Məhkəmə qərarları › İş №1(004)-106/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-106/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-106/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi iştirakı ilə, 19 avqust 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cinayət Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.3-cü maddələrində törədilmiş cinayətin nə vaxt, kim tərəfindən və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi barədə məlumatların xüsusi ittiham qaydasında şikayətdə göstərilməsi tələb edilir. Bununla bağlı qeyd edilməlidir ki, X4 Baş Prokurorluq və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci ilin 19 mart tarixində onun cəmiyyətdə təşvişə səbəb olan paylaşımlar etməsi barədə rəsmi xəbərdarlıq edilmiş, bu rəsmi məlumat Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilmişdir. Həmin məlumatdan da görünür ki. "facebook" sosial şəbəkəsində "Ülviyyə Alovlu" adı ilə yazan şəxs məhz X5r. Belə ki, rəsmi dövlət resursunda yayılmış məlumatda qeyd edilir: "X4 (Ülviyyə Alovlu) xəbərdarlıq edilmişdir." Buradan da görünür ki, sosial şəbəkələrdə "Ülviyyə Alovlu" adı, təxəllüsü ilə yazan şəxs X5r. Muradova Ülviyyə (Alovlu) Niyaz qızı 23 dekabr 2021-ci il tarixində özünə məxsus “Facebook” sosial şəbəkə hesabında fotosunu paylaşaraq "Türk qızıyam" yazıb, o isə "Katalon qızı, Serb oğlu da olmaq olar, əsas odur ki keyfiyyətli insan olaq" şərhi yazmışdır. Bu yazışmada o kiminsə etnik mənsubiyyətinin üstün bir keyfiyyət olmadığını, insanlığın etnik mənsubiyyətə aid olmadığını qeyd etməyə çalışmışdır. Bu zaman Muradova(Alovlu) Ülviyyə Niyaz qızı "Majnun Ahmad, erməni olub, özünü azərbaycanlı kimi göstərmək böyük dərddir? Sənin sifətinə baxan kimi bilinir ki, unitazavrsan" yazmışdır. Daha sonra isə şərhində "bu hələ harasıdır, sizə dağ çəkəcəyik!!!" yazmışdır. Bu ifadələrlə Ülviyyə Alovlu onun erməni olmağı ilə bağlı böhtan atmışdır. Eyni zamanda "unitazavrsan" deyərək onu təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş ekran görüntülərindən əlavə məhkəməyə X2 yazdığı və təhqir ehtiva edən şərhlərinin mötəbərliyini təsdiq etmək üçün məhkəmə iclası zamanı əlavə sübut kimi həmin görüntülərin bu günə qədər (29.01.2022-ci il) açıq mənbədə, iki və daha çox insanın görə biləcəyi şəkildə qaldığını göstərən ekran görüntüsünün video formatını da təqdim edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayımlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla vayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və va kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Yuxanda qeyd edilənlərdən görünür ki, “Facebook” sosial şəbəkəsi ictimaiyyətə açıq, minlərlə insanın görə biləcəyi məkandır və Ülviyyə (Alovlu) Muradova Niyaz qızı ən azı iki nəfər kənar şəxsin görə biləcəyi formada barəsində "erməni" böhtanı atmış, "unitazavr" ifadəsilə onu təhqir etmiş, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Odur ki, yuxarıdakı göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2, 88.1.3, 204.1, 293.3.1-293.3.7-ci maddələrinin tələblərini nəzərə alaraq, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 şikayətinin məzmununa uyğun çıxış edərək X2 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində kifayət qədər mötəbər hesab edilən sübutlar irəli sürməmişdir. Belə ki, X3 qeyd etdiyi heç bir əsas barəsində xüsusi ittham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli hesab edilməsinə əsas vermir. Həmçinin qeyd etdiyi hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Plenum qərarında da öz əksini tapmışdır. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştiakçılarını dinləyərək, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında X2 barəsində olan xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iclasında şikayətdə məlumatların yayıldığı qeyd edilən “Facebook” sosial şəbəkəsinə baxış keçirilərkən Məcnun Pirəliyevin qeyd etdiyi məlumatların həmin “Facebook” səhifəsində olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı şikayətində göstərilən yazı və paylaşmaların “Facebook” sosial şəbəkəsində məhz X9 tərəfindən edilməsini bildirsə də qeyd edilən halı təsdiq edə biləcək kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şikayətə yalnız facebook sosial şəbəkəsindən çıxarışlar əlavə edilmişdir. Həmin çıxarışlar isə X4 istinad edilən yazı və paylaşımların məhz onun tərəfindən onun səhifəsində edilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, “Facebook” sosial şəbəkəsindən çıxarışlar edilərək iş materiallarına əlavə edilmiş, lakin həmin çıxarışların edildiyi səhifənin məhz X4 məxsus olan səhifədən edilməsini və həmin səhifədə məhz X9 tərəfindən icra edildiyini təsdiq edən əlavə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, sosial şəbəkədə eyni ad-soyadla saysız hesablar açılması mümkündür ki, bu halda isə hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi üçün həmin səhifənin məhz ona məxsus olması və onun tərəfindən idarə edilməsini təsdiq edən digər mötəbər sübular da təqdim edilməlidir. Göründüyü kimi indiki halda xüsusi ittihamçı cinayət prosesual qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirməyərək iddia etdiyi yazı və paylaşmaların barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs tərəfindən edilməsini kifayət qədər mötəbər dəlillərlə sübut edə bilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X1 kimi istinad etdiyi yazılı sənədlərin həqiqiliyi qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən məhkəmə həmin sənədləri mötəbər sübut hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin təqsirliliyi xüsusi ittihamçı tərəfindən sübuta yetirilmədiyi üçün X2 barəsində olan xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.2, 41 və 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar