Məhkəmə qərarları › İş №1(004)-10/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-10/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-10/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Abullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağstafa rayonunun Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ağstafa rayonunun Göyçəli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yeni sahədə yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq ələ keçirmək məqsədi ilə 24 avqust 2022-ci il tarixdə "xxxx" MMC-nin işçisi kimi Zərərçəkmiş şəxs sifarişi əsasında Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 23 ünvanında yerləşən evdən sonuncuya məxsus müxtəlif növ əşyaların ünvan 2 ünvanına daşınmasını həyata keçirmiş və həmin ünvanın blokunda daşıdığı əşyaların yerləşdiyi qutunun içindən 3400 manat dəyərində 01 ədəd 2020-ci il buraxılışlı, 1 TB yaddaşa malik “Apple 11 Pro” markalı planşeti və 600 manat dəyərində 01 ədəd ipad Pro 11 inç (1, 2 və 3 nəsil) klaviatur kabronu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında "xxxx" yükləyici kimi işə düzəlmişdir. Bir çox ünvanlara sifarişlər üzrə gedir, yüklərin yüklənməsi, daşınması, boşaldılması xidmətlərini göstərirmiş. 2022-ci ilin avqust ayının sonlarında sifariş üzrə digər iş yoldaşları Aqil və Elmirlə birlikdə Xətai rayonu Neapol dairəsinin yaxınlığında bir evə getmiş və oradan müəyyən yükləri yükləyərək Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evə gətirmişlər. Yükləri yük avtomobilindən boşaldıb evə aparan zaman blokda heç kimin olmadığından istifadə edərək 01 ədəd Apple 11 Pro markalı planşeti klaviaturla kabrosu ilə birlikdə götürərək köynəyinin altında gizlətmişdir. Yükləri boşaltmış və artıq işi başa çatmaq üzrə olduğundan heç kim hiss etməmişdir ki, köynəyinin altında nəsə var. Bundan sonra onlar işi qurtarmış və oradan uzaqlaşmaq üçün avtomobilə əyləşdikdə o yalandan Aqil və Elmirə demişdir ki, onun başqa işi var, sizinlə gedə bilməyəcəyəm, ona görə də siz gedin, o özü gedər. Aqil və Elmir şirkətə aid avtomobillə getmişlər, o isə oradan birbaşa “20 Yanvar” metrostansiyasınm yanma getmişdrm. Orada təxminən 1 saat telefon mağazalarının ətrafında planşeti satmaq üçün müştəri axtarmışdır. Sonradan təxminən 25- 27 yaşlarında tanımadığı bir oğlana planşeti 500 manata satdığım bildirmişdir. Pləmin oğlan planşetə baxmış və kimin olduğunu soruşmuşdur. O da yalandan demişdir ki, planşet onundur, pula ehtiyacı olduğu üçün satır. Pləmin oğlan 400 manata ala biləcəyini demiş və o da razılaşmışdır, planşeti 400 manata satmış və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 20 gün sonra şirkətdən ona zəng edib müştərinin şikayət etdiyini demişlər. O və sifarişə getmiş digər 2 əməkdaş oraya gəlmiş, görmüşlər ki, planşetini oğurladığı oğlan şikayətə gəlib, şirkətin əməkdşaı Böyükağa onlarla söhbət edən zaman o etiraf etmişdir ki, planşeti oğurlamışdır. Planşetin harada olduğunu soruşduqda yalandan demişdir ki, girov qoyub 400 manat pul götürüb, ondan şikayət etməsinlər, qısa vaxt ərzində planşeti qaytaracaq. Bilərəkdən belə demişdirki, planşetin pulunu düzəltməyi üçün sahibi ona vaxt versin. Lakin həmin vaxt Böyükağa şirkətin digər əməkdaşına 400 manat pul vermiş və ona demişdir ki, bir yerdə gedin, həmin 400 manat pulu verin, planşeti girov qoyduğun şəxsdən götürüb gəlin, sahibinə qaytaraq, sonra biz özümüz hesablaşarıq. O çarəsiz qalıb yalandan razılıq vermişdir. O şirkətin əməkdaşı ilə oradan uzaqlaşmışdır. Yalandan telefonla danışdığı görüntüsü yaratmış və sonra demişdir ki, adama zəng çatmır. Bundan sonra o şirkətin əməkdaşına demişdir ki, sən şirkətə qayıt, mən evə gedirəm, ailə üzvlərimə vəziyyəti izah edib məsələni həll edəcəyəm. Sonradan evə gedib bu barədə ailəsinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, planşetin sahibi Əziz adlı şəxs ondan polisə şikayət etmişdir. Ailəsi ilə birlikdə Əzizlə görüşmüş və Əziz bildirmişdir ki, ona 2000 dollar ziyan dəyib. O Əziz adlı şəxsə 500 manat ödəmiş, qalan pulu ödəyə bilməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə kirayə yaşadığı Xətai rayonu, Neapol dairəsi 23 ünvanında yerləşən mənzildən özümə məxsus əşyaları kirayə tutduğu Yasamal rayonu, Şərifzadə küçəsi 162a, mənzil 80 ünvanına daşımaq üçün “Bizim Yük” şirkətinə müraciət etmişdir. Şirkətə məxsus “Ford Transit” markalı, qeydiyyat nişanına fikir vermədiyi avtomobildə 1 sürücü və 2 yükdaşıyan gəlmişdir. Yükdaşıyanlar onun icazəsi ilə evə daxil olaraq əşyaları yığmış və yükləri avtomobilə yüklədikdən sonra birlikdə Yasamal rayonu, Şərifzadə küçəsi 162a, mənzil 80 ünvanına gəlmişlər. Orada həmin yükləri boşaltmış və onun icazəsi ilə evə qaldırmışlar. Həmin gün o təcili Zaqatala rayonuna getməli olduğu üçün əşyaları evə yığdıqdan sonra onları yerləşdirmədən evdən çıxmış və getmişdir. 12 sentyabr 2022-ci il tarixdə o Zaqatala rayonundan evə qayıtmışdır. Əşyalarını yerləşdirən zaman ona məxsus 2020-ci il buraxılışlı, 1 TB yaddaşa malik Apple 11 PRO MAX markalı planşetin və klaviaturlu kabrosu ilə birlikdə yerində olmadığını görmüşdür. Bu vaxt əşyalarının arasında daha diqqətlə axtartmağa başlamışdır. Lakin tapa bilmədikdə başa düşmüşdür ki, əşyalar yük daşıması əməkdaşları tərəfindən oğurlanıb. Bundan sonra həmin şirkətə getmiş və bu barədə məlumat vermişdir. Orada məsələni araşdıranda məlum olmuşdur ki, yük daşıyanlardan biri Təqsirləndirilən şəxs Yasamal rayonu, Şərifzadə küçəsi 162a, mənzil 80 ünvanının qarşısında yükləri yük avtomobilindən götürən zaman həmin planşeti klaviaturlu kabro ilə birlikdə oğurlamışdır. O həmin şəxsdən əşya barədə maraqlandıqda Babək bildirmişdir ki, həmin planşeti oğurladığı gün axşam vaxtı tanımadığı şəxsə 500 manata satmışdır. Bundan sonra o polisə şikayət etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş 4500 manat zərərdən yalnız 500 manatı qaytarılmışdır. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, “Bizim yük” yükdaşıma şirkətində dispetçer işləyir, şirkət yüklərin daşınması, evakuasiyası və mebellərin sökülüb-yığılması kimi xidmətlər göstərir. 12 sentyabr 2022-ci il tarixdə şirkətin baş ofisindən ona məlumat vermişlər ki, Əziz adlı müştəri bir neçə gün öncə mənzilinə edilən yükdaşıma zamanı ona məxsus planşetin oğurlandığım bildirir. Bundan sonra o həmin müştəri ilə telefon əlaqəsi yaratmış, anket məlumatları, ünvanınına aid məlumatları alaraq təklif etmişdir ki, şirkətə yaxınlaşsın məsələni aydınlaşdıraq. Adətən çox vaxt müştərilər yalandan bu tipli məlumat verirlər. Bundan sonra həmin müştərinin yükdaşımasını etmiş əməkdaşların kim olduğunu dəqiqləşdirdikdən sonra həmin əməkdaşlarla söhbət etdikdə məsələ barədə onda müəyyən şübhələr yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs ad-soyadlı əməkdaşın davranışı və bir-birinə uyğun gəlməyən sözləri onu daha da şübhələndirmişdir. Nəhayət, sonda Babək müştərinin evindən planşet oğurlandığını etiraf etmiş və bildirdi ki, planşeti üzdən tanıdığı, lakin adım bilmədiyi şəxsə 400 manata satıb. Bu vaxt həmin müştəri də şirkətin ofisinə yaxınlaşmışdır. O müştəriyə vəziyyəti izah etmiş və bildirmişdir ki, Babək adlı şəxs planşeti kimə satıbsa şirkət həmin şəxslə əlaqə yaradaraq öz hesabına planşetin pulun ödəyib geri alacaq və sizə qaytaracaq. Əziz adlı müştəri razılaşmış və bildirmişdir ki, planşeti geri qaytarılacağı təqdirdə şikayət etməyəcək. O şirkətin adım xatırlamadığı və hal-hazırda şirkətdə işləməyən əməkdaşına 400 manat pul vermiş, bildirmişdir ki, Babək adlı şəxslə birlikdə gedib planşeti satan şəxsi tapıb pulu ödəsinlər və planeşti götürüb şirkətə gətirsinlər. Həmin əməkdaş Babəklə birlikdə getmiş və Əziz adlı müştəri şirkətdə gözləmişdir. Təxminən 1 saat sonra həmin əməkdaş tək geri qayıtmış və bildirmişdir ki, Babək adlı şəxs planşeti satan şəxsin olduğu yer barədə ona məlumat verməyərək çıxıb getmişdir. Həmin əməkdaş 400 manat pulu qaytarmış və o Əziz adlı müştəriyə bildirmişdirm ki, bu barədə polisə şiakyət etsin və polis məəsləni tam araşdırsın. Bundan sonra Əziz adlı şəxs DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə polis bölməsinə getmişdir. Onlar Təqsirləndirilən şəxsla olan əmək müqaviləsinə xitam vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin tödildiyi yer ünvan 4 ünvanında yerləşir. (İ/V. 8-10). “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01-02). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 48-49). “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 62-64). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7574 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Apple 11 Pro markalı planşetin (İpad) satış üçün komplektləşdirilməsinə daxil dilən aksessuarların olmamamsı, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqyst ayına olan orta orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1500 manat və 01 ədəd İpad Pro 11 inç (1, 2 və 3 nəsil) üçün Logitech 9CİS) Combo markalı klaviatur kabro 300 manat müəyyən edilir. (İ/V. 27-29). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (İ/V. 32-33). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılıb məhkəmə istintaqına cəlb olunanadək dayandırılmışdır. (İ/V. 163-164). Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Kislovodsk şəhər DİO tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını bildirməsini, ilk dəfədir ki cinayət məsuliyyətinə cəlb edilməsini, eləcə də vurulmuş zərərin qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eləcə də iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-377/2023 saylı, 4 iyul 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 4 iyul 2023cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilməklə hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar