Məhkəmə qərarları › İş №1(003)-830/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-830/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-830/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsində tanışı Zərərçəkmiş şəxs onun arvadı ilə cinsi əlaqədə olması səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif yərlərinə qəsdən yumruq və təpiklə vuraraq sonuncuya ənsə nahiyyəsinin fluktasiyaedici hematoması, sağ göz almasının ağlı qışasının qansızması, sağ üst göz qapağının, sağ gözaltı nahiyyənin qançırları, üst dodağın selikli qışasının əzilmiş yarası, sağ dirsəyin sıyığı kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi aidiyyəti üzrə məhz bu məhkəməyə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. İttiham aktının prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs barışdıqlarını bildirmiş və məhkəməyə bu barədə ərizə təqdim edərək məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı tam şəkildə ödənildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq cinayəti işi üzrə icraata məhkəmə hazırlıq iclasında xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayəti işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi təqdirdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar