Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-99/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1996-cı ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Cəsur” düşərgəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,466 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi xalis çəkisi 0,251 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 12 noyabr 2021-ci il tarixdə, saat 06:30-da Təqsirləndirilən şəxs Əlahiddə X5 11-ci Patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Tolstoy küçəsində saxlanılaraq 1-ci Polis şöbəsinə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 2 il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 12 noyabr 2021-ci il tarixdə şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsindən 20 manat pula 01 büküm heroin və 01 büküm metamfetamin almışdır. 12 noyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Tolstoy küçəsi ilə yaşadığı «Cəsur» düşərgəsinə tərəf gedərkən üç nəfər mülki geyimdə şəxs avtomobildən düşüb yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə polis əməkdaşları video çəkiliş ilə üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif etmişlər. O, da üzərində olan heroini və metamfetamini könüllü olaraq təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 Ehdibar oğlu ifadəsində göstərdi ki, Əlahiddə X5 11-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 12 noyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində iş yoldaşları Şahid3 və Şahid2 ilə birlikdə «9677» çağırışlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Tolstoy küçəsində xidmətdə olmuşlar. Bir nəfər şəxsin özünü şübhəli apardığını və avtopatrulun sayrışan işığını görüb qaçmağa başladığını görüb avtomobildən düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirdiyi üçün onu 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün 1-ci PŞnin rəisinə raportla müraciət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının arxa sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 ədəd bükümü təqdim edərək bükümlərin birində heroin, digərində isə metamfetamin olduğunu və öz istifadəsi üçün Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, polis şöbəsinə gətirərkən və üzərində axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq etməmişlər. Məhkəmə iclasında şahidlər Əlahiddə X5 11-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 Ehdibar oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Şəxsi axtarış aparılması haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Əlahiddə X5 11-ci Patrul Bölüyünün polis nəfərləri Şahid1, Şahid2, Şahid3 və Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd bükümü təqdim edərək həmin bükümlərdən birindəki maddənin narkotik vasitə heroin, digərində olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün 12 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Şahin Mustafayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Video görüntü 04 dəqiqə 33 saniyə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 6/5014 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində: «Azərbayjan Respublikası DİN Zərflər üçün №157» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...» yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,466 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,251 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayjan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına heroindən 0,05 qram sərf edildikdən sonra 0,416 qram, psixotrop maddə metamfetamindən 0,05 qram sərf edildikdən sonra 0,201 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin Ambulator X1 26 noyabr 2021-ci il tarixli, 4702 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 01 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1996-cı ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 13 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 mart 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Neman Şirinovun 07 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,416 qram və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,201 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,416 qram və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,201 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkilə ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,416 qram və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,201 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-99/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-99/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver