Məhkəmə qərarları › İş №1(003)-89/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-89/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-89/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonunun Şiyəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1269/2021 saylı 03 dekabr 2021-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatlarını əldə etmiş, daşıyaraq gəzdirmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 5,45x39 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı olan 02 ədəd döyüş sursatı hesab edilən ştat patronlarını və bir ədəd zavod üsulu ilə istehsal olunmuş, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, təyinatı üzrə istifadə üçün yararlı, müdafiə təyinatlı “F-1” tipli əl qumbarasının gövdəsi ilə birlikdə döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısını əldə edib üstündə gəzdirərək bir ədəd üzərində alışdırıcısı olan əl qumbarasını yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada gizlətməklə saxlamış, qalan iki ədəd patronu isə üzərində saxlamaqla gəzdirərək ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə saat 19.10-da qeyd olunan yerdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən döyüş sursatı hesab edilən iki ədəd 5,45x39 mm kalibrli patron aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq 02 dekabr 2021ci il tarixdə saat 15.30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə nömrəsiz fərdi yaşayış evində onun icazəsi, razılığı və iştirakı ilə keçirilən ifadəsinin yerində yoxlanılması, həmçinin baxış və götürmə aparılan zaman həmin evin həyətində yerləşən sanitar qovşağında divardan asılmış polietilen torbanın içərisindəki idman ayaqqabısının içərisindən döyüş sursatları hesab edilən bir ədəd üzərindən “UZRQM” tipli alışdırıcısı olan “F-1” markalı əl qumbarası aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, tutulmamışdan bir neçə ay öncə qeydiyyatda olduğu Astara rayonunun Şiyəkəran kəndində yerləşən zibillikdən bir ədəd “F-1” əl qumbarası, iki ədəd avtomat və bir ədəd tapança patronunu tapmışdır. Əl qumbarasını heç kimin əlinə düşməsin deyə idman ayaqqabısının içinə yerləşdirib yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə ünvansız fərdi yaşayış evin həyətindəki ayaqyolunun içərisində divara asılmış torbada gizlətmişdir. Patronları isə maraq üçün üzərində gəzdirmişdir. Bundan başqa, bir ay öncə Bakı şəhərində ünvanını tanımadığı mağazadan 9 manata açılıb-qatlanan bıçaq alıb suvenir kimi üzərində gəzdirmişdir. 01 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Nərimanov rayonunun ərazisində ünvanını dəqiq bilmədiyi yerdə piyada gəzdiyi vaxt ona üç nəfər əvvəllər tanımadığı şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib onlarla birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı o, üzərindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd avtomat və bir ədəd tapança patronunu, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd açılıb-qatlanan bıçağı və 57 manat pul əskinaslarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və əlavə heç bir əşya aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar olunanların özünə məxsus olmasını, üç ədəd patronu bir neçə ay qabaq qeydiyyatda olduğu Astara rayonunun Şiyəkəran kəndində yerləşən zibillikdən tapdığını, marağlı olduğu üçün həmin əşyaları götürdüyünü, döyüş sursatlarının satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə, üzərindən aşkar olunmuş 01 ədəd açılıbqatlanan bıçağın özünə məxsus olduğunu, təxminən 01 ay öncə Bakı şəhərində ünvanını tanımadığı mağazadan 9 manata aldığını, suvenir kimi üzərində gəzdirdiyini, istifadə etmədiyini bildirmişdir. Sonra üzərindən aşkar olunmuş 57 manat pul əskinaslarının şəxsi tələbatları üçün nəzərdə tutulan pul olmasını qeyd etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd patron və 01 ədəd açılıb-qatlanan bıçaq polis tərəfindən iki ədəd zərfə qablaşdırılmış, üzərindən aşkar edilmiş 57 manat pul əskinasları isə ona qaytarılmışdır. Bu barədə müvafiq protokol tərtib edilərək ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İstintaq zamanı əməliyyat aparatının yaşadığı evdə döyüş sursatının gəzdirilməsi barədə dəqiq məlumatının olduğunu bildikdən sonra səmimi olaraq yaşadığı evdə əl qumbarasının olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə ünvansız fərdi yaşayış evinə baxış keçirilərkən, o, həyətdəki ayaqyolunun içərisində divara asılmış torbadan idman ayaqqabısına yerləşdirlmiş vəziyyətdə bir ədəd əl qumbarasını təqdim etmişdir. Törətdiyi əməli etiraf edir və peşman olduğunu bildirir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 göstərdi ki, 01 dekabr 2021-ci il tarixdə Baş İdarəyə xx xxxx 1995-ci il tarixdə Astara rayonunun Pensər kəndində doğulmuş, Astara rayonunun Şiyəkəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə ünvansız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması və ifşa olunması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə saat 19:10-da Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi ev 22 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərində odlu silah və döyüş sursatların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, İdarənin inzibati binasında videoçəkilişlə Təqsirləndirilən şəxs barəsində 01 dekabr 2021-ci il tarixdə saat 20:10-da şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən odlu silah və döyüş sursatlarını könüllü surətdə verməsi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd döyüş sursatı hesab edilən patrona oxşar predmetləri, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd açılıb-qatlanan bıçaq tipli dəmir predmeti və pul vəsaitini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 03 ədəd döyüş sursatı hesab edilən patrona oxşar predmetlərin, 01 ədəd açılıb-qatlanan bıçaq tipli dəmir predmeti və pul vəsaitinin özünə məxsus olmasını, 03 ədəd döyüş sursatı hesab edilən patronu bir-neçə ay öncə qeydiyyatda olduğu Astara rayonunun Şiyəkəran kəndində yerləşən evin yaxınlığında zibil qutularının yanından tapdığını, 01 ədəd açılıb-qatlanan bıçaq tipli dəmir predmeti təxminən bir ay öncə Bakı şəhərində ünvanını tanımadığı mağazadan 9 manata aldığını, pul vəsaitinin isə şəxsi tələbatları üçün nəzərdə tutulan pul olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd döyüş sursatı hesab edilən patrona oxşar predmetlər və 01 ədəd açılıb-qatlanan bıçaq tipli dəmir predmet iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və barələrində müvafiq ekspertizaların təyin edilməsi məqsədilə 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 57 manat pul əskinasları iş üzrə əhəmiyyət kəsb etmədiyindən, ona qaytarılmışdır. Bu barədə müvafiq protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs barəsində davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə nömrəsiz fərdi yaşayış evində qanunsuz olaraq döyüş sursatı saxlaması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri zamanı videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evində istintaqa verdiyi ifadəsi yoxlanılan zaman o, evin həyətində yerləşən hamam otağından (ayaqyolu) divara asılmış vəziyyətdə olan torbanı göstərərək torbanın içərisindəki idman ayaqqabısının içərisində qumbara olmasını bildirmişdir. Torbanın içərisindən idman ayaqqabısı götürülərək içərisinə baxış keçirilən zaman oradan bir ədəd üzərində alışdırıcısı olan “F-1” qumbarasına oxşar predmet aşkar edilərərk götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd döyüş sursatı hesab edilən əl qumbarasını bir-neçə ay öncə qeydiyyatda olduğu Astara rayonunun Şiyəkəran kəndində zibil qutularının yanından patronlarla birlikdə tapdığını, ona maraqlı olduğu üçün həmin əşyaları götürdüyünü bildirmişdir. Aşkar olunmuş 01 ədəd döyüş sursatı hesab edilən əl qumbarasına oxşar predmet iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Həmin ünvanda protokolun tərtibatı üçün əlverişli şərait olmadığınıdan, tədbir iştirakçıları protokolun tərtibatı üçün BMCMİ-yə dəvət edilmiş və orada müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid1 və Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2021-ci il tarixli 21/680R və 03 dekabr 2021-ci il tarixli 21/681R nömrəli rəylərində göstərilir ki, Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı olan döyüş sursatı hesab edilən ştat patronlarıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə 1978-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan ibtidai-hərbi hazırlıq dərslərində, təlim və məşq üçün nəzərdə tutulmuş boş (xolostoy) patrondur və döyüş sursatı hesab edilmir. Qalıq : 01 ədəd 5,45x39 mm kalibli patron, 01 ədəd 9x18 mm kalibrli patron və 01 ədəd 5,45x39 mm kalibrli patronun demontaj olunmuş hissələri. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyunatlı “F-1” tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, “F-1”, “RQD-5”, “RQ-42” əl qubralarının partlayıcısıdır, Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Qeyd : 01 ədəd 5,45 mm kalibrli patron demontaj olundu. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 məhkəmə psixiatrik ekspertizasının 13 dekabr 2021-ci il tarixli 2970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunsa da, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, 02 dekabr 2012-ci il tarixdə saat 15.30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə nömrəsiz fərdi yaşayış evində onun icazəsi, razılığı və iştirakı ilə keçirilən ifadəsinin yerində yoxlanılması, baxış və götürmə aparılan zaman həmin evin həyətində yerləşən ayaqyolunda divardan asılmış polietilen torbanın içərisindəki idman ayaqqabısının içərisindən döyüş sursatları hesab edilən bir ədəd üzərindən “UZRQM” tipli alışdırıcısı olan “F-1” markalı əl qumbarası aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 01 dekabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19.10-da qeyd olunan yerdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən döyüş sursatı hesab edilən iki ədəd 5,45x39 mm kalibrli patron aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat aparatından daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar keçirilmiş istintaq hərəkətini özündə əks etdirən tərəfindən tərtib edilmiş ifadənin yerində yoxlanılması, baxış və götürmə aparılması haqqında 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq 02 dekabr 2012-ci il tarixdə saat 15.30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 1-ci döngə nömrəsiz fərdi yaşayış evində onun icazəsi, razılığı və iştirakı ilə keçirilən ifadəsinin yerində yoxlanılması, baxış və götürmə aparılan zaman həmin evin həyətində yerləşən ayaqyolunda divardan asılmış polietilen torbanın içərisindəki idman ayaqqabısının içərisindən döyüş sursatları hesab edilən bir ədəd üzərindən “UZRQM” tipli alışdırıcısı olan “F-1” markalı əl qumbarası aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, 03 dekabr 2021-ci il tarixli qərara əsasən iki ədəd kağız paketdə qablaşdırılan bir ədəd “F-1” tipli əl qumbarası “UZQRM” tipli alışdırıcısı ilə birlikdə, 01 ədəd 5,45x39 mm kalibli patron, 01 ədəd 9x18 m kalibrli patron və 01 ədəd 5,45x39 mm kalibrli patronun demontaj olunmuş hissələrinin iş üzrə maddi sübut hesab edilərək məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, 14 dekabr 2021-ci il tarixli qərara əsasən cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və ifadənin yerində yoxlanılması, baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk maddi sübut hesab edilmişdir. İş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatlarını əldə etmə, daşıyaraq gəzdirmə və saxlama cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli tutulduğu 01 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan – iki ədəd kağız paketdə qablaşdırılan bir ədəd “F-1” tipli əl qumbarası “UZQRM” tipli alışdırıcısı ilə birlikdə, 01 ədəd 5,45x39 mm kalibli patron, 01 ədəd 9x18 mm kalibrli patron və 01 ədəd 5,45x39 mm kalibrli patronun demontaj olunmuş hissələri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və ifadənin yerində yoxlanılması, baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 64,00 (altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan – iki ədəd kağız paketdə qablaşdırılan bir ədəd “F-1” tipli əl qumbarası “UZQRM” tipli alışdırıcısı ilə birlikdə, 01 ədəd 5,45x39 mm kalibli patron, 01 ədəd 9x18 mm kalibrli patron və 01 ədəd 5,45x39 mm kalibrli patronun demontaj olunmuş hissələri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Maddi sübut – Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və ifadənin yerində yoxlanılması, baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar