Məhkəmə qərarları › İş №1(003)-795/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-795/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-795/2023 27.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X2 və müdafiəçisi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, 20 Yanvar küçəsi, döngə 4, ev 4-də qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı, X9 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyun 2023-cü il tarixdə saat 17:50də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ay İşığı” çimərliyinin içərisində Estoniya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs məxsus, içərisində 01 ədəd 370 manat qiymətində “Redmi Not 7” markalı mobil telefon, 01 ədəd 5 manat qiymətində ağ rəngli dəsmal, Zərərçəkmiş şəxs məxsus AB0130609 saylı şəxsiyyət vəsiqəsi, həmçinin içərisində 40 manat və həmin tarixin məzənnəsi ilə 102,74 manat təşkil edən 55 avro məbləğində pul olan, qara rəngli və 20 manat qiymətində olan 01 ədəd cib cüzdanı olan bel çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 537,74 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, təxminən 3 aydır ki, Ata Məmmədlini tanıyır və aralarında dostluq münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə Ata Məmmədli ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Ay İşığı” çimərliyinə getmişlər. Saat təxminən 16 radələrində çimərliyə çataraq dənizə girib bir qədər çimmişlər. Dənizdən çıxan zaman bir nəfər şəxsin dənizə gəlib özünə yer tutduğunu və əlində olan çantanı həmin yerə qoyub dənizə girməyə hazırlaşdığını görmüşlər. Həmin şəxsin yanında olan bir nəfər qadınla söhbətindən onun əcnəbi olduğunu anlamışlar. Həmin şəxs dənizə girmiş, bu zaman onlar da dənizə girib bir qədər çimdikdən sonra çıxmışlar. Sonra Ata ona həmin əcnəbinin çantasını götürməsini bildirmişdir. Həmin adam dənizdə çimən zaman onlar həmin şəxsin oturduğu yerə yaxınlaşmışlar. Bu zaman o, çantanı götürmüşdür. Daha sonra çimərlikdən çıxıb oradan uzaqlaşmağa başlamışlar. Bir qədər irəlilədikdən sonra polis əməkdaşları onları saxlayaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə olan zaman çantanın sahibi də oraya gəlmiş və çantasını içindəki bütün əşyalarla birlikdə geri almışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödənildiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmadığını bildirərək və onun yaşını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:50 radəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ay işığı” çimərliyində dincəlmişdir. Həmin vaxt dənizə çimməyə girmiş, dənizdə olarkən iki nəfər tanımadığı şəxsin onun oturduğu masaya yaxınlaşdıqlarını və masanın üzərində qoyduğu sarı rəngli bel çantasını götürdüklərini görmüşdür. O, həmin şəxsləri görsə də, həmin şəxslər onu görməmişlər və oradan uzaqlaşmağa başlamışlar. O, həmin şəxsləri izləyib gözdən qaçırmadan dərhal dənizdən çıxıb ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşıb xəbər vermiş və əli ilə işarə edərək çantasının oğurlandığını və həmin şəxslərin çimərlik ərazisindən çıxıb yola tərəf qaçdıqlarını bildirmişdir. Polis əməkdaşları onun hərəkətlərini anlayıb vaxt itirmədən göstərdiyi istiqamətə qaçaraq həmin şəxslərin arxasınca getmişlər. O, polisə məlumat verdikdən dərhal sonra həmin şəxslər əşyaları ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları onu və həmin şəxsləri Xəzər RPİnin 1-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə olarkən qeyd etdiyi həmin əşyalar ona geri qaytarılmışdır. Həmçinin qeyd etmişdir ki, həmin bel çantasının içərisində 01 ədəd 370 manat qiymətində “Redmi Not 7” markalı mobil telefonu, 01 ədəd 5 manat qiymətində ağ rəngli dəsmalı, özünə məxsus AB0130609 saylı şəxsiyyət vəsiqəsi və içərisində 40 manat və 55 avro pul olan, qara rəngli və 20 manat qiymətində olan cib cüzdanı olmuşdur. Hazırda həmin əşyalar ondadır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid2 göstərdi ki, X14 Alayının 11-ci PB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 17:50-də iş yoldaşları ƏÇPA-nın 11-ci PB-nin polis nəfərləri, Şahid1 və Şahid3 ilə birlikdə xidmət etdikləri 33 saylı piyada postla xidmətdə olarkən, dənizkənarı ‘Ay işığı” adlanan çimərliyin qarşısında bir nəfər şəxsin həyəcanlı şəkildə qaçaraq onlara yaxınlaşdığını görmüşlər. Həmin şəxs onlara yaxınlaşıb ingilis dilində “yellov bag” yəni sarı çanta ifadəsini işlətmişdir. Bu zaman onlar həmin şəxsin xarici vətəndaş olduğunu anlamışlar. Həmin xarici vətəndaşın hərəkətlərindən və mimikalarından belə anlamışlar ki, həmin xarici vətəndaşın sarı rəngli çantası iki nəfər şəxs tərəfindən oğurlanmış və həmin şəxslər qaçaraq çimərlikdən uzaqlaşmışlar. Onlar vaxt itirmədən həmin xarici vətəndaşın göstərdiyi istiqamətə qaçmışlar. Həmin şəxslərin yol kənarında dayandıqlarını və əllərində olan sarı rəngli çantanın içərisinə baxdıqlarını görmüşlər. Həmin şəxsləri saxlayıb xarici vətəndaş ilə birlikdə 3190 saylı avtopatrulla 1-ci PŞ-nə dəvət etmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X6r. Xarici vətəndaş isə Estoniya Respublikasının vətəndaşı olduğu məlum olmuşdur. Həmin əşyalar şöbədə Estoniya vətəndaşına təqdim olunmuş, o, həmin əşyaların ona məxsus olduğunu bildirmiş və daha sonra həmin əşyalar Estoniya vətəndaşına təhvil verilmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadələri alınmış X14 Alayının 11-ci PB-nin polis nəfərləri Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etmədikləri üçün onların ifadəsi elan edilmişdir. Şahid1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilmiş ifadələrində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. 1(003)-795/2023 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi məlumatlarından görünür ki, o, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş və Ağdam şəhəri, 20 Yanvar küçəsi, döngə 4, ev 4-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, X3 yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndə təyin edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmış X4 məhkəmə istintaqı zamanı qanuni nümayəndə qismində iştirakına xitam verilmiş, X7 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CMnin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X5 barəsində CM-nin 180.1, həmçinin 326-cı maddəsi ilə, X5 barəsində isə eyni zamanda CM-nin 170-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd sarı rəngli bel çantası, 01 ədəd qara rəngli cib cüzdanı, 01 ədəd “Redmi Not 7” markalı mobil telefon, 01 ədəd ağ rəngli dəsmal, ona məxsus AB0130609 saylı şəxsiyyət vəsiqəsi, 40 manat və 55 avro məbləğində pul maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmışdır. X5 barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs qarşı oğlurluq etmiş X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır və Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işinin icraatı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun əmlakı ona geri qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olmasını (CM-59.1.2), əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, etdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə məxsus əşyaların ona tam olaraq geri qaytarılmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sarı rəngli bel çantası, 01 ədəd qara rəngli cib cüzdanı, 01 ədəd “Redmi Not 7” markalı mobil telefon, 01 ədəd ağ rəngli dəsmal, Zərərçəkmiş şəxs məxsus AB0130609 saylı şəxsiyyət vəsiqəsi, 40 manat və 55 avro məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-da yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sarı rəngli bel çantası, 01 ədəd qara rəngli cib cüzdanı, 01 ədəd “Redmi Not 7” markalı mobil telefon, 01 ədəd ağ rəngli dəsmal, Zərərçəkmiş şəxs məxsus AB0130609 saylı şəxsiyyət vəsiqəsi, 40 manat və 55 avro məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar