Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-104/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:10 Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittihamçı: X9, Xüsusi ittihamçının nümayəndəsi və vəkili: “Qanunçuluq” Vəkil Bürosunun vəkili Nümayəndə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X2, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 27 mart 1979-cu ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də proqram əlaqələndiricisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə bağlı hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X4 05 oktyabr 2024cü il tarixdə “Youtube” sosial platformasında onun barəsində “Bağışla Elza bağışla məni, təlxəklər şou-biznesə lazımdı, meymunlar lazımdı, prosta pulzuzsan da, pulnan oynayan meymunlar lazımdı. Ağzını aç tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır, bu dəlinin qabağını almırlar, o şeirləri hansı dibiloy şeriyatına soxa bilərsən. İfaçı kimi zay, ....” sözlərini işlətmiş, Roza Allahverdiyevanın işlətdiyi cümlələrdə istifadə etdiyi “təlxək”, “dəli” və “zay” sözləri ilə onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq təhqir etmişdir. Bu səbəbdən məhkəmədən Roza Allahverdiyevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Elza Qasımovanın məhz 5 oktyabr 2024-cü il tarixdə məlum “Podkast” ın yayılması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini təsdiq edən sənədlər və ya digər məlumatlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, “Youtube” sosial platformasında və “Tiktok” sosial şəbəkəsində məhz iddia olunan “Roza Zərgərli ilə sözün düzü Baylarsoylar podkast №5” başlıqlı 05 oktyabr 2024-cü il tarixli videoçarxın yayılana qədər və yayılandan sonra Elza Qasımovanın iştirakı ilə “Youtube” sosial platformasında və “Tiktok” sosial şəbəkəsində olan videoçarxların, məqalələrin “şərhlər” hissələrinə diqqət yetirərkən tam aydın və qeyd-şərtsiz şəkildə müəyyən olunur ki, Elza Seyidcahan kimi tanınan X10 barəsində yazılan “şərhlər” də ümumiyyətlə heç bir fərqin mövcud olmamışdır.Onun E.Qasımovanı təhqir etmək kimi bir fikri olmamışdır, verlişdə ona verilmiş müxtəlif mövzularla bağlı olan sualları o, cümlədən xüsusi ittihamçı ilə bağlı suallar verilmiş və onun tərəfindən cavablandırılmışdır. Digər tərəfdən qeyd etmişdir ki, həmin verlişdə xüsusi ittihamçının müəllifi olduğu məlum şeiri tənqid etməklə bərabər onun müəkəmməl bəstəkar olduğunu, şair kimi bal olduğunu və ifaçı kimi zay olduğunu bildirməklə onu həm tərifləmişəm həm də təhqir deyil tənqid etmişəm. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 ədəd CD diskdən görünür ki, həmin kompakt diskdə “Whatsapp Video 2024-11-14 at 15:28:32 (2)” başlıqlı videoda X2 aşağıdakı məzmunda çıxışı vardır: “Ağzını aç tüpürüm, tüpürcəyim bal dadır. Sən özün, bu adamın başı işləmir, nə oldu, deputat olurdun, İlhamə nətər qarğışlayıbsa sənə yerindən tərpənə bilmirsən. O dünyada səni gözləyir. Yəni olmaz, çünki sən nə mənim bədənimi, nə sənətimi, aykümü müzakirə edəcək dibiloy deyilsən, ümumiyyətlə sən din strukturuna girə bilməzsən, dinə itaət edən din strukturunda olanlar hara baxırlar, bu dəlinin niyə qabağını almırlar. Sən nətər Allah mənə deyir.... bu şeirləri hansı dibiloy şeiriyyata soxa bilərsən. Sən Allahın adını o formada ağzına ala bilərsən. Mən Elzanı bəstəkar kimi, deyir igidi basdır, amma haqqını tapdalama, bəstəkar kimi mükəmməl bəstəkardı, ifaçı kimi zay, şair kimi bal (gülür), bəstəkar kimi doğurdan mükəmməl bəstəkardır, Arif müəllimin sinfinə gedib, bir çox yəni görkəmli insanların tələbəsi olub, doğurdanda bəstəkar kimi ona hörmət edirəm, amma tolka bəstəkar kimi, qalan hamısı dırnaq içərisində”. Məhkəmə ekspertiza mərkəzinin 04 iyun 2025-ci il tarixli 4/630 saylı rəyindən görünür ki, X2 “Bağışla Elza bağışla məni, təlxəklər şou-biznesə lazımdı, meymunlar lazımdı, prosta pulsuzsan da, pulnan oynayan meymunlar lazımdı”, “Bu adamın başı işləmir”, “dinlə məşğul olan adamlar hara baxır, bu dəlinin qabağını almırlar”, “ifaçı kimi zay” məzmunlu cümlələr ümumi konteksdən yanaşmaqla şəxsiyyətin şərəf və ləyaqətini alçaldan sözlər, ifadələr, məlumatlardır. İş materiallarına əlavə edilmiş videogörüntülərdə təqsirləndirilən şəxs X2 müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlədilmiş “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün NALAYİQ məzmunlu hesab edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X2 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə X3 qarşı irəli sürülmüş CM-nin 148-ci maddəsilə ittihama münasibətdə qeyd edir ki, R.Allahverdiyevaya CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından bəraət verilməlidir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Qeyd olunanlardan göründüyü kimi, hər hansı bir şəxsin əməlini cinayət qanununun müvafiq maddəsində nəzərdə tutulmuş təhqir cinayəti kimi qiymətləndirilməsi (tövsif edilməsi) üçün onun hərəkət və ya hərəkətsizliyinin məzmununda mütləq mövcud olmalı şərt kimi qarşı tərəfə münasibətdə bildirdiyi fikirlər, söylədiyi sözlər həmin şəxsin şərəf və ləyaqətini məhs NALAYİQ formada qəsdən alçaldılması halının mövcud olmasıdır. Əks halda CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərtləri mövcud olmur. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini özündə əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. X2 CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, xüsusi ittihamçı qeyri-müəyyən olan sübutları və mülahizələri əsasında ittiham irəli sürmüşdür və belə olan halda məhkəmə istintaqı zamanı ittiham tərəfinin təqdim etdiyi yeganə sübut olan CD diskdə olan görüntü - əsasında məhkəmə linqvistik ekspertizası təyin etmişdir. Ekspertiza qarşısında - iş materiallarına əlavə edilmiş diskə baxış keçirilməklə təqsirləndirilən şəxs X2 “Bağışla Elza bağışla məni, təlxəklər şou-biznesə lazımdı, meymunlar lazımdı, prosta pulsuzsan da, pulnan oynayan meymunlar lazımdı. Ağzını aç tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır, bu dəlinin qabağını almırlar, o şeirləri hansı dibiloy şeriyatına soxa bilərsən. İfaçı kimi zay,” məzmununda səsləndirilmiş fikirlərdə, cümlələrdə istifadə etdiyi sözlərin məzmununda (bildirilmiş fikrə ümumi konteksdə yanaşmaqla) səxsiyyətin (hər hansı bir şəxsin) şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlər (ifadələr, məlumatlar) varmı, istifadə edilmişdirmi və ya qiymətləndirilə bilərmi? sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2025-ci il tarixli 4/630 nömrəli rəyindən görünür ki, X2 müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlədilmiş “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün NALAYİQ məzmunlu hesab edilmir. Məhkəmə sözügedən ekspert rəyini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edir və ekspert rəyinə uyğun olaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs R.Allahverdiyeva xüsusi ittihamçını nalayiq formada qəsdən alçaltmamışdır. Bu səbəbdən də, xüsusi ittihamçının təqdim etmiş olduğu sübutun təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X3 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçı X1 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Görünüdüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən X4 tərəfindən xüsusi ittihamçıya münasibətdə istifadə etmiş olduğu sözlər nalayiq məzmunlu ifadə olmadığı üçün cinayət tərkibi yaratmır. Digər tərəfdən məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında məhkəməyə vermiş olduğu şikayətində təqsirləndirilən şəxs Roza Allahverdiyevanın 5 oktyabr 2024-cü il tarixdə məlum “Podkast”-ın yayılması nəticəsində (çıxışında) onun barəsində “təlxək”, “dəli”, “zay” “dibiloy”, “meymun ”kimi sözlərdən istifadə edərək şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyini göstərsə də, tərəfindən maddi sübut kimi təqdim edilmiş 01 ədəd CD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən orada “təlxək” və “meymun” sözünün işlədilməsi sübut olunmur, yalnız “dəli” və “zay” sözlərindən istifadə olunduğu görünür. “Təlxək” və “Meymun” sözünün işlədilməsi ilə bağlı xüsusi ittihamçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla bərabər məhkəmə bildiriir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə irəli sürülmüş ittihamda “Bağışla Elza bağışla məni, təlxəklər şou-biznesə lazımdı, meymunlar lazımdı, prosta pulsuzsan da, pulnan oynayan meymunlar lazımdı” kimi ifadələrin işlədilməsi iddia olunmasına baxmaraq məhkəmə istintaqı zamanı maddi sübut kimi işə əlavə olunmuş CD diskdə olan videogörüntülərə baxılarkən həmin ifadələrin təqsirləndirilən şəxs tərəfindən səsləndirildiyi öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci və 293.3.4-cü maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək və şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi təqdim etmək xüsusi ittihamçının vəzifəsidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. CPM-in 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X2 qızına qarşı CM-in 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, CPM-in tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPMin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X2 qarşı CM-in 148-ci maddəlsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün ona CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materiallarlna əlavə olunan bir ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 200 (iki yüz) manat məbləğində pul vəsaiti X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Xüsusi ittiham qaydasında şikayət üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə qətimkan tədbirinin seçilməməsi və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış X3 onun qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş materiallarında olan bir ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci– 200 (iki yüz) manat məbləğində pul vəsaiti X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə qətimkan tədbirinin seçilməməsi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-104/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-104/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver