Məhkəmə qərarları › İş №1(003)-81/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-81/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-81/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1, 188.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozmuş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla biləbilə saxta sənədlərdən istifadə etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ildə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 28 mart 2014-cü il tarixli, ******* nömrəli Çıxarışı ilə məxsus olan 64 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi üzərində hazırki dövrə qədər davam edən cinayətlə əhatə olunan özbaşına tikinti işləri apararaq onun mülkiyyət hüquqlarını pozmuş, habelə həmin torpaq sahəsinin özününkü olmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin 30 may 1988-ci il tarixli, 12/549 nömrəli qərarı ilə Türkan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 228b/10 №-li bağ ayrılmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Türkan bağlar sahəsindəki 22 nömrəli kooperativin 25 nömrəli orderini istntaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılıb, həmin sənədi tanışı Zərərçəkmiş şəxs2 06 aprel 2019-cu il tarixdə Türkan qəsəbəsində təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib ona həmin torpaq sahəsinin özününkü olmasına dair yalandan vəd verib aldatmaqla həmin torpaq sahəsini sonuncuya 2000 (iki min) manata satmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1, 188.2, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin şəxsi bağlara nəzarət edir, Xəzər rayonu Türkan qəsəbəsində Samirlə qonşudur. 2019-cu ilin yaz aylarında pulu olmadığına görə fikirləşmişdir ki, Türkanda bir torpaq sahəsi tapsın və kimə isə satıb pul qazansın. Buna görə də Türkanda yerləşən torpaq sahəsi tapıb fikirləşmişdir ki, özününkü kimi təqdim edib satsın. Bu məqsədlə torpaq sahəsinə iki “KAMAZ” torpaq tökdürmüş, sement və qum almış, sonra üç tərəfdən 10 daş hündürlüyündə, yola tərəf isə 5 daş hündürlüyündə hasar tikmiş, bunlara təxminən 2000 (iki min) manat pul xərcləmişdir. Bütün bu tikinti işlərini aparmağa heç bir mülkiyyət, istifadə və icarə hüququ olmamış, gördüyü işlərin tam olaraq qanunsuz olmasını bilmişdir. Lakin pula ehtiyacı olduğuna görə həmin işləri görmüşdür ki, maddi vəziyyətini düzəltsin. Tikinti işlərini gördükdən sonra müştəri axtarmağa başlamış və təsadüfən qonşusu Samirlə bu barədə danışanda Samir ona torpaq almaq istədiyini demiş, o da bu fürsətdən istifadə edib 6 sot torpaq sahəsinin olduğunu və əgər istəyirsə, həmin torpaq sahəsini ona sata biləcəyini demişdir. Samir torpağın qiymətini soruşduqda ona həmin torpaq sahəsini 8000 (səkkiz min) manata satdığını demiş, Samir isə o qədər pulunun olmadığını, ona cəmi 2000 (iki min) manat verə biləcəyini, 6000 (altı min) manata isə həyətdə tikinti işlərini görə biləcəyini bildirmişdir. O da razılaşmış və bundan sonra Türkanda yaşayan tanışlarının birindən xahiş etmişdir ki, onun adına torpaq sahəsinə dair bir sənəd hazırlasın. Həmin tanışı da onun üçün torpaq sahəsinə dair sənəd, yəni bağlar təsərrüfatının orderini hazırlamışdır. Həmin sənəddə yazılmışdır ki, guya onun Türkanda torpaq sahəsi vardır. O, həmin sənədin saxta olmasını bilməmiş və onu götürüb Samirə göstərmiş və Samiri inandırmışdır ki, sözügedən torpaq sahəsi həqiqətən də ona məxsusdur. Samir də ona inanmış və torpaq sahəsini almağa razılaşmışdır. Bundan sonra 06 aprel 2019-ci il tarixdə Zirə qəsəbəsində yerləşən 33 nömrəli notariat kontorunda Samirə öz adından etibarnamə verib torpaq sahəsini ona 2000 (iki min) manata satmış, torpaq sahəsinə dair adına olan saxta sənədin əslini də Samirə vermişdir. Sonra Samir verəcəyi 6000 (altı min) manatın müqabilində onun həyətində tikinti işləri aparmış, yəni onun üçün hovuz tikmiş, həyətində olan tövlədə saxlamaq üçün heyvan alıb vermişdir. Samirdən aldığı 2000 (iki min) manatı özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan iki il keçdikdən sonra Samirdən eşitmişdir ki, Vüqar adlı bir şəxs həmin torpaq sahəsinin onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına olmasını iddia etmiş və bunu təsdiq edən çıxarışı da ona göstərmişdir. Hətta Samir ona Vüqarın bu məsələ ilə bağlı polisə şikayət etdiyini də bildirmişdir. Hazırda o, zərərçəkmiş şəxs Samirə dəymiş 2000 (iki min) manat maddi ziyanı tamamilə ödəmiş və digər Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsini təmizləyərək ona təhvil vermiş, bununla da zərərçəkmiş şəxslərin hər ikisi ilə barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ilə barışmasının və ona dəymiş ziyanın tamamilə ödənilməsinin nəzərə alınaraq onun barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini, təqsirləndirildiyi digər maddələrlə isə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Feridik oğlu göstərdi ki, o, hazırda "xxxx" MMC-də elektrik mühəndisi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs ilə Xəzər rayonu Türkan qəsəbəsində qonşudur. 06 aprel 2019-cu il tarixdə Afərdən 6 sot torpaq sahəsini almış, torpaq sahəsinə görə Afərə 2000 (iki min) manat nağd pul vermiş və onun həyətində 6000 (altı min) manat dəyərində tikinti işləri aparmışdır. Həmin tikinti işləri dedikdə iki ədəd daş hovuz, bir ədəd kapron hovuz və həyətindəki tövləni abadlaşdıraraq mal-qara və heyvan saxladığını nəzərdə tutduğunu bildirmişdir. Həmin torpaq sahəsinə dair Afər ona X2 25 nömrəli orderini və 06 aprel 2019cu il tarixli etibarnamə vermişdir. O, torpaq sahəsini alanda sahənin 3 tərəfi 10 daş hündürlüyündə, yola tərəf olan bir tərəfi isə 4 daş hündürlüyündə mişar daşla hörülmüş vəziyyətdə olmuş, torpaq sahəsini aldıqdan təxminən bir ay sonra əlavə olaraq yola tərəf olan hissəni 5 daş hündürlüyündə hörmüşdür. 2020-ci ildə maddi vəziyyəti ilə əlaqədar həmin torpaq sahəsini satmaq istəyərkən məlum olmuşdur ki, torpaq sahəsi Nümayəndə məxsusdur və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına çıxarışı vardır. Aldığı torpaq sahəsinə görə Afərə 2000 (iki min) manatı hissə-hissə vermiş, lakin Afər ona həmin torpaq sahəsinə aid orderdən və etibarnamədən başqa heç bir sənəd verməmişdir. Torpaq sahəsini alanda pandemiya dövrü olduğuna görə bir çox dövlət müəssisələri fəaliyyət göstərmədiyi üçün orderi yoxlatdıra bilməmiş, sonradan da başqa şəxsə məxsus olması müəyyən olunduğuna görə buna ehtiyac olmamışdır. Afərdən aldığı torpaq sahəsində apardığı tikinti işlərinə 500 (beş yüz) manat pul xərcləmişdir. Ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2 göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsi 64 saylı bağ sahəsinin bir hissəsi - yəni 0.06 hektar hissəsi Nümayəndə həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmişdir. Belə ki, Nümayəndə həmin torpaq sahəsini 04 mart 2014-cü il tarixdə X3 və X1 almış, torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 mart 2014-cü il tarixli ********** qeydiyyat nömrəli **********22 reyestr nömrəli ******* seriya nömrəli çıxarış almışdır. Torpaq sahəsini alanda 3 tərəfdən 10 daş hündürlüyündə mişar daşı ilə tikilmiş yola tərəf olan hissəsi isə 5 daş hündürlüyündə yarımçıq tikilmiş vəziyyətdə olmuşdur. Nümayəndə işi ilə əlaqədar olaraq torpaq sahəsinə gec-gec getdiyinə görə nəzarət edə bilməmiş, torpaq sahəsini aldığı vaxtdan indiyədək orada heç bir tikinti işləri aparmamışdır. Lakin 03 avqust 2021-ci il tarixdə həmin torpaq sahəsinə gedib baxarkən oranın hasarının müəyyən yarımçıq qalmış hissəsinin tikilib və qarşısında gül əkmək üçün yer düzəldildiyini aşkar etmişdir. Kim tərəfindən bu işin görüldüyü ilə maraqlananda qonşuluqda yaşayan Qurban adlı şəxs Nümayəndə bildirmişdir ki, Türkan qəsəbəsində yaşayan Samir adlı şəxs həmin işləri görmüşdür. Nümayəndə Samirin ***-***- **-** mobil nömrəsinə zəng edib həmin torpaq sahəsinə dair həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına çıxarışının olduğunu bildirmiş, Samir isə ona torpaq sahəsini Türkan qəsəbə sakini olan Afər adlı şəxsdən aldığını bildirmişdir. Nümayəndə Samirlə telefonla danışdıqdan sonra Afər adlı şəxs ***-***-**-** mobil nömrəsindən ona zəng edərək torpaq sahəsinin ona məxsus olduğunu, Türkan qəsəbə Bələdiyyəsinin sədri olan Sabir tərəfindən ona müqavilə əsasında verildiyini bildirmişdir. Bundan sonra Nümayəndə məsələnin araşdırılması və işə hüquqi qiymət verilməsi üçün Xəzər RPİ-nə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs torpaq sahəsini təmizləyərək zərərçəkmiş şəxsə təhvil vermiş və onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26 avqust 2021-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi 04 mart 2014-cü il tarixli 4Ə-04-244 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 28 mart 2014-cü il tarixdə Zərərçəkmiş şəxs1 adına dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Xəzər rayonu Türkan qəsəbəsi 64 saylı bağ sahəsinin Təqsirləndirilən şəxs adına qeydiyyata alınmasına, eləcə də onun adına Türkan qəsəbəsi, 228E/10 saylı bağ sahəsinə dair sorğuya əlavə edilmiş 25 nömrəli order barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, Təqsirləndirilən şəxs oğlıunun adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin 30 may 1988-ci il tarixli, 12/549 nömrəli qərarı ilə Türkan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 228b/10 №-li bağ ayrılmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Türkan bağlar sahəsindəki 22 nömrəli kooperativin 25 nömrəli orderi maddi sübut kimi tanınmış və cinayət işində saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş 12 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş 26 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hazırda torpaq sahəsini təmizləyərək ona təhvil vermiş və onunla barışıq əldə etmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozmuş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla bilə-bilə saxta sənədlərdən istifadə etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1, 188.2, 320.1. və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə məhkəmənin 09 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri qismən etiraf edərək peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsini təmizləyərək ona təhvil verməsini, bununla da zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2, 320.1. və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla bilə-bilə saxta sənədlərdən 2019-cu ilin aprel ayında istifadə etmiş və bununla da böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, CM-nin 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, o, Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.1 və 188.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 02 noyabr 2021-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqın iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından göründüyü kimi, Xəzər RPİ İŞ-nin müstəntiqi Elvin Ağayevin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanınmış, lakin təqsirləndirilən şəxsə qarşı yazılı formada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanınması barədə həmin qərarın icrasına xitam verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə baxışı zamanı 25 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanınması barədə qərarın icrasına xitam verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar