Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-8/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən evin içərisində anası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mülk mübahisəsi zəminində yumruq ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə vuraraq ona sağ kürək sümüyünün qopma xarakterli sınığı ilə nəticələnən və sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadə verməkdən imtina etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X6 onun həyat yoldaşıdır. Soltan ilə aralarında tez-tez mübahisələr baş verdiyindən təxminən 1 ilə yaxındır ki, Soltan boşanmaqla bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə qətnamə qəbul etməmişdir. Soltan və oğlu Təqsirləndirilən şəxs ilə aralarında münaqişələr davam edirdi və onlar onu əsassız işlərdə günahlandırmışlar. Sonuncu dəfə Xəzər Rayon Məhkəməsində baxılan mülki iş üzrə məhkəmə Soltanın xeyrinə qərar qəbul etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində Soltan, oğlu Ramil və sonradan adını bildiyi vəkil Elvin Qəhrəmanov onun yaşadığı ünvana gəlmişlər. Soltan və Ramil onu nalayiq ifadələrlə təhqir edib hədə-qorxu gəlmişlər ki, məhkəmədə maddi təzminat məsələsindən imtina etsin. Vəkil Elvin isə ona suallar verərək onu danışdırırdı. Həmin vaxt Soltan və Ramil münaqişə yaradaraq yumruq zərbələri ilə onun baş və bel nahiyəsindən vuraraq xəsarət yetirib onu döymüşlər. Ramil onu bel nahiyəsindən vurmuş o, da yerə yıxılaraq xəsarət almışdır. Mübahisə zamanı orada o, Soltan, Ramil və vəkil Elvin olmuş, başqa heç kim olmamışdır. Onlar onu döydükdən sonra oğlu Şahid zəng edib məlumat vermişdir və İbrahim dərhal evə gəlib onun halsız olduğunu görüb X12 Stansiyasına zəng vuraraq tibbi yardım üçün həkimləri çağırmışdır. Lakin verilən suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə Ordubadi küçəsində olan evdə baş vermişdir. Həmin ev qayınatasına məxsusdur. Ev həyət evidir, torpaq sahəsi vardır. Hadisə baş verən zaman o, həmin evdə tək yaşamışdır. O, evdə tək oturmuş, Soltan, Ramil və Elvin adlı şəxs gəlmiş, Soltan həmin şəxsləri evə çağıraraq gəlib şəkil çəkməsini bildirmişdir. Münaqişə onun evində şəraitinin olub-olmamağı ilə bağlı olmuşdur. O, Nizami rayonunda olan evdə yaşamaq üçün şərait yaratmalarını istəmişdir. Evdə olan qaz cihazının borusunun Zibanın çıxardığını oğlu Ramil və əri Soltan ikisi birlikdə deyirdilər. Yalan dediyini deyib bilə-bilə qaz cihazının borusunu çıxardığını iddia edirdilər. O, yalan demədiyini bildirmiş, bu zaman Soltan onu başının arxa hissəsindən şillə ilə bərk vurmuşdur. Soltan onu vurduqdan sonra o, yıxılmamışdır. Onu vurduqdan sonra o, Soltandan onu niyə vurduğunu soruşmuşdur. Sonra Ramil onu arxa hissəsindən kürəyinin sağ tərəfindən əli ilə vurmuşdur. Ramil onu vuran zaman o, şkafın yanına yerə yıxılmışdır. Kürəyində olan sınıq Ramil onu vurmasaydı olmazdı. Yerə yıxıldığına görə kürəyində sınıq olmuşdur. Yerə yıxılmasaydı kürəyində sınıq olmazdı. Onu Ramil vuran zaman huşunu itirməmişdir. Ramilə çevrilib baxan zaman Ramilin əlində heçnə olmamışdır. Qonşular səsi eşitmişlər, lakin o, qonşuları haraya çağırmamışdır. Hadisə təxminən saat 15:00 radələrində olmuş və 1 saat davam etmişdir. Sonra Soltan, Ramil və Elvin çıxıb getmişlər. Bundan sonra o, böyük oğlu İbrahimi çağırmışdır. Oğlu İbrahim ona zəng etdikdən 3 dəqiqə sonra gəlmişdir. Oğlu TTY-ə zəng etmiş, TTY gəldikdən sonra polisə məlumat vermiş və polis əməkdaşları gəlmişlər. TTY gələn zaman o, TTY əməkdaşlarına təzyiqi ilə bağlı və ağrılarının olması ilə bağlı məlumat vermişdir. Hadisə baş verən zaman Mirzağa adlı şəxs orada olmamışdır. Hadisə baş verən zaman oğlu Ramil onun onkoloji xəstə olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə anası ona zəng edib çağırmışdır, səsindən halının pis olduğunu bilib anasının yanına getmişdir. Anasını görən zaman halının pis olduğunu, təzyiqinin qalxdığını görüb TTY çağırmışdır, anasına təzyiq iynəsi vurmuşlar və halı pis olduğu üçün rentgenə getmələrini demişdilər. Onlar gedib rentgendən keçmiş və anası təxminən 20 gün yataq şəraitində olmuşdur. O, anası xəsarət alandan sonra gəlmiş, yəni hadisə baş verdikdən sonra gəlmişdir. Hadisənin şahidi olan qonşuluqda yaşayan Mirzağa adlı yaşlı kişi olmuşdur. Mirzağa adlı şəxs polis əməkdaşı tərəfindən şahid kimi dindirilmişdir. O, anasının döyülərək xəsarət almağını görməsə də, anasının oğlu Ramil tərəfindən döyüldüyünü təsdiq edir. Lakin verilən suallara cavab olaraq Şahid göstərmişdir ki, anası ona zəng edib çağırmışdır. Ona zəng gələn zaman saat təxminən 15 radələri olmuş və o, həyətində işləyirmiş. Zəng gəlmiş, o, anasının evinə getmiş, evə daxil olmuş, anasının mətbəxin qapısının kandarında arxası üstə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, evə gələn zaman anası halsız olmuşdur. Sonrakı hərəkəti anasına yaxınlaşıb TTY zəng etməyi olmuşdur. TTY gəlmiş, anasının təzyiqini ölçmüş, təzyiq çox yüksək olmuşdur və təzyiqlə bağlı anasına iynə vurulmuşdur. Anasına iynə vurulub özünə gəldikdən sonra, anası ona atası Soltan, qardaşı Ramil və Elvin adlı vəkilin evə gəldiyini və Ramilin onu döydüyünü demişdir. Müstəntiq ondan başqa şahidin olubolmadığını soruşan zaman o, qonşunun qapısını döydüyünü, Mirzağa adlı şəxsin səs küyü eşitdiyini demişdir. O, anasının yanına gələn zaman Mirzağa adlı şəxs orada olmamışdır. Atası əl qaldırmamış sadəcə müqavimət göstərmiş, lakin oğlu Ramil anasının dediyinə görə arxadan vurmuşdur. Mirzağa adlı şəxs şahid kimi dindirilən zaman o, da orada iştirak etmişdir. Mirzağa adlı şəxs özünün həyətində dindirilmişdir. Müstəntiq Mirzağa adlı şəxsi şahid kimi dindirmiş, yazı-pozu aparmış, həmin zaman o, da orada iştirak etmişdir. Sonradan ona bacısının zəng edərək, “anamın yanına get halı pisdir” deməsini xatırlamışdır. Ona bacısı Gülnaz Əliyeva zəng edib anasının halının pis olduğunu demişdir. Bacısı mobil nömrəsindən onun ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və məlumat vermişdir. Mətbəxdə nəyinsə dağılmış, aşmış vəziyyətdə olduğunu xatırlamır. Yerdə hər-hansı qan ləkəsi olmamışdır. İki dəfə anası ekspertizadan keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair mülki iş var idi, o, həmin iş üzrə cavabdehlərin vəkili olmuşdur. O, həmin evə işi ilə əlaqədar evin fotoşəkillərini çəkməyə getmişdir. Evə daxil olan zaman əvvəl Ziba onu evə buraxmaq istəməmiş, bundan sonra o, vəkil olduğunu və vəziyyəti izah etmişdir, bundan sonra Ziba razılaşmışdır. Onlar, yəni o, Ramil və Soltan evə daxil olmuşlar, o, evin şəkillərini çəkməyə başlamışdır. Ev soyuq olmuş, o, Zibadan niyə soyuqda oturduğunu soruşmuşdur. Bu zaman Ziba öz narazılıqlarını bildirməyə başlamışdır. Daha sonra Ziba Soltanın üzünə bir dəfə şillə ilə vurmuşdur. Bu hadisə baş verən zaman Ramil atasını çölə çıxarmış və o, da arxasınca evdən çıxıb oradan getmişlər. Lakin verilən suallara cavab olaraq şahid X1 göstərmişdir ki, tərəflər arasında mülki mübahisə var idi, onun ora getməkdə məqsədi məhkəməyə müəyyən sübutları toplayıb təqdim etmək olmuşdur. Bildiyinə görə ev Soltana məxsus olmuşdur. İlk öncə evə daxil olan zaman Ziba etiraz etmiş, lakin sonradan izah olunandan sonra sakitləşmiş və onları evə buraxmışdır. Evə daxil olmuşlar, Ziba divanda oturaraq onlarla söhbət etməyə başlamış və o, şəkillər çəkməyə başlamışdır. Ev iki balaca otaqdan və qapıdan içəri daxil olan zaman həmin otaqdan və mətbəxdən ibarətdir. Birdən birə Ziba Soltana qışqıraraq onun üzündən şillə vurmuşdur. Bu zaman araya Ramil girmiş, anasına niyə belə etdiyini demişdir. Ziba yenə həmin divanda oturmuşdur. Sonra onlar evdən çıxıb getmişlər, hətta həmin kənddə Soltanın işlətdiyi çayxanada oturub yarım saat çay içib müzakirələr etmişlər. O, özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Onlar içəri daxil olan vaxtdan Soltana qarşı Zibada aqresivlik olmuşdur. Ziba evdə özündən getməmişdir, ayaq üstə olmuşdur. Həmin ünvanda evdə olan zaman Zibanın vurulmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, onların aralarında mülki mübahisə olmuşdur, həmin mübahisə ilə bağlı o, Elvin adlı vəkildən evin şəkillərin çəkməsini xahiş etmişdir. O, oğlu Ramil və Elvin evə şəkilləri çəkməyə getmişlər. Evə daxil olmaq istəyən zaman əvvəl Ziba narazılıq etmiş, sonradan razılaşmışdır və onlar evə girmişlər. Elvin şəkilləri çəkməyə başlamış, sonra onlar divanın yanında söhbət edən zaman Ziba birdən şillə ilə onu üzündən 1 dəfə vurmuşdur. Bu zaman o, əsəbləşmiş və Zibanı döymək istəmişdir, lakin bu zaman Elvin onu tutmuş, Ramil isə ona “gəl gedək” demişdir. Onlar getmişlər, sonradan onu müstəntiq çağırmış və ona demişdir ki, guya o, Zibanı döymüşdür, o, isə Zibanı döymədiyini, vurmadığını bildirmişdir. Lakin verilən suallara cavab olaraq şahid X6 göstərmişdir ki, Elvin, o və Ramil evə getmişlər. Evə daxil olmaq istəyən zaman Ziba heç bir etiraz etməmişdir. Vəkil ilə ora getməkdə məqsədi evin şəkillərinin çəkilməsi olmuşdur. Onun Zibadan evdən imtina etməsi ilə bağlı tələbi olmamışdır. Həmin zaman məhkəmədə ev ilə bağlı proses olmuşdur. Evdə olan zaman ancaq ona Ziba vurmuşdur, Zibanı isə heç kim vurmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 xx xxxxxx 2019-cu il tarixli, 1545 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ kürək sümüyünün qopma xarakterli sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti 10 saylı TTYS-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarət müxtəlif şəraitlərdə, eləcə də zərərçəkənin göstərdiyi şəraitdə törənməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 xx xxxx 2020-ci il tarixli, 07ə/1545 saylı əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ kürək sümüyünün qopma xarakterli sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti 10 saylı TTYS-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma zamanı və qərarda göstərilən şəraitdə alınması istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan Şahid tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi Murad Hüseynova xx xxxxxx 2019-cu il tarixdə yazılmış ərizədə göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 15:00 radələrində anası onun telefonuna zəng edərək bildirmişdir ki, atası X6 və qardaşı Təqsirləndirilən şəxs onu yaşadığı evdə döymüşlər. Ona görə də Şahid bu barədə 102 xidmətinə məlumat vermişdir. Atası Soltan və qardaşı Ramilin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” «İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə»nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə xx xxxx 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Şahid hadisənin bir başa şahidi olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadə ilə məhkəmə istintaqı dövründə vermiş olduğu ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Şahid məhkəmə istintaqı dövründə vermiş olduğu ifadəsində xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində yaşadığı evdə olarkən ona bacısı Gülnaz Əliyevanın zəng etdiyini və anasının halının pis olduğunu bildirmişdir. Lakin, Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində yaşadığı evdə olarkən anası Zibanın onun istifadəsində olan mobil nömrəsinə zəng vurduğunu qeyd etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Şahid tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi Murad Hüseynova xx xxxxxx 2019cu il tarixdə yazılmış ərizənin xahiş etdi hissəsində atası Soltan Əliyevin və qardaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu isə Şahid hazırki cinayət işi üzrə qərəzli mövqe tutduğunu və təqsirləndirilən şəxslə ədavətinin olduğunu göstərir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 xx xxxx 2020-ci il tarixli, 07-ə/1545 saylı əlavə ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma zamanı və qərarda göstərilən şəraitdə alınması istisna olunmur. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəylərində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin olması qeyd edilsə də, lakin həmin xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə dindirmə protokolunda Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs onu vurduğunu desə də, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs üzünə onu ümumiyyətlə vurmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən Şahid ifadəsi, xx.xx.2020-ci il tarixli üzləşdirmə dindirmə protokolu və iş üzrə keçirilmiş ekspert rəyləri sübut kimi qəbul edilə bilməz və onlar sübutların siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-8/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-8/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver