Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-856/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxsn iştirakı ilə, 22 sentyabr 1996-cı ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Sheikhupura şəhərində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədilə Pakistan İslam Respublikasında olarkən özünün anket məlumatları ilə olan saxta Seyşellər Respublikasına məxsus ümumvətəndaş pasportu əldə edib həmin sənəddən istifadə edərək 20 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində 0159 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş, saxta olmasını bilə-bilə N7532145 nömrəli Seyşellər Respublikasına məxsus ümumvətəndaş pasportunu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən X7 Aeroprtunda sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərmiş, saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Pakistan İslam Respublikasının vətəndaşıdır və 22 sentyabr 1996-cı ildə Pakistan İslam Respublikasının Sheikhupura şəhərində anadan olmuşdur. 5-6 il əvvəl "Facebook" sosial şəbəkəsində Hashim adlı şəxslə tanış olmuş və sosial şəbəkə üzrə həmin şəxslə danışıqlar aparmışdır. Təxminən 2021-ci ildə onunla danış¬dığı zaman ona ikili vətəndaşlıq istəyib-istəmədiyi barədə soruşmuşdur. O, razılığını bildirdikdə Seyşell Respublikasına məxsus pasportla təmin olunması üçün müraciət edəcəyini və buna görə 7.500 (yeddi min beş yüz) ABŞ dolları pul ödəyəcəyini bildirmişdir. O, Hashim ilə razılaşdıqdan sonra, onun yaşadığı ünvanına göndərdiyi şəxslə görüşərək pulu həmin şəxsə vermişdir. Təxminən 1 il 6 aydan sonra həmin şəxs yenidən onunla əlaqə yaradaraq yenidən həmin şəxsi yaşadığı ünvana göndərəcəyini və Seyşel Adalarına məxsus pasportu ona verəcəyini bildirmişdir. O, həmin şəxslə görüşərkən ona üzərində özünə məxsus fotoşəkil və şəxsi məlumatları olan Seyşel Adalarına məxsus pasportu vermişdir. Eyni zamanda həmin şəxs ona 20 sentyabr 2023cü ildə Pakistanı tərk etməsini bildirmişdir. Pasportu aldıqdan sonra xx.xx.2023-cü ildə Lahor-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, X7 Hava Limanında dövlət sərhədindən keçməyi məqsədi ilə rəsmiləşdirilməsi üçün Seyşel Adalarına məxsus pasportu sərhədçiyə təqdim etmişdir. Sərhədçi pasportu yoxlayan zaman pasportun saxta olduğunu bildirmiş və ondan üzərində digər pasportunun olub olmadığını soruşmuş və o, üzərində olan Pakistan İslam Respublikasına məxsus pasportunu sərhədçiyə təqdim etmişdir. Bundan sonra sərhədçilər tərəfindən 20 sentyabr 2023-cü il tarixdə saat 14.08 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət əməli törətdiyini, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, 20 sentyabr 2023-cü il tarixdə saat 09.00-dan 21 sentyabr 2023-cü il tarixdə saat 09.00-dək X7 Aeroportu sərhəd nəzarəti şöbəsində «Terminal-1» zalında «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 20 sentyabr 2023-cü il tarixdə saat 14:08 radələrində 0159 nömrəli Lahor-Bakı aviareysinin sərnişinlərini rəsmiləşdirən «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan gizir Şahid2 təqdim edilən Seyşell Respublikına məxsus N7532145 nömrəli pasportun saxta olması ehtimalı ilə bağlı ona məruzə etmişdir. O, dərhal həmin istiqamətdə hərəkət edərək qeyd olunan pasporta təkrar baxış keçirmişdir. Sərnişinlə aparılan söhbət zamanı o, üzərində olan HB5977732 nömrəli Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus pasportu təqdim edərək qanuni pasportunun həmin pasport olmasını və Avropa ölkələrinə gedə bilməsi üçün Pakistanda olarkən müəyyən pul müqabilində saxta Seyşell Respublikasına məxsus pasportu əldə etdiyini bildirmişdir. O, bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-5/1390/2023 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan HB5977732 nömrəli Pakistan İslam Respublikasına məxsus ümumvətəndaş pasportunun blankı mətbəə çap üsulu ilə hazırlanmış, xüsusi mühafizə vəsitələrlə təchiz olunmuş və həqiqi pasport ilə eynilik təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs adına olan N7532145 nömrəli Seyşellər Respublikasına məxsus ümumvətəndaş pasportunun blankı axınlı printerdə çap edilmiş və "SDU SECURE DOSUMENTS ULTİMATE" xüsusi kopmüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxta pasport təqdim etməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, 22 sentyabr 1996-cı ildə Pakistan İslam Respublikasında anadan olmuş doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsn əməli Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan maddi sübut olan möhürlənmiş zərfdə olan bir ədəd N7532145 nömrəli Seyşellər Respublikasına məxsus ümumvətəndaş pasportu iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və CM-nin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan möhürlənmiş zərfdə olan bir ədəd N7532145 nömrəli Seyşellər Respublikasına məxsus ümumvətəndaş pasportu iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-856/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-856/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver