Məhkəmə qərarları › İş №1(003)-97/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-97/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-97/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Rzaguliev Namikin iştirakları ilə, 07 mart 1979-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Gürcüstan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gürcüstan Respublikası, Dmanisi rayonu, Hamamlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, fərdi yaşayış evində müvəqqəti yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Rzaguliev Namikin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Rzaguliev Namik Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Namik Rzaguliev qanunla müəyyən edilmiş qaydada dövlət sərhədini keçə bilmədiyindən, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədilə 15 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən «Heydər Əliyev» X7 sərhəd nəzarəti şöbəsinə özgəsinin, yəni Azərbaycan Respublikası vətəndaşı X1 adına verilmiş, X2 anket məlumatları olan, lakin öz fotoşəkli vurulmaqla saxtalaşdırılmış P1762918 nömrəli pasportu bilə-bilə sərhəd nəzarətinə təqdim etməklə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu hərəkətləri ilə Namik Rzaguliev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Rzaguliev Namik ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, 1979-cu ildə Gürcüstanının Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuş, hərbi xidmətdən təxris olunduqdan sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, 2002-cü ildə rəsmi nikaha daxil olmadan Arzu Aslanova ilə ailə həyatı qurmuş, nikahdan Pərinisə Aslanova və İlkin Aslanov adlı övladları anadan olmuş, 2011-ci ildə Günay Bayramova ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş və bu nikahdanda 2012-ci ildə Alxan Aslanov adında oğlu anadan olmuşdur. Rusiya Federasiyasının Saratov, Moskva və Sankt-Peterburq şəhərlərində müxtəlif vaxtlarda restoranlarda aşpaz kimi fəaliyyət göstərmiş, Rusiya Federasiyasında daimi qeydiyyatda olmamışdır. O, 2015-ci ildə Gürcüstana deportasiya olunmuş, 2016-cı ildə təyyarə ilə Gürcüstandan Ukraynaya getmiş, övladları Rusiya Federasiyasında yaşadığı üçün məcbur qalıb qanunsuz yolla Ukraynadan Rusiya Federasiyasına keçmiş, bir il sənədsiz Rusiya Federasiyasında yaşamış, sənədsiz yaşamaq çətin olduğu üçün azərbaycanlı olduğundan Azərbaycan Respublikasının vətəndaşlığına keçmək üçün 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə getmiş, səfirliyin qarşısında tanımadığı azərbaycan dilində danışan bir nəfər ona yaxınlaşmış, problemini soruşmuş, o da Azərbaycan Respublikasında atasının rəhmətə getdiyini, azərbaycanlı olduğunu və Azərbaycan Respublikasına getmək üçün sənəd almaq istədyimi bildirmiş, həmin şəxs ondan 20000 rus rublu və foto şəkil almış, təxminən 4-5 saat sonra P1762918 nömrəli içərisində fotoşəkli olan pasportu ona vermişdir. Pasportu aldıqdan sonra Rusiya Federasiyasında yaşamış, 17 avqust 2022-ci il tarixdə Petrozavodsk şəhərində polis tərəfindən saxlanılmış, Rusiya Federasiyasında yaşayış icazəsi olmadığı üçün qanunsuz miqrantların saxlanılması mərkəzinə aparılmış, 19 avqust 2022-ci il tarixdə məhkəmədə ona təyyarə bileti aldığı halda Azərbaycan Respublikasına tez gedə biləcəyi deyilmiş, o da 15 sentyabr 2022-ci il tarixdə 0731 saylı Sankt-Peterburq–Bakı aviareysinə bilet alaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, Heydər Əliyev X7 sənədləri rəsmiləşdirmək üçün pasportu sərhəd naryadına təqdim etdikdən sonra saxlanılmışdır. X10 P1762918 nömrəli papsortun əldə edilməsində Qələndər Rzaquliyevin məlumatının olmadığını qeyd etmişdir. İlk dəfə cinayət törətdiyini, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, ailəli olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “HƏBA” SNŞ-də zabit nəzarətçisi X8 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən saat 09:00dan xx.xx.2022-ci il saat 09:00-dək «X9 Aeroportunda» sərhəd nəzarəti şöbəsinin Terminal 1 uçub gəlmə zalında “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2022-ci il tarixdə saat 17 radələrində «X9 Aeroportunda sərhəd nəzarəti şöbəsinin Terminal 1 uçub gəlmə xəttində «sənədlərin yoxlanışı sərhəd naryadı xidmətində olan gizir Şahid2 Həsən qızı ona R-0731 saylı Sankt Peterburq-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı X2 təqdim etdiyi P1762918 nömrəli pasportu rəsmiləşdirilən zaman pasportun məlumat səhifəsinə saxtalaşdırma ehtimalı olduğunu demiş, o da pasporta təkrar baxış keçirtmiş, pasportun saxtalaşdırılma şübhəsi ilə bağlı aidiyyəti üzrə məruzə etmiş, daha sonra, əslində həmin şəxsin Namik Rzaguliev olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “HƏBA” SNŞ-də nəzarətçisi Şahid2 Həsən qızı şahid X4 verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 5/1136 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X2 adına verilmiş P1762918 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş papsortunun (1-ci vərəqdən başqa) blankı xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş X2 adına verilmiş P1762918 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş papsortunun 1-ci vərəqi axınlı printerdə çap edilmişdir, “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, dövlət sərhədini üzərində özünəməxsus fotoşəkili olan özgəsinə məxsus P1762918 nömrəli posportu ilə keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuş Rzaguliev Namikin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 28 iyun 2022-ci il tarixdə Rzaguliev Namik Azərbaycan Respublikası CM-nin 318.1 maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Rzaguliev Namik Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1979-cu il təvəllüdlü Namik Rzaguliev arxiv məlumatlarına görə ambulator və stasionar məhkəmə - psixiatrik ekspertizasından keçməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Rzaguliev Namikin əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Rzaguliev Namik tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” İş materiallarından görünür ki, Rzaguliev Namik 15 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Rzaguliev Namikin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Rzaguliev Namik dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi X2 adına olan P1762918 nömrəli pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Rzaguliev Namikdən 53,65 (əlli üç manat altmış beş qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Rzaguliev Namik Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Rzaguliev Namik xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılsın. Rzaguliev Namikin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Rzaguliev Namik hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Cinayət işi materiallarında saxlanılan Rzaguliev Namik dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi X2 adına olan P1762918 nömrəli pasport iş materiallarında saxlanılsın. Cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Rzaguliev Namikdən 53,65 (əlli üç manat altmış beş qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Rzaguliev Namikin hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar