Məhkəmə qərarları › İş №1(003)-828/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-828/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-828/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi,, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin noyabr ayından yaxın münasibətdə olub tanıdığı Zərərçəkmiş şəxs1 vasitəsilə onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi nömrəsiz fərdi evdə kirayədə yaşamaqla xx.xx.1942-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan xalası Zərərçəkmiş şəxs2 ilə tanış olduqdan sonra onların özlərinə ev tikdirmək üçün torpaq sahəsi almaq istədiklərini bilib əvvəlcə Zərərçəkmiş şəxs1, sonra isə Zərərçəkmiş şəxs2 Xəzər rayonu, Buzovna qəsəbəsi, Vişnyovka deyilən ərazidə Albalılıq yaşayış massivində yerləşən 0,1 hektar torpaq sahəsini göstərib özünə məxsus olduğunu deyib 4.500 manat verdikləri halda həmin torpaq sahəsini onlara satacağına dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan sonra, ilk dəfə 24 noyabr 2023- cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Sərham” marketin qarşısında Zərərçəkmiş şəxs1 əlbəəl 1300 manat, 27 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Vişnyovka deyilən ərazidə Albalılıq yaşayış massivində göstərdiyi torpaq sahəsinin qarşısında Zərərçəkmiş şəxs2 əlbəəl 900 manat, 30 noyabr 2023-cü il tarixdə saat 18 radələrində əvvəlcədən pul ödəmək üçün Zərərçəkmiş şəxs1 verdiyi “Leo Bank”a aid 4098-5844-6720-7161 bank kart hesabına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Qələbə” marketdə ödəniş terminalından Zərərçəkmiş şəxs1 400 manat məbləğində pulu 2 dəfəyə ödətdirməklə alıb, 12 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Vişnyovka deyilən ərazidə Albalılıq yaşayış massivində göstərdiyi torpaq sahəsinin qarşısında Zərərçəkmiş şəxs1 əlbəəl 1400 manat, sonuncu dəfə isə Zərərçəkmiş şəxs2 onun kirayədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi E.Bünyadov küçəsi nömrəsiz fərdi evində görüşüb 21 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 500 manat məbləğində pulları alıb verdiyi vədə əməl etməyərək, aldığı pulları şəxsi ehtiyyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində, Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ildən Zərərçəkmiş şəxs1 tanıyır. Onunla Nardaran qəsəbəsində işdən çıxıb öz maşını ilə evə gedən zaman yolda tanış olmuşdur. Daha sonra o Zərərçəkmiş şəxs1 Nardaranda olan kiçik evində mebel təmir etmişdir və bir müddət sonra onunla yaxın münasibətləri olmuşdur. Torpaq satmaq adı ilə Zülfiyyədən və xalasından pul almamışdır. Yaxın münasibətləri olduğundan həm o, Zülfiyyəyə pul vermiş, lazım olduqda isə Zülfiyyə ona pul vermişdir. Ona verilən pulların miqdarını bilmir. İddia edilən 4500 manat puldan 500 manat qaytarmışdır. Gələcəkdə borc kimi qəbul etdiyi pulun qalan məbləğinidə qaytaracaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında evinə mebel ustası kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs ona Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində bağlar olan ərazidə 0,1 hektar torpaq sahəsi olduğunu və satışa qoyduğunu bildirmişdir. O və xalası Zərərçəkmiş şəxs2 ona ayrı-ayrı vaxtlarda torpağı almaq üçün ümumilikdə 4500 manat pul vermişlər. Pulu həm nağd formada həm də Zamiqin bank kartına atmaq köçürmək yolu ilə vermişdir. Zamiq onu və xalasını torpaq sahəsinə apararaq həmin yerin ona məxsus olmasını bildirmişdir. O, dəfələrlə Zamiqə torpağın sənədini onlara verməsini tələb etsə də Təqsirləndirilən şəxs hər dəfə onu müxtəlif bəhanələrlə aldatmış, pulunu geri tələb etdikdə telefon zənglərinə cavab verməmişdir. Ümumilikdə onun və xalası Zərərçəkmiş şəxs2 ödədiyi 4500 manat məbləğdən 3000 manat olan hissəsi xalasının, 1500 manat olan hissəsi isə onun olmuşdur. Zamiq cəmi 500 manat pul qaytarmışdır. Məhkəmə iclasında digər Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, 2023-cü ilin noyabr ayında bacısı qızı Zərərçəkmiş şəxs1 ona Zamiq adlı şəxsin torpaq satdığını bildirmişdir. Həmin torpaq sahəsi Albalılıq qəsəbəsində yerləşirmiş. O, torpaq sahəsini görmək üçün Zamiqlə tanış olmuş və Zamiq onu Zülfiyyə ilə birlikdə Albalılıq qəsəbəsinə bağlar olan sahəyə torpaq sahəsinə baxmağa aparmışdır. Zamiq ona həmin vaxtı darvazanın açarlarının olmamasını bildirmişdir. O, həmin torpağı almaq üçün Zamiqə orada 900 manat vermişdir, bacısı qızı Zülfiyyə isə ayrı-ayrı vaxtlarda 3100 manat pul ödəmiş, sonuncu pulu ona Albalılıq qəsəbəsində əlbəəl şəkildə 500 manat vermişdir. Ümumilikdə Zülfiyyənin və onun ödədiyi 4500 manat məbləğdən 3000 manat olan hissəsi onun, 1500 manat olan hissəsi isə bacısı qızı Zülfiyyənin pulu olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; manat dəymiş maddi ziyandan 500 manatı könüllü olaraq ödəmişdir; - Təqsirləndirilən şəxs tərəfindən verilmiş 16.09..2024-cü il tarixli ərizədən məlum olur ki, o, cinayət işi üzrə dəymiş maddi ziyandan 500 manat ödəmiş, qalan məbləği isə 08 ay ərzində ödəyəcəyinə söz vermişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Babək Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 178.2.2, 145.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il sınaq müddəti ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 175.2.2, 178.2.4cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum olunmuş; Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4-cü 66.2, 67.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4500 manat cərimə cəzasına məhkum olunmuşdur; - Bakı Şəhər probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 21-1/3-24085 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası xx.xx.2024-cü il tarixində tam olaraq ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri səmimidir və məsuliyyətdən yayınmaq üçün verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş dəymiş ziyanı qismən ödəməsini (Cm- 59.1.14) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar