Məhkəmə qərarları › İş №1(003)-86/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-86/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-86/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1997-ci ildə Minğəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Baş Güneypəyə kəndində qeydiyyatda olan, Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, habelə binaya, anbara və başqa saxlanc yerlərinə qanunsuz daxil olaraq zərərçəmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyun 2021-ci il tarixdə, gecə saat 02 radələrində Tərtər rayon Hacıqərvənd kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin giriş darvazasının bağlı olduğunu və Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin bir neçə gündür ki, evdə olmadığını qabaqcadan müəyyən edərək evin həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz daxil olmuşdur. Evin eyvanında olan 01 ədəd 300 manat dəyərində propan qazı ilə işləyən dönər aparatını, evin həyətində yerləşən hamamdan 01 ədəd “Kumtel” markalı 120 manat dəyərində propan qazı ilə işləyən suqızdırıcını, daha sonra evin saxlanc yeri hesab edilən yataq otağının pəncərəsindən içəri daxil olmaqla yataq otağı və mətbəx kimi istifadə edilən otaqdan televizor altlığının şkafında olan 03 ədəd hər birinin dəyəri 30 manat olan “MK” markalı elektrik tənzimləyici cihazı, 25 iyun 2021-ci il tarixdə, gecə saat 02 radələrində yenidən həmin evin hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olmaqla evin saxlanc yeri hesab edilən yataq otağının pəncərəsindən içəri daxil olub evin qonaq otağı və mətbəx kimi istifadə edilən otağından 02 dəst hər birinin qiyməti 100 manat olan qazan dəstlərini, 01 ədəd “EUROLUX” markalı 50 manat dəyərində ətçəkən maşını, 01 ədəd “EUROLUX” markalı 100 manat dəyərində sokçəkən maşını və evin içərisində olan hamamdan 01 ədəd 70 manat dəyərində samovarı, həmçinin təxminən 03 iyul 2021-ci il tarixdə, gecə saat təxminən 02 radələrində yenidən həmin evin həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən evin yatq otağının pəncərəsindən evə daxil olaraq evin mətbəx və qonaq otağı kimi istifadə edilən otağından 01 ədəd 350 manat dəyərində “BEKO” markalı soyuducunu, 01 ədəd dəyəri 200 manat və 01 ədəd dəyəri 100 manat olan xalçaları, 02 ədəd hər birinin dəyəri 100 manat olan pərdəni, 01 ədəd 20 manat dəyərində “Kumtel” markalı qaz piltəsini, 01 ədəd dönər bişirən aparatın 150 manat dəyərində çörək qızdıran tosterini, evin yataq otağından “İpek” markalı, 02 ədəd hər birinin dəyəri 100 manat olan təknəfərlik, 03 ədəd hər binin dəyəri 150 manat olan cütnəfərlik yataq örtüklərini, yataq otağında çarpayının altından 01 ədəd 70 manat dəyərində “TİQR” markalı elektrik mişarını gizli yolla talayaraq vahid niyyətlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 2670 (iki min altı yüz yetmiş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X1 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 iyul 2021-ci il tarixdə, saat 20:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən nömrəsiz evin qapısını açarla açıb qanunsuz içəri daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 məxsus 1080 manat dəyərində 01 ədəd Mideya markalı, 780 manat dəyərində 01 ədəd Mideya markalı, 500 manat dəyərində 01 ədəd «Gree» markalı kondisioneri, hər birinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 1260 manat olan 21 ədəd divar kağızlarını, 150 manat dəyərində 01 ədəd qaz piltəsini, 120 manat dəyərində 01 ədəd mikseri və həmin evdə tikinti quraşdırma işləri görən Zərərçəkmiş şəxs3 məxsus 70 manat qiymətində olan 01 ədəd, hər birinin qiyməti 100 manat olmaqla cəmi 300 manat dəyərində 04 ədəd «Bosch» markalı drelləri, 170 manat qiymətində olan 01 ədəd, hər birinin qiyməti 370 manat olmaqla cəmi 1100 manat dəyərində 04 ədəd «Bosch» markalı laqondaları, 300 manat dəyərində 01 ədəd kafelmetlax kəsən aləti, 3800 manat dəyərində 01 ədəd «Makita» markalı künc kəsən aləti, 70 manat dəyərində 01 ədəd kompressoru və 700 manat dəyərində 01 ədəd kompressoru, həmin kompressora aid 60 manat dəyərində 01 ədəd başlığı götürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumlikdə 3890 manat dəyərində, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə ümumilikdə 6500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, maddi cəhətdən ehtiyacı olduğuna görə həmkəndlisi və qonşusu olan Bəxtiyarın evindən oğurluq etmək qərarına gələrək 2021-ci ilin iyun ayının əvvəllərində saat 02 radələrində onun evinə daxil olmuşdur. Hasardan aşıb Bəxtiyara məxsus evin həyətyanı sahəsinə keçərək həyətdəki hamamın suqızdıran cihazını (ptiminutka) sökmüş, daha sonra eyvanda olan dönər aparatını götürüb hər iki əşyanı ardıcılıqla hasarın çölünə yığaraq onları yaşadığı evin həyətinə gətirib gizlətmişdir. Daha sonra Bəxtiyarın evinə yataq otağının pəncərəsindən daxil olaraq qonaq otağında olan 02 ədəd markasını dəqiq bilmədiyi elektrik tənzimləyici cihazı və 01 ədəd dönər aparatının tosterini oğurlayıb həmin əşyaların yanına yığmışdır. Səhəri gün həmin əşyalardan propan qazı ilə işləyən, markasını bilmədiyi suqızdıran cihazı sürücüsünü tanımadığı “VAZ21115” markalı avtomobillə Tərtər şəhəri ərazisinə gətirib tanımadığı şəxsə 45 manata satmışdır. Bundan sonra oğurladığı dönər aparatını və 02 ədəd elektrik tənzimləyici cihazı da, həmin gün sürücüsünü tanımadığı “VAZ 2106” marakalı avtomobillə Bərdə rayonu ərazisində “qaraçı bazarı” adlanan yerə aparıb dönər aparatını 60 manata, elektrik tənzimləyici cihazları 20 manata tanımadığı şəxsə satmışdır. Bundan sonra Bəxtiyarın evində oğurlayıb satmaq üçün əlverişli əşyaların çox olduğunu görüb oradan yenidən oğurluq etmək qərarına gələrək təxminən 5-6 gün sonra iyunun 25-də saat 02 radələrində yenidən hasardan tullanaraq həmin evin həyətyanı sahəsinə daxil olmuşdur. Evin mətbəxindən 2 dəst, birində 03 ədəd, digərində 04 ədəd müxtəlif ölçülü qazan dəstlərini, 01 ədəd ətçəkən maşını və 01 ədəd şirəçəkən maşını, hamamdan 01 ədəd samovarı oğurlayıb yaşadığı evin həyətinə daşıyaraq orada gizlətmiş və ertəsi gün səhər saatlarında sürücüsünü tanımadığı “VAZ 2107” markalı taksi ilə Bərdə rayonu ərazisinə aparıb “qaraçı bazarı” deyilən yerdə qazan dəstlərini 35 manata, ətçəkən maşını 35 manata, samovarı isə 25 manata tanımadığı şəxslərə satmışdır. Şirəçəkən maşın alınmadığı üçün geri qaytarıb həyətdə gizlətmişdir. Bundan təxminən 5-6 gün sonra iyul ayının 3-də saat 02 radələrində əvvəlcədən oğurlamaq qərarına gələrək Bəxtiyarın yaşadığı evin həyətinə, oradan isə evin yataq otağının pəncərəsindən içəri daxil olaraq mətbəxdən 01 ədəd “BEKO” markalı soyuducunu çıxarıb həyətdəki əl arabası ilə yaşadığı evin həyətinə aparmışdır. Daha sonra qayıdıb qonaq otağından və mətbəxdən 02 ədəd pərdəni, 02 ədəd xalçanı, yataq otağında çarpayının altında olan 01 ədəd elektrik mişarını (laqonda), mətbəxdən 01 ədəd qaz piltəsini oğurlayıb öz həyətində gizlətmişdir. Səhəri gün soyuducunu Bərdə rayonunda köhnə bazar deyilən yerdə tanımadığı şəxsə 100 manata satmışdır. Həmin gün Bərdə rayonu ərazisində “ayaq körpüsü” deyilən yerdə oğurladığı qaz piltəsini tanımadığı şəxsə 10 manata satmışdır. Xalçanı, pərdəni, laqondanı, şirəçəkən maşını isə Bakı şəhərinə gətirərək “Sabunçu bazırnda” laqondanı 35 manata, şirəçəkən maşını 25 manata tanımadığı şəxsə satmış, xalça və pərdələri isə Koroğlu metrosunun yanında əvvəllər evində qaldığı Əli adlı tanışının evinə göndərərək saxlamasını xahiş edib bir neçə gün sonra götürəcəyimi demişdir. Lakin bir neçə gündən sonra həmin tanışının mobil nömrəsinə zəng edib əşyaları soruşduqda o, həmin əşyaları tulladığını bildirmişdir. Bundan başqa 08 iyul 2021-ci il tarixdə Bakı şəhərində «Koroğlu» metrostaniyasının yanında əvvəllər tanıdığı Ruslan adlı taksi sürücüsünün vasitəsi ilə Seyidağa Süleymanov adlı şəxslə tanış olmuşdur. Bir gün Seyidağa ilə kafedə oturub yeyib-içərkən o, Şüvəlan qəsəbəsində bir bağ evinin tiktintisində fəhlə işlədiyini deyərək həmin evdə işləyən ustaların əşyalarını oğurlayıb satmağı təklif etmişdir. Bundan bir neçə gün sonra Seyidağa ona fəhlə kimi əşyalar daşımaqda ona kömək etməsini demişdir. O, razılaşıb Seyidağa ilə birlikdə getmişdir. O, evin həyətində yığılmış əşyaları maşına yükləməkdə Seyidağaya köməklik etmiş, satanda da, yanında olmuşdur, lakin oğurluqda iştirak etməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evində tikinti-quraşdırma işləri aparmışdır. Təmir işi ilə əlaqədar həmin evdə yaşayış olmamışdır. X1 yanında fəhlə işləmişdir. Evin giriş qapısının açarı onda da, olmuşdur. 08 iyul 2021-cil tarixdə, saat 08 radələrində iş yerinə gələrkən Seyidağa şəxsi işlərinin olduğunu bildirərək ondan icazə alıb getmişdir. Təxminən saat 19:00 radələrində Seyidağa ona zəng edərək bağda olub-olmadığını soruşmuşdur. Bundan yarım saat sonra işlərini başa çatdırıb digər ustalarla birlikdə çıxıb getmiş və evin giriş qapısının açarını pilləkənlərin yanına yığılan kafellərin altına qoymuşdur. Ertəsi gün saat 09 radələrində işə gələrkən açarın yerində olmadığını, 3 ədəd kondisionerin yerindən çıxarıldığını görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Bundan sonra ev sahibi Zərərçəkmiş şəxs1 zəng edərək hadisə barədə məlumat vermiş və Arzu ilə birlikdə evə girib baxanda işlətdiyikləri alətlərin, yəni kompressorun və həmin alətin dəstəyinin, künclük kəsən mişarın, qaz sobasının, 21 rulon divar kağızlarının, 1 ədəd mikserin, 1 ədəd laqondanın və 2 ədəd drellərin oğurlandığını müəyyən etmişlər. Daha sonra həyətdə alətləri yığdıqları anbara baxanda oradan 2 ədəd drel, 1 ədəd laqonda və 1 ədəd kafel kəsənin oğurlandığını aşkar etmişlər. Sonra baş vermiş hadisə barədə polisə məlumat vermişlər. Oğurluq nəticəsində ona 6500 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi, ona ağır cəza təyin edilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 2021-ci ilin əvvəllərində Şüvəlan qəsəbəsindəki bağ evini təmir etdirmiş və təmir işlərini Zərərçəkmiş şəxs3 görmüşdür. Evdə yaşayış olmamışdır. 09 iyul 2021-ci il tarixdə, saat 09 radələrində İbrahim zəng edərək evdən kondisionerlərin və tikinti alətlərinin oğurlandığını bildirmişdir. Evə gedib baxanda 1080 manat dəyərində 01 ədəd «Mideya» markalı, 780 manat dəyərində 01 ədəd «Mideya» markalı, 500 manat dəyərində 01 ədəd «GREE» markalı kondisionerlər, hər birinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 1260 manat olan 21 ədəd divar kağızları, 150 manat dəyərində 01 ədəd qaz piltəsi, 120 manat dəyərində 01 ədəd mikser, İbrahimin istifadə etdiyi 4 ədəd laqonda, 4 ədəd direl, 1 ədəd kafelkəsən aparat, 1 ədəd künclük kəsən aparat, 1 ədəd kompressor və başlığının oğurlandığını aşkar etmişlər. İbrahim oğurluğu onun yanında fəhlə işləyən Seyidağanın etməsindən şübhələndiyini bildirmişdir. Oğurluq nəticəsində ona 3890 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə həmkəndlidir, həm də, qonşuluqda yaşamışlar. O, işi ilə əlaqədar Göyçay rayonunda yaşadığına görə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən evinə tez-tez gedib baş çəkmişdir. Sonuncu dəfə 06 iyul 2021-ci il tarixdə, saat 07 radələrində evə gedəndə mətbəx və qonaq otağından 01 ədəd “BEKO” markalı soyuducunun, 02 ədəd xalçaların, 02 ədəd pərdənin, 01 ədəd “Kumtel” markalı qaz piltəsininin, 01 ədəd “EUROLUX” markalı ətçəkən maşının, 01 ədəd “EUROLUX” markalı şirəçəkən maşınının, 03 ədəd “MK” markalı elektrik tənzimləyici cihazın, evin koridorundan 01 ədəd dönər bişirən aparatın, çörək qızdıran tosterinin, yataq otağından “İpek” markalı, 02 ədəd təknəfərlik, 03 ədəd cütnəfərlik yataq örtüklərinin, çarpayının altından 01 ədəd “TİQR” elektrik mişarının, evin eyvanından 01 ədəd propan qazı ilə işləyən dönər aparatının, həyətdəki hamamdan 01 ədəd “Kumtel” markalı propan qazı ilə işləyən suqızdırıcının və evdəki hamamdan 01 ədəd samovarın, həmçinin mətbəxdən 07 ədəd müxtəlif ölçüdə qazanların oğurlandığını aşkar etmiş, bu barədə DİN-nin 102 xidmətinə və rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində mənə 2670 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, özü usta işləyir. Bərdə şəhərində köhnə bazarın yanında 3 nəfər şəxs köhnə əşyalar satmışlar. O, Elnurdan yox, digər şəxsdən 1 ədəd kondisoner almışdır. Həmin şəxs dayısının evini dəyişdiyi üçün kondisioneri satdığını demişdir. O, şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb etmiş, yoxsa almayacağını demişdir. Həmin şəxs isə Elnura şəxsiyyət vəsiqəsinin verməsini bildirmişdir. Elnur sadəcə satıcının yanında oturmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı şahid Elgiz Hüsyenovun ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 15 sentyabr 2022-ci il tarixdə məhkəməyə Şahid1 teleqramı daxil olmuşdur. Teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaq zamanı ifadəsində bildirmişdir ki, 09 iyul 2021-ci il tarixdə Bərdə şəhərində taksi kim işlədiyi avtomobili ilə köhnə bazarın yanında müştəri gözləyən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşaraq yolun kənarında tikinti alətləri və digər əşəyalar satdığını bildirib, həmin malları satmaq üçün onun maşını ilə Bərdə şəhərində mağazalara göstərməyi təklif etmişdir. O, da razılaşıb 3 ədəd qutuda divar kağızlarını, 1 ədəd kondisoner və 1 ədəd künclük kəsən aparatı maşina yükləyrək Elnurla birlikdə onları Bərdə şəhərində 1-2 mağaza göstərmişlər. Lakin sata bilmədikdən sonra onlar kondisiner təmiri ilə məşğul olan tanışı Turqutun yanına gəlmiş və Elnur kondisioneri sonuncuya təklif etmişdir. Kondisioner işlənmiş olduğuna görə Turqut almaqdan imtina etmiş, lakin künclük kəsən aparatı 100 manata almışdır. Təqsirləndirilən şəxs özü və Turqut əvvələr tanımamış, onların Elnurun həmin əşyaları oğurlamasından xəbərləri olmamışdır. 15 sentyabr 2022-ci il tarixdə məhkəməyə Şahid2 teleqramı daxil olmuşdur. Teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində bildirmişdir ki, idarə etdiyi «Mercedes Vito» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə *8555 taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 08 iyul 2021-ci il tarixdə, saat 24:00 radələrində şirkətdən ona 150 manata Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivindən Bərdə şəhərinə 3 ədəd kondisioner və digər əşyaları aparmaq sifarişi olunduğu bildirildikdən sonra sifariş olunan ünvana gəlmişdir. Orada sonradan adlarını bildiyi Elnur və Seyidağa maşına 3 ədəd kondisioner, 4 ədəd drel, 4 ədəd laqonda, 1 ədəd kafel kəsən, 1 ədəd künclük kəsən aparat, 1 ədəd qaz plitəsi, 1 ədəd mikser, 21 ədəd divar kağızları yükləmiş və birlikdə yola düşüb səhər saat 07 radələrində Bərdəyə çatmışlar. Onlar əvvəlcə Bərdə şəhərindəki bazara getmişlər ki, maşındakı əşyalardan birini satıb onun ödənişini etsinlər. O, Seyidağa ilə bazardakı çayxanada oturub çay içdiyi müddətdə Elnur müştəri axtarmağa getmiş və bir qədər sonra Elnur bir nəfər tanımadığı şəxslə onların yanına gəlib kondisionerin iki ədədini bu şəxsə satdığını və kondisionerləri həmin şəxsin evinə düşürmək lazım olduğunu bilidrmişdir. Onlar həmin şəxsin ünvanını bilmədiyi evinə gəlmiş, Seyidağa ilə Elnur maşındankı əşyaların hamısını həmin həyətə düşürtmüş, sonra isə həyətin sahibindən aldığı pulun 150 manatın ona verib yola salmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 istintaq zamanı ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun Bərdə şəhərində «Köhnə bazar» adlanan ərazidə yerləşən köşkünə gələrək özünə məxsus 1 ədəd «Beko» markalı soyuducunu satmaq istədiyini bildirmiş və o, razılaşaraq soyuducunu 105 manata almışdır. 15 sentyabr 2022-ci il tarixdə məhkəməyə Şahid5 teleqramı daxil olmuşdur. Teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, rayonda yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 9/5603 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd «Gree» markalı kondisionrerin 2021-ci ilin iyul ayı üçün orta bazar qiyməti 350 manat, «Makita» markalı küncksən aparatın həmin müddətə ora bazar qiyməti 300 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 9/7723 nömrəli rəyindən görünür ki, “ekspertiza təyini haqqında qərarda göstərilən 10 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin sentyabr ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən təxminən 1210,00 manat müəyyən olunur. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 5 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 08 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1997-ci ildə Minğəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Tərtər rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmişdir. 2) Tərtər rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti təyin edilmişdir. 29 noyabr 2019-cu ildə sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. 3) Ağdam rayon Məhkəmədinin 12 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilmişdir. 02 iyun 2021-ci ildə sınaq müddəti başa çatmışdır, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü 08 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən nömrəsiz evindən oğurluq törətməkdə təqsirli bilməməsini zərərçəkmiş şəxslərin ifadələri və digər istintaq sənədləri ilə özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Tərtər RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi Nicat Talıbov tərəfindən Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 24 avqust 2021-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs müddəti 24 noyabr 2021ci il tarixdə başa çatdığından və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından azad olunduğundan həbs müddətinin uzadılmasından imtina edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Nicat Qasımovun 21 dekabr 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Nicat Qasımovun 25 dekabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə Xəzər RPİ-nə özü gəlmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Nicat Qasımovun 25 dekabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin 21 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə Tərtər RPŞnin əməkdaşları tərəfindən saxlanaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 iyun 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Nicat Qasımovun 29 noyabr 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Tərtər rayon Polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi Nicat Talıbov tərəfindən 26 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış əşyalardan 01 ədəd “Beko” markalı soyuducunun maddi sübut kimi tanınması və sahibinə qaytarılması, eləcə də, 01 ədəd «GREE» markalı kondisioner, 01 ədəd «Makita» markalı künc kəsən aparatının ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və istifadəsi üçün sahiblərinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd “Beko” markalı soyuducunun Zərərçəkmiş şəxs2, 01 ədəd «GREE» markalı kondisionerin Zərərçəkmiş şəxs1 və 01 ədəd «Makita» markalı künc kəsən aparatın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 20 iyun 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Beko” markalı soyuducunun Zərərçəkmiş şəxs2, 01 ədəd «GREE» markalı kondisionerin Zərərçəkmiş şəxs1 və 01 ədəd «Makita» markalı künc kəsən aparatın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar