmış, Aynurə yenə bunların ölkəyə gətirilməsində heç bir problem olmadığını bildirmişdir. Danışıqdan 2 gün sonra Türkiyə saytından içərisində 100 ədəd olmaqla 1 qutu “Winstrol” adlı həbi sifariş vermiş və pulunu ödəmişdir. 1 həftə sonra “Kargo Flex” şirkəti yükü gətirmiş, şirkətin Nərimanov filialından götürmüşdür. Bundan sonra həmin Türkiyə saytından 5 dəfə “turinabol”, “clenbuterol” həblərini və “dbol”, “testesterone”, “propionate” ampulalarını almış və “Kargo Flex” şirkəti vasitəsilə gətizdirmişdir. Hər partiyada içərisində 100 ədəd olmaqla 2 qutu həb və 5 ədəd olmaqla 2 qutu ampula gətizdirmişdir. xx.xx.2023-cü il tarixdə Türkiyə saytından içərisində 100 həb olmaqla 1 qutu “Dianabol”, hər birinin içərisində 60 kapsula olmaqla 2 qutu “MK677”, hər birinin içərisində 60 kapsula olmaqla 2 qutu “RAD140”, içərisində 60 kapsula olmaqla 1 qutu “YK11”, içərisində 5 ampula olmaqla 1 qutu “İGF”, içərisində 5 ampula olmaqla 1 qutu “GHRP-6” dərmanlarını almış, bunların hamısına 533 AZN ödəniş etmişdir. Bundan əvvəlki partiyada “Kargo Flex” şirkətini dərman sifariş verməyi barədə xəbərdar etməmiş və 10 dollar ödəməmiş, lakin şirkət tərəfindən mal çatdırılmışdır. Bu dəfə də yəni tərkibində güclü təsir edici maddə olan dianabol dərman preparatı sifariş etməyi barədə “Kargo Flex” şirkətini xəbərdar etməmişdir ki, həmin dərmanlar adi bağlama kimi daşınsın və hər qutuya görə əlavə 10 ABŞ dollarını ödəməsin. Mal Türkiyədən göndərilmiş, bağlama gömrüyə daxil olmazdan əvvəl özü “smart customs” tətbiqi vasitəsilə həmin bağlamanı “qida əlavəsi” kimi bəyan etmişdir ki, gömrükdən keçə bilsin. “Kargo Flex” şirkətinin mobil tətbiq proqramında malı izləmiş, orada xx.xx.2023-cü il tarixdə malın saxlanıldığını görmüşdür. “Kargo Flex” şirkəti ilə əlaqə saxlamış, onlar “İnstaqram” proqramı vasitəsilə məhsulun daşınma sənədini göndərib gömrük idarəsinə yaxınlaşmalı olduğunu bildirmişlər. Həmin dərmanları şəxsi istifadəsi üçün əldə etmiş, başqa məqsədi, yaxud satış niyyəti olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, “Dərhal LTD”-də gömrük təmsilçisi kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə “Poçt göndərişləri” gömrük postunun əməkdaşı Şahid2 yaxınlaşaraq "xxxx" MMC tərəfindən aviaqaimə nömrəsi hazırda yadında qalmamış daşınması həyata keçirilən yüklərə baxış keçirilərkən bağlamaların monitor görüntülərindən şübhələndiyini, bu səbəbdən həmin yükə yoxlama keçirilməli olduğunu bildirib hal şahidi qismində iştirak etməyini istəmiş, etiraz etməyib razılaşmışdır. Nihad Mahmudov adına göndərilmiş KFX5519132 izləmə kodlu poçt bağlamasına onun, daşıyıcı şirkətin nümayəndəsinin və digər bir hal şahidinin də iştirakı ilə yoxlama keçirilərkən bu bağlamanın içərisindən 100 ədəd həb olmaqla 1 qutu dianabol dərman preparatı, həmçinin dəqiq adları yadında qalmamış başqa preparatlar da aşkar edilmişdir. Gömrük əməkdaşı dianabolun üzərində tərkibi barədə yazılmış məlumata görə həmin dərmanın tərkibində güclü təsir edən maddə ola biləcəyini deyib bu səbəbdən də həmin bağlamada aşkar edilmiş bütün predmetləri araşdırma aparılması məqsədilə götürmüşdür. Bu barədə protokol tərib edilmiş, həmin protokol ilə tanış olub doğru tərtib edildiyini imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Dövlət Gömrük Komitəsinin əməkdaşıdı, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X9” gömrük postunun inspektoru vəzifəsində işləyir. Xidməti vəzifəsi ölkə ərazisinə beynəlxalq poçt göndərişləri ilə gələn malların rentgen cihazı vasitəsilə gömrük nəzarətindən keçirilməsi və şübhəli olan bağlamalara baxış keçirməkdən ibarətdir. xx.xx.2023-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Türkiyə Respublikasından beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil omuş, izləmə kodu KFX5519132, üzərində alan şəxs Nihad Mahmudov qeyd olunan poçt bağlaması rentgen cihazından keçdikdən sonra bağlamalara və onlara dair sənədlərə baxış keçirən zaman poçt bağlamasına dair daşıyıcı şirkətin ötürdüyü məlumatlarla həmin göndərişə dair vətəndaşın bəyan etdiyi məlumatlar arasında uyğunsuzluq aşkar etmişdir. Daşıyıcı şirkət vətəndaşın şəxsi kabinetinə ötürdüyü məlumatlarda mal kateqoriyasını kosmetik vasitə kimi qeyd etsə də vətəndaş bəyannamədə mal kateqoriyasını qida əlavəsi kimi qeyd etmişdir. Məlumatlarda olan bu uyğunsuzluq şübhə doğurduğuna görə həmin poçt bağlamasına tərəfindən "xxxx" MMC-nin gömrük təmsilçiliyi üzrə nümayəndəsi Cavid Quliyevin və hal şahidləri Şahid3 və Şahid1 iştirakı ilə yoxlama keçirmiş, nəticədə bağlamanın içərisindən 1 qutuda 100 ədəd həb üzərində “Dianabol 10 Methandrostenolone 10 mg tablets” göstərici olan, hər birinin içərisində 60 ədəd kapsul olmaqla 2 qutu üzərində “MK677 PLUS İbutamoren” göstəricisi olan, hər birinin içərisində 60 kapsul olmaqla 2 qutu üzərində “RAD140 PLUS Testolone” göstərici olan, içərisində 60 kapsul olmaqla 1 qutu üzərində “YK11 Myostine” göstəricisi olan, içərisində 5 ampula olmaqla 1 qutu üzərində “İGF-1 LR3 Peptide” göstəricisi olan, içərisində 5 ampula olmaqla 1 qutu üzərində “GHRP-6 Peptide” göstəricisi olan, hər birinin içərisində 5 ampula olmaqla 2 qutu üzərində “Bacteriostatic Water” göstəricisi olan preparatlar aşkar edilmişdir. Dianabol 10 ticarət nişanlı predmetin üzərində methandrostenolone 10 mg tablets ifadəsinin yazıldığı aşkar etmiş və həmin maddə “güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda güclü təsiredici maddələrin siyahısına aid olduğu üçün aşkar edilmiş bütün predmetlər götürülmüşdür. Yoxlama qurtardıqdan sonra həmin dərman vasitələri protokol əsasında götürülmüş, bu barədə tərtib etdiyi protokolun doğruluğunu iştirakçılar imzası ilə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 08 iyun 2022-cü il tarixli, 6/3120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...1900-013/0xx-xx/002471...” qeydləri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd kağız paketdəki 1 ədəd üzərində “Dianabol 10 methandrostenolone 10 mg tablets” göstəricisi olan qutuda 100 ədəd həbin əsas təsir edici maddəsi metandrostenolondur (metandienondur) və həmin həblərin tərkibində metandrostenolonun (metandienonun) təsir maddəsinin ümumi miqdarı 1 qramdır. Metandrostenolon (metandienon) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş « Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına » (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş digər predmetlərin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4927 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına göndərilmiş KFX5519132 izləmə kodlu poçt bağlamasından 2 plasmas qabda hər birində 60 ədəd 10 mq-lıq kapsul olmaqla “RAD 140 Plus Testolore” ticarət nişanlı, 2 plasmas qabda hər birində 60 ədəd 10 mq-lıq kapsul olmaqla “MK 677 Plus İbutamoren” ticarət nişanlı, 1 plasmas qabda 60 ədəd 10 mq-lıq kapsul olmaqla “YK 11 Plus Myostine” ticarət nişanlı, 1 kağız qutuda 100 ədəd 10 mq-lıq tablet olmaqla “Dianabol 10” ticarət nişanlı, 2 kağız qutuda hər birində 5 ədəd (daxilində 2 ml-lik tablet olan) flakonlar olmaqla “Bacteriostatic Water” ticarət nişanlı, 1 kağız qutuda 5 ədəd (daxilində 100 mkq-lıq tablet olan) flakonlar olmaqla “İGF-1 LR3 Peptide” ticarət nişanlı, 1 kağız qutuda 5 ədəd (daxilində 5 mq-lıq tablet olan) flakonlar olmaqla “CHRP – 6 Peptide” ticarət nişanlı qıda əlavələri və preparatları aşkar edilərək götürülmüşdür. Həmçinin baxış zamanı “Dianabol 10” ticarət nişanlı preparatın üzərində “methandrostenolone 10 mg tablets” ifadəsinin yazıldığı aşkar edilmiş və araşdırma əsasında “metandrostenolon” kimyəvi maddəsinin “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda güclü təsiredici maddələrin siyahısına aid olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə aşkar edilərək götürülmüş 100 həb “Dianabol 10 methandrostenolone 10 mg” maddi sübut kimi tanınması və 100 həb “Dianabol 10 methandrostenolone 10 mg”, hər birinin içərisində 60 ədəd kapsul olmaqla 2 qutu “MK677 PLUS İbutamoren”, hər birinin içərisində 60 kapsul olmaqla 2 qutu “RAD140 PLUS Testolone”, içərisində 60 kapsul olmaqla 1 qutu “YK11 Myostine”, içərisində 5 ampula olmaqla 1 qutu “İGF-1 LR3 Peptide”, içərisində 5 ampula olmaqla 1 qutu “GHRP-6 Peptide”, hər birinin içərisində 5 ampula olmaqla 2 qutu “Bacteriostatic Water” dərman preparatlarının məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən Türkiyə Respublikasından “Karqo Flex MMC sürətli poçt daşıması vasitəsilə Azərbaycan Respublikasına **********2 saylı aviaqaimə ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adına göndərilmiş, mal kateqoriyası kosmetik vasitə kimi göstərilmiş KFХ5519132 izləmə kodlu poçt bağlamasının qablaşdırmasının maddi sübut kimi tanınması, maddi sübut kimi tanınmış poçt bağlaması qablaşdırmasının məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün DGK Azərterminalkompleks Birliyinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dekanı Yusif Quliyev tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 675 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, 2022-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X3-2 fakültəsinin Məşqçilik ixtisasına, (idman növü- Ağırlıqqaldırma) üzrə əyani təhsilalma formasının birinci tədris ilinə qəbul olmuşdur. Hazırda ikinci tədris ilində təhsil alır. Təqsirləndirilən şəxs təhsilə olan münasibəti, təvazökarlığı və çalışqanlığı ilə fərqlənir. Təhsil müddətində daxili intizam qaydalarının pozulmasına yol verməmişdir. Təqsirləndirilən şəxs eyni zamanda müntəzəm surətdə idmanla məşğul olur. 23 aprel 2023-cü il tarixdə X10 Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bodibildinq və Fitness üzrə Azərbaycan çempionatında uğurla iştirak etmişdir. Təqsirləndirilən şəxs növbəti yarışlarda da çıxış etmək üçün dəvət almışdır. AzBFF-in prezidenti Rauf Bunyatəliyev tərəfindən MFY dərəcəli sertifikatla təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş “Yasamal 46” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 28 iyul 2023-ci il tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs, 2014-cü ildən ünvan 2 ünvanda yaşadığı müddətdə özünü sakit, təmkinli, dürüst, böyük-kiçik yeri bilən, mədəni bir sakin kimi tanıtmış, tam orta təhsil almış, hal-hazırda Azərbaycan Respublikası Dövlət X1 tələbəsidir. X10 Əliyevin 100-illik yubileyinə həsr olunmuş Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatında 23 aprel 2023-cü il tarixində çıxış etmişdir. Uğurlu nailiyyətinə görə növbəti yarışlara çıxış etməyə layiq görülmüşdür. AzFBF-in prezidenti R.Bunyatəliyev tərəfindən MFY dərəcədə sertifikatla təltif olunmuşdur. Sakinlər arasında özünə və ailəsinə hörmət qazanmış, heç bir qanun pozuntusuna yol verməmişdir. İctimai həyatda fəal iştirak edir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyriqanuni keçirilməsi hallarında yaranır. Həmin qərarda həmçinin göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Qeyd olunan qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, yaşadığı və təhsil aldığı yerdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə həmçinin hesab edir ki, ilk dəfə cinayət əməli törədən, həmçinin bədən tərbiyəsi və idman akademiyasında ali təhsil təhsil alan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərək cəzaçəkmə müəssisəsinə göndərilməsi onun islah olunmasına deyil, əksinə təhsil hüququnun pozulmasına, idmançı kariyerasının yarımçıq qalmasına səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 100 həb “Dianabol 10 methandrostenolone 10 mg” dərman preparatı və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində madi sübut kimi saxlanılan KFX5519132 izləmə kodlu poçt bağlaması hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan hər birinin içərisində 60 ədəd kapsul olmaqla 2 qutu “MK677 PLUS İbutamoren”, hər birinin içərisində 60 kapsul olmaqla 2 qutu “RAD140 PLUS Testolone”, içərisində 60 kapsul olmaqla 1 qutu “YK11 Myostine”, içərisində 5 ampula olmaqla 1 qutu “İGF-1 LR3 Peptide”, içərisində 5 ampula olmaqla 1 qutu “GHRP-6 Peptide”, hər birinin içərisində 5 ampula olmaqla 2 qutu “Bacteriostatic Water” dərman preparatları isə hökm qanuni qüvvəsinin aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübut 100 həb “ Dianabol 10 methandrostenolone 10 mg” dərman preparatı və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində madi sübut kimi saxlanılan KFX5519132 izləmə kodlu poçt bağlaması hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan hər birinin içərisində 60 ədəd kapsul olmaqla 2 qutu “MK677 PLUS İbutamoren”, hər birinin içərisində 60 kapsul olmaqla 2 qutu “RAD140 PLUS Testolone”, içərisində 60 kapsul olmaqla 1 qutu “YK11 Myostine”, içərisində 5 ampula olmaqla 1 qutu “İGF-1 LR3 Peptide”, içərisində 5 ampula olmaqla 1 qutu “GHRP-6 Peptide”, hər birinin içərisində 5 ampula olmaqla 2 qutu “Bacteriostatic Water” dərman preparatları isə hökm qanuni qüvvəsinin aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar