Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-105/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxsin hüquqi varisi Tanırverdı Musaevin, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 09 avqust 2023-cü il tarixdə saat 16:32 dəqiqədə “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E240” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanı ilə üzü İnşaatçılar prospekti istiqamətində 30-40 km/saat sürətlə hərəkət edərək qarşıdan gedən avtomobili ötmə əməliyyatını həyata keçirdikdən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq qanunun bu tələblərinə riayət etməyib yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan ünvan 4 ünvanın qarşısında nizamlanmayan piyada keçidi ilə yolu sağdan sola keçən piyada Alakhverdi Musaevi idarə etdiyi “Mercedes Benz E240” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beynin alın-təpə payının əzilməsi, baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, bədənin çoxsaylı sıyrıqları, qançırları və əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxs Alakhverdi Musaevin hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, piyada xəttinə, zolağa çatanda o, yolu keçib yolun sağı ilə Nərimanov heykəlinə tərəf düşəcəkmiş. Yolun solundan sağına tərəf dönəndə rəhmətə gedən şəxs piyada zolağına çıxmış, o, maşını manevr edib qaçırtmaq istəmiş, bu zaman o yolu keçərək toqquşmuşlar. Sorğu-sual zamanı bildirmişdir ki, o, elmlərdən gəlib sola dönmüş, piyada xəttinə, çünki yolun sol tərəfində olmuş, o, da piyada zolağını keçdikdən sonra yolun sağına düşən yolda Nərimanov heykəlinə düşəcəkdi, ona görə yolun sağ tərəfini tutmuş, bu zaman da rəhmətə gedən şəxs yola çıxmış, o, ayağını yüngül tormoza basmış, ancaq onun duruxsunduğunu görmüş, o da vurmasın deyə maşını manevr edib sola çəkmiş, o, sola yönələndə o da onun maşını tərəfə istiqamətlənmiş, park tərəfdə yola qaçmış, nə qədər sola çəksə də, sağ tərəfdən vurmuş, diz tərəfindən tutmuşdur. Təcili yardıma zəng vurulmuş, post patrul gəlmiş, özü maşına qoyub aparmaq istəmiş, icazə verməmişlər, o, da başının üstündə gözləmiş, başqa heç kim olmamışdır. Onu post patrulla bölməyə aparmışlar, dayısı oğlu özü yaxınlaşmış, evə xəbər vermiş, morq maşınına qoyub aparmışlar. Onlardan morqa gedən olub, dayısı oğlu, dostları olub, Gürcüstana da gediblər üzrxahlıq üçün. Onun sürəti çox olmamış, özü də çaşıb, gözləmədiyi hadisə olub, ona görə nə qədər maşını qaçırmışdır, heç fikirləşməmişdir də ki, dəyər, çünki çatana yaxın aralarında 2 metr filan məsafə olmuşdur. O, kiminsə yola çıxmağını gözləmirmiş, düzdür yolun sağ və sol tərəfində gözləyənlər olmuşdur, heç biri tərpənməmiş, çünki maşın axını çox olmuşdur, svetofor da yox idi. Bir tək piyadalardan bu şəxs keçmiş. Onlar Gürcüstandan yaxın adam tapıb evlərinə də göndərmişlər. Həmin gün onların qohumları da morqda olub, bir neçə saat gözləyiblər, gələn olmayıb, müstəntiqdən əlaqə nömrəsi alıb qohumları ilə də danışıblar. Yekunda o əməlindən peşman olduğunu, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışmağa cəhd göstərməsini bildirib, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Tanırverdı Musaev ifadəsində göstərmişdir ki, görüntü varsa, göstərilsin, çünki o manevr edə-edə gəlib, o, baxmışdır həmin görüntülərə, onun oğlu yolu keçir, zebranın üstündən, gəlib arxadan vurur, düzünə keçsəydi heçnə olmayacaqdı, zebranın üstündən bu adam gedib, gəlib onu sol tərəfindən vurub. Sorğu-sual zamanı bildirmişdir ki, həmin şəxs əvvəllər oğlunu tanımayıb, qəsdi-qərəzliyi olmayıb. 40 mərasiminə 2 gün qalmış kənddən 1 nəfər yoldaş gəlib ona müraciət etmişdir ki, onlar gəlmək istəyirlər, o da deyib ki, buyurub gəlsinlər, həmin şəxs bildirmişdir ki, sonra pis hadisə dava-dalaş olar, o, demişdir ki, “arxayın ol, heç kim heç nə deməyəcək, çünki mən varam”, anası, atası gəlmiş, 5-10 dəqiqə oturmuşlar, o, demişdir ki, o balasını heçnəyə keçə bilməz, çünki oktyabrda toya hazırlaşırdı. O, barışa bilmədiyini, balasını kiməsə qurban verə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 Bəxtiyar oğlu ifadəsində göstərmişdir ki, maşın sürətli gəlirdi, maşının sürətli gəlməyini qıraq adam özü də gördü, o maşına özünü tənzimləmək istəyirdi, yolun ortasında idi, qaçmağa şansı yox idi onun, o da ancaq özünü tənzimləyə bilərdi, o da özünü tənzimləyirdi ki, yolun ortasındadır, ya dala getsin, ya qabağa getsin. Ancaq onun maşını gördüyünü görmüş, o maşını görürdü. Maşın keçdi bundan arxaya, digər maşınlar keçə bilmədi, bir-bir sağa keçə-keçə keçdi, bundan arxaya keçdikdən sonra rəhmətə gedən şəxs üzünü döndərdi o tərəfə, getdiyi kimi gedirdi üzü o yana ki, guya maşının arxasından keçsin, maşın keçdi arxadan gəldi bardürün yanından birdə döndü, gəldi, bunu arxadan vurdu, getdi, dayandı. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Kamillə obyektdən çıxıb maşına oturmuşlar, o, onun bərbəridir, saçını kəsmişdir, gedirmişlər, hadisə baş vermiş, o, maşının içində sağda imiş. X8 prospektinə dönəndə zərərçəkmiş şəxs özü də təntimiş, gəlib onun tərəfdən sağdan girib. Maşını qabaqda saxlamışlar gəlmişlər həmin yerə skoruya zəng etmişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli 89 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X1 meyitinin məhkəmə tibbi ekspertizasına, laborator müayinələrin cavablarına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi. Baş beynin alın-təpə payının əzilməsi, baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, bədənin çoxsaylı sıyrıqları, qançırları və əzilmiş yaraları. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb-almış olduğu kəllə qapağı və əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyinin alın-təpə payının əzilməsi, baş beyinin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 12-18 saat əvvələ uyğun gəlir. X1 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/3050 nömrəli rəyinə əsasən istintaq tərəfindən müəyyən edilmişdir ki, sürücü Əhədov idarə etdiyi Mercedes Benz E240 markalı avtomobili Landau küçəsində İnşaatçılar prospekti istiqamətində 30-40 km/saat hərəkət etdirərkən nizamlanmayan piyada keçidi ilə hərəkət hissəsini sağdan sola doğru keçən piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Piyadanın vurulma yeri nizamlanmayan piyada keçidinin üzərində yerləşir. Piyada hərəkət hissəsini keçməyə başladığı andan vurulmaya kimi nizamlanmayan piyada keçidi ilə adi yerişlə 10 metr məsafə qət etmişdir. Hadisə baş verən yerdə yolun hərəkət hissəsində nizamlanmayan piyada keçidi vardır, hərəkət hissəsinin kənarında isə “Piyada keçidi” yol nişanı qoyulmuşdur. Göstərilən vəziyyətdə Mercedes Benz E240 markalı avtomobilin sürücüsü Əhədov “Yol hərəkəti hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən, əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Mövcud şəraitdə sürücü X7 E240 markalı avtomobili Landau küçəsində İnşaatçılar prospekti istiqamətində hərəkət etdirərkən qarşıda nizamlanmayan piyada keçidinin olmasını nəzərə alaraq avtomobilin sürətini azaltmalı, keçidə yaxınlaşarkən piyada keçidi zolağı ilə hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan piyadaya yol verməli, piyadanın təhlükəsiz yolu keçməsi üçün şərait yaratmalı, piyada keçidi zolağı ilə yolu keçən piyadaya çatmadan idarə etdiyi Mercedes Benz E240 markalı avtomobili dayandırmalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və piyada keçidi zolağı ilə yolu keçən piyadaya yol verdikdən sonra hərəkətini davam etdirməli idi. İstintaq tərəfindən müəyyən edillən məlumatlardan məlum olduğu kimi, sürücü Əhədovun idarə etdiyi Mercedes Benz E240 markalı avtomobili Landau küçəsində İnşaatçılar prospekti istiqamətində 30-40 km/saat sürətlə hərəkət etdirərkən nizamlanmayan piyada keçidi ilə hərəkət hissəsini sağdan sola doğru keçən piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurması, piyadanın hərəkət hissəsini keçməyə başladığı andan vurulmaya kimi nizamlanmayan piyada keçidi ilə adi yerişlə 10 metr məsafə qət etməsi, yəni qeyd olunan vəziyyətdə sürücü Əhədovun piyada keçidi zolağı ilə hərəkət hissəsini keçən piyadaya yol verməməsi və piyadanın vurulma yerinin piyada keçidinin üzərində yerləşməsi faktları onu izah edir ki, göstərilən vəziyyətdə Mercedes Benz E240 markalı avtomobilin sürücüsü Əhədovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 154-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seşilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən hesablanmalı, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1). İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut 01 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-105/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-105/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver