Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-99/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Lerik rayonunun Almu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X1 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə saxta sənəddən istifadə etməklə təqdim etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi, yəni Abşeron rayonu, X2 üzrə xx.xx.2000-ci il tarixli, 16 nömrəli əmrdən çıxarışı istintaqa məlum olmayan vaxtda və yerdə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, həmin saxta sənəddən bilə-bilə istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində həmin sənədi təqdim edib yaşadığı Binə qəsəbəsi, X3 sahəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin 0.015 ha torpaq sahəsini sonuncuya satacağına inandırmaqla onun etibarından sui-istifadə edərək aldatmaqla qeyd olunan tarixdə yaşadığı evin həyətində əvvəlcə 200 (iki yüz) manat məbləğində pulu, bundan bir gün sonra isə eyni ünvanda 2.900 (iki min doqquz yüz) manat məbləğində pulu aldadaraq alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3.100 (üç min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Şahid isə atasıdır. Atası Zakirdən 2000 manat pul borc almış, həmin pulu borc alan zaman onlara torpaq sahəsi satmaq barədə hər hansı razılaşma aparmamışdır. Sonradan pulu qaytara bilmədiyi üçün demişdir ki, yaşadığı evin həyətindən pulun yerinə torpaq sahəsi versin. Onlar razılaşmışlar. Lakin sonra o, torpaq sahəsini ölçən zaman həmin sahənin evinin pilləkanına gəlib çıxdığını görmüş, bu səbəbdən də torpaq sahəsi verməkdən imtina edərək onlara bir az gözləmələrini, pullarını qaytaracağını demişdir. O, nə bacısı Gülnara, nə də atasına heç bir sənəd verməmiş, onlara torpaq satmaq niyyəti olmamış, bu məqsədlə də onlardan pul almamışdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, törətdiyi əməldən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Zərərçəkmiş şəxs ilə barışmasının və ona dəymiş ziyanın tamamilə ödənilməsinin nəzərə alınaraq onun barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini, təqsirləndirildiyi digər maddələrlə isə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayan anasının evində yığıncaqda olan zaman orada özünə Binə qəsəbəsində torpaq sahəsi almaq istəməsi barədə söz bildirmiş və qardaşı Rauf bildirmişdir ki, onun özünə aid yaşadığı həyət evinin bir sot yarımını ona sata bilər, həmin torpaq sahəsinə görə Rauf ondan 3.000 manat pul istəmiş və onlar razılaşmışlar. Həmin vaxt Rauf ona demişdir ki, əlavə olaraq 100 manat sənəd üçün vermək lazımdır və Rauf ondan 200 manat beh istəmiş, o da atası Zakirin işitirakı ilə Raufa 200 manat vermişdir. Səhəri gün təkrarən qardaşı Raufun yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi Kanalın yaxınlığında yerləşən evində 2.800 manat pulu yenə də atası Zakirin iştirakı ilə Raufa vermişdir. Təxminən iki həfdə sonra o, qardaşına zəng edib ona satdığı torpaq sahəsini hasara almaq istədiyini bildirmiş, Rauf isə buna icazə verməyəcəyini bildirmişdir. Belə olduqda o, ondan pulunu istəmiş, Rauf pulu qaytarmaqdan və torpağı satmaqdan imtina etmişdir. Raufa ümumilikdə 3100 manat pul vermiş, Rauf ona torpağa aid sənəd verib sənədə görə ondan 100 manat pul almış, sonradan həmin sənədin saxta olduğunu bilmişdir. Rauf polisdə pulu borc kimi aldığını yalandan göstərmişdir. Məhkəmə iclasının sonunda Zərərçəkmiş şəxs göstərdi ki, ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Gülnar onun qızı, Rauf isə oğludur. 2022-ci ilin aprel ayında Gülnar ona demişdir ki, Raufdan öz yaşadığı evin torpaq sahəsindən 0.015 ha torpaq sahəsi almaq istəyir. Onlar birlikdə Raufun yaşadığı evə getmişlər. Orada Raufla birlikdə torpaq sahəsini ölçmüşlər, həmin vaxt o, Raufdan sənəd istəmiş, Rauf isə 100 manat pul almışdır ki, torpaq sahəsinə dair sənəd versin. Bundan iki gün sonra Gülnar Raufa onun iştirakı ilə olaraq 200 manat, səhəri gün isə 2.800 manat pul vermişdir. Gülnar Raufa ümumilikdə 3100 manat pul vermişdir. Həmin vaxt Rauf demişdir ki, “gətir daşını tök və evini tik”. Lakin bundan bir neçə gün sonra Gülnar ona zəng edib demişdir ki, Rauf torpaq sahəsini vermir. Bundan sonra o, dəfələrlə Raufa zəng edib demişdir ki, bacına qarşı belə hərəkət etmə, lakin ona xeyri olmamışdır. Bu səbəbdən də o, qızına demişdir ki, get Rauf barədə polisə məlumat ver. Gülnarın istintaqa təqdim etdiyi Abşeron Rayon X2nun 09 dekabr 2000-ci ilə dair 16 nömrəli əmrdə 08 dekabr 2000-ci ildə Zərərçəkmiş şəxs sovxozda işləməsi və ona 0.015 ha torpaq sahəsi verilməsi barədə sənədi 100 manat müqabilində Rauf onlara təqdim etmişdir, Gülnar 2000-ci ildə onlarla bilrikdə Lerik rayonunun Almu kəndində yaşamış və heç vaxt Südçülük Sovxozunda işləməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli H-569 nömrəli məktubunda göstərilmişdir ki, Abşeron rayonu X2nun 2000-ci ilədək olan dövrünün sənədləri saxlanılması üçün rayon Dövlət arxivinə təhvil verilməmişdir. 2000-ci ildən sonrakı dövrün sənədləri isə Abşeron rayon Dövlət arxivnə təhvil verilmədiyi üçün Zərərçəkmiş şəxs adı aşkar edilməmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 06 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə etiraz etmir. İş materiallarında olan müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlaması, bilə-bilə saxta sənəddən istifadə etməklə təqdim etməsi, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin, şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tam əhatə olunduğundan və bu maddə ilə təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin xaric edilməsini xahiş etdi. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 08 dekabr 2000-ci ildə Zərərçəkmiş şəxs sovxozda işləməsi və ona 0.015 ha torpaq sahəsi verilməsi barədə hüquq verən Abşeron Rayon X2nun 09 dekabr 2000-ci ilə dair 16 nömrəli əmrinin saxta olduğunu bilə bilə ondan istifadə etmək məqsədi ilə onu Zərərçəkmiş şəxs satmışdır. Zərərçəkmiş şəxs 2000-ci ildə ailəsi ilə bilrikdə Lerik rayonunun Almu kəndində yaşamış və heç vaxt Südçülük Sovxozunda işləməmişdir. İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və ondan istifadə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltidini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməni nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tam əhatə olunduğundan ona verilmiş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 99/2023 saylı 10 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına görə onun barəsində Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsi tətbiq edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf edərək peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanunun sanksiyasının hüdudları daxilində cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 31 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 11 saat) cəmi 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona verilmiş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5500 (beş min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş 5500 (beş min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-99/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-99/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver