Məhkəmə qərarları › İş №1(003)-95/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-95/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-95/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təbrizoviçin iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1997-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəi, 42 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maligin küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,355 qram narkoyik vasitə metamfetamini 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisindən 10 manata almaqla əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsinə daşımışdır. 16 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Xəzər rayonu ərazisində xidmət aparan polis əməkdaşları tərəfindən bilavasitə şübhə yarandığından o, qeyd olunan ünvanda saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dörd il olar ki, narkotik vasitə və pisixotrop maddədən istifadə edir. 16 avqust 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin günü saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsində olan zaman iki nəfər polis əməkdaşı yaxınlaşaraq onu Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş ilə üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da üzərində olan bir büküm metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, X1 Alayında polis serjantı vəzifəsində işləyir. 16 avqust 2022-ci il tarixdə, saat 16 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını və psixotrop maddənin təsirində olduğunu zənn edib həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğu müəyyən olunduqdan sonra onu 1-ci Polis şöbəsinə gətirərək növbətçi hissəyə raportla təhvil vermişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selefona bükülmüş bükülünü təqdim edərək içərisində metafetamin olduğunu və öz istifadəsi üçün Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid X1 Alayının polis serjantı Şahid2 Ehtibar oğlu Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli, 6/4586 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,305 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 03 noyabr 2022-ci il tarixli, 6580 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1997-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 19 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmənin hökmü və göstəriş 01 iyun 2022-ci il tarixdə icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs cəzasının 2 ay 09 gün hissəsini çəkmiş, 2 il 3 ay 19 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 3 (üç) ay 19 (on doqquz) gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 3 (üç) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 16 avqust 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 16 avqust 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Cavidan Allahverdiyevin 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,305 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,305 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təbrizoviç Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 3 (üç) ay 19 (on doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,305 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təbrizoviç Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi Təbrizoviçə ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar