Məhkəmə qərarları › İş №1(004)-106/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-106/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-106/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Səbail rayonu N saylı hərbi hissədə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:20-də texniki cəhətdən saz vəziyyətdə olan AC545335 seriyalı “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus «Nissan X Trail minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Kənar Dairəvi küçəsi ilə Badamdar qəsəbəsi istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olarkən avtomobil yolunun Dövlət Təhlükəsizlik Xidmətinin «N» saylı hərbi hissəsinin yaxınlığında 22A nömrəli binanın qarşısından keçən hissəsində “X4” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda mövcud şəraitdə həmin tələblərə riayət etməyərək, yol hərəkəti qaydalarını pozub yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya həyat üçün təhlükəli olan travmatik şok, baş beyin silkələnməsi və döş qəfəsinə qanın və havanın yığılması ilə müşayiət olunan sol ağciyərin əzilməsi, alının dərialtı hematoması, burun sümüklərinin, soldan İ-İİİ-İV-V qabırğaların, 1-ci və 5-ci bel fəqərələrinin, sol baldır sümüklərinin qapalı sınıqları kimi sağlamlığa ağır zərərvuran xəsarətlərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun «B» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, 2014-cü ildə öz adına rəsmiləşdirməklə «Nissan X Trail minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb idarə edir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 18:20-də idarə etdiyi «Nissan X Trail minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xarici Dairəvi küçəsinin yaşayış massivinə tərəf olan yardımçı yolu ilə Yeni Yasamaldan üzü Badamdar qəsəbəsi istiqamətində hərəkət etmiş, həmin zaman Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissəsinin qarşısından gedərkən avtomobildə tək olmuş, avtomobildə yük də olmamış, hərəkət surəti təxminən 50-55 km/saat olmuşdur. Həmin zaman hava artıq qaralmış, yol ensiz olmaqla iki tərəfli hərəkət istiqaməti olduğu üçün qarşıdan da sol tərəfində avtomobillər hərəkət etmişdir. Avtomobillə DTX-nin hərbi hissəsinin qarşısındakı yerdən keçdiyi zaman əsas yolu hərəkətdə olduğu yardımçı yolu ayıran hündür dəmir arakəsmənin sonuna çatanda qəflətən həmin yerdə yolun sağ tərəfindən çox da hündür olmayan dəmir arakəsməninin üstündən bir nəfər piyada yolun kənarına tullanaraq yolu keçməyə başlamış,həmin zamann onu qəflətən gördüyündən məsafə az olduğundan hadisənin qarşısını ala bilməyib avtomobilin qabaq hissəsi ilə onu vurmuş, piyada asfaltın üzərinə yıxılmış, dərhal avtomobili saxlayaraq maşından düşmüş, həmin piyadaya yaxınlaşmış, sonuncunun kişi olduğunu görmüş, yolun əks istiqamətində hərəkət edən avtomobillərin sıxlığı olduğu üçün yavaş surətlə hərəkət emişlər. Ona görə qarşıdan gələn avtomobillərə əli ilə işarə edərək saxlamalarını istəmiş, asfaltın üzərindən həmin piyada kişini qaldırmağa başlamış, həmin zaman bir nəfər tanımadığı cavan oğlan da onlara yaxınlaşaraq kömək etmiş, ikisi piyadanı yolun DTX-nin hərbi hissəsi olan tərəfindəki kənarına ot olan hissəsinə çəkib qoymuş, bundan sonra öz mobil telefon ***- ***-**-** nömrəsindən 103 xidmətinə zəng edərək hadisə barədə məlumat verib təcili tibbi yardım göndərilməsini istəmiş avtomobili bir hərəkət zolağını bağladığı üçün tıxac yaranmasına səbəb olmamasına görə və təcili tibbi yardımın tez gəlməsi üçün yolu boşaltmaq məqsədilə avtomobili oradan yolun kənarına çəkmək məqsədilə irəli sürüb təxminən 100-150 metr qabaqdan sola dönüb «AYY» inşaat şirkətinin qarşısından yardımçı yolun üst tərəfində yerləşən yolla geriyə qaytarıb saxlamış və həmin piyadanın uzandığı yerə qayıtmış, piyadanı ora gəlimiş Post Patrulun əməkdaşları mülki maşına qoyub xəstəxanaya yola salmış, öz növbəsində orada polis əməkdaşlarının gəlmələrini gözləmiş və Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları hadisə yerinə gəldikdən sonra sənədlərini onlara təqdim edərək hadisə barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə qardaşı Şahid2 idarə etdiyi “Khazar” markalı, **-PB-*** dövlət nişanlı avtomobillə Baş Gömrük İdarəsindən gəlmiş, onlarla birlikdə qardaşının dostu Şahid1 da gəlmiş, avtomobili qardaşı Şahid2 idarə etmiş, avtomobildə arxa sağ oturacaqda, qabaq sərnişin oturacaqda isə Şahid1 əyləşmişdir. Qardaşı Şahid2 avtomobillə “Sədərək” yolu tərəfdən üzü Yeni Yasamal istiqamətində X6 əsas yolu ilə Şamaxinka istiqamətində gəlib Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissəsinin yaxınlığında əsas yolun sağ kənarında saxlamış, Yeni Yasamalda yaşayan digər qardaşının evinə getmək üçün avtomobildən düşmüş, saat 18.20 olmuş, hava qaralmış, yol isə quru olmuşdur. Avtomobildən düşdükdən sonra əsas yol ilə köməkçi yolun arasında olan dəmir məhəccərin üstündən keçib DTX-nin hərbi hissəsi tərəfə keçmək üçün hərəkətinin sol tərəfinə baxmış, uzaqdan bir avtomobilin ona tərəf hərəkət etməsini görmüş, əks hərəkət yolunda isə avtomobilin hərəkətlərində sıxlıq olmuş, həmin avtomobilin uzaqda olmasını görüb dəmir məhəccəri aşıb adi yerişlə yola daxil olub iki addım irəli atan zaman avtomobil onu öz hərəkət zolağının orta hissəsində vurmuş, dəmir arakəsmədən avtomobilin onu vurduğu anadək təxminən 3-4 saniyə vaxt keçmiş, yəni o dəmir məhəccərin üstündən yerə düşüb təxminən 2 metr addım atıb irəlləmişdir ki, sol tərəfindən yəni Badamdar istiqamətində sürətlə hərəkətdə olan avtomobil onu ön hissəsi ilə vurmuş, zərbədən o bir neçə metr qarşıya düşərək yıxılmış, bundan sonra qardaşı Şahid2 və onun dostu Şahid1 da gəlib onu yerdən qaldıraraq yardım göstərmiş, orada olan avtomobillə onu vuran sürücüyə qardaşı onlara köməklik göstərməyini xahiş etmiş, həmin sürücü isə qardaşına bu piyada avtomobili əzib, ona niyə görə kömək etməliyəm demiş, sonra onu markasını və nömrəsini bilmədiyi avtomobilə qoyub xəstəxanaya aparan vaxtı ora TTYX-nın avtomobili gəlib çıxmış, onu həmin avtomobildən düşürüb TTYX-nın avtomobilinə mindirib xəstəxanaya aparmışdırlar. Bundan əlavə Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş zərər tam aradan qaldırılmış, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Həmin halları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 18:20-də idarə etdiyi «Khazar» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Badamdar qəsəbəsi istiqamətindən üzü Yeni Yasamal istiqamətində X6 əsas yolu ilə gələrək «Crystal Motors» avtomobil salonunun yanında yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin «N» saylı hərbi hissəsinin qarşısında, yəni yolun əks tərəfində piyadalar üçün quraşdırılmış dəmir pilləkənin olduğu yerin qarşısında yolun sağında maşını saxlamış, həmin zaman maşınında özü, Zərərçəkmiş şəxs və dostu Şahid1 olmuş, avtomobili özü idarə etmişdir. Şahid1 qabaq Zərərçəkmiş şəxs isə arxa oturacaqda oturmuş, Zərərçəkmiş şəxs onlarla sağollaşıb digər qardaşının evinə getmək üçün yolu sağa tərəf köməkçi yola keçməyə başlayıb dəmir arakəsməni keçib beton arakəsmənin üstünə çıxmış və düşüb köməkçi yola bir neçə addım atıb yolun ortasına tərəf irəlləmiş, həmin köməkçi yol ensiz və iki tərəfə istiqamətli olmaqla həmin zaman sıxlıq müşahidə olunmuş, Zərərçəkmiş şəxs yolu keçdiyi hərəkət zolağının təxminən ortasına çatan anda Badamdar istiqamətində hərəkətdə olan «Nissan X Trail» markalı avtomobil sürtlə gələrək tormoz etmədən ön hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş, sonuncu qarşı tərəfdən gələn avtomobillərin qabağına yıxılıb yerdə qalmışdır. Bunu görən kimi o,avtomobildən düşüb qardaşı Zərərçəkmiş şəxs yanına gedib onun ağır vəziyyətdə olduğunu görərək çığırıb kömək istəməyə başlamış, həmin zaman hadisəni törətmiş sürücü əvvəllər tanımadığı sonradan adını Fərrux kimi bildiyi şəxs avtomobildən düşüb, avtomobilinin əzildiyinə görə narazılığını bildirmiş, ona iradını bildirmiş, o sonuncudan kömək etməsini istəsə də, ona kömək etməmiş və avtomobili sürüb oradan uzaqlaşmışdır. Dostu Şahid1 ilə Zərərçəkmiş şəxs yolun kənarına çəkib yolda yerə uzatmış, sonuncunu yoldan keçən tanımadığı bir şəxsin «Mercedes» markalı avtomobilinə qoyaraq X8 tərəf irəlləmişlər və orada təcili tibbi yardım avtomobilini görərək sonunculara müraciət etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin avtomobilə qoyaraq X5 gətirmişdir. Sonradan ona məlum olimuşdur hadisə yerinə gələn TTYS-nın həkim briqadasını Fərrux az öncə hadisə yerindən zəng edib çağırtdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işinin 148-149-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AC seriyalı, 545335 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır və xx xxxxxx 2027-ci il tarixədək etibarlıdır. Cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AC seriyalı, 081760 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nissan X Trail minik» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 99-102-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 xx xxxxxx 2020-ci il tarixli, 120 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, müayinə zamanı vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -travmatik şok, baş beyin silkələnməsi və döş qəfəsinə qanın və havanın yığılması ilə müşayiət olunan sol ağciyərin əzilməsi, alının dərialtı hematoması, burun sümüklərinin, soldan İ-İİİ-İV-V qabırğaların, 1ci və 5-ci bel fəqərələrinin, sol baldır sümüklərinin qapalı sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin 105-106cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2895 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, «Nissan X-Trail» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “X4” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 104-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan nəqliyyat vasitəsinin maddi sübut kimi tanınmasə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, «Nissan X Trail minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəlləyə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816- VQD saylı Qanununa əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanunununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış «Nissan X Trail minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verimiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Y.C.Hüseynə və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 34 saata görə 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Nissan X Trail minik» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 34 saata görə 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar