Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-91/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə saat 01 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub həyətdəki evin arxa hissəsində qurlaşdırılmış 01 ədəd 32 litirlik 900 manat dəyərində kombi istilik aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 900 manat (doqquz yüz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Anar Bəxtiyarov tərəfindən istintaq aparılmış və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olduğundan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və iş üzrə məhkəməyədək istintaq aparmış Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılaraq müvafiq olaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ittiham aktı CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Belə ki, CPM-nin 289.2-ci maddəsinin tələbinə əsasən ittiham aktının giriş hissəsində iş üzrə nə vaxt, kimin tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirinin seçilməsi göstərilməlidir.Tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması göstərilsə də, həmin qətimkan tədbirinin nə vaxt və kimin tərəfindən seçilməsi göstərilməmiş, ümumiyyətlə cinayət işinin materiallarında həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarı olmamışdır.Eyni zamanda CPM-nin 289.3-cü maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilsə də, 11 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Xəzər rayon məhkəməsində baxılarkən cinayət hadisəsini törətməsini fiziki təsir altında etiraf etməsini bildirmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İstintaq orqanı tərəfindən bununla bağlı təqsirləndirilən şəxs yenidən dindirilmiş, dindirmə zamanı məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi zamanı özünün müdafiə üçün ona qarşı zor tətbiq edilməsini göstərdiyini bildirmişdir. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində isə təqsirləndirilən şəxsin özünü müdafiə üçün heç bir dəlil gətirməməsi göstərilmişdir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Bundan əlavə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin iki dəfə 09.08.2021-ci il və 09.12.2021-ci il tarixlərdə ifadəsinin yerində yoxlanılması ilə bağlı istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkətlərinin aparılması ilə bağlı müdafiəçiyə məlumat verilməsi ilə əlaqədar birinci məktubda tarix göstərilməmiş, ikinci məktubda tarix göstərilsə də, həmin tarix ifadənin yerində yoxlanılması haqqında protokolunun tarixi ilə üst-üstə düşmüşdür ki, bu da qeyd olunan məktubun formal olaraq cinayət işinin materiallarına əlavə edilməsinə dəlalət etmişdir. Yəni məktubun poçt vasitəsi ilə göndərilməsi və ya birbaşa müdafiəçi tərəfindən qəbul edilməsinə dair hər hansı qeydlər məktuba əlavə edilməmişdir. Hər iki ifadənin yerində yoxlanılması ilə bağlı istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmışdır. CPM-nin 7.0.17-ci maddəsində müdafiə sözünün anlayışı verilmiş, göstərilmişdir ki, müdafiə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmçinin həmin Məcəllənin 7.0.28-ci maddəsində birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi, barəsində cinayət hüquqi tədbirinin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin nümayəndəsi, onun müdafiəçisi və mülki cavabdehin müdafiə tərəfi olması göstərilmişdir. CPM-nin 92.3.1-ci maddəsində göstərilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.İfadənin yerində yoxlanılması ilə bağlı tərtib edilmiş protokollarda təqsirləndirilən şəxsin öz müdəfiəçisinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edibetməməsi ilə bağlı qeydlər verilməmiş, həmçinin müdafiəçinin qeyd olunan istintaq hərəkətində iştirak etmək arzusunda olub-olmaması göstərilməmişdir. Bununla da, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətin təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatətin təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 289.2-ci maddəsinə əsasən ittiham aktının giriş hissəsində - ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer, ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi, barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində - cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərərçəkmiş şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları göstərilir. Belə ki, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi və təqsirləndirilən şəxsin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanıldığı qeyd edilmişdir. Lakin iş materiallarından görünür ki, Xəzər rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Xəzər RPİ İstintaq Şöbəsinin müstəntiqi Ruhan Adilbəylinin 11 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi iş materiallarında öz təsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Xəzər rayon Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməsini fiziki təsir altında etiraf etməsini bildirmişdir. Daha sonra dindirmə zamanı məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi zamanı özünü müdafiə üçün ona qarşı zor tətbiq edilməsini qeyd etmişdir. Lakin ittiham aktının təsviri-əsaslandırıcı hissəsində isə təqsirləndirilən şəxsin özünü müdafiə üçün heç bir dəlil gətirməməsi göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin iki dəfə 09.08.2021-ci il və 09.12.2021-ci il tarixlərdə ifadəsinin yerində yoxlanılması ilə bağlı istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkətlərinin aparılması ilə bağlı müdafiəçiyə məlumat verilməsi ilə əlaqədar hər iki məktubun tarixi ifadənin yerində yoxlanılması haqqında protokolunun tarixi ilə üst-üstə düşmüşdür. Bu hal isə qeyd olunan məktubların formal olaraq cinayət işinin materiallarına əlavə edilməsinə dəlalət etmişdir. Həmin məktublarınn poçt vasitəsi ilə və ya birbaşa olaraq müdafiəçi tərəfindən rəsmi qəbul edilməsinə dair hər hansı bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Hər iki ifadənin yerində yoxlanılması ilə bağlı istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmışdır. Məhkəmə bu məsələyə münasibətdə qeyd edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Xəzər RPİ İstintaq Şöbəsinin müstəntiqi Ruhan Adilbəylinin 11 avqust 2021-ci il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin Xəzər rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmənin 20.10.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, habelə onun barəsində Xəzər rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,303,306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməsi və Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılması nəzərə alınsın. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-91/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-91/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver