Məhkəmə qərarları › İş №1(003)-823/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-823/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-823/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürov Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Pakistan İslam Respublikasının Gujrat şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikası, Gujrat şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yaşamaq və işləmək məqsədilə İtaliya Respublikasına getmək üçün viza əldə edə bilmədiyindən, 5 sentyabr 2024-cü il tarixdə 0733 nömrəli Sialkot-Dubay-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən "X9 Aeroportu" sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 21:21 radələrində Pakistan İslam Respublikası vətəndaşı olan X11 məxsus BH3492353 nömrəli pasportdan bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən onun pasportundakı fotoşəkildəki şəxsə oxşamadığı aşkar edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Pakistanda yaşayış səviyyəsi aşağı olduğu üçün İtaliya Respublikasına getmək istəmişdir. Bu barədə 2024-cü ilin avqust ayında Pakistanda yaşayan dostuna dedikdə o, ona Amjeed adlı şəxsin telefon nömrəsini verərək kömək edəcəyini bildirmişdir. O, Amjeed adlı şəxslə telefon əlaqəsi saxlayaraq ona İtaliyaya getmək istədiyini bildirmiş, Amjeed adlı şəxs isə ona 8.000 avro pul müqabilində İtaliyaya getmək üçün viza düzəldə biləcəyini bildirmişdir. O, Amjeed adlı şəxslə razılaşaraq Gujrat şəhərində olan torpaq sahəsini satıb Amjeed adlı şəxsin göndərdiyi şəxsə 4.000 avro pul vermişdir. Bundan sonra, Amjeed adlı şəxsin göndərdiyi şəxslə görüşmüş, həmin şəxs ona X12 adlı şəxsin adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus pasportu vermiş, o, isə əlavə 4.000 avro pulu vermişdir. Eyni zamanda həmin şəxs ona Azərbaycan Respublikasına məxsus giriş-çıxış tarix ştampları həkk olunmuş şəffaf polietilen hissələr verərək həmin ştampları Azərbaycan Respublikasında olarkən pasporta vurmağını bildirmişdir. xx.xx.2024-cü ildə Sialkot- Dubay-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gəlmiş, "X9 Hava Limanı"nda dövlət sərhədindən keçmək məqsədi ilə X12 adına olan olan Pakistan İslam Respublikasına məxsus pasportu sərhədçiyə təqdim etmişdir. Sərhədçi pasportu yoxlayan zaman pasportun özgəsinə məxsus olduğunu aşkar etmişdir. Bundan sonra o, Pakistan İslam Respublikasının vətəndaşı Şajreel Məhəmməd olduğumu bildirmiş, üzərində olan özünə məxsus ND5124431 nömrəli pasportu sərhəd naryadına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X9 Aeroportu” sərhəd nəzarəti şöbəsində növbə rəisi işləyən Şahid1 ifadəsində bildirdi ki, xidmətdə olduğu zaman xx.xx.2024- cü il tarixdə saat 21:21 radələrində terminal-1 uçuş gəlmə xəttində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan baş gizir Şahid2 R-0733 saylı «Dubay-Bakı» aviareysi ilə X6 Azərbaycan Respublikasına gələn, özünü Pakistan Respublikasının vətəndaşı X12 kimi təqdim edən şəxs təqdim etdiyi pasportun rəsmiləşdirilməsi zamanı, fotoşəkilin sənədi təqdim edən şəxsə oxşamadığını, özgəsinə məxsus pasport olması ilə bağlı şübhələr doğurduğunu bildirmişdir. O, dərhal baş gizir Şahid2 yaxınlaşaraq Pakistan Respublikasının vətəndaşı, özünü X12 kimi təqdim edən şəxsin təqdim etdiyi BH3492353 nömrəli Pakistan Respublikasına məxsus pasporta baxış keçirdiyi zaman pasportda olan fotoşəkilin həmin şəxsə oxşamamasını görmüşdür. Bundan sonra o, özünü X12 kimi təqdim edən şəxslə ilkin sorğu sual aparmış, araşdırma zamanı üzərində şəxsin özünə məxsus olan Şarjeel Məhəmmədə məxsus Pakistan Respublikası pasportunu aşkar edərək bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X9 Aeroportu” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin xx.xx.2024-cü il tarixli, 3-38/33/2-16-1490//24 nömrəli məktubundan görünür ki, 05 sentyabr 2024-cü il tarixdə saat 21:21 radələrində 0733 nömrəli Sialkot-Dubay-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn, 28 oktyabr 2001-ci ildə Pakistan İslam Respublikasının Gujrat şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı Şarjeel Məhəmməd (pasport: ND5124431) sərhəd naryadına təqdim etdiyi 11 iyul 2003-cü il təvəllüdlü X12 adına olan Pakistan İslam Respublikasına məxsus BH3492353 nömrəli pasportun özgəsinə məxsus olması şübhə doğurduğu üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulmuşdur; - Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Pakistan İslam Respublikasının X12 adına BH3492353 nömrəli və Sharjeel Muhammad adına ND5124431 nömrəli pasportlarının blankları xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları İlə hazırlanmışdır və "Requla" firmasının "SDU" proqramında olan Pakistan İslam Respublikasının pasportunun nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş iki ədəd plastik vərəqə vurulmuş ştamp əksləri ekspertizaya təqdim edilmiş “X9 Hava Limanı168” məzmunlu ştampın eksperimental əks nümunələri ilə eynilik təşkil etmir; - Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1442 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ND5124431 nömrəli Pakistan İslam Respublikasının pasportunda əks olunmuş fotoşəkildə və A4 formatlı vərəqdə əks olunmuş SNM-də quraşdırılmış müşahidə sistemi vasitəsilə çəkilmiş fotoşəkildə eyni bir kişi cinsli şəxs X10 adına rəsmiləşdirilmiş BH3492353 nömrəli Pakistan İslam Respublikasının pasportunda əks olunmuş fotoşəkildə isə müxtəlif bir kişi cinsli şəxs əks olunmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, BH3492353 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin hər birinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalı, 216 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CMnin 320.2-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 216 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan BH3492353 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar