Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-8/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə saat 09:35 radələrində ünvan 2 ünvanında olduğu zaman, orada Zərərçəkmiş şəxs saxladığı özünə məxsus “VAZ-21063” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq və mühərriki işə salmaq üçün açarın üzərində olduğunu görüb, həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış və avtomobili idarə etdikdən sonra Zirə qəsəbəsində bağ massivində saxlayıb qaçıb getmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Aralarında yaxşı münasibətləri olmuşdur. Zirə qəsəbəsində yaşayır. 05 may 2021-ci il tarixdə Türkan qəsəbəsində işi olmuşdur. Buna görə səhər saatlarında evdən çıxmış və Türkan qəsəbəsinə getmək istəmişdir. Saat təxminən 09:35 radələrində Zirə qəsəbəsində Babayev küçəsində Zaurun yaşadığı evin qarşısında bir açıq göy rəngli VAZ-21063 markal; ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin qapısının açıq olduğunu və açarların da üzərində olduğunu görmüşdür. Həmin maşının Nicata məxsus olduğunu bilmişdir. Bir anlıq həmin avtomobili götürüb Türkan qəsəbəsinə gedib qaytarıb avtomobili sonra yerinə qoymağı düşünmüşdür. Avtomobilə əyləşib mühərriki işə salmış və Türkan qəsəbəsi istqamətində yola düşmüşdür. Türkan qəsəbəsində tanıdığı Rüstəm adlı şəxsin yaşadığı ünvana getmişdir. Rüstəmin göyərçin həvəskarı olduğunu bilmiş və ona göyərçin satdığını demişdir. Rüstəm isə həmin göyərçinlərə onun yaşadığı evin həyətində gəlib baxmaq istədiyini bildirmişdir. O, da razılaşmış və Rüstəm gəlib onun qaçırdığı maşına əyləşmişdir. Yolda Rüstəmin həmin maşının kimə məxsus olduğunu soruşduqda o bacısı oğluna məxsus olduğunu demişdir. Yolda olarkən polis əməkdaşının maşınını gördüyündə sürətlə sürməyə başlamışdır. Rüstəm dəfələrlə nə olduğunu soruşsa da ona cavab verməmişdir. Lakin Rüstəm israrla avtomobili saxlamağı tələb etmiş və o avtomobili tez dayandırmışdır. Rüstəm avtomobildən düşmüş, o isə yoluna davam etmişdir. Polis əməkdaşlarının onu tutacağından qorxub avtomobili saxlamamış sürətlə sürmüşdür. Daha sonra avtomobili Zirə qəsəbəsində Bağ massivində saxlamış və qaçıb getmişdir. Polis əməkdaşları sonradan onu saxlayıb bölməyə gətirən zaman əməlini səmimi etiraf etmişdir. Maşına hər hansı bir ziyan vurmamış, eləcə də maşından hər hansı bir əşya oğurlamamışdır. Təqsirləndirilən şəxs son sözündə törətmiş olduğu əməli səmimi olaraq etiraf etdiyini, əməlindən peşman olduğunu, kifayət qədər yaşının olduğunu bildirirək “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Lakin aralarında hər hansı bir münasibət, düşmənçilik və ədavət olmamışdır. Ailəsi ilə birlikdə Pirallahı rayonunda yaşayır. Özünə məxsus “VAZ-21063” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 05 may 2021-ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi həmin avtomobillə Zirə qəsəbəsi Babayev küçəsində yaşayan tanışı Zaurun yaşadığı evin qarşısına gəlmişdir. Avtomobili açıq qoymuş və açarları da üzərində saxlamışdır. Çünki, orada 5- 10 dəqiqəlik işi olmuşdur və avtomobilin qaçırılmasını düşünməmişdir. Belə Zaurun yaşadığı evin həyətinə daxil olmuş və 10 dəqiqədən sonra küçəyə çıxdıqda küçədə avtomobilinin olmadığını görmüşdür. Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in “102” mərkəzi zəng ximətinə müraciət edib məlumat vermişdir. Daha sonra ərizə ilə də polis bölməsinə müraciət etmişdir. Sonradan polis əməkdaşları ona avtomobilini saxladıqlarını və qaçıran şəxsin də Zirə qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. O gəlib avtomobilinə baxış keçirmiş, avtomobilinə hər hansı bir ziyan dəyməmiş və avtomobilindən də hər hansı bir əşya oğrulanmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs həmin avtomobili idarə etməsi üçün verməmiş, Təqsirləndirilən şəxs ümumiyyətlə onun avtomobilində olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımışdır. O, Zirə qəsəbə sakinidir. Həmişə onun yaşadığı Türkan qəsəbəsinə gələrkən onunla münasibət saxlamışdır. Eldar onun göyrəçin həvəskarı olduğunu da bilmişdir. 05 may 2021-ci il tarixdə səhər saatlarında evdə olduğu zaman Təqsirləndirilən şəxs onun yaşadığı evin qarşısına gəlmişdir. Eldar açıq göy rəngli VAZ-21063 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini görmüşdür. Eldar ona göyərçin gətirmək istədiyini demişdir. O, isə qorxub həmin quşları özü həyətdən görüb almaq istədiyini bildirmişdir. Çünki, həmin quşların birdən oğurluq olmasından qorxmuşdur. Eldar isə göyərçinlərin öz qapısında olduğunu bildirmişdir. O isə Eldarla razılaşmış və birlikdə Zirə qəsəbəsinə getmək qərarına gəlmişlər. O Eldarın gəldiyi avtomobilin ön oturacağında əyləşmişdir. Avtomobili isə Eldar idarə etmişdir. Onun əvvəllər avtomobillə gəldiyini görmədiyi üçün həmin avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. Eldar isə ona bacısı oğlunun maşını olduğunu bildirmişdir. Onlar Türkan-Zirə istiqamətində bağların arasında olduğu zaman irəlidə qara rəngli avtomobil gördükdən sonra avtomobili sürətlə idarə etməyə başlamışdır. O, həmin zaman yolda gördükləri avtomobilin polis avtomobili olduğunu demişdir. Buna görə isə avtomobili surətlə idarə etmişdir. O da “polis olanda nə olar, avtomobili yavaş sür” demişdir. Eldar isə Rüstəmin sözlərinə məhəl qoymadan avtomobili sürətlə idarə etməyə davam etmiş və “Sən bilmirsən” demişdir. Lakin Eldar onun qorxduğunu görüb avtomobili saxlamış və o, avtomobildən düşmüşdür. Eldar isə avtomobili yenə surətlə idarə etməyə davam etmişdir. O, düşdükdən sonra polis əməkdaşları onu saxlamış və Eldarın idarə etdiyi avtomobilin qaçırıldığını bildirmişlər. O, həmin zaman Eldarın avtomobili qaçırdığını bilmişdir. Lakin o, bunu qabaqcadan bilməmiş, Eldar bu barədə ona heç bir söz deməmişdir. O, bunu bilsəydi heç həmin avtomobilə əyləşməzdi. O, Eldarın avtomobili ilə yaşadığı evin həyətinə gedib göyrəçin quşlarına baxıb quş almaq fikrində olmuşdur. Eldarın avtomobil qaçırmasından xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 10 may 2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ-21063” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 04 iyun 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 24.12.1993-cü il tarixli hökmünə əsaəsn AR CM-nin 243, 207.3, 38-ci maddələri ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.16.08.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs AR CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə barışdığına görə cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 04.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cəlal Məmmədov tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən verilmiş, 056-536- 1222 saylı, 11.01.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək axtarılan, xx.xx.1974-cü il təvəllüdlü, evli, Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan barəsində RPİ-nin CAŞ-si 05.01.2022-ci il tarixdə 10001/22 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs 11.01.2022-ci il tarixdə Zirə qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şiayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd edir ki, təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi olaraq etiraf etmiş, törətmiş olduğu əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğunu bildirmiş, bu səbəbdən də barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini təklif etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);. Həmin Qərarın 12-ci bəndinə əsasən, bu Qərar 05 noyabr 2021-cı il tarixdən qüvvəyə minir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum edilmiş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, məhkumun böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-8/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-8/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver