Məhkəmə qərarları › İş №1(003)-792/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-792/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-792/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qızılkənd kəndi ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində keçmiş müdiri Şahid1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə sahə, "Şağan City" yaşayış kompleksinin yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin vaxt evdə olan Şahid1 bıçaqla vuracağı ilə bağlı hədələyərək mübahisə etmək üçün küçəyə çağırmış, bu zaman Şahid1 atası Zərərçəkmiş şəxs onu sakitləşdirmək və münaqişə baş verməsinin qarşısını almaq üçün küçəyə çıxaraq Təqsirləndirilən şəxs yaxınlaşaraq onu yaranacaq münaqişənin qarşısının alınması ilə bağlı söhbət etməyə çalışarkən Təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq söyüşlər söyməklə Zərərçəkmiş şəxs bir dəfə sinəsindən yumruqla vurmuş, daha sonra digər əli ilə əvvəlcədən üzərində olan bıçağı cibindən çıxararaq silah qismində istifadə edərək qəsdən Zərərçəkmiş şəxs vurmağa cəhd edən zaman sonuncu cǝld tərpənərək Təqsirləndirilən şəxs bıçaq olan əlindən tuturaq saxlamış, bu zaman Təqsirləndirilən şəxs bıçaq olan əlini Makafat Bəbirovun əlindən çıxarmaq üçün qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs sağ əlindən yumruqla vuraraq Zərərçəkmiş şəxs alının hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü ilkin verdiyi ifadəsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xəqaninin işlətdiyi mərmər sexində təxminən 1 il olar ki, fəhlə kimi işləmişdir. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. Borcu olduğundan Xəqani ilə aralarında söz-söhbət yaranmış, sonuncu onu söymüşdür və bunun nəticəsində danışıq apararaq məsələni aydınlaşdırmaq üçün sonuncunun yaşayış yerinə getmişdir. Lakin ora gedən zaman üzərində bıçaq olmamışdır. Xəqaninin atası Mükafat onu qarşılamışdır. Bu zaman Mükafatın yanında Nadir olmuşdur. Mükafat onu sakitləşdirməyə çalışmış və aralarında barışıq etməyə cəhd etmişdir. Lakin telefonda danışıq zamanı Xəqaninin ona qarşı “ana söyüşü” işlətməyinə görə aralarında mübahisə yaranmış və bu mübahisə dava-dalaşa çevrilmişdir. Sonradan Xəqani də çölə çıxmışdır. Bu zaman qarşı tərəf 3 nəfər olduğundan onu döymüşlər. Sonradan o, “102” xidmətinə zəng edərək polis çağırmışdır. Polislər onu Polis Şöbəsinə apararaq izahatını almış, sonra isə evə buraxmışlar. Evə getdikdən sonra bədəni ağrıdığı üçün Sabunçu şəhər xəstəxanasına müraciət etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, hadisə zamanı içkili olduğundan üzərində bıçağın olmasını xatırlamamışdır. Əlavə olaraq əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun oğlu Xəqaninin mərmər-qranit sexində işləmişdir. Təxminən xx.xx.2023-cü il tarixində gecə saatlarında Xəqaniyə zəng edərək aralarında olan münaqişəni həll etmək üçün çağırmışdır. Bu zaman “ağsaqqal” kimi o, məsələni sakit şəkildə həll etmək qərarına gəlmişdir. Ona məlum olmuşdur ki, Babək digər dostları ilə birlikdə yeyib-içən zaman bıçaqla gedib Xəqanini vuracağını bildirmişdir. Bu zaman yanında olan dostları bıçağı onun əlindən almışlar. Bir müddət keçəndən sonra görmüşdür ki, Babək onların yaşadıqları evin yanında durubdur. Həmin vaxtı digər tanışları Nadirdə yanlarında olmuşdur. Babəki evə çağırsalarda sonuncu təkidlə Xəqaninin çölə çıxmasını istəmişdir. Bu zaman Babəki sakitləşdirməyə çalışmış və çoxdan tanış olduqlarını, dava-dalaşa lüzum olmadığını demişdir. Lakin Babək ona bu işə qarışmamasını bildirmişdir. Görmüşdür ki, Babək həddindən artıq “içkilidir” və ağlı başında deyil. Bu zaman Babəkin bir əlinin cibində olduğunu görüb bıçaq olmasını yəqin etmişdir. İçkili olması səbəbindən hər-hansı hadisəni törədə biləcəyini fikirləşmiş və dərhal əlini Babəkin cibinə salaraq bıçağı onun cibindən çıxartmış və yaxınlıqda olan kolluğa atmışdır. Bu zaman Xəqani və Nadir onlara yaxınlaşmışdır. Hamılıqla birlikdə Babəki aralamışlar. Xəqaninin əlində dəmir olmamışdır. Babəklə həmyerli olmaları, Babəkin fəhləliklə ailəsini dolandırmasını, etdiyi əməlindən peşman olmasını nəzərə alaraq onunla barışmışlar və Babəkə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildridi ki, Təqsirləndirilən şəxs onun yanında işləmişdir. Babəkin ona təxminən 600 manat borcu olmuşdur. Hadisədən bir müddət əvvəl Babəklə telefonla danışaraq işə gəlib-gəlməməsini soruşmuşdur. Babəkdən borcunu qaytarmasını istəmişdir. Bu zaman Babəkin içkili olduğunu və gəlib onu bıçaqla vurmaq istədiyini bilmişdir. Qısa müddət sonra Babəkin onun evinin yanında olduğunu və onu söhbət etmək üçün çölə çağırdığını bilmişdir. Bu zaman Nadir adlı iş yoldaşı da orada olmuşdur. Babəkin içkili olmasını nəzərə alaraq Nadirə çölə çıxıb aranı sakitləşdirməsini demişdir. Bu zaman Nadir çölə çıxmış və dərhalda geri qayıtmışdır. Bu zaman Nadir bildirmişdir ki, Babəkin əlində bıçaq vardır. Bu zaman o, da Nadirlə birlikdə çölə çıxmış və atasının Babəkin əlindən bıçağı almasını görmüşlər. Sonra Babək oradan qaçmış və polis çağırmışdır. Hadisə zamanı onun əlində dəmir olmamış və Babəkə hər-hansı xəsarət yetirməmişdir. Məhkəmədə digər Şahid3 qeyd etdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuş və onlar birlikdə Xəqaniyə məxsus mər-mər sexində işləmişlər. Mükafat isə müdirləri Xəqaninin atasıdır. xx.xx.2023- cü il tarixdə müştəriyə daş aparan zaman Mükafat ona zəng edərək Babəkin Xəqani ilə telefonda bərk mübahisə etdiyini bildirmişdir. O, Babəkə zəng edərək onu yanına çağırmış və digər iş yoldaşları Aqil ilə birlikdə üçü oturub yemək yemişlər. Kafedə oturan zaman Babəkin əlində bıçaq olmuş, o, isə bıçağı sonuncunun əlindən almış və mübahisə etməməsini demişdir. Sonradan hərə öz evinə getmişdir. Evə çatdıqdan bir qədər sonra Mükafat ona zəng edərək Babəkin bıçaqla evlərinə gəldiyini və Xəqanini küçəyə çağıraraq vuracağını dediyini bildirmişdir. Bu zaman o, taksi ilə Mükafatın evinə getmişdir. Ora çatan zaman Babəkin yol qırağında durduğunu görmüşdür. Bir neçə dəqiqə sonra polis əməkdaşlarının gələrək Babəki apardığını görmüşdür. Kiminsə dava etdiyini və xəsarət aldığını görməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 499 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alının hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 497 nömrəli rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alının hematoması, alt və üst dodağın, sol və sağ əlin səthi əzilmiş yaraları, sol bazunun qançırları, sol baldırın sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X6 müraciətindən az olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmu xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Qarayev tərəfindən icraata qəbul edilmişdir. - 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqirafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs, X2 və Şahid2 barəsində CM-n-n 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş maddi ziyan tam olaraq ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. - İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Ağayeva Fatimə, xx.xx.2018-ci il təvəllüdlü Ağayeva Məryəm və xx.xx.2020-ci il təvəllüdlü Ağayeva Şəhrəbanu Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasına əsasən göstərilən əməl - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini (CM-59.1.13), zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını (CM-59.1.4) və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, onun şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 150 (yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar