Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-906/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X8, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxslər X3, X4 və X1 iştirakları ilə X8 xüsusi ittiham qaydasında şikayətinə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X11 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X3, X1 və X4 cinayət əməllərindən məlumat almaq üçün DİN-ə sorğu göndərilməsini, özəl klinikada narkotik maddədən istifadə etmələrinin yoxlanılmasına dair qərardad qəbul edilməsini, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrində nəzərdə tutulmuş əməlləri, təqsirləndirilən şəxslər X7 və X5 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdirlər. Yaşadığı Zirə qəsəbəsi Qoşaqışlağ sahəsində boş torpaq sahəsini X2 7000 manata almış və öz vəsaitinə ev tikib orada yaşamışdır, qonşuları buna şahiddir. M.İlkinə etibarı olduğu üçün inanıb söz verdiyi sənədi ona vermədən evi tikmişdir. Sonradan ona saxta sənət gətirmiş və orada X1 adını görəndə İlkindən bu saxta sənədin nə olduğunu soruşmuş, bütün dələduz əməllərinin üstünü ört bastır etmək üçün üstünə böhtan atmışdır ki, guya əlini sindirmışdır. O, və az yaşlı övladı stress keçirtmiş, hər ikisində də panik-atak xəstəliyi əmələ gəlmiş, hətta onda zob xəstəliyidə əmələ gəlmişdir. İ.Pərvinin üzünü heç vaxt heç yerdə görməmişdir. Lakin İ.Pərvin məhkəməyə iddia yazaraq bildirmişdir ki, guya torpağı onlarla şərikli tikmiş və halallığını almışdır. Məmmədov Ədaləti də yalnız polis və məhkəməyə onu verəndən sonra tanımışdır. Lakin İlkinin əmisi olan M.Ədalət də yalandan məhkəmədə üstünə böhtan ataraq, evi şərikli tikməklə bağlı guya məsləhət gördüyünü demişdir. Bu insanların narkotik istifadəçisi olduğundan şübhələnir. Bu səbəbdən X3, X1 və X4 cinayət əməllərindən məlumat almaq üçün DİN-ə sorğu göndərilməsini, özəl klinikada narkotik maddədən istifadə etmələrinin yoxlanılmasına dair qərardad qəbul edilməsini. onların Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsi barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X11 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X6 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ış materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlamaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər Lakin, CM-nin 147 və 148-cı maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3, X1 və X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Ona görə də həmin əsasla xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittihamçı məhkəməyə ünvanladığı öz şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 ağır cinayətdə ittiham etməklə ona böhtan atdığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X4 ona böhtan atdıqlarını qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 ağır cinayətdə ittiham etməklə N.Lalayevaya böhtan atması və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X4 N.Lalayevaya böhtan atması barədə şikayət vermiş şəxsin ifadələrini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, şikayət məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı,adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3, X1 və X4 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X11 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43, 299, 300 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3, X1 və X4 cinayət əməllərindən məlumat almaq üçün DİN-ə sorğu göndərilməsi, özəl klinikada narkotik maddədən istifadə etmələrinin yoxlanılmasına dair qərardad qəbul edilməsi, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza verilməsi barədə ittiham hökmünün çıxarılması barədə X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-906/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-906/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver