Məhkəmə qərarları › İş №1(003)-86/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-86/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-86/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə, saat 14:15 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz olan “Toyota Land-Cruiser Prado” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində, Zirə küçəsi ilə S.Ə.Şirvani küçəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə üstünlük yol nişanları yol ayrıcında 2.4 “Yol verin” yol nişanının olduğu yol ilə hərəkət edən nəqliyyat vasitələrinin digər nəqliyyat vasitələrinə nisbətən yolayrıcını keçmə üstünlüyünü nəzərə almalı, yəni yolun kəsişmələrinin keçmə növbəliliyini gözləməklə idarə etdiyi avtomobili dayandırmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə idarə etdiyi “Toyota Land-Cruiser Prado” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcına daxil edib hərəkətdə olaraq hərəkət üçün təhlükəli şərait yaradıb həmin avtomobilin sol arxa qapı hissəsi ilə sol tərəfdən hərəkət üstünlüyünə malik olaraq hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VАZ 21061” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməməsi səbəbindən qabaq hissəsi ilə yolun hərəkət hissəsində ehtiyatsızlıqdan toqquşmuş və nəticədə “VAZ 21061” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol dirsəyin, sağ dizin sıyrıqları, sağ bud sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqdan bədən xəsarətləri yetirdiyi Zərərçəkmiş şəxs sağlamlığına Az Ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. İlkin məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 14:15 radələrində idarə etdiyi özünə məxsus “X10” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanında sərnişin qismində əyləşmiş kənd sakini Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində, 91-ci Zirə küçəsi ilə məhəllə daxili yolla hərəkət edib köməkçi yoldan baş yola yəni, S.Ə.Şirvani küçəsinə çıxmaq üçün yol ayrıcında avtomobilini saxlayıb sağa-sola baxmışdır. Yaxınlıqda avtomobil olmadığından yola çıxmışdır. Həmin vaxt sol tərəfdə uzaqda təxminən 100-150 metr məsafədən “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin gəldiyini görüb avtomobil ilə ehtiyyatla hərəkətə başlayıb yolayrıcına təxminən saatda 5 km sürətlə daxil olub sola, yəni Zirə qəsəbəsinin daxili istiqamətində getmək istəmişdir. İdarə etdiyi avtomobil ilə yolun artıq yarısını keçib, Zirə qəsəbəsi istiqamətində gedən yola daxil olmuşdur ki, sol tərəfdən sürətlə hərəkət edən “VАZ 2106” markalı avtomobillə toqquşmuşdur. “VAZ 2106” markalı avtomobil yüksək sürətlə, yəni təxminən saatda 100 km-dən artıq sürətlə hərəkət edib və ona məxsus avtomobilə çırpılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində idarə etdiyi “VAZ 21061” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində, Dəniz yolu istiqamətində mərkəz şəhər istiqamətində gedən 2 istiqamətli bir düz xətt ayıran yolda saatda təxminən 75-80 km sürətlə hərəkət edirmiş. Təxminən 50-60 metr aralıda yolun sağ tərəfindən yol ayrıcında ağ rəngdə “Prado” markalı avtomobilin bir qədər qarşıya hərəkət edərək baş yola çıxmaq üçün dayandığını görmüşdür. Hərəkətini avtomobilin qarşı tərəfi ilə eyni sürətlə davam etdirib yol ayırıcına təxminən yaxınlaşmağına 15 metr qalmış yol ayırıcında dayanmış həmin avtomobil hərəkətə gəlib hərəkətdə olduğu baş yola daxil olmuşdur. Toqquşmadan yayınmaq üçün avtomobilin əyləcindən istifadə etsədə idarə etdiyi avtomobilin qabaq tərəfi “Prado” markalı avtomobilin arxa sol qapısına çırpılmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı bədən xəsarəti almışdır. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qeyd etdi ki, xx.xx.2024-cü il tarixində saat 14 radələrində tanışı Gülnarə ilə sonuncunun maşınında gedən zaman, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində, 91-ci Zirə küçəsi ilə məhəllə daxili yolla baş yola çıxmaq üçün yol ayrıcında durmuşlar. Bu zaman sağ-sola baxmış və yüksək surətlə iki avtomobilin onların avtomobilinin üstünə gəldiyini görmüşdür. Həmin avtomobilin sürücüsü maşını saxlaya bilməmiş və onların maşınına çırpılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, 24 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Zirə qəsəbəsinin mərkəzində, yəni S.Ə.Şirvani küçəsində yerləşən mağazaların qarşısında dayanarkən Zirə qəsəbəsinin dəniz istiqamətindən üzü şəhər istiqamətinə ağ rəngli “VАZ 2106” və “VAZ 2107” markalı avtomobillərin yüksək sürətlə hərəkət etdiklərini daha doğrusu bir-birilə yarışdıqlarını görmüşdür. Onların yaşayış massivində bu cür sürətlə hərəkət etdiklərini o və orada olan digər şəxslər görmüşlər və bildirmişlər ki, “bunların bir xətası olacaq”. Elə bunu demişlərki həmin “VAZ 2106” markalı avtomobil əyləcdən istifadə etsədə avtomobil sürüşərək qabaq hissəsi ilə qarşıda yola çıxmaq istəyən ağ rəngli “Рrаdо” markalı avtomobilin sol yan hissəsinə dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - «Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisidir; - AE N 029453 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir; - AD 190825 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci il tarixədək “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 377 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol dirsəyin, sağ dizin sıyrıqları, sağ bud sümüyünün qapalı sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun Sabunçu Tibb Мəгкəzi X11 müraciətindən az əvvəl törənmişlər, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1388 nömrəli rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “X10” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2,4 “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “VАZ 21061” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddasinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYİ-nin xx.xx.2024-cü il tarixli, 3-13- 16/2-139708/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və heç bir məhduduiyyəti yoxdur; - 01.102024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs barəsində CM-nin 263.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi N.Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, o, zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263.1-ci maddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 263.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar