Məhkəmə qərarları › İş №1(003)-9/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-9/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-9/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan X7, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan X7 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, subay, natamam orta təhsilli, fərdi əmək faliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsi, ev 4, mənzil 1-də qeydiyyatda olub, Suraxanı rayonu D massivi, bina 9A, mənzil 367-də yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan X10 elektron məlumat daşıyıcısı olan və ələ keçirtdiyi vət. X4 məxsus 510307******7386 nömrəli «Kapital Bank» maaş kartından 08 fevral 2022-ci il tarixdə saat 15:15-da Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “Samsung” mağazasının yaxınlığında qurlaşdırılmış «Kapital Bank»a məxsus bankomatdan 1048 manat nağd pulu çıxarmaqla gizli olaraq ələ keçirib zərərçəkmiş şəxs X4 ümumilikdə 1048 manat (min qırx səkkiz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X10 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, 08 fevral 2022-ci il tarixdə günorta saatlarında Mərdəkan qəsəbəsi mərkəz deyilən yerdə olan «Ləzzət» şirniyat dükanını qarşısında yerləşən Kapital Bank terminalının qarşısında olarkən bankomatdan pul çıxarılması üçün bir yaşlı kişinin ona köməklik etməyini bildirmişdir. Oda həmin yaşlı kişiyə kömək edərək ona yaxınlaşmış həmin kişi parolu yığdıqdan sonra götürəcəyi məbləği yığmışıdr. Həmin zaman o, yaşlı kişinin hesabında 1048 manat pulun oldğunu görüb düşünmüşdür ki, həmin pulu oğurlasın. Həmin yaşlı kişini aldadaraq ona bildirmişdir ki, kartda pul yoxdur. Daha sonra isə kişi hesab kartı ATM-dən çıxdıqdan sonra kartı götürüb çıxıb getmiş və o, kişi getdikdən sonra hesabdan çıxan 1048 manat pulu ATM bankamatından heç kim görmədən götürüb oradan uzaqlaşmışdır. Həmin törətdiyi cinayət barədə heç kimə məlumat verməmişdir. Kişinin kartından oğurladığı 1048 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs X3 sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, X6 08 fevral 2022-ci il tarixdə günorta saatlarında Mərdəkan qəsəbəsində olarkən maaşını çıxartmaq üçün S.Yesenin küçəsində yerləşən şirniyyat mağazasının qarşısında qurlaşdırılmış «Kapital Bank» terminalına yaxınlaşmışdır. Orada olan bir cavan oğlana maaşının çıxarılmasında ona köməklik etməsini bildirmişdir. Bundan sonra X6 maaş kartını terminala salıb şifrəni yığdıqdan sonra ona köməklik edən həmin şəxs bildirmişdir ki, bankomatda pul yoxdur, gedib başqa yerdən çıxarsın və kartı çıxardıb ona vermişdir. Bundan sonra X4 məlum olmuşdur ki, həmin şəxs onu aldadaraq kartından çıxan 1048 manat pulunu oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş X7 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 28 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X10 28 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X10 ilə zərər çəkmiş şəxs X6 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiasının xx.xx.2023-cü il tarixli, 1(103)-589/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nizmi rayon Məhkəməsinin X7 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkum edilməsinə dair 1(007)-372/2022 saylı, 23 dekabr 2022-ci tarixli hökmü cəza hissədə dəyişdirilmiş, A.Nəcəfliyə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməkə yüngülləşdirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə 11 ay 23 gün, cəmi 11 ay 25 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-116/2023 saylı hökmündən görünür ki, X10 Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq ona 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəzadan çıxılmış və A.Nəcəflinin üzərində 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. AR CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və A.Nəcəflinin üzərində qəti olaraq 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiasının xx.xx.2023-cü il tarixli, 1(105)-539/2023 saylı qərarından görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-116/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Hımin qərarda həmçinin göstərilmişdir ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur.Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X10 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən qeyd edir ki, X7 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X8 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hökmlərindən göründüyü kimi X10 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək 11 ay 23 gün, cəmi 11 ay 25 gün müddət həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə X8 cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və onun əvvəlki cinayət işləri üzrə həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti cəzaya hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci madəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Qeyd edilməlidir ki, A.Nəcəfliyə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən onun 11 ay 25 gün müddət həbsdə saxlanılması nəzərə alınaraq cəzası çəkilmiş hesab edilmişdir. Göründüyü kimi təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabərdir. A.Nəcəfli isə 11 ay 25 gün müddət həbsdə saxlanılmışdır. Yəni onun həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə münasibətdə daha çoxdur. Bu səbəbdən onun cəzası çəkilmiş hesab edilmişdir. Sumqayıt şəhər Məhkəməsi tərəfindən isə A.Nəcəfli 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq ona 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəzadan çıxılmış və A.Nəcəflinin üzərində 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. AR CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və A.Nəcəfliyə qəti olaraq 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Sumqayıt şəhər Məhkəməsi A.Nəcəfliyə cəza təyin edərkən Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını ona təyin edilmiş cəzadan çıxmışdır. Məhkəmə bildirir ki, həmin cəza A.Nəcəfli tərəfindən real olaraq çəkilməmişdir. Həmçinin onun həbsdə saxlanıldığı müddət çıxılan cəzaya münasibətdə daha çoxdur. Belə olan halda şəxsin həbsdə saxlanıldığı müddətin qalan hissəsinin (yəni 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay azadlıqdan məhrum edilmə cəzasına bərabər tutulmaqla qalan 05 ay 25 gün hissəsi) qəti cəzaya hesablanması hökmdən müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər”. Cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X8 təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən və ya tam toplanmalı, A.Nəcəflinin 11 ay 25 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılamalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X10 Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən X8 təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və 29 iyun 2022-ci il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 11 (on bir) ay 25 (iyirmi beş) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar