Məhkəmə qərarları › İş №1(003)-94/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-94/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-94/2021 03.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1955-ci il tarixdə Beyləqan rayonunda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evində keçmiş gəlini X6 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sonuncuya qəsdən əlləri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, ona ənsə nahiyəsinin fluktasiyaedici hematoması ilə xarakterizə olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin hal-hazırda Bakı şəhəri Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz evdə yaşayır. 2008-ci ildə oğlu X1 Ruhidə Natiq qızı ilə rəsmi nikaha girmişdir, həmin nikahdan iki övladları vardır, 2018-ci ildə onlar rəsmi olaraq boşanmışlar. Lakin məhkəmə Ruhidəyə onlarla bir evdə yaşamaq hüququ vermişdir deyə halhazırda Ruhidə onlarla birlikdə yaşayır. Aralarında mütəmadi olaraq mübahisələr düşür, Ruhidənin davranışları onların xoşuna gəlmədiyindən aralarında tez-tez mübahisələr düşür. Rüfət Ruhidədən boşandıqdan 6 ay sonra X3 ilə rəsmi nikaha girmişdir və bu nikahdan bir övladı vardır. Ailədə baş vermiş münaqişəyə son qoymaqdan ötrü həyətyanı sahəsində Ruhidə ilə problem yaşamamaq üçün ayrıca hamam və mətbəx düzəldirmiş. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində evə gələndə həyət qapısında iki nəfər şəxsin dayandığını görmüş, onlardan kim olmalarını, niyə gəldiklərini soruşmuş, dəqiq niyə gəldiklərini öyrənə bilməmiş, həmin şəxslər gəldikləri maşına əyləşib çıxıb getmişlər. Onlar getdikdən sonra həyətdə Ruhidə Rüfətin üstünə hücum çəkmiş, ona əl-qol atmışdır. O, tez onlara yaxınlaşmış, Rüfəti Ruhidədən ayırmış, Rüfətə oradan uzaqlaşmasını demiş, sonra isə Ruhidə onun üstünə hücum etmiş, yumruq və təpiklə bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Ruhidə ilə münaqişəsi 2-3 dəqiqə çəkmiş, onun bu hərəkətlərinə görə ucadan qışqırmış, Ruhidə qaçaraq öz otağına keçmışdir. Həmin vaxt evdə oğlu Rüfət və gəlini Günay da olmuşlar. Hadisədən sonra Rüfət 102 xidmətinə zəng edib hadisə barədə bildirmişdir. O, münaqişə zamanı Ruhidəni döyməmiş, ona heç əli ilə də toxunmamış və xəsarət yetirməmişdir. Əksinə, Ruhidə ilk olaraq Rüfətin üzərinə hücum etmiş, sonra isə onun üzərinə hücum etmişdir. Ruhidənin göstərdikləri tamamilə yalan, şər və böhtandır. Artıq onun 66 yaşı vardır, münaqişələrdən həmişə uzaq durmağa çalışır, bu hadisədə özünü təqsirli bilmir, ona görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır. X7 ilə 2008-ci ildə rəsmi nikaha girmiş, bu evlilikdən iki övladı vardır. Lakin 2018-ci ildə rəsmi ayrılmışlar. Məhkəmə qərarı ilə 2019-cu ilin sentyabr ayından iki övladı ilə birlikdə onlara məxsus evdə yaşamaq hüququ almışdır, Rüfət və anası Nənəş isə onun həmin evdə yaşamasını istəmirlər, bu səbəbdən evdə səbəbsiz yerə tez-tez mübahisələr düşür. Mübahisələrə əsas səbəb evin bölgüsü ilə əlaqədardır. Tələb edir ki, evin bölgüsündə payına nə düşür verilsin, başqa yerdə özünə şərait qursun. Nənəş və ailəsi bununla razı deyillər. O, bölgü ilə əlaqədar məhkəməyə mürciət etmiş, hal-hazırda işləri məhkəmədədir. Evin məhkəmə yolu ilə bölünməsini istəyirlər. Ona görə Nənəşin həyətdə qanunsuz tikinti aparılmasına razı deyil, bu barədə aidiyyəti orqanlara müraciət etmişdir. Son mübahisə xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində bu mövzuda düşmüşdür. Belə ki, həmin gün evdə olmuş, onun qanunsuz tikinti barədə müraciəti ilə əlaqədar Qala kənd sovetindən onların həyətinə gəlmişlər. Həmin şəxsləri özü qarşılamış, həyətdə gedən tikintini özü onlara göstərmişdir. Bu zaman Nənəş gəlmiş, özünü öldürəcəyi ilə hədələmiş, gələn şəxslərdən həyəti tərk etməyi tələb etmişdir. Gələn şəxslər özlərini təqdim etmişlər və tikintinin qanunsuz olmasını izah etməyə çalışmışlar. Lakin Nənəş, oğlu Rüfət buna narazılığını bildirərək demişlər ki, kim gəlir-gəlsin, bu tikinti davam edəcək, sökülməyəcək. Bu zaman aralarında sözlə mübahisə düşmüş, gələn şəxslər onların sözlə mübahisə etdiklərini görüb həyətdən çıxıb getmişlər. Onlar gedəndən sonra Nənəş üzərinə hücum çəkmiş, saçına əl atmış, yolmağa başlamışdır. Bu zaman Nənəş ilə əlbəyaxa olmuş, həmin vaxt Nənəşin oğlu Rüfət də üzərinə hücum etmiş, Nənəş ilə əlbəyaxa idi deyə, sağ boyun nahiyəsinə iki dəfə yumruqla zərbə vurmuş, sağ ayağına isə bir neçə dəfə təpiklə vurmuşdur. Sonra isə Rüfətin yeni arvadı Günay evdən həyətə düşmüş, Rüfəti ondan aralamış, daha sonra isə Günay və Nənəş onu yumruq-təpiklə döyməyə başlamışlar. Onların əlindən canını qurtarıb evə qaçmışdır. Hadisə təxminən 5-10 dəqiqə çəkmiş, evə keçəndən sonra Nənəş ardıyca gəlmiş, arxa tərəfdən boyun nahiyəsindən saçından əlləri ilə tutub özünə tərəf dartmışdır. Orada yenə Nənəş ilə əlbəyaxa olmuşdur. Bu hadisə təxminən 2-3 dəqiqə çəkmişdir. Sonra hadisə barədə polisə rəsmi müraciət etmişdir. Ona boyun nahiyənin sıyırığı və ənsə nahiyənin hematomasını isə yumruqla, əl zərbələri ilə Nənəş yetirmişdir. Nənəş ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Ruhidə Şabıyeva hadisə zamanı saçından tutub yolduğunu, bədəninin müxtəlif yerlərinə əli ilə zərbələr endirdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1046 saylı rəyindən görünür ki, R.N.Şabıyevanın bədənində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin fluktasiyaedici hematoması, boynun sıyrığı, ağrı sindromu ilə müşayiət olunan boynun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən ənsə nahiyəsinin fluktasiyaedici hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir: boynun sıyrığı, ağrı sindromu ilə müşayiət olunan boynun yumşaq toxumalarının əzilməsi isə istər birlikdə, istərsə də ayrı ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, R.Şabıyevanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə məsuliyyətə cəlb edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-116/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü müdafiə üçün baş vermiş dava-dalaş zamanı Ruhidə Şabıyevanı vurmadığını, ona xəsarət yetirmədiyini dəlil gətirsə də, lakin qeyd etdiyi dəlillər istintaq materialları ilə təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, 66 yaşının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X8 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 ümumilikdə 3 iş saatına görə cəmi 18,00 (on səkkiz) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 8 iş saatına görə cəmi 48,00 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 ümumilikdə 18,00 (on səkkiz) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 48,00 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar