Məhkəmə qərarları › İş №1(004)-107/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-107/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-107/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 528-ci məhəllə “B” blokunun zirzəmisində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Avenue” adlanan kafenin arxa hissəsində olan nəfəslikdən kafenin içərisinə, yəni binaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 50 manat dəyərində “Polaroid" markalı fotoaparatı, 01 ədəd 80 manat dəyərində “Sony Playstation 4” markalı oyun aparatının cərəyan ötürücü cihazını, 01 ədəd 200 manat dəyərində “LG" markalı televizoru, 02 ədəd hər biri 60 manat dəyərində olan “TV Box” markalı peyk antenin rəqəmsal aparatlarını, 01 ədəd 200 manat dəyərində “Sony” markalı musiqi mərkəzini, 01 ədəd 80 manat dəyərində markasını məlum olmayan karaoke mikrofonunu və 01 ədəd 300 manat dəyərində markası məlum olmayan müşahidə kameralarının yaddaş daşıyıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1030 (bir min otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Dolanmaq üçün o müxtəlif növ tullantılar yığaraq aparıb təhvil verirmiş və bununla da gəlir əldə edirmiş. Hazırda Yasamal Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinə baxılır, o, məhkəmənin çağırışlarına getmədiyindən barəsində axtarış verilmişdir və ona görə də, o, həbs edilmişdir. xx xxx 2020-ci il tarixdə saat 08 radələrində o, Bakı şəhəri Yasamal rayonu H.Cavid pr. 528-ci məhəllədə tullantılar axtarırmış, həmin vaxt o qeyd edilən ünvanda zirzəmidə yerləşən “Avenue” kafesinin arxasında idi. Bu zaman o görmüşdür ki, həmin kafenin arxa pəncərəsi açıq vəziyyətdədir. O, qərara gəlmişdir ki, ora daxil olsun və qiymətli əşya olarsa oradan götürsün. Pəncərədən içəri daxil olanda o kafedə səssizlik olduğunu, içəridə adam olmadığını gördü. Bundan sonra o kafenin otaqlarını gəzmiş, hər otaqda “Playstation” oyun aparatları, televizorlar və s. texnika var idi. Bu zaman o kafenin dəhlizinə getmiş və orada olan bir ədəd “Sony” markalı musiqi mərkəzini götürmüşdür. Bundan sonra o kafenin digər kabinetlərinə keçib axtarış aparmış və kabinetlərin birindən bir ədəd mikrofon tapıb götürmüşdür. Həmin kabinetdən o, bir ədəd televizor götürmək istəsə də, artıq bir neçə əşya götürdüyünü fikirləşmiş və bununla da kifayətlənərək həmin televizoru götürməmişdir. Bundan sonra o, kafenin nəfəsliyindən götürdüyü əşyaları çölə çıxartmış və oradan da kafeni tərk etmişdir. Bundan əlavə o, həmin kafedən 1 ədəd “Sony” markalı musiqi mərkəzi və 1 ədəd mirkofondan başqa heç nə oğurlamadığını və həmin əşyaları yaşadığı evin yaxınlığında Qasım adlı şəxsə satdığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, hazırda o, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllə B blokunun zirzəmisində yerləşən “Avenue” adlanan kafeni icarə müqaviləsi əsasında işlədir. Pandemiya ilə əlaqədar olaraq o kafeni müvəqqəti bağlamışdır, ara bir gedib baş çəkir. xx xxx 2020-ci il tarixdə saat 13 radələrində o həmin kafeyə getmişdir ki, içəridə səliqəsəhman yaratsın, çünki həmin zaman kafelərin işləməsinə icazə verilmişdir və növbəti gündən o müştəri qəbul etməli idi. Həmin gün saat 18 radələrində o, oradan çıxıb evə getmişdir. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində o kafeyə gəldikdə görmüşdür ki, giriş qapısının önündə olan kabinetdən bir ədəd “LG” markalı televizor, bir ədəd “Polaroid” markalı fotoaparat və bir ədəd “Sony Playstation 4” markalı oyun aparatının cərəyan ötürücü cihazı yerində yoxdur. Sonra o kafenin dəhlizində “Sony” markalı musiqi mərkəzinin də yerində olmadığını görmüşdür. Ümumi zala baxdıqda o görmüşdür ki, nəfəslik açıq vəziyyətdədir və başa düşmüşdür ki, kimsə gecə vaxtı girib oğurluq edib. O, müşahidə kameralarına baxmaq istədikdə yaddaş daşıyıcısının da yerində olmadığını aşkar etmişdir. Sonra o, kafenin digər kabinetlərinə də baxmış və kabinetlərin birində bir ədəd karaoke mikrofonunun və iki ədəd peyk anten üçün nəzərdə tutulmuş “TV box” rəqəmsal aparatının yerində olmadığını aşkar etmişdir. Həmin kabinetdə quraşdırılmış bir ədəd “LG” markalı televizor isə yerindən çıxarılsa da, kabinetdə qalmışdır. Həmin vaxt o, 26-cı polis bölməsinə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 1030 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də vurulmuş ziyanı tələb edir, şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, qardaşının tutulmağını istəmədiyindən hadisənin özü tərəfindən törədildiyini bildirmişdir. Çünki o, əvvəl məhkum olunmuşdur, qardaşı isə məhkum olunmayıb və o, istəmirdi ki, sonuncunun məhkumluğu yaransın. xx.xx.2020-ci il tarixdə o 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən ona həmin kafedən baş vermiş oğurluq hadisəsini törətmiş şəxsin videogöruntüləri göstərilmiş və ondan həmin şəxsin o, və ya başqası olduğu soruşulmuşdur. O da görmüşdür ki, həmin şəxs onun qardaşı Bəhruzdur və bunu polislərə deməmiş, həmin şəxsin onun özü olduğunu bildirmiş, çünki fikirləşmişdir ki, sonra polislər həmin şəxsin Bəhruz olduğunu öyrənib sonuncunu tuta bilərlər. Lakin sonradan o, həqiqəti deməyi qərara gəlmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olunmamışdır. Bunla belə iş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(009)-110/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə qaldığı müddət çıxılmaqla, üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, həmçinin Yasamal Rayon Məhkəməsinin 1(004)-120-2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli 2020-ci ilin may ayında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin həmin hökmü ilə cəzasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin iş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair digər bir cinayət işi də mövcuddur, həmin iş Yasamal Rayon Məhkəməsinin icraatındadır və həmin iş üzrə barəsində Yasamal Rayon Məhkəməsinin 1(004)-120-2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və o, hazırda həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış yaddaşında videogörüntülər olan 1 ədəd USB yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə üzərində qəti olaraq saxlanılmış 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç il) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökmə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş materiallarında olan yaddaşında videogörüntülər olan 1 ədəd USB yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar