Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-88/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlama və özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməlləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 07 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi L.Starçuk küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 14:10 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin içəri sol döş cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,809 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə 04 mart 2023-cü il tarixdə saat 23:40 radələrində Xəzər rayonu Şimal Dres qəsəbəsində “Şəngülüm” kafesinin yaxınlığında yerləşən “OBA” marketin yanında sərnişin qismində əyləşdiyi “Toyota Prius” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomobilin içərisində həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs vuracağı ilə hədələyib 87 manat məbləğində pulunu açıq yolla talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 5 il olar ki, narkotik vasitələrdən istifadə edir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi ərazisinə gedərək tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 01 ədəd gümüşü rəngli kağıza bükülü halda “kakos”, yəni narkotik vasitə heroin alıb istifadə etməyi üçün əynindəki qara rəngli gödəkçənin içəri sol döş cibinə qoymuş, elə həmin gün, yəni 07 iyul 2023-cü il tarixdə, saat 13:00 radələrində Şüvəlan qəsəbəsi L.Satrçuk küçəsində piyada hərəkət etdiyi zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifini qəbul edərək onlarla birlikdə 1-ci PŞ-nə getmiş və orada olarkən üzərində “kakos” yəni narkotik vasitə heroin olduğunu etiraf etmişdir. PŞ-də o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra həmin gün saat 14:10 radələrində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq əynindəki qara rəngli gödəkçənin içəri sol döş cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini çıxardıb masanın üzərinə qoyaraq narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 07 fevral 2023-cü il tarixdə, səhər saatlarında 10 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Əlavə şəxsi axtarış zamanı üzərindən heç bir əşya və predmet aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə bir ədəd zərfə qoyularaq möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərini və protokolu onunla bərabər şəxsi axtarışda iştirak edən digər şəxslər də imzalamışlar. 04 mart 2023-cü il tarixdə təxminən saat 23 radələrində Şüvəlan qəsəbəsi Lev Starçuk küçəsi ev 8 mənzil 16 ünvanda yerləşən yaşadığı evdə olarkən qonşusu Fərrux yaşadığı evə gəlmiş, onu küçəyə çağırmış, birlikdə Şimal Dres qəsəbəsində yerləşən Elektrik stansiyasının yaxınlığına gedib oradan taksi sifariş vermişlər. “Prius” markalı avtomobil gəlmiş, o, Fərruxla birlikdə həmin avtomobilə əyləşmişdir. O, qabaq sağ oturacaqda, Fərrux isə arxa oturacaqda əyləşmiş, həmin taksi ilə Şüvəlan qəsəbəsinə gəlib Fərruxun tanışı, sonradan adını bildiyi Afiqi götürərək narkotik vasitə heroin almaq məqsədilə Mərdəkan qəsəbəsinə gəlmişlər. Onlar avtomobildə gözləmiş, Afiq isə Makaron fabriki adlanan ərazidə yaşayan tanımadığı şəxslə görüşərək Fərrux üçün bir büküm narkotik vasitə heroin almışdır. Bundan sonra onlar geri qayıtmışlar. Afiqi Şüvəlan qəsəbəsində yerləşən evinə düşürtmüşlər, ardınca həmin taksi ilə Şimal Dres qəsəbəsinə getmişlər və “Şəngülüm” kafesinin yaxınlığındakı “OBA” marketin yanında Fərruxla o da taksini saxladaraq taksidən düşmüşlər və bundan sonra o, öz yaşadığı evə getmişdir. Sonradan bilmişdir ki, Fərrux həmin taksi sürücüsünün xidmət haqqını vermədiyi üçün o, qarət olunması barədə şikayət etmişdir. Heç kəs həmin taksi sürücüsünə hədə-qorxu gəlməmiş, Fərrux ona üzərində 20 ABŞ dolları olduğunu, mağazanın həmin pulu götürməyəcəyini deyərək siqaret almaq üçün taksi sürücüsündən 10 manat pul istəmiş, o da könüllü olaraq həmin pulu ona vermiş, taksi sürücüsünün xidmət haqqı verilməmiş, buna görə də o, qərəzli şəkildə bu cür məlumat vermişdir. Bir daha bildirir ki, o, özünü narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamada təqsirli bilir, törətdiyi bu əməldən peşman olmuşdur, lakin soyğunçuluq etməmiş, kimisə hədələməmiş, pul almamışdır, buna baxmayaraq, onun qohumları zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişlər. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs yaşadığı ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə çağırış vərəqəsi, mobil telefonuna isə elektron qaydada “sms” göndərilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, 28 dekabr 2023-cü il tarixdə isə məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilib-verilməsi məsələsini məhkəmənin öhdəsinə buraxdığını, işi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailəsilə birlikdə Buzovna qəsəbəsi M.Namazov küçəsi döngə 4 ev 7 ünvanda yaşayır, gündəlik 30 manat icarəsi olan “Prius” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 04 mart 2023-cü il tarixdə təxminən saat 23 radələrində ona “Bolt” proqramı vasitəsilə 077-233- 22-12 saylı mobil nömrədən Şimal Dres qəsəbəsində yerləşən “Şəngülüm” kafesinin qarşısına müştəri sifarişi ilə gəlmiş və iki nəfər şəxs avtomobilinə əyləşmişlər. Onların istəyilə Şüvəlan qəsəbəsi istiqamətinə hərəkət etmiş, ona 2-3 ünvan demişlər, lakin sonra gedişi ləğv etmişlər. Şüvəlan qəsəbəsində “Şüvəlan” marketin qarşısında onlardan biri onu saxlatmış, ona demişdir ki, üzərində 20 ABŞ dolları pulu var, siqaret almaq üçün ona 10 manat pul versin, onları düşürərkən taksi pulu ilə birlikdə qaytaracaqlar. O da razılaşmış və üzərində olan 50 manat pulu ona vermişdir. Həmin şəxa gedib siqaret almış və geri qayıtmış, ona verdiyi 50 manat puldan qalan 40 manatı qaytarmışdır. Bundan sonra onların istəyilə müxtəlif yerlərə getmişlər. Təxminən saat 23:40 radələrində Şimal Dres qəsəbəsinə geri qayıtmışlar. “Şəngülüm” kafesinin yaxınlığında yerləşən “OBA” marketin yanındakı ara küçədə onların hər ikisi avtomobildən düşmüşlər. Əvvəlcə biri çıxıb getmiş, həmin vaxt o, digər şəxsin gəlib pulunu verəcəyini gözləmiş, lakin görmüşdür ki, o, onun pulunu vermək əvəzinə qaçıb uzaqlaşmağa çalışır. İdarə etdiyi avtomobillə onun arxasınca düşmüş, həmin şəxs onun ondan əl çəkməyəcəyini görərək dayanmış və gəlib maşının qabaq sağ oturacağına əyləşmiş, onu vuracağı ilə hədələyib ona pul lazım olduğunu, üstündə nəyi varsa ona verməsini, ona heç nə etməyərək çıxıb gedəcəyini bildirmiş, o da qorxusundan avtomobildə olan 87 manat pulu ona vermiş, həmin şəxs də pulu götürərək qaçıb getmişdir. Konkret olaraq həmin şəxsin əlində bıçaq olmasını görməmiş, onu vuracağı ilə hədələdiyinə görə üzərində bıçaq olmasını güman etmişdir. Həmin şəxs 87 manat puldan əlavə ondan 10 manat da siqaret almaq üçün almış, buna görə də ona dəymiş ziyanı 97 manat olaraq göstərmişdir. Siqaret üçün ondan 10 manat pul istəyərkən pul vermək istəmədiyi üçün 50 manat bütöv pulunun olduğunu demiş, həmin şəxs isə siqaret alıb qalanını qaytaracağını bildirmiş, buna görə də üzərində olan 50 manat pulu vermişdir. Həmin hadisə zamanı o, heç bir xəsarət almamış, həmin şəxs yalnız ona hədə-qorxu gəlmiş, ona heç bir xəsarət yetirməmişdir. Hadisə ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 göstərdi ki, 07 fevral 2023-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar iş yoldaşı, polis sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə Şüvəlan qəsəbəsinə getmiş, saat 13:00 radələrində Şüvəlan qəsəbəsində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bununla əlaqədar onu 1-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyərək onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. PŞ-də araşdırmanın aparılması təhqiqatçı, polis mayoru Şahin Mustafayevə həvalə edilmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmişlər. Şəxsi axtarış keçirilməmişdən əvvəl videoçəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı maddə və ya əşyanın olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1 ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni əynindəki qara rəngli gödəkçənin içəri sol döş cibindən çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açıldıqda içərisində narkotik vasitə heroinə bənzəyən maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi 01 büküm narkotik vasitə heroinə bənzər kütlədən başqa hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar edilməmiş, onun təqdim etdiyi narkotik vasitə bir ədəd zərfə qoyularaq möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərini və protokolu şəxsi axtarışda iştirak edən bütün şəxslər imzalamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş 10 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deyərək təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2023-cü il tarixli, 6/744 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,809 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,809 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,759 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 23 may 2023-cü il tarixli, 3139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin içəri sol döş cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,809 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,809 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,759 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 28 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilib-verilməsi məsələsini məhkəmənin öhdəsinə buraxır, işi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, bunun nəzərə alınaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə CPM-nin 513 və 514-cü maddələrinə əsasən 5 (beş) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlama və özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməlləri törətməsı faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi, öz müdafiəsi üçün sübut və dəlil gətirərək Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etməməsini, ondan pul almamasını, gediş haqqını vermədiyi üçün qərəzli olaraq barəsində şikayət etdiyini bildirməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, 11 mart 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilmiş və həmin gün ona CM-in 182.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin vəsatət təmin edilməmişdir. Buna görə də onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. 06 may 2023-cü il tarixdə ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək sonuncu nömrə altında istintaq davam etdirilmişdir. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə yenidən ittiham elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün və 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,759 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,00 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18 iş saatına görə 108,00 (yüz səkkiz) manat olmaqla ümumilikdə 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün və 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,759 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108,00 (yüz səkkiz) manat olmaqla ümumilikdə 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-88/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-88/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver