Məhkəmə qərarları › İş №1(004)-106/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-106/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-106/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, hazırda işsiz, məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs MMC-nin (VÖEN: **********) ünvan 3 ünvanında yerləşən, “OBA-Elmlər 2” filialında administrator vəzifəsində işlədiyi dövr ərzində qulluq mövqeyindən istifadə edərək əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən, anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət olunması, kassa əməliyyatlarına, kassaların təhvil-təslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, inkassasiya prosesinin təşkil edilməsi, akt əsasında Poskassalardan inkassasiya əməliyyatı üçün pulların toplanılması, inkassatora müvafiq sənədlər əsasında təhvil verilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zaman baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımı tədbirlərin görülməsinin təşkil edilməsi, təhlükəsizliyin təmin edilməsi üçün lazımı tədbirlərin alınmasının təmin edilməsi, qəbul edilən məhsulların sayını, satışa yararlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməsi və ona həvalə edilmiş digər işləri görməli olduğu halda, bunların əksinə olaraq tamah niyyətilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə həmin müddətdə mağazanın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 85.931,98 (səksən beş min doqquz yüz otuz bir manat doxsan səkkiz qəpik) manat dəyərində məişət və qida məhsullarının xeyli miqdar təşkil edən 10.157,89 (on min yüz əlli yeddi manat səksən doqquz qəpik) manat dəyərində olan hissəsini müxtəlif vaxtlarda mağazadan çıxararaq kassaya mədaxil etmədən istintaqa məlum olmayan digər şəxslərə satmaqla əldə etdiyi həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-nin “Oba Elmlər-2” flialına məxsus 10.157,89 (on min yüz əlli yeddi manat səksən doqquz qəpik) manat dəyərində məhsulları, yəni özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, şirkətin məsuliyyətsizliyi ucbatından belə bir hadisə baş vermişdir, tək işləmişdir, o qədər məbləğ olmayıb, özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilmir, heç bir cinayət törətməmişdir. Bütün məsuliyyətin ona aid olduğuna dair onunla rəhbərlik arasında müqavilə imzalanıb. İşə qəbul olarkən sənədlərə imza atıb. 2018-ci ildən işləməyə başladı. Çatışmazlıq ondan ibarət idi ki, malların çoxu sayılmamışdı, işçilər və alıcılar tərəfindən oğurluq olmuşdu, təftişi şəxsən özü çağırmışdır. Kəsr 10.000 manat olmayıb, 4.000 manat olub. Bəli, işə qəbul edilərkən məsuliyyət barədə xəbərdar olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 1(004)-593/2023 saylı cinayət işi üzrə məhkəmə icraatı vardır. Belə ki, Təqsirləndirilən şəxs mənimsəmə cinayəti törətməklə Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 10157,89 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət işi üzrə 150 manat ödəniş etmişdir. Geridə qalan 10007,89 manat məbləğ mülki iddia qaydasında Təqsirləndirilən şəxs tutularaq şirkətə ödənilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərərçəkmiş şəxs MMC-dən mənimsəmə törədən Təqsirləndirilən şəxs 10007,89 manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun 121 manat ümumilikdə 10128,89 manat məbləğin sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs mağaza müdiri olub, işləyib, tarixləri deyə bilməyəcək, mağazalar çoxdur, respublika çərçivəsində 1.300-dən çox mağaza var, Təqsirləndirilən şəxs mağaza müdiri olub, vəzifəli şəxs olub, hamısı əmək müqaviləsində qeyd olunub, sayım keçirilib, bəzi hallar aşkar olunub, materiallar təqdim edərək prokurorluğa şikayət ərizəsi ünvanlamışlar, ilk şikayətçi o olmuşdur, ekspertiza keçirilib, rəy verilib, iş materiallarında var, tərəfə audit yoxlaması barədə bildiriş göndərilib, materiallarda var, gəl iştirak elə, sənədlərə bax, sərbəst audit keçirilib, onlar mülki iddia ərizəsi təqdim etmişlər, təqsirləndirilən şəxs indiyə qədər yalnız 150 manat ödəniş etmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, onlarda proses olaraq mağazalarda sayım prosesi həyata keçirdirlər. Onların məhsulları ticari və qeyriticari məhsullar sayılır. xx.xx.2021-ci ildə mağazada sayım keçirilib və səhv etmirsə 1306 manat məbləğində kənarlaşma qeydə alınıb. xx.xx.2021-ci il tarixində də sayım keçirilib, 8851 manat məbləğində kənarlaşma qeydə alınıb. Tam şəkildə bütün məhsullar invertarizasiya olunmuşdur. Yekun nəticələr çıxarılıb. Yekun olaraq 10.157 manat məbləğində kənarlaşma qeydə alınıb. Maddi məsul şəxs mağaza müdiri Elməddin bəy idi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, onlar Zərərçəkmiş şəxs MMC-nin baş ofisində daxili nəzarətdə işləyirlər, onlara sadəcə olaraq bölgə və ya satış müdirləri tərəfindən məlumat gəlir ki, mağazada mənimsəmə halları aşkar edilib, onda onların sayım qrupları gedib sayır, 2-5 aylıq sayım aralığı var, bu müddətlərdə son dönəmələrdən bu günə qədər uçot qalıq məlumatları da var. Onlar 3 ay bundan əvvəl mağazadan maddi məsul şəxsə 50 000 manatlıq məhsul vermişdirlərsə, 3 ay sonra sayılır, məsələn, baxırlar ki, 50000-lik məhsulun 10000-i yoxdur, onlar onu sadəcə sistem və sənəd üzərində görə bilirlər ki, şəxs martın 1-də bir şeydən 50 ədəd qəbul edib, onun 3-nü satıb, 47-si yoxdur, onlar onu fiziki olaraq görmürlər ki, şəxs onu aparıb, aparmayıb, mal gəlib, gəlməyib və yaxud orada nə hadisə baş verdiyini onlar görə bilmirlər, sadəcə sistem və sənəd üzərində görə bilirlər ki, şəxs qəbul edib, mağaza müdiri var, şəxsi imzası var. Sonra müəyyən edirlər ki, əksik var. Bu işdə əksik məbləğdə birbaşa məsuliyyət maddi məsul şəxsin üzərində idi, mağaza müdirinin yəni. Mağaza müdiri Elməddin Vəliyev idi, çünki mağazanı ona təhvil verilmiş, sonra geri təhvil alanda görürlər ki verilən məhsuldan hardasa məsələn, 10000 manatlıq yoxdur yerində. Məhkəmə iclasında iştirak edən ekspert qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Yasamal Rayon Prokurorluğunun 3 iyul 2023-cü il tarixli qərarı ilə məhkəmə mühasibat ekspertizası təyin olunduqdan və iş üzrə təhqiqat aparıldıqdan sonra 01 avqust 2023-cü il tarixli ekspert rəyi tərtib olunmuşdur. Təhqiqat aparılan zaman rəyin təsviri hissəsindən də göründüyü kimi inventarizasiya aktları tərtib edilmişdir və həmin inventarizasiya aktları "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktlar da Malların inventarizasiyası qaydalarının 12-ci bəndinə əsasən düzgün tərtib olunmadığı qeyd edilmişdir. Nəticə hissəsində də qeyd etmişik ki, "xxxx" MMC-nin təqdim etdiyi bu inventarizasiya aktlarının doğruluğu istintaq tərəfindən əsaslı hesab olunarsa, 10157 manat 89 qəpik məbləğində çatışmazlıq müəyyən olunur. Məsuliyyət məsələsinə görə və hissə-hissə çatışmazlıq qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərin müəyyən olunması hüquqi xarakterli olduğundan istintaq tərəfindən həll olunmalıdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 01 avqust 2023-cü il tarixli, 9/5119 №-li rəyindən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli təhvil təslim nəticələrinə dair yekun aktların düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda “X6” MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatları, qaimə-fakturalar, inkassasiya sənədləri, kassanın “Z” hesabatına əsasən “Oba Elmlər 2” filialında yaranmış çatışmazlıq 10.157,89 manat məbləğində müəyyən olunur. Audit aktına əlavə edilmiş qaimə-fakturalar və digər sənədlər, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsi, maddi-məsuliyyət haqqında müqavilələr cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Qaradağ rayon İH başçısının Lökbatan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən 21 noyabr 2023-cü il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 oktyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2023-cü tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2021-ci il tarixində 1.306,47 (bir min üç yüz altı manat 47 qəpik), xx.xx.2021-ci il tarixində 8.851,42 manat (səkkiz min səkkiz yüz əlli bir manat, 42 qəpik) çatışmazlıq müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tariixnə, Zərərçəkmiş şəxs MMC-ə olan ümümi borc 10.157,89 AZN (on min bir yüz əlli yeddi manat, 89 qəpik) təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamnamələrdə sonuncu sayımda axıra kimi iştirak etdiyini, sayım qaydalara uyğun keçdiyini, artıq və əskik mallarnan tanış olduğunu, tapılan səhvlər üzərində düzəliş olunduğunu, sayılan miqdarların qanuniliyi ilə tam razı olduğunu və heç bir etirazının olmadığını qeyd etmişdir. İş materiallarında olan “Auditor rəy”dən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək keçirilən audit yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən “OBA-Elmlər 2” mağazada administrator vəzifəsində çalışmış Təqsirləndirilən şəxs öhdəliyində olan maddiyatdan 10157,89 (on min bir yüz əlli yeddi manat səksən doqquz qəpik) manat dəyərində ziyan vurmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 179.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vilson xəstəliyindən əziyyət çəkir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və Vilson xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 200,00 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki iddianın təmin edilməsini, cinayət hadisəsi nəticəsində dəymiş 10007,89 (min yeddi manat, səksən doqquz qəpik) manat ziyan məbləğinin və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 121 manat Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nə dəymiş ziyana görə 10007,89 (min yeddi manat, səksən doqquz qəpik) manat tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmədə müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 200,00 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyana görə 10007,89 (on min yeddi manat, səksən doqquz qəpik) manat mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 121 manat tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar