Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-87/2021 03.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 01 (bir) bükümdə əldə edərək özü istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşımış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:15 radələrində Xəzər rayonu Binə qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Xəzər RPİ 3-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,248 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm heroin almış və əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 19:15 radələrində Xəzər rayonu Binə qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə 3-cü PB-nə getmişdir. Xəzər RPİ 3-cü PB-də xidməti otaqların birində video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərində hər-hansı qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edərək polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyduğu siqaretin gümüşü rəngli kağızına bükülmüş və içərisində narkotik maddə olan 01 ədəd büküm heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində üç azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xx xxxxxxx 2020-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi H.Hasilov küçəsi ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində Binə qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında saat 19:15 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün onu 3-cü PB-nə dəvət etmişlər. Onların nəzarəti altında Təqsirləndirilən şəxs əllərini cibinə salmağa imkan verməyərək avtomobilə əyləşdirib 3-cü PB-nə aparmış və onu oradakı xidməti iş otaqlarının birinə dəvət etmişlər. X3 video çəkilişdən istifadə edilməklə şübhəli kimi gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlandığını elan etmiş və daha sonra şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən şəxsləri təqdim etmişlər. Həmin xidməti otaqda Təqsirləndirilən şəxs, iştirakçılardan o və 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2, həmçinin müdafiəçi 08 saylı vəkil Bürosunun vəkili Müdafiəçi olmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya narkotik maddə olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü rəngli kağızı çıxarıb masanın üzərinə qoymuş və içərisində “kakos” olduğunu, eyni zamanda üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik maddəni Suraxanı qəsəbəsində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını, üzərində başqa heç bir əşyanın olmadığını demişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükülüdə olan maddə zərfə qoyulmuş ağzı zərflər üçün nəzərdə tutulmuş 244 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, Təqsirləndirilən şəxs həmin maddənin tərkibini, növünü və miqdarını müəyyənləşdirmək üçün zərfin kimyəvi ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və heç bir etiraz daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2260 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs .... " sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,248 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin xalis çəkisi – 0,248 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq - 0,198 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 3092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,248 qram çəkidə olan olan narkotik maddə - heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,198 qram olan narkotik maddə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİdə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,198 qram olan narkotik maddə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,198 qram olan narkotik maddə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-87/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-87/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver