Məhkəmə qərarları › İş №1(004)-106/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-106/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-106/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində “Şamaxinka” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edərək üzərində saxlamaqla daşımış və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 09:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə yəni, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,190 qram olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkotik maddə olan heroindən bədəninə iynə vasitəsilə vurmaqla qəbul edir. Nartotik maddəni tanıdığı və ya tanımadığı şəxsdən alır, özü üçün istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində Yasamal rayonu “Şamaxinka” adlanan yerdən üzdən tanıdığı, adını, soyadını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı üçün ümumilikdə 30 manata bir büküm narkotik vasitə olan “heroin” almışdır. Həmin narkotik vasitəni cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 09:10-da Yasamal rayonu 2-ci Alatava küçəsi 99A ünvanın qarşısında olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişlər. Polis şöbəsinə hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Polis şöbəsində dəvət olunmuş vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindin video çəkilişlə saat 10:55-də üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz saxladığı əşyanın könüllü təqdim olunması təklif edilmişdir. O da, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni “Şamaxinka” adlanan yerdə üzdən tanıdığı şəxsdən 30 manata öz istehlakı üçün aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o da, vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Ona narkotik vasitəni satan şəxs təxminən 30-35 yaşlı orta boylu, qara sifət adam olmuş, başqa əlamətlərini xatırlamır. Soyadını, adını, ata adını və yaşadığı ünavnı bilmir. O, əldə etdiyi narkotik vasitələrdən özü istifadə etmək üçün almışdır. Heç kəsə narkotik vasitə satmamış və hədiyyə verməmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərkən ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə xidmət etdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında şöbənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və şöbənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşı Şahid2 ilə birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin gün saat 09:10-da əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatları olduğunu bildirərək ondan onunla Yasamal RPİ-nin 29-cu PŞ-nə getməsini təklif etdik. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan 29-cu PŞ-nə gəlmişlər, bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi şöbənin təhqiqatçısı Fuad İsgəndərova həvalə olunmuşdur. Bununla bağlı, X6 Qasımovun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Fuad İsgəndərov vəkil Müdafiəçi şöbəyə dəvət etmişdir. Fuad İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək özü əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızana bükülmüş narkotik vasitə olan heroini könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroindir. Həmin narkotik vasitəni tutulmamışdan əvvəl saat 07 radələrində «Şamaxinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş və xx.xx.2020-ci il tarixdə saat 09:10-da ünvan 5 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin büküm açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Fuad İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Fuad İsgəndərov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzamla təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone» markalı telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşğul olması müəyyən edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzə kiçik əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 63-65-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 66-67-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 117-118-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1701 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 0,140 qram çəkidə narkotik vasitə olan heroinin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 159-170-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,140 qram çəkidə olan narkotik vasitə heroin və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 55 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsini tətbiq etməklə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2004-cü ildə cəzanın sonu ilə azad edilmişdir; 3) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 72-74-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin 29-cu PŞ-nin əmliyyat müvəkkili Şahid1 və kiçik əməliyyat müvəkkili Şahid2 iştirakları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd siqaretin gümüşü kağızından ibarət bükümdə olan narkotik vasitə heroini çıxararaq könüllü şəkildə təqdim edərək həmin bükülüdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tutulmamışdan əvvəl xx.xx.2020-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, xx.xx.2020-ci il tarixdə saat 09:10 dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, 2-ci Alatava, ev 99 A ünvanının qarşısında saxlanıldığını bildirmişdir.Aşkar edilmiş maddə kağız zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli, 55 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,140 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ə.E.Qəmbərova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ə.E.Qəmbərova məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,140 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar