Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-101/2024 21.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, ailəli, ünvan 1 ünvanında qediyyatda olan və yaşayan, cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Yeni Yasamal” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 25 aprel 2023-cü il tarixdə saat 13.20-də Yasamal RPl-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda ilkin olaraq özünü təqsirli bilməyərək göstərmişdir ki, Onu evdə tutublar. Qapını sındırıb içəri giriblər. Üzərində narkotik vasitə olmayıb, sadəcə sağlamlığı yerində olmayıb deyə həmin vaxt narkotik vasitəni üzərinə götürmüşdür. Üzərində heroin yox idi. Narkotik vasitəni istifadə etmişdir. Əvvəllər CM-in 234.1-ci maddə isə ilə məhkum olunub, ona cəza olaraq 8 ay azadlıqdan məhrumetmə cəzası verilib. Amnistiya ilə cəzadan azad olunmuşam. Narkotik vasitəni bölmədə qoydular onun cibinə. Xeyr, şikayət etmədi polis əməkdaşlarından. Yekunda eməlini etiraf etmiş, səmimi peşman olmasını, ailəli olmasını və himayəsində 1 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixində daxil olmuş əməliyyat məlumatına əsasən N.Rəşadın barəsində cinayət əməlini ifşa emək üçün əməliyyat qrupu yaradılmışdır. ünvan 4 ünvanını qarşısında olan zaman yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyətini müəyyən edib PB-nə gediblər, PB-də üzərinə şəxsi axtarış keçirən zaman üzərində qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüşdür. İstintaq zamanı verdiyi ifadəni tam şəkildə təsdiq edir. Rəşadı əvvəllər heç vaxt tanımamış, onunla heç bir qəsd-qərəzi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən bir il bundan qabaq, aprel ayında onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Rəşad adlı şəxs narkotik vasitələrin istifadəsində şübhəlidir. Onlar da bununla bağlı rəhbərliyə məruzə etmişdirlər, tədbir qurmuşlar, şəxsi yaşadığı Yasamal rayonunda saxlamışlar, bölməyə gətirib təhvil vermişlər. Əməliyyat qrupunun rəhbəri özü idi. Keçirilən əməliyyat tədbirinin heç bir adı olmayıb. Vətəndaş narkotik vasitələri istifadəsində şübhəli olduğu üçün məlumat daxil olub, o da onu raportla rəisə məruzə etdi, rəis də əməliyyat qrupu yaradıb, qrupun rəhbəri onu seçib və o da həmin tədbiri müəyyən olunmuş tarixdə həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 İsfəndiyar oğlu ifadəsində göstərmişdir ki, keçən il aprel ayında onlarda baş əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur ki, Rəşad qanunsuz olaraq narkotik vasitələri əldə edir və istifadə edir, bununla bağlı raportla rəhbərliyə məruzə olunmuşdur, əməliyyat tədbirləri barədə qərar qəbul olunmuşdur, əməliyyat keçirmişlər, Rəşadı Alatavada ünvanının qarşısında saxlamışlar, özlərini təqdim etmişlər, şöbəyə gətirmişlər, üzərinə baxış keçirmək üçün vəkil də dəvət olunmuşdur, vəkilin iştirakı ilə özü təqdim etmişdir ki, üzərində narkotik vasitə var idi, bununla bağlı videoçəkiliş də var. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-13-53-2/2-720 saylı, 26 aprel 2023-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168“ dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs təqdim etdiyi maddə; Təqsirləndirilən şəxs-imza, iştirakçılar: dörd-imza, Təhqiqatçı: Çingiz Qurbanov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,704 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkorik vasitəheroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 4603 saylı, 20 iyul 2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 2 dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmişdir. Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 7(057)-561/2021 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. İş materiallarında olan AR ƏN PX-nin 05 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli, 3-16-xx/xx/2880/2024 saylı məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli aminstiya qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixdə 05 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilsinlər. Həmin Qərarın 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Həmin Qərarın 36-cı bəndinə əsasən alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Hazırda cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən ilk öncə şəxsin əməlində residivin olub-olmaması müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinin təsiri altına düşərək ona cəzaçəkmə müəssisəsi tərəfindən amnistiya tətbiq edilmiş və Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl azad edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs hökmlə təyin olunan məcburi müalicənin müəssisədə tamamlamaq mümkün olmadığı üçün cəzaçəkmə müəssisəsi təqdimatla məhkəməyə müraciət etmiş və Salyan Rayon Məhkəməsinin 7(057)-561/2021 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. Həmin qərardan apellyasiya protesti və ya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl cəzadan azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs barədə amnistiya tətbiq edilmiş, amnistiya aktı ilə çəkilməmiş cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. Belə olduğu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu amnistiya aktına əsasən götürülmüş və hazırda onun əməli cinayətin residivi hesab olunmur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli X5 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını və himayəsində 1 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 16 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,654 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-101/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-101/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver