Məhkəmə qərarları › İş №1(004)-101/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-101/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-101/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Otmanoba kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə X3 məxsus və müvafiq etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 280” minik markalı Az 90UF906 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında yerləşən yolla Yeni Yasamal qəsəbəsi istiqamətində saatda 20 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, habelə, həmin tələbə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələbləri pozaraq, piyadanın yolun kənarı ilə düzünə hərəkətdə olmasını nəzərə almalı və əvvəlcədən yolun kənarı ilə düzünə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbirləri görməli olduğu halda bunu etməyərək, avtomobilin sağ qabaq təkəri ilə həmin yolla eyni istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs sol ayağının topuq nahiyəsinin üzərinə çıxmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bayır topuğun apeksinin sınığı xəsarəti ilə müşayiət olunmuş, dərəcəsinə görə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 7 ildir ki Bakı şəhərində yaşayır və “xxxx” MMC-də qeyri-rəsmi olaraq kondisioner ustası işləyir. Yay fəsli ilə əlaqədar kondisionerlərin təmiri ilə bağlı xeyli sayda sifariş götürdüyü üçün daimi olaraq “Rent-A-Car”dan avtomobil icarəyə götürüb idarə edir. Avtomobil idarə etməsinə dair etibarlılıq müddəti xx.xx.2029-cu il tarixə kimi olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Bununla bağlı olaraq 2020-ci ilin iyun ayında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Rent-A-Car”dan günü 20 manat olmaqla, “Mercedes Benz E 280” markalı Az ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb idarə etməyə başlamışdır. Hazırda həmin avtomobili özəlləşdirişdir və avtomobil öz mülkiyyətindədir. O, ibtidai istintaq zamanı ifadə verərkən ittiham üzrə özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir. Belə ki, xx.xx.2020-ci il tarixdə yaşadığı məhəllədə laqonda ilə dəmir borunu kəsərkən borudan çıxan dəmir parçaları onun gözünə düşdüyündən və ağrıdığından, eləcə də gözü sulandığı üçün damcı formasında dərman istifadə edərək həmin damcını gözünə tökməyə başlamışdır. O, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes Benz E 280” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu 2-ci Alatava qəsəbəsi ilə gediş və gəlişdən ibarət yolda öz hərəkət zolağında üzü Yeni Yasamal qəsəbəsi istiqamətində saatda 20 km sürətlə hərəkətdə olarkən “Raul” marketə az qalmış məsafədə 55-60 yaşlarında bir nəfər kişinin adi yerişlə əllərində zibil torbası ilə hasarın kənarı ilə, yəni avtomobilinin sağ hissəsi ilə hərəkət etdiyini 3 metr məsafədən görmüşdür. Qaranlıq olduğu üçün həmin şəxsin hansı istiqamətdə hərəkət etməsi çətin olduğundan ibtidai istintaq zamanı piyadanın əks istiqamətdə hərəkət etməsini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin piyada onunla eyni istiqamətdə onun önündə hərəkət etmişdir. O, həmin şəxsə çatanda piyadanın onun idarə etdiyi avtomobilin sağ hissəsinin kənarında yerə yıxılmasını görmüş və avtomobili bir qədər qarşıda yolun kənarında saxlayaraq həmin şəxsə yaxınlaşmışdır. Həmin piyadanı ilk dəfə orada görmüş və onun adının Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs yerdən qalxmış və ayağını çəkə-çəkə “Raul” marketə tərəf getməyə başlamışdır. Dərhal o, Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu yaxınlıqda yerləşən bərbərxanaya aparmışdır. Həmin vaxt tanımadığı şəxslərdən kimsə “Raul” marketdən buz gətirərək Zərərçəkmiş şəxs sol ayağına qoymuşdur. Onun gözləri həmin vaxt narahat olduğundan bərbərxanada işləyən tanımadığı saç ustasına yaxınlaşaraq göz damcısını gözünə tökməsini xahiş etmişdir. Bərbər isə onun xahişi ilə damcını onun gözünə tökmüş və o, orada bildirmişdir ki, gözünə dəmir qırıntıları düşdüyü üçün göz damcısından istifadə edir. Daha sonra o, Vüqar adlı tanışını hadisə yerinə çağırmış və sonuncunun köməkliyi ilə Zərərçəkmiş şəxs Respublika Klinik Xəstəxanasına aparmışlar. Orada Zərərçəkmiş şəxs sol ayağına gips qoyulmuş və sol ayaqda çat olması müəyyən edildiyindən oradan da Elmi Tədqdiqat, Travmotologiya və Ortopediya İnstitutuna gəlmişlər. X1 Abbaslı müayinə olunmuş və sonradan evinə aparıldıqda sonuncu yolda onun dostu Vüqardan polisə şikayət etməməsi üçün 300 manat pul istəmişdir. Ertəsi gün o, dərman alaraq Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və dərmanı verdikdən sonra sonuncu ondan Travmotologiya İnstitutundakı onu müayinə edən həkimin nömrəsini tapıb verməsini xahiş etmişdir. O, həkimin nömrəsini tapacağına söz verərək Zərərçəkmiş şəxs evindən çıxmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək həkimin nömrəsi ilə maraqlandıqda, o sonuncuya bəzi işlərini olduğundan bununla maraqlana bilmədiyini demişdir. Zərərçəkmiş şəxs isə ona artıq hadisə barədə polisə şikayət verdiyini bildirmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs nə onu, nə də ki yaxınlarını öz evinə qəbul etməmişdir. O, avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs onun hansısa ad günündə spirtli içki qəbul etməsi barədə söylədikləri əsassızdır. Eyni zamanda o, Zərərçəkmiş şəxs iddia tələbini isə qəbul etmir. Belə ki, o zərərçəkmiş şəxsin xəstəxana xərclərini özü ödəmiş, eyni zamanda bir neçə dəfə zərərçəkmiş şəxsin evinə getsə də, sonuncu onu qəbul etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs ondan ümumilikdə 17.530 manat pul tələb etməsinin heç bir əsası yoxdur. Belə ki, Zərərçəkmiş şəxs öz tələbini əsaslandıran heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də zərərçəkmiş şəxsin iddiasının təmin edilməməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, törətdiyi əməldən səmimi peşman olasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin xəstəxana xərclərini ödəməsini nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu 2-ci Alatava küçəsi, ev 3 A mənzil 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və 3 övladı vardır. xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində zibil tullamaq üçün yaşadığı evdən çıxmış və 2-ci Alatava küçəsi ilə yolun kənarındakı hasarın yanı ilə Yeni Yasamal qəsəbəsi istiqamətində “Raul” marketə tərəf piyada şəkildə getməyə başlamışdır. Həmin vaxt hava qaranlıq olmuş və o, tək olmuşdur. Piyada hərəkətdə olduğu küçə 2 zolaqlı olmaqla gediş-gəlişdən ibarət olmuşdur. O, əlində zibil tullantıları olan sellofanla yolun kənarındakı hasarın yaxınlığı ilə gedərkən arxadan gələn avtomobilin təkəri onun sol ayağının üzərindən keçmiş və həmin avtomobil bir qədər qabağa gedərək yolun kənarında dayanmışdır. O, həmin avtomobilin “fiolet” (bənövşəyi) rəngli “Mercedes” markalı olduğunu görmüşdür. Əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi həmin avtomobilin sürücüsü ona yaxınlaşmış və kömək edərək onu yaxınlıqda olan bərbərxanaya aparmışdır. O, Təqsirləndirilən şəxs “korsan niyə yola baxmırsan” ifadəsini işlətdikdə sonuncu isə cavabında qarşıdan gələn avtomobil onun üzərinə sürdüyündən avtomobili sağa idarə etmiş, avtomobil sağa istiqamətləndiyi üçün onu yolun kənarında görmədiyini və ayağının üzərindən keçdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kondisioner ustası olmasını, gözünə dəmir parçası batdığı üçün həmin nahiyədən zədə almasını və bu baxımdan gözünə dərman tökdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs cibindən dərman çıxararaq bərbərdən dərmanı onun gözünə tökməsini xahiş etmiş, bərbər isə aldığı dərmanı Təqsirləndirilən şəxs gözünə tökmüşdür. Eləcə də, tanımadığı şəxs ona buz gətirmiş və sol ayağına qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ad günü şənliyindən gəlməsini və bir qədər də spirtli içki qəbul etməsini ona bildirmişdir. Sahilin zəngindən sonra tanımadığı bir nəfər şəxs onların yanına gəlmiş və onu ilk olaraq Respublika Klinik Xəstəxanasına aparmışlar. Orada ayağını rentgen edərkən sol ayağında sınıq olmasını öyrənmişdir. Ayağında sınıq müşahidə olunduğu üçün sonradan onlar Elmi Tədqiqat, Travmatologiya və Ortopediya İnstitutuna gəlmişlər. Təqsirləndirilən şəxs orada ondan şikayətçi olmamasını xahiş etmişdir. Travmatologiya İnstitutunda onun sol ayağının topuq hissəsində sınıq olmasını aşkar edilmiş və həmin nahiyəyə gips qoyulmuşdur. Təqsirləndirilən şəxs davamlı xahiş etdiyi üçün sonuncudan şikayətçi olmamış və həkimlərə dəmir borunu təmir edərkən borunun ayağının üzərinə düşdüyünü bildirmişdir. xx.xx.2020-ci il tarixdə Sahilə zəng edərək həkimin mobil telefon nömrəsini verməsini istədikdə sonuncunun laqeydlik nümayiş etdirməsini görmüş və bu baxımdan 102 Xidməti Zəng Mərkəzinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat verərək şikayətçi olmuşdur. Təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Eyni zamanda mülki iddiasını müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Şahid məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2019-cu il tarixdən Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi, D.Bünyadzadə küçəsində yerləşən bərbərxanada saç ustası kimi işləyir. 2020-ci ilin avqust ayının sonlarında saat 20:00 radələrində o, bərbərxanada olmuş və müştəri olmadığı üçün televizora baxmışdır. Həmin vaxt küçədən qışqırıq səsini eşidib D.Bünyadzadə küçəsinə çıxmış və qonşuluqda yaşayan, lakin adını bilmədiyi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin yaxınlıqda yerdə yıxılmış vəziyyətdə olduğunu görmüş və yanındakı şəxsə “ay bala kor idin, məni niyə vurdun” kimi ifadələr işlətdiyini eşitmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq yardım etmək istədikdə sonuncunun yanında dayanan, əvvəllər tanımadığı, lakin sonradan hadisəni törədən sürücü olduğunu və adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ondan Zərərçəkmiş şəxs bir qədər bərbərxanada oturmasını xahiş etmişdir. O, ona razılıq verdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoluna girərək bərbərxanaya doğru gəlişdir. Bu zaman o, təxminən 5-6 metr aralıda dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı “fiolet” (bənövşəyi) rəngdə olan avtomobilin yolun kənarında olmasını müşahidə etmişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs bərbərxanada əyləşdirmişlər. Zərərçəkmiş şəxs həmin vaxt sol ayağının topuq hissəsini əli ilə ovuşduraraq Təqsirləndirilən şəxs “korsan niyə yola baxmırsan” ifadəsini işlətmişdir. Təqsirləndirilən şəxs isə cavabında qarşıdan gələn avtomobil onun üzərinə sürdüyündən öz avtomobilini sağa idarə etdiyini, bu baxımdan avtomobil sağa istiqamətləndiyi üçün Zərərçəkmiş şəxs yolun kənarında görmədiyini və ayağının üzərindən keçdiyini bildirmişdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs gözündə problem olduğunu bildirmiş və cibindən çıxardığı dərmanı ona uzadaraq həmin dərmanı gözünə tökməsini xahiş etmiş, o isə dərmanı Təqsirləndirilən şəxs gözünə tökmüşdür. Sonradan kimsə bərbərxanaya buz gətirərək Zərərçəkmiş şəxs sol ayağının topuq nahiyəsinə qoymuşdur. Bir qədər sonra bərbərxananın qarşısına Təqsirləndirilən şəxs dostu gəlmiş və onlar Zərərçəkmiş şəxs ilə birlikdə xəstəxanaya getmək üçün oradan çıxmışlar. Avtoqəzadan sonra, eləcə də hazırki vaxta qədər o, bu hadisə barədə heç kimdən soruşmamış və maraqlanmamış və heç kimdən də bir söz eşitməmişdir. Bərbərxanada olarkən Təqsirləndirilən şəxs ad günü şənliyindən gəlməsi və bir qədər də spirtli içki qəbul etməsi barədə heç bir söz eşitməmiş, ümumiyyətlə onun yanında belə bir söz və danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs yaxınlığında dayansa da, sonuncunun nəfəsindən spirtli işki qəbul etməsinə dair heç bir iy və qoxu gəlməmiş, görünüşə və danışığına görə də spirtli içki qəbul edən şəxs kimi görünməmişdir. Hadisəni birbaşa görməsə də, sonradan ona məlum olmuşdur ki, hadisə Zərərçəkmiş şəxs əlindəki zibil torbalarını təxminən 100-150 metr qabaqdakı zibil qabına atmaq üçün onun bərbərxanasının yaxınlığından keçərkən, yəni Təqsirləndirilən şəxs avtomobillə getdiyi istiqamətdə gedərkən baş vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya» Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 129 saylı rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol bayır topuğun apeksinin sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsi nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir (i/v 32-33). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1803 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz E280” markalı, 90UF906 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir (i/v 77-79). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E280” markalı, 90UF906 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, eyni zamanda Şahid qismində ifadəsi alınarkən çəkilmiş videogörüntü olan 1 ədəd diskin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i/v 131-143). İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AE seriyalı, 924683 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və xx.xx.2029-cu il tarixədək etibarlıdır (i/v 19). İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, № 016-118783-1220 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1992-ci iltəvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “BC” kateqoriyalı AE 924683 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur (i/v 111). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 38-39). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 170-171). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E280” markalı, 90UF906 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə addi sübut kimi tanınmış Şahid qismində ifadəsi alınarkən çəkilmiş videogörüntü olan 1 ədəd disk iş materiallarında saxlanılalı, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 101/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs sağlamlığına vurulmuş az ağır zərər nəticəsində müalicə olunmasına görə çəkdiyi 1500 (bir min beş yüz) manat, bundan sonra davam olunacaq müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, sanatoriya-kurort müalicəsinə çəkəcəyi 3.000 (üç min) manat, hər ay orta hesabla 2000 (iki min) manat olmaqla itirdiyi gəlirin əvəzi olaraq 8000 (səkkiz min) manat, mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirməyilə bağlı 5000 (beş min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumununcəmi 17 530 (on yeddi min beş yüz otuz) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 280” (minik) markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi D. Bünyadzadə küçəsi ilə eyni istiqamətdə hərəkətdə olarkən 3 saylı evin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, sol ayağının topuq nahiyəsinin üzərinə çıxmış, nəticədə ehtiyatsızlıqdan onun sol bayır topuğun apeksinin sınığı xəsarəti ilə müşayiət olunmuş dərəcəsinə görə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına “az ağır” zərər vurulmasına səbəb olmaqla yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Əliyev X4 Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi nəticəsində onun sağlamlığına vurmuş olduğu az ağır zərər nəticəsində o, müalicə olunmasına görə 1500 (bir min beş yüz) manatadək pul xərcləmişdir. Bundan sonra da davam olunacaq müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, sanatoriya-kurort müalicəsilə əlaqədar 3.000 (üç min) manat vəsaitə ehtiyac vardır. Eyni zamanda işləmədiyi dörd ay müddətində hər ay orta hesabla 2000 (iki min) manat olmaqla 8000 (səkkiz min) manat miqdarında qazancını itirmişdir. Bunlardan əlavə, ona az ağır dərəcəli bədən xəsarəti yetirildiyindən mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirmişdir ki, bu səbəbdən ona 5.000 (beş min) manat məbləğdə mənəvi zərər vurulmuşdur. Hesab edir ki, zərərçəkmiş olaraq ona vurulmuş maddi və mənəvi ziyan cinayət hadisəsini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddia ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq mülki iddiaçı Zərərçəkmiş şəxs müalicə olunmasına görə 1500 (bir min beş yüz) manatadək pul xərclədiyini, sonrakı müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, sanatoriya-kurort müalicəsilə əlaqədar 3.000 (üç min) manat vəsaitə ehtiyacının olmasını, eyni zamanda işləmədiyi dörd ay müddətində hər ay orta hesabla 2000 (iki min) manat olmaqla 8000 (səkkiz min) manat miqdarında qazancını itirməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs maddi ziyanla bağlı tələbi təmin edilməməlidir. Eyni zamanda Zərərçəkmiş şəxs ona 5.000 (beş min) manat məbləğdə mənəvi zərər vurulmasını bildirsə də bununla bağlı tutarlı dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mülki iddiaçı iddia tələbində cavabdehin təqsiri nəticəsində mənəvi sarsıntı, iztirablar keçirdiyini bildirsə də, bütün bunları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz E280” markalı, 90UF906 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə addi sübut kimi tanınmış Şahid qismində ifadəsi alınarkən çəkilmiş videogörüntü olan 1 ədəd disk iş materiallarında saxlanılsın. Mülki iddiaçı və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar