Məhkəmə qərarları › İş №1(003)-85/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-85/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-85/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 may 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni yaşayış yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinə qanunsuz olaraq daxil olub həyətdə olan evin plastik pəncərəsini sıxıb açaraq evin içərisində döşəmənin üstünə yığılmış 1 ədəd 445 manat qiymətində böyük perefaratoru, 1 ədəd 140 manat qiymətində balaca perefaratoru, 1 ədəd 145 manat qiymətində ütünü, 1 ədəd 75 manat qiymətində dreli, 1 ədəd 50 manat qiymətində saç fenini və evin həyətində olan 20 manat qiymətində 1 ədəd xoruzu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz bağ evinə qanunsuz olaraq daxil olub evin həyətində olan 1 metri 3 manat olmaqla ümumi qiyməti 90 manat olan, 30 metr uzunluğunda 6 mm-lik mis kabelini, 1 ədədi 10 manat olmaqla ümumi qiyməti 120 manat olan 7 metr uzunluğunda 12 ədəd armaturu, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 140 manat olan 7 ədəd 6 metrlik dəmir borunu, 1 ədədi 20 manat olmaqla diametri 6 santimetr olan ümumi qiyməti 100 manat olan 5 ədəd dəmir boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyun 2022-ci il tarixdə gecə saatlarında X2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz olaraq daxil olub oradan 01 ədəd 700 manat qiymətində “Markus” markalı su matorunu və 1 metri 1 manat olmaqla ümumi uzunluğu 300 metr olan və 300 manat qiymətində elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Abusət oğluna məxsus, ünvan 2 ünvanında yerləşən bağ evinə qanunsuz olaraq daxil olub oradan ümumi qiyməti təxminən 400 manat qiymətində olan qab-qacaq dəstini yəni -1 ədədi 5 manat olmaqla ümumi qiyməti 100 manat olan 20 ədəd boşqabı, 1 ədədi 4 manat olmaqla ümumi qiyməti 100 manat olan 25 ədəd stəkanı, 1 ədədi 2 manat olmaqla ümumi qiyməti 100 manat olan 50 ədəd çəngəli, 1 ədədi 2 manat olmaqla ümumi qiyməti 100 manat olan 50 ədəd qaşığı və evin həyətində olan 1 ədəd 100 manat qiymətində hovuz kranını, 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 200 manat olan 4 ədəd elektrik açarılarını və 1 metri 5 manat olmaqla ümumi qiyməti 300 manat olan 60 metr uzunluğunda elektrik kabelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, heç bir oğurluq etməmişdir, əməli etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq edilmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, özü Türkan qəsəbəsi Üzümçülük sovxozu ərazisində kirayədə yaşayır. Kirayədə yaşadığı evdən təqribən 300 metr məsafədə isə öz ailəsi üçün fərdi ev tikir. Özü usta olduğu üçün evin içərisində təmir işlərini özü görür. xx.xx.2022-ci il tarixdə günorta saatlarından etibarən o təmir etdiyi evə gəlmiş, axşam saat 22 radələrində o işlərini yekunlaşdırıb evin qapılarını bağlayıb kirayədə yaşadığı ünvana getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o təkrarən ona məxsus olan evə gələn zaman evin bayır qapısının qıfılının qırıldığını görmüşdür. Həyətə daxil olduqda evin plastik pəncərəsinin sıxılaraq açıldığını aşkar edib evə daxil olmuşdur. Evin içərisində döşəmənin üstünə yığılmış 1 ədəd böyük perefarator 445 manat dəyərində, 1 ədəd balaca perefarator dəyəri 140 manat olan, 1 ədəd ütü 145 manat dəyərində, 1 ədəd drel 75 manat dəyərində, 1 ədəd saç feni 50 manat dəyərində və həyətdən 20 manat dəyəri olan bir ədəd xoruzunun olmadığını və oğurlandığını aşkar etmişdir. Bununla da ona ümumilikdə 875 manat maddi ziyan dəymişdir. Evindən edilmiş oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində torpaq sahəsi vardır. O tez-tez həmin torpaq sahəsinə nəzarət məqsədilə baş çəkmişdir. Sonuncu dəfə o xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsində olmuş və günorta saat 17 radələrində oranı tərk etmişdir. Tərk edərkən orada olan əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə o axşam saat 19 radələrində yenidən nəzarət məqsədilə həmin torpaq sahəsinə gələn zaman orada olan 700 manat dəyərində “Markus” markalı su matorunun və 1 metri 1 manat olmaqla ümumi uzunluğu 300 metr olan və 300 manat qiymətində elektrik naqilinin oğurlandığını aşkar etmiş və bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, ərazisində nömrəsiz fərdi evdə yaşasa da, Türkan qəsəbəsi, Maqomayev küçəsi ev 30-da atasından qalma bağ evi vardır. İl ərzində həmin evdə yaşayış olmasa da, o, arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, 12 iyul 2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə getmişdir. Həmin gün saat 15 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda və həyətdə əşyaların yerində olduğunu görmüşdür. 19 iyul 2022-ci il tarixdə saat təxminən 14 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Evin həyətinə daxil olan zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olub içəri baxış keçirmişdir. Evə baxış keçirən zaman orada olan oradan ümumi qiyməti təxminən 400 manat qiymətində olan qab-qacaq dəstinin yəni - 1 ədədi 5 manat olmaqla ümumi qiyməti 100 manat olan 20 ədəd boşqabın, 1 ədədi 4 manat olmaqla ümumi qiyməti 100 manat olan 25 ədəd stəkanın, 1 ədədi 2 manat olmaqla ümumi qiyməti 100 manat olan 50 ədəd çəngəlin, 1 ədədi 2 manat olmaqla ümumi qiyməti 100 manat olan 50 ədəd qaşığın oğurlandığını aşkar etmişdir. Daha sonra həyətdə olan 1 ədəd 100 manat qiymətində hovuz kranının, 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 200 manat olan 4 ədəd elektrik açarılarının, 1 metri 5 manat olmaqla ümumi qiyməti 300 manat olan 60 metr uzunluğunda elektrik kabelinin oğurlandığını aşkar etmişdir və bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində ailəsi ilə birlikdə yaşasa da, Türkan qəsəbəsi ərazisində bağ evi vardır. O yay aylarında həmin bağ evinə ailəsi ilə birlikdə gəlib istirahət etmişdir. İl ərzində həmin evdə yaşayış olmasa da, o arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o 22 may 2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə getmişdir. Həmin gün saat 17 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda və həyətdə əşyaların yerində olduğunu görmüşdür. 05 iyun 2022-ci il tarixdə o yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Evin həyətinə baxış keçirən zaman orada olan 1 metri 3 manat olmaqla ümumi qiyməti 90 manat olan, 30 metr uzunluğunda 6 mm-lik mis kabelinin, 1 ədədi 10 manat olmaqla ümumi qiyməti 120 manat olan 7 metr uzunluğunda 12 ədəd armaturun, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 140 manat olan 7 ədəd 6 metrlik dəmir borunun, 1 ədədi 20 manat olmaqla diametri 6 santimetr olan 100 manat olan 5 ədəd dəmir boruların oğurlandığını aşkar etmiş və bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Ağcabədi rayonunda doğulub boya başa çatsa da 2011-ci ildən etibarən Bakı şəhəri Türkan qəsəbəsində yaşayır. Əvvəllər bir çox istixanalarda operator kimi çalışsa da, 2018-ci ildən etibarən Türkan qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin iyun ayının əvvəllərində özünü Bəxtiyar kimi təqdim edən bir nəfər şəxs işlətdiyi məntəqəyə gələrək müxtəlif əlvan metal və dəmir materiallarını məntəqəyə özü ilə gətirib özünə məxsus olduğunu və həmin əşyaları satmaq istədiyini demişdir. O həmin əşyaları nəzərdən keçirərkən əşyaların içərisində təxminən 30 metr uzunluğunda 6 mm-lik mis kabelin, təxminən 7 metr uzunluğunda 12 ədəd armaturun, 7 ədəd 6 metrlik dəmir borunun, diametri təxminən 6 santimetr olan 5 ədəd dəmir boruların olduğunu görmüşdür. O həmin şəxsdən gətirdiyi əlvan metal və dəmir məhsullarını ümumilikdə 50 manata ala biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşmışdır. O ödənişi etdikdən sonra həmin şəxs əşyaları məntəqədə ona verərək çıxıb getmişdir. Bundan sonra o həmin dəmir məhsullarını hissə-hissə müxtəlif vaxtlarda tanımadığı müxtəlif adamlara müxtəlif qiymətlərə satmışdır. Bundan başqa 2022-ci ilin iyun ayının sonlarında özünü Bəxtiyar kimi təqdim edən həmin şəxs yenidən işlətdiyi məntəqəyə gələrək 01 ədəd su matorunu və təxminən 300 metr uzunluğunda elektrik naqilini məntəqəyə özü ilə gətirib özünə məxsus olduğunu və həmin əşyaları satmaq istədiyini demişdir. O həmin əşyaları nəzərdən keçirdikdən sonra su nasosunu və elektrik kabelini ümumilikdə 40 manata həmin şəxsdən ala biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşmışdır. O ödənişi etdikdən sonra həmin şəxs həmin əşyaları məntəqədə ona verərək çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra o həmin su nasosunu məntəqəyə gələn tanımadığı şəxsə 60 manata satmışdır. Elektrik naqilini isə söküb içərisində olan misi ayırdıqdan sonra müxtəlif vaxtlarda tanımadığım müxtəlif adamlara çəki ilə müxtəlif qiymətlərə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, əvvəllər bir çox sahələrdə fəhlə kimi çalışsa da, 2020-ci ildən etibarən Türkan qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin may ayının sonlarında özünü Bəxtiyar kimi təqdim edən bir nəfər şəxs işlətdiyi məntəqəyə gələrək 1 ədəd böyük və 1 ədəd balaca perefaratoru, 1 ədəd ütünü, 1 ədəd dreli və 1 ədəd saç fenini məntəqəyə özü ilə gətirib özünə məxsus olduğunu və həmin əşyaları satmaq istədiyini demişdir. O həmin əşyaları nəzərdən keçirdikdən sonra həmin əşyaların saz vəziyyətdə olduğunu və nə üçün metal qəbulu məntəqəsinə satdığını soruşanda həmin şəxs pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O da düşünmüşdür ki, həmin əşyaları həmin şəxsdən ucuz qiymətə alıb sonradan özü baha qiymətə satar. Buna görə də o həmin əşyaları ümumilikdə 100 manata həmin şəxsdən ala biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşmışdır. O ödənişi etdikdən sonra həmin şəxs həmin əşyaları məntəqədə ona verərək çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra o ümumilikdə 100 manata aldığı həmin əşyaları Sabunçudakı rus bazarında ümumilikdə 150 manata tanımadığı şəxsə satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-9075-1222 saylı, xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs2 Abusət oğluna məxsus bağ evi 30 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta və sol əlinin orta barmağının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş Əliyev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən AR CM-nin 143.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində əmlakı müsadirə olunmaqla 02 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə Suraxanı Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-nin 50-ci maddəsinə əsasən çəkilməmiş cəzasından 01 il 02 ay 22 gün müddət vaxtından əvvəl şərti azad edilmişdir. Naxçıvan Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 242-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinərək, barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti bitmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 14 avqust 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 15 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə tətbiq edilmiş azadlıqdan məhrumetmə cəzasından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən azad edilmişdir. Hazırki iş üzrə cinayət əməlləri isə təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə törədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslərin, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar