Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-107/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rənqli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edərək saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin PPXB-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sağ əlində olan göy rəngli «Wincester» markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rənqli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə il olar ki, müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edib qəbul edir. Əvvəllər Qaradağ rayon məhkəməsinin hökmü ilə 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Heç yerdə işləmir, bir il müddətində tanıdığı Şahid1 ilə birlikdə Yasamal rayon ərazisindəki zibil qablarından tullantı plastik və şüşə qablarını toplayıb məntəqələrə təhvil verməklə məşğul olur və həftənin müəyyən günlərində zibil maşınlarından öncə sübh çağı zibil qablarına yaxınlaşıb tullantılar toplayırdı. 12 iyul 2023-cü il tarixdə saat 04 radələrində bədənində olan ağrıları azaltmaq üçün narkotik vasitə heroin almaq qərarına gəlmiş və bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu, Papanin qəsəbəsinə gedərək üzdən tanıdığı və barəsində heç bir məlumatı olmayan kişi cinsindən olan şəxsdən 10 manat pul müqabilində göy rəngli WİNCHESTER siqaret qutusunun içində qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd “kakos” deyilən narkotik vasitə heroini alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb piyada həmişə tullantı topladığı Yasamal rayonu, Bəsti Bağırova küçəsinə gəlmişdir. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq Yasamal RPİ-nin PPXB-nun əməkdaşları olduqlarını bildirib təqdim etdikdə əlində WİNÇESTER siqaret qutusunun içərisində bir saat əvvəl aldığı narkotik vasitə “kakos” olduğuna görə qorxub həyəcanlanaraq özünü şübhəli aparmağa başlamışdır. Bunu başa düşən polis əməkdaşları ona yaxınlaşaraq əlində saxladığının nə olduğunu soruşmuş və o, siqaret qutusunun içərisində bir bükümdə narkotik vasitə “kakos” olduğunu etiraf etmiş, hətta qutunun içindəki bükümü də onlara göstərmişdir. Bundan sonra polis əməkdaşları onları xidməti patrul avtomobilinə əyləşdirərək Yasamal RPİ-nin 27-cı PB-nə gətirmişlər. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını və bir uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gecə vaxtı idi, ərazidə olduqları vaxt şübhəli kimi yaxınlaşmışlar vətəndaşa , yoxlamışlar, aparmışlar bölməyə və üstündən narkotik maddə çıxmışdır. Protokollaşdırma və videoçəkiliş iştirakları ilə bölmədə keçirilmiş, özü orda olmuşdu. İstintaq zamanı təqsirləndiirlən şəxs təqsirini boynuna almışdır. Təqsirləndirilən şəxs Murtuza Muxtarov küçəsində, xəstəxananın qarşısında saxlanılmışdır. Gecə vaxtı idi, saat 00:00-dan sonra. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, saat hardasa gecə 04-05 idi, avtopatrulla hərəkət etmişlər, görmüşdürlər ki, maşınların arasında özünü şübhəli aparır, yaxınlaşmışlar, özlərini təqdim etmişlər, suallar vermişlər, qeyri-adekvat cavablar vermiş, axırda özü demişdir ki, üzərində qeyri-qanuni maddə var. Onlar da bunu Komandir heyətinə məlumat vermişlər, yaxınlaşmışlar 27-ci polis bölməsinə. İşin gedişatı belə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən bir ilə yaxındır ki tanımadığı şəxslərdən az miqdarda “kakos” adlanan narkotik vasitə əldə edib qəbul edir. Subaydır,heç yerdə işləmir, əvvəllər özgənin əmlakını gizli talamaya görə məhkum olunmuşdur. Dostu Təqsirləndirilən şəxs bir ildən artıqdır ki, tanıyır, oda işsiz olduğundan Bakı şəhərinin, əsasən Yasamal rayon ərazisindəki zibil qablarından tullantı plastik və şüşə qablarını toplayıb məntəqələrə təhvil verməklə məşğul olurlar. 12 iyul 2023-cü il tarixdə saat 05:00 radələrində sübh çağı Yasamal rayonu, Bəsti Bağırova küçəsindəki zibil qablarından tullantı plastik və şüşə qabları toplamaq üçün gedərkən orada dostu Təqsirləndirilən şəxs ilə qarşılaşmış və onunla görüşərək zibil maşınlarından əvvəl qablardan plastik və şüşə qablarını toplamaq üçün Ceyhunla ucadan danışa-danışa piyada hərəkət etməyə başlamışlar. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini Yasamal RPİ-nin PPXB-nün əməkdaşları olduqlarını bildirməklə təqdim etdikdən sonra onlara irad bildirmişlər. Polis əməkdaşları onlara yaxınlaşan zaman dostu Ceyhun həyəcanlanıb özünü şübhəli aparmağa başlamış və bu səbəbdən polis əməkdaşları onların şəxsiyyətləri ilə maraqlanaraq yaxınlıqdakı Yasamal RPİ-nin 27-ci PBnə getməyi təklif etmişlər. Ceyhunun özünü şübhəli aparmasına görə polis əməkdaşları onun əlində sıxıb saxladığının nə olduğu sual edilmiş və bu zaman Ceyhun əlində göy rəngli VİNÇESTER siqaret qutusunu onlara göstərib içərisində narkotik vasitə “kakos” olduğunu bildirmiş, hətta qutunun qapağını açıb içərisindəki bir ədəd bükümü polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onları xidməti post-patrul avtomobili ilə Polis Bölməsinə aparmışlar. Polis bölməsində Nihad Məmmədli adlı təhqiqatçı, polis mayoru tərəfindən hüquq və vəzifələri ona izah edilərək narkotik vasitələrin qanunsuz əldə etmə, saxlamada şübhəli olduqları bildirilmiş, hüquqlarının müdafiəsi üçün 22 saylı Vəkil Bürosundan Rasim Almuradov adlı vəkil dəvət edilmiş, bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. O, isə üzərində narkotik vasitə və ya başqa qanunla daşınması, saxlanması qadağan olunmuş əşya və maddənin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə baxış keçirmiş və dediyi kimi üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və başqa əşya aşkar olunmamışdır. Ona narkotik vasitələrdən istifadə edib-etməməsi sual edildikdə saxlandığı gündən iki gün əvvəl narkotik vasitə “kakos” istifadə etdiyini etiraf etmişdir. Şahid1, həmçinin ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsindən, saxlaması və daşımasından məlumatsız olmuş, bu barədə onunla aralarında qabaqcadan razılıq əldə olunmamış, onda olan narkotik vasitənin hər hansı hissəsi ona hədiyyə edilməmiş, satılmamış və buna vəd verilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olmasını yalnız polis əməkdaşları onları saxlayarkən və Təqsirləndirilən şəxs özü siqaret qutusunda olan bir büküm narkotik vasitəni onlara göstərərkən bilmiş, onun həmin narkotik vasitənin əldə olunmasından hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3775 saylı, 12 iyul 2023-cü il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №468” dairəvi möhür əksi, “ (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,353 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 6502A saylı, 13 oktyabr 2023-cü il tarixli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən Azərbaycan Respublikası CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və iş materiallarında olan hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib, qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 01 yanvar 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 adında övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını, övladının olmasını, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 05:00 dəqiqədə saxlanılmış, xx.xx.2023-cü il tarixdə saat 12:30 dəqiqədə təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, həmin vaxtı 24 saatdan çox, yəni 02 günədək həbsdə olmuşdur. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,303 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-107/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-107/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver