Məhkəmə qərarları › İş №1(003)-923/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-923/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-923/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 iştirakı ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 tərəfindən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, faktiki yaşadığı ünvanın yaxınlığında zavodda işləyir. Zirə qəsəbəsində, təxminən sentyabr ayının 20-i, saat 13:00 radələrində zavodun giriş qapısında X14 və anası X2 nalayiq söyüşlərlə onu təhrik edərək, zavodun giriş qapısında cəhd etmək və onun həyatını, sağlamlığını zərər vurmağa çalışsalar da xidmət işçiləri şərait yaratmamışlar. Həmin anda zavodun işçiləri nahar yeməyinə gedirmişlər. Onları qapıdan uzaqlaşdırdıqdan sonra o, özünü çox pis hiss etdiyinə görə evinə qaçmışdır. Uşaqlarının, anasının, atasının uzun müddət ona dəstək olaraq, müalicələsini edəndən sonra özünü yarıcan hiss edərək 102 məlumatına müraciət edib şikayətini bildirmişdir. Şikayəti 1-ci Polis Bölməsində araşdırılaraq, X16ma qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddə 510 nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün protokol MN № ******* tərtib olunmuşdur. O bu protokolun cəzası ilə razı deyil. Çünki həmin hadisə onun həyətyanı torpağında olmamış, Zirə qəsəbəsində yerləşən zavodun giriş qapısında, bütün cəmiyyət içində ləyaqəti və şərəf ünvanına söylənən təhqiryana sözlər, böhtana və şantaja məruz qalmışdır. 2 aydan yuxarı xəstəliyə düçar olmuş, hələ də tam şəkildə sağalmamışdır. Bu xanım onu şantaj edərək, guya onun keçmiş həyat yoldaşı X3 ondan ayrılmasının səbəbkarı olmuş və hal-hazırda onunla bir ailə kimi yaşayır. Əlavə zavodun rəhbərliyi ilə onun cinsi əlaqədə olmağını ifşa edərək rüsvay edir. Artıq o X9 şantaj və böhtanının səbəbindən iş yerindən azad olunmuş və işsiz qalmışdır. Əlavə olaraq, onda olan məlumata görə, onun başqa insanlara qarşı da böhtan və şantajları keçmişdə olduğu kimi indi də davam edir. Ərizəsində əlavə sübutlar üçün rəsmi həyat yoldaşı X7 cavabdeh X11 qarşı Nur xanımın övladının adından atası Həsən Viktor adı silinməsi xx.xx.2021-ci ildə iş № 2-(003)-348/2021 tarixli qətnaməsi tam sübutlar üçün əsaslıdır və X4 qarşı mübahisəli ailə kimi tanınması qərarı və X6 qarşı əsassız dəfələrlə böhtan-şantaj xarakterli ərizələri və hal-hazırda vətəndaş Vüqara evini satdığı halda sonaradan başqa böhtan-şantajla danmağı Xəzər Rayon Məhkəməsinin müki iş üzrə Emil Rüstəmlinin icraatdadır. Növbəti ona qarşı mənəvi ziyan vuraraq inzibati xəta törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi İttiham Haqqında 147.1-ci maddənin və 148-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət qədər sübut və protokol verir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X9 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X1 İnci Elbrus qızının şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də CMP-nin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayət vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi), göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi,şikayətin verildiyi yer kimi məsələlər qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də şikayət tam əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Belə ki, istər verilmiş şikayət və ona əlavə edilmiş sənədlərdən, istərsə də şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasında verdiyi izahatdan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən ona qarşı CM-in 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi müəyyən olunmadı. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar