Məhkəmə qərarları › İş №1(004)-102/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-102/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-102/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yasamal rayonu Tbilisi prospekti 31/66 ünvanında yerləşən Aztelekom şirkətinə məxsus yataqxanada yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan xx xxx 2020-ci il tarixdə saat 23 radələrində idarə etdiyi qardaşı Şahid1 istifadəsində olmuş Şahid2 məxsus “Renault Tondar” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən Bravo marketin qarşısından keçən yolda saatda 60 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək yolu sağdan sola keçən edən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq sol tərəfi ilə vuraraq sonuncuya sol bayır topuğun və sağ bazu sümüyünün böyük qabarının qapalı yerdəyişməyən sınığı kimi xəsarətlərlə müşahidə edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “Az Ağır” zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə, saat 23 radələrində qardaşı Turalın taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü “Renault Tondar” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşını Ayna Sultanova heykəlinin yaxınlığından götürüb üzü 20 yanvar istiqamətində hərəkət etmişdir. O avtomobili təxminən 60 km/saat surətlə idarə edərək 3-cü mikrorayon dairəsindən üzü Tbilisi prospekti istiqamətinə sürüb, daha sonra isə həmin prospektə çatdıqda sağa dönüb üzü 20 yanvar dairəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt yolun sağ tərəfində olan “Bravo” marketin qarşısında yolun hərəkət istiqamətində “Opel” markalı avtomobilin dayandığını və həmin avtomobilin qaşısından bir cavan oğlanın piyada hərəkət edərək yolu keçdiyini görmüşdür. Bunu gördükdən sonra idarə etdiyi avtomobilin sükanını sağa tərəf döndərmişdir ki, həmin oğlanı vurmasın. Lakin avtomobilin buferinin sol tərəfi ilə həmin oğlanı vurmuşdur. Həmin vaxt qorxduğu üçün avtomaşını saxlamadan idarə etməyi davam edərək “Şamaxinka” adlanan ərazidə binaların arasında saxlamış, qorxduğu üçün evə gəlməmiş və həmin gecəni avtomobilin içərisində yatmış, səhər oyandıqdan sonra evə gəlmişdir. Bundan sonra qardaşı ona zəng edərək “məhləyə polis əməkdaşlarının gəlməsini bildirib ondan maşınla adam vurmasını” soruşmuş və o həmin hadisə barədə qardaşına danışmışdır. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə dostları ilə birlikdə bağdan qayıdan zaman evə bazarlıq etmək məqsədi ilə “20 yanvar” adlanan ərazinin yaxınlığında yerləşən “Bravo” marketə getmişdir. Həmin vaxt dostları onu yolun o biri tərəfində gözləmişlər. Təxminən saat 23 radələrində bazarlıq edib həmin marketdən çıxıb yolu keçən zaman sola baxanda ağ rəngli avtomaşının yaxınlaşmasını və təxminən aralarında 4 metr məsafə qalmasını görmüşdür. Həmin avtomaşın qabaq sol tərəfi ilə onun sol ayaq nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o yerə yıxılmış, həmin avtomaşın isə hərəkəti dayandırmayaraq sürüb getmişdir. Ona arxadan gələn avtomaşınların sürcüləri köməklik etmişlər. Həmin vaxt ağrını hiss etməmiş, lakin evə getdikdən sonra ayağında ağrılar olduğu üçün «semaşko» xəstəxanasına müraciət etmişdir. O həmin vaxt onu vuran avtomaşının markasını bilməmişdir. Sadəcə olaraq həmin avtomaşının ağ rəngdə olmasını bilmiş və həmin zaman arxadan gələn avtomaşınlar onu vuran maşının CF 091 dövlət qeydiyyat nişanlı avtomaşın olmasını bildirmişlər. Sonradan onu vuran şəxsin Vüsal adlı şəxs olduğunu bilmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət, tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Renault Tondar” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşını xx xxxxxx 2020-ci il tarixdə Şahid2 hissə-hissə ödəniş etmək şərti ilə almışdır. Rəşad ona həmin avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. xx xxx 2020-ci il tarixdə “Karl Marks” adlanan yerin yaxınlığında dostu gildə olan zaman qardaşı Vüsal ona zəng edərək avtomaşının ona lazım oluduğunu bildirib, onu götürmək istədiyini demişdir. O cavab olaraq Vüsala avtomaşını dostu gilin həyətində saxladığını və açarı benzin çəninin qapağının altında qoyacağını demiş və sonuncuya işlərini bitirdikdən sonra evə qayıdan zaman onuda götürməsini xahiş etmişdir. Lakin təxminən 1 saat sonra Vüsala zəng etsədə sonuncu onun telefon zənginə cavab verməmişdir. xx xxx 2020-ci il tarixdə səhər saat 10 radələrində Vüsal ona avtomaşını təhvil vermişdir. Təxminən 1 saat sonra 29-cu PŞ-dən ona zəng edərək polis şöbəsinə çağırmışlar. Orada olan zaman ona məlum olmuşdur ki, Vüsal ona məxsus ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşınla bir gün əvvəl yəni, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Bravo marketin qarşısında piyada vurulmuş və hadisə yerindən qaçmışdır. Bundan sonra o qardaşı Vüsala zəng eləmiş və sonuncu ona “hadisənin onun tərəfindən törədilməsini, lakin qorxduğu üçün ona bu barədə deməməsini” bildirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə heç bir ziyan dəyməmişdir. Qardaşı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmaması barədə əvvəlcədən məlumatı olmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 92-94-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Renault Tondar” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsus olmuş və halhazırdada onun adınadır. Həmin avtomaşını ilkin ödəniş olduqdan sonra Tural adlı şəxsə satmışdır və Tural hər ay üçün günü 20 manatdan olmaqla ona pul ödəməli olmuş və pulu tam ödədikdən sonra avtomobil Turala qalmalı olacaqdır. Lakin Tural bir neçə ay pulu ödəsədə sonradan pulu ödəyə bilməmişdir. 2020-ci ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində avtomaşının cərimə meydançasında olmasından xəbər tutmuşdur. Turalın yaşadığı evə getmişdir. Həmin vaxt Turalın anası ilə görüşmüşdür. O, Turalın müharibəyə getdiyini bildirmişdir. Sonra isə avtomobili cərimə meydançasından çıxardıb ona verəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra o avtomobili gedib götürmüşdür. Həmin avtomobil ilə Turalın qardaşı Vüsalın adam vurmasını eşitmişdir. Hadisə nəticəsində avtomobilə heç bir ziyan dəyməmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Vüsaldan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, “Renault Tondar” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol buferində əzikizi aşkar olunmuşdur. (i.v. 7-10) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə Yasamal rayonu, Tbilisi prospektində “Bravo” marketin qarşısında 20 yanvar dairəsi istiqamətində yolun sağ hərəkət zolağında baş vermişdir. Hadisə yeri yaşayış məntəqəsinə daxil olmaqla surət həddi 60 km/saat həddində müəyyən edilmişdir. Hadisə baş verən küçə bir tərəfli hərəkət istiqamətlidir. Hərəkət istiqamətində dörd hərəkət zolağı vardır. Hərəkət zolaqlarını ortadan ağ qırıq xətlər ayırır. Hərəkət istiqamətinin eni 12 metrdir. (i.v. 29-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxxx 2020-ci il tarixli 100 nömrəli ekspert rəyindən görünür ki, X1 adına təqdim olunmuş tibbi sənədə əsasən onun almış olduğu xəsarətlər – sol bayır topuğun və sağ bazu sümüyünün böyük qabarının qapalı yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. (i.v. 43-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 8/1677 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, Renault Tondar markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığı üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 68-71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2020-ci il tarixli 016-109619-1220 nömrəli məktubdan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib və sürücülük hüququ məhdudlaşdırılmış şəxslər siyahısında onun haqqında hər hansı informasiya mövcud deyil. (i.v. 72) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Yasamal rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli məhkəmə-tibbi ekspertizasının 100 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 8/1677 nömrəli rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi tanınmalıdır. “Renault Tondra” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşın maddi sübut kimi tanınmış və sahibi Şahid2 qaytarılmışdır. (i.v. 152-164) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 58) Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 95) Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 140-142) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs oğlunun məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən o təqsirləndirilən şəxslə barişmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvəllər məhkum olmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində onlara dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (CM 59.1.12, 59.1.13 və 59.2) Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə və 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə və 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Bu zaman CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona azadlıqdan məhrumetmə cəzasını cəza təyin edilməsini məqsədə müvafıq hesab edir. Belə ki, CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Renault Tondra” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 100 (bir yüz) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1-ci maddələrinə əsasən təyin edilmiş əsas (2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) və əlavə cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Renault Tondra” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Şahid2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabınaköçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar