Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-87/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci il avqust ayının əvvəllərindən 22.08.2021-ci il tarixə qədər olan müddət ərzində bağban kimi işlədiyi və Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən fərdi bağ evinin zalında sonuncuya məxsus stolun üstündə olan çantadan hissə-hissə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla 4290 (dörd min iki yüz doxsan) manat və 300 (üç yüz) ABŞ dolları, yəni Azərbaycan manatı ilə 510 (beş yüz on) manat 60 (altmış) qəpik olmaqla ümumilikdə 4.800 (dörd min səkkiz yüz) manat 60 qəpik (altmış qəpik) məbləğində pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir yerdə işləmir, 2021-ci ilin yay aylarında özünə iş axtarmışdır. Zərərçəkmiş şəxs rayonda onunla qonşudur, o, iki il məktəbə gec getdiyinə görə Azərlə bir sinifdə oxumuşdur. İş axtaran vaxt Azərlə tez-tez əlaqə saxlamışdır, eyni zamanda onunla bərabər anası da Azərlə əlaqə saxlayaraq ona iş tapmağı Azərdən xahiş etmişdir. 2021-ci ilin təxminən avqust ayının əvvəllərində Azər ona zəng vuraraq bağban işinin olduğunu və Bakıya gəlməsini demişdir. Elə həmin gün o, Bakı şəhərinə gəlmiş və Xəzər rayonunda Qala yolu deyilən yerdə Azərlə görüşmüşdür. Azər onu maşına mindirmiş və Buzovna qəsəbəsində işləyəcəyi bağa aparmışdır, bağda görəcəyi işi ona göstərmiş və izah etmişdir ki, bu bağda bağban işlərini görəcəkdir, eyni zamanda nəzarət edib qonaqlar gələndə onlara ofisiant kimi xidmət edəcəkdir. Bütün bu işləri görmək üçün ona aylıq 400 (dörd yüz) manat əmək haqqı verəcəyinə razılaşmışlar. Azər ona bildirmişdir ki, gündəlik qidalanma və orada qalmaq əmək haqqına daxil deyildir. O, Azərdən bağın kimə məxsus olduğunu soruşanda Azər ona demişdir ki, Bibiqulu adlı hacınındır, özü də onunla işləyir və çox vaxt onunla bu bağda qalır. Bağ birmərtəbəli olmuş, içəridə onun qalmağı üçün yer ayırmışlar. Azər bağı ona təhvil vermiş və özü isə getmişdir. Səhəri gün bağın sahibi özü də oraya gəlmişdir. Azər onu bağın sahibi ilə tanış etmişdir. Beləliklə o, orada işləməyə başlamışdır. Arada hacının qonaqları gəlmişdir, ayrıca yemək bişirən də gəlmiş və o, da ofisiant kimi qonaqlara xidmət etmişdir. Bağın ümumi zalında stolun üstündə qara rəngli dəridən olan çanta görmüşdür. İşə başladıqdan bir neçə gün sonra həmin çantanı açmış və görmüşdür ki, içində pul var. Pulu saymadığı üçün məbləğini bilməmişdir. Lakin, pula ehtiyacı olduğu üçün həmin çantanın içərisindən xatırlamadığı tarixlərdə hissə-hissə müxtəlif məbləğlərdə pullar götürmüşdür. Götürdüyü həmin pulları axşam işdən sonra şəxsi ehtiyacları və əyləncə üçün xərcləmişdir. Sonuncu dəfə isə o, 2021-ci ilin avqust ayının 22-də həmin çantadan 300 dollar və 700 manat pul götürmüşdür. Lakin, pulu götürdüyü həmin gün yəni 22 avqustda Azərlə həmin gün bağa gəlmiş ev sahibi Bibiqulu onu çağırıb demişlər ki, çantadakı pul əksikdir. Onlar ona bu sualı verərkən o, özünü itirib duruxmuş, özündə fikirləşmişdir ki, artıq hər şey ortaya çıxıb, yalan danışmağın mənası yoxdur, buna görə də hər şeyi səmimi olaraq etiraf etmişdir. Sonra isə o, axırıncı dəfə götürdüyü 300 (üç yüz) dollar və 700 (yeddi yüz) manat pulu çıxarıb onlara vermişdir. Onlar həmin pulu götürmüşlər. O, görmüşdür ki, oğurluğunun üstü açılmışdır, pulları qaytardıqdan sonra qəfildən aradan çıxıb qaçmışdır. Qapı bağlı olduğu üçün o hasardan tullanıb qaçmışdır. Azər ona zəng vurub demişdir ki, pulun qalanını da geri qaytarsa şikayət etməyəcəkdir. Lakin o, telefonu söndürüb həmin gün küçədə gecələmiş və səhəri gün yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndinə getmişdir. Bir gecə evdə qalmış, sonra tutulmağından qorxmuşdur, kənddən çıxıb işləmək üçün Abşeron rayonunda yerləşən karyerə gəlmişdir. Orada tanışları olmuşdur, ona görə də onların yanına gəlmişdir. Orada işləməyə başlamış, oğurluğu barədə heç kimə deməmişdir, telefonunu işlətməmişdir, lakin evlə əlaqə saxlamışdır. Bilmişdir ki, polis onu axtarır, evdən də ona demişlər ki, çıx gəl polisə get, o, isə tutulmağından qorxmuşdur, buna baxmayaraq daha sonra kəndə gedərkən, polislər onu tutub Bakı şəhərinə gətirmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən əmisi Şahid məxsus bağ evində əmisi ilə birlikdə yaşamışdır. Həmin bağ evində bağban kimi işləmək üçün əmisi ona təxminən 2021-ci ilin avqust ayının əvvəllərində bağban tapmasını demişdir, o, da Cəlilabad rayonu, Uzuntəpə kəndində qonşusu Təqsirləndirilən şəxs təklif etmişdir. Çünki Rəvan və onun anası ona əvvəllər də Rəvana iş tapmağı xahiş etmişdir. O, Rəvana zəng vurub Bakı şəhərinə dəvət etmiş və Rəvanla görüşüb bağın yerini göstərmişdir və Rəvana işi izah etmişdir. Həmin gündən etibarən Rəvan işləməyə başlamış və əmisi Rəvana 400 manat əmək haqqı vermək şərti ilə razılaşmışdır. Əmisi Rəvana həm həyəti həm də evə girib nəzarət etməyə etibar etmişdir. O, özünə məxsus qara çantada 6400 manat və 300 dollar saxlamışdır. Ümumilikdə hesablayanda onun çantasında Azərbaycan manatı ilə 6910 manat pul olmuşdur. Həmin çantanı da həmişə bağ evinin içərisindəki ümumi zalda stolun üstündə qoymuşdur. 2021-ci ilin avqust ayının 22-də çantada olan pulunun sayını bilmək üçün pulu saymış və görmüşdür ki, 300 dollar və 4290 manat pul çatmır. Ümumilikdə isə həmin məbləğ Azərbaycan manatı ilə 4800 manat təşkil etmişdir. O, dərhal Rəvandan şübhələnmiş, əmisi ilə birlikdə Rəvana məsələni demişlər və Rəvan etiraf edərək şalvarının cibindən 300 (üç yüz) dollar və 700 (yeddi yüz) manat pulu çıxardıb stolun üstünə qoymuşdur. Onlar Rəvanla söhbət edən zaman Rəvan onlara demişdir ki, 15 gün ərzində bağda işlədiyi müddətdə hissə-hissə pulları oğurlamışdır və həmin puldan da 300 (üç yüz) dollar və 700 (yeddi yüz) manat pulu, yəni aşkar etdikləri günü qaytarmışdır. Onlar Rəvanla söhbət etdikləri zaman Rəvan qəfildən qaçmış və o, Rəvanı tuta bilməmişdir. Sonra onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş və Rəvana bildirmişdir ki, pulu gətirib çatdırsın, Rəvan isə telefonu söndürmüş və bir də həmin nömrəyə zəng çatmamışdır. Ondan sonra ailəsi ilə danışmışlar və məsələni onlara bildirmişlər, Rəvanın ailəsi isə onlara Rəvanın evə, yəni Cəlilabad rayonu, Uzuntəpə kəndindəki evlərinə gəlmədiyini bildirmişlər. O və əmisi Rəvanın ailəsinə bildirmişlər ki, pulu gətirib qaytarsın və onlar da şikayət etməyəcəklər, lakin Rəvan üzə çıxmamış və pulu verməkdən yayınmışdır. O, da məcbur olub Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, X.Dadaşov küşəsi ev 171-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində özünə məxsus bağ evi vardır. O şəhərdə yaşasa da çox vaxt həmin bağda yaşamışdır. Dostunun oğlu Zərərçəkmiş şəxs da onunla birlikdə həmin bağda yaşamışdır. Azər uşaqlıqdan onların evinə çox gəlib-gedib deyə Azər ona əmi deyə müraciət etmişdir və o da Azər üçün əmi kimi olmuşdur. Bildirmişdir ki, 2021-ci ilin yay aylarında həmin bağda bağban kimi işləmək üçün ona bir nəfər lazım olmuş, Azər də ona demişdir ki, Cəlilabad rayonunda qonşusu olan Rəvan adlı sinif yoldaşı vardır, Rəvan, neçə vaxtdır ki, özünə iş axtarır, əgər icazə verirsə Azər Rəvana təklif etsin. O da Azərə bildirmişdir ki, əgər etibarlı adamdırsa Rəvanla danışsın və bağda bağban kimi və arada qonaqları gələndə ofisiant kimi işləsin. Həmin gün Azər Rəvanla telefonla danışmış və Rəvan rayondan gəlmişdir. Azər Rəvanı bağa aparmış və Rəvana görəcəyi işi başa salmışdır. O da səhəri gün gedib Rəvanla görüşüb tanış olmuş və bəzi işləri Rəvana tapşırmışdır. Həyətin bağban işlərini Rəvana demiş və eyni zamanda özü də Rəvana ayrıca bildirmişdir ki, bu bağda bağban kimi işləyəcəkdir, qalmağa yeri də olacaq, eyni zamanda gündəlik qida ilə də Rəvanı təmin edəcəkdir. Beləliklə Rəvan, onun bağında işləməyə başlamışdır. 2021-ci ilin avqust ayının 22-də Azər ona demişdir ki, onun evində ümumi zalda stolun üstündə qoyduğu çantasında pul əskik gəlir. Bu zaman onlar ancaq Rəvandan şübhələnmişlər, çünki onlardan və Rəvandan başqa bağda heç kim olmamışdır. O Rəvanı yanına çağırıb Rəvana demişdir ki, Azərin çantasından pul əskik gəlir və onlardan başqa bu evdə heç kim olmamışdır. Rəvan əvvəl boynuna almamış, sonra isə o Rəvana demişdir ki, cibindəkiləri çıxart, bu zaman Rəvan, cibindən pulları çıxartmış və görmüşdür ki, 700 AZN və 300 dollar oğurlamışdır. Azər ona demişdir ki, əvvəllər də onun pullarından əskik gəlmişdir, lakin fikirləşib ki, yəqin gün ərzində çox yerlərə pul xəcləyib və ola bilsin ki, hesabını düzgün aparmayıb. Həmin gün artıq məlum olmuşdur ki, əvvəlki pullarını da Rəvan oğurlayıb. Onlar bunu da Rəvandan soruşmuşlar və Rəvan etiraf etmişdir ki, əvvəl də həmin çantadan pul oğurlamışdır. Azər əksik gələn pullarını hesablamış və 4800 manat əskik olduğunu bildirmişdir. Rəvan da etiraf etmişdir ki, həmin pulları da özü oğurlamışdır. Onunla bu barədə danışan zaman qəfildən aradan çıxmış və hasardan tullanaraq getmişdir. Azər ona dəfələrlə zəng vursa da, lakin o, telefonu söndürmüş və gizlənmişdir. Oğurladığı pulun 700 manatını və 300 dollarını, cibindən çıxardaraq qaytarmış, lakin qalan pulu isə bu günə kimi qaytarmamışdır. Azər dəfələrlə onun ailəsi ilə danışsa da, lakin ailəsi evdə olmadığını bildirmişdir. Azər də bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyətin fotoşıkil ilə tanınmaya təqdim edilməsi barədə 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınma üçün təqdim edilmiş fotoşəkillər arasında 2-ci sırada olan fotoşəkildə olan şəxsi tanıyaraq həmin şəxsin onun əmisinə məxsus evdən özünə məxsus çantadan 4800 manat məbləğində pul vəsaitini oğurlayan Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 08 dekabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə Cəlilabad rayonu ərazisində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı X3 azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.11.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Cəlilabad rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür.Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür.Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur.Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-87/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-87/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver